Nikol  Paşinyan İranı “oyuna” çəkir: Yerevanın “bir əldə iki qarpız“ siyasəti

Nikol  Paşinyan İranı “oyuna” çəkir: Yerevanın “bir əldə iki qarpız“ siyasəti

6 Sentyabr 08:39
147
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədaxili problemlərdən diqqəti yayındırmaq üçün gah sağa, gah sola manevr cəhdləri davam edir. Bu baxımdan Paşinyanın müxtəlif vasitələrlə İran amilindən həm ölkə daxilində sabitləşdirici iqtisadi amil, həm də xarici siyasət və hərbi sahədə etibarlı tərəfdaş kimi yararlanmağa çalışması heç kimə sirr deyil.

Bunu Paşinyanın İranın “Etemad” qəzeti də daxil olmaqla bir-sıra Kütləvi İnformasiya Vasitələrinə verdiyi mühasibəsində hər vasitə ilə ölkəsini İranın yaxın tərəfdaşı kimi göstərməyə xidmət edən açıqlamaları da sübut edir.

ABŞ-ın İrana iqtisadi sanksiyaları get-gedə daha da sərtləşdirdiyi bir vaxtda Paşinyan- cırtdan Ermənistanın cırtdan baş naziri özünü az qala iri bir dövlətin “rəhbəri” kimi apararaq iddia edib ki, ölkəsi heç vaxt anti-İran mövqeyi nümayiş etdirməyəcək. Paşinyan “Donya-ye eqtesad” qəzetinin “İrəvan ABŞ-ın təzyiqi fonunda İranla dostluq naminə nə qədər itkiyə hazırdır” sualına verdiyi cavabında da Ermənistanın simasında İranın “sadiq dostu” təəssüratı yaratmağa cəhd edib. Strateq.az saytının yazdığına görə, Paşinyan deyib:

“İran və Ermənistan qarşılıqlı iqtisadi öhdəliklər götürüb. Bu illər ərzində İran və Ermənistan arasında bir neçə ortaq layihələr icra olunub. Tehran və İrəvan arasında sanksiyalardan təsirlənməyən müştərək layihələrin icrası hazırda davam edir”.

İran şirkətlərinin çox aktiv olduğunu qeyd edən Ermənistan rəhbəri sanksiyaların onlara mənfi təsir göstərdiyini və olduqca çətin şəraitdə işlədiklərini vurğulayıb.

Əlbəttdə gözləmək olaradı ki, sanksiya barədə Paşinyan ABŞ-ı daha sərt tənqid edəcək. Amma eyni zamanda, özünü həm ABŞ-ın, həm də İranın müttəfiqi kimi göstərməyə cəhd edən Paşinyan Vaşinqtonaın ünvanına daha kəskin ifadələr işlətməkdən ehtiyat edərək adıçəklən məsələyə ermənisayaq yanaşdığını bir daha nümayiş etdirib. O deyib ki, İran və ABŞ-la münasibətlər Ermənistan üçün vacibdir və biz bölgənin həssas mühitində bütün regional və beynəlxalq dostlarımız və tərəfdaşlarımızla işləməyə çalışırıq. Lakin ABŞ-ın İrana münasibətdə sərt addımlar atmaqda davam etdiyi bir vaxtda Ermənistan hər iki dövlətlə necə eyni münasibətdə ola bilər. Çünki, ABŞ prezidenti dəfələrlə bəyan edib ki, İrana münasibətdə tətbiq edilən sərt iqtisadi və sanksiyalara qoşulmayan ölkələrə qarşı da sərt addımlar atılacaq. Lakin prezidentdən daha çox “küçə uşağı” adı ilə tanınan Paşinyan özünü hər şeydən xəbərsiz kimi “apararaq” adı çəkilən məsələdə İranə da “sadəlövh” yerinə qoymağa cəhd edərək deyib:

“İrəvan fərqli ölkələrlə bütün ticarət öhdəliklərinə əməl edir. Bu gün bölgə üçün çətin olan Ermənistanın siyasəti deyil, amma bu gün və sabah fərqli ölkələr qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirmək siyasətimiz çoxdan mövcuddur. Qeyd etməliyəm ki, Ermənistan heç vaxt anti-İran addımı atmayacaq. Ermənistan regional və ya transregional fərqlər barədə bütün ölkələr, o cümlədən İranla açıq şəkildə danışır. Ermənistan heç vaxt özünün anti-İran kursuna girməsinə imkan verməz”.

Halbuki Paşinyan hakimiyyətə gəldiyi ilk gündən Ermənistanın başda ABŞ olmaqla Qərb ölkələri ilə sıx əməkdaşlıq yolunu tutduğunu bəyan etmişdi. O vaxt Paşinyan ümid edirdi ki, bu cəhdinə görə Qərb tərəfindən “ mükafatlandırılacaq” və Ermənistana böyük həcmdə maliyyə yardımları ediləcək. Buna paralel olaraq Paşinyan Rusiyanın da müttəfiüi olaraq qalmağa ümid edərək eyni zamanda “bir əldə iki qarpız” tutmaq istəyirdi. Lakin Paşinyanın həm Rusiyanın, həm də Qərbin kürsüsündə oyurmaq cəhdləri boşa çıxdı. Rusiyanın qulaqburmasından sonra isə Paşinyan Qərblə münasibətlərdə özünü daha təmkinli aparmağa və eyni zamanda “bir əldə iki qarpız tutmaq” niyyətindən qismən də olsa əl çəkməyə məcbur oldu. Amma hadisələrin gedişi göstərir ki, Paşinyan İrana və ASBŞ-a münasibətdə də analoji mövqedən çıxış etmək niyyətlərindən əl çəkməyib.

Paşinyan ABŞ tərəfindən iqtisadi və siyasi sanksiyalara məruz qalan İranla ticarət əlaqələrindən danışarkən yenə də Ermənistanı iqtisadi baxımdan “böyük və güclü” ölkə kimi qələmə verməyə çalışaraq deyir ki, iki ölkə arasında iqtisadi münasibətlər ən yüksək səviyyədə inkişaf etdirilməkdə davam edəcək. Halbuki iqtisadi əlaqələrin inkişaf etdirilməsi Ermənistana İrandan daha çoz lazımdır. Faktiki olaraq istər iqtisadi, istərsə də də siyasi baxımdan cırtdan Ermənistan İran üçün ciddi bir önəm daşımır.

Ermənistanın iqtisadi baxımdan İrana möhtac olduğunu Paşinyanın bu açıqlaması da bir daha sübut edir:

“Planlarımız çoxdur, amma bu planların mediaya verilməməsinin səbəbi tərəflərin bu layihələr barədə hələ tam razılığa gəlməməsidir. Hazırda İran tərəfi ilə müzakirə etdiyimiz planlar və proqramlar var. Hər dəfə son nəticəyə gəldikdə, bu planları tezliklə icra etməyə səy göstəririk. Hazırda İranla qaz almaq layihələrinin razılaşdırılmasını davam etdiririk. İndi, təəssüf ki, bir müddət təxirə salınmış 3-cü xətt enerji layihəsini həyata keçiririk və onu mümkün olduqca ən qısa müddətdə istifadəyə verməyə çalışırıq”.

Paşinyanın iddia etdiyi kimi iki ölkə arasında həyata keçirilməsi nəzərdə tutulan bəzi layihələr var, ancaq onlar bu məsələlər barədə razılığa gələ bilməyiblər. Paşinyan tərəflərin nəzərdə tutulan layihələrin həyata keçirilməməsinin səbəbləri barədə susmağa üstünlük verir. Çünki bu layihələrin həyata keçirilməsi üçün Ermənistanın maliyyə imkanları yoxdur.

Paşinyan ümid edir ki, Avrasiya İttifaqı çərşivəsində İranla əməkdaşlığın genişləndirilməsindən Ermənistan nə isə gəlir əldə edə biləcək:

“İki ölkənin, o cümlədən Avrasiya İttifaqı platformasında görüləsi çox işləri var. Ümid edirəm ki, prezident Həsən Ruhani mənim dəvətimi qəbul edəcək və Avrasiya İttifaqı platformasında iki ölkənin maraqları üçün vacib olan müxtəlif layihələr həyata keçirə biləcəyik. Ermənistan Avrasiya İttifaqında İranla quru sərhədi olan yeganə ölkədir və fikrimcə, İran-Ermənistan yolu tranzit yolu kimi mühüm amildir. İran bu yolla mallarını Avrasiya ölkələrinə göndərə bilər”.

Lakin burada da Paşinyanın jurnalistləri aldatmağa cəhd etdiyi aydın şəkildə hiss edilir. Belə ki, qeyd etdiyimiz kimi Ermənistanı Avrasıya ölkələri ilə bağlayan dəmiryolu işləmir. Belə bir şəraitdə İran öz mallarını göndərmək üçün Ermənistandan tranzit ölkə kimi necə istifadə edə bilər? İran belə niyyətdə olsa onda Şimal- Cənub yolundan asanlıqla istifadə edə bilər. Bu baxımdan Azərbaycandan tranzıt ölkə kimi istifadə etmək İran üçün daha əlverişlidir.

Paşinyan İran KİV-lərinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq onları sadəlövh yerinə qoymağa cəhd edib. O iddia edib ki, Ermənistan münaqişənin həllində müvafiq formula malikdir:

“İndi Dağlıq Qarabağ münaqişəsinin həlli və bölgədə sülhə nail olma yolları barədə fikirlərimizi ifadə edən formulumuz var. Ermənistan Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanla deeskalasiya formulunu açıq şəkildə bəyan edib. Dağlıq Qarabağ münaqişəsinin tam həlli üçün bölgədə təhlükəsizlik yaratmaq niyyətindəyik. Birincisi, ilk növbədə, Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqı üçün məqbul bir formul ortaya qoymalıyıq”.

Paşinyan iranlı jurnalistlərə açıqlamasında bir müddət əvvəl Dağlıq Qarabağın Ermənistan ərazisi olması barədə dediklərinin üstündən sükutla keçir. O nəinki Dağlıq Qarabağ, həm də ondan kənarda işğal edilən 7 rayonun taleyi barədə də bir kəlmə olsun belə demir. Paşinyan işğal edilmiş Azərbaycan əraziərində ermənilərin məskunlaşdırılması barədə də susur. Çünki Ermənistan işğalçı və təcavüzkar ölkədir. Bunu şübhəsiz ki, iranlı jurnalistlər də yaxşı bilir və dərk edirlər. Ancaq onlar da Azərbaycan üğün ağrılı olan bu məsələ barədə Paşinyana hər hansı sual vermirlər. Bunun da səbəbləri aydındır: İran sözdə Azərbaycanən ərazi bütövlüyünü müdafiə etsə də pərdəarxasından Ermənistanın təcavüzkarlıq siyasətini dəstəkləməkdə davam edir.

Təsadüfi deyil ki, İranın belə bir siyasətini adıçəkilən ölkədə də etiraf edirlər. Məsələn, İran İslam İnqilabının əsas ideoloqlarından biri Ayətulla Murtəza Mütəhhərinin oğlu, İran parlamentinin üzvü Əli Mütəhhəri ölkəsinin Qarabağ, Uyğur Respublikası, Kəşmir və Çeçenistanla bağlı mövqeyini tənqid edib.

Millət vəkili ölkəsinin Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanın tərəfini tutduğunu etiraf edib: "Azərbaycan və Ermənistan arasındakı Qarabağ problemində də Azərbaycanın haqlı olmasına rəğmən etnik narahatlığa görə Ermənistanın tərəfini tutduq. Çinin Uyğur vilayətindəki müsəlmanlara, Rusiyanın çeçenlərə qarşı işgəncə və təzyiqlərinə görə lazımi mövqe nümayiş etdirmədik. Kəşmirdə yaşayan xalqın haqqının təmin edilməsinə kömək etməliyik".

Beləliklə, Paşinyanın İran KİV-lərinə müsahibəsi zamanı dedikləri bir daha sübut etdi ki, Ermənistan rəhbərliyi regionda başverən hadisələrə münasibətdə beynəlxalq aləmi sadəlövh hesab edir vəbununla da öz yalanlarına inanırlar. Halbuki Ermənistanın işğalçı və təcavüzkar ölkə olduğu beynəlxalq aləmə, o cümlədən qonşumuz İrana da yaxşı məlumdur. Paşinyanın hansı yollarlasa beynəlxalq ictimaiyyəti aldatmağa cəhd etməsinə baxmayaraq Azərbaycan istənilən halda öz torpaqlarını azad edəcək və bu həqiqəti Yerevanda nə qədər tez anlasalar, bu, o qədər də onlara xeyir gətirəcək.

Emin Axund