Ermənilərin fəxri olan naxçıvanlı haqda şok

Ermənilərin fəxri olan naxçıvanlı haqda şok

2 Sentyabr 2019 16:40
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur rus qafqazşünas tarixçisi Oleq Kuznetsov Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin mərkəzi arxivinin gün üzünə çıxmış “Gizli” qrifi ilə tanış olub. Bu qovluqda Ermənistanın “milli qəhrəmanı”, “Njde” ləqəbi ilə tanınan Qaregin Ter Arutyunyanın fəaliyyəti ilə bağlı məlumatlar var.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Oleq Kuznetsov sözügedən araşdırmasını eksklüziv olaraq Axar.az-a göndərib.

Kuznetsovdan ön söz: “Ermənilərin öz “milli qəhrəmanları” haqda qələmə aldıqları tərcümeyi-halları istehza və sarkazm olmadan təsvir etmək cinayətdir. Sırf elmi üslubda yazmaq isə erməni təbliğatçıların cəfəngiyatını öz iradənlə elmi səviyyəyə yüksəltmək, yaxud ən azı elmi riyakar cəfəngiyat həddinə endirməkdir. Mən bunların heç birini bacarmadım. Odur ki, oxucuların mühakiməsinə elmi iş təqdim etdim”.

Faktlar:

Dünya əhalisinin böyük əksəriyyətinə də məlumdur ki, hazırda Ermənistanın və erməni xalqının ən nüfuzlu “milli qəhrəmanı” “Njde” ləqəbli Qaregin Ter Arutyunyandır. Ləqəbin ermənicədən mənası “Ments Murad”, yaxud “Böyük Murad” kimi səslənmir, əksinə, “pul qazanmaq üçün vətənini tərk etmiş” (müasir elektron rus-ermənicə lüğəti bu formada tərcümə etdi) mənasında işlənir. Yumşaq desək, “qastarbayter”, “avara”, BOMJ mənalarını daşıyır.

Ermənilərin əsrlər boyu Şərqi Aralıq və Qara dənizləri sahillərinə köç etməsini nəzərə alsaq, “Njde” adlı tarixi xarakterin müasir ermənilər arasında populyarlığını əsaslı şəkildə izah edən ümummilli psixotipin təzahürü saymaq olar.

Qaregin təbiətcə “njde” idi: Azərbaycanda (İrəvan quberniyasının Naxçıvan qəzasında – red.) doğulub, böyümüşdü. Gənclik illərində isə Bolqarıstana köçür. 3 il universitetdə təhsil alıb, yenidən Azərbaycana qayıdır. 3 il müddətində ev dustaqlığında qalır. Oradan gizli yollarla Peterburqa, sonra isə 2 il müddətinə Bolqarıstana yol alır. Gördüyümüz kimi, Birinci Dünya müharibəsinədək Njdenin bioqrafiyasında Ermənistan adı keçmir.

Müharibə başlayanda o, bolqar ordusundan fərarilik edib Gürcüstana qaçır, Rusiya İmperiyasının Qafqaz cəbhəsinin yenicə qurulan erməni könüllülərindən ibarət batalyonuna qoşulur və döyüşmək üçün Osmanlı İmperiyasının ərazisinə keçir. 1918-ci ilin yayında Azərbaycan torpaqlarında Erməni Daşnak Respublikası qurulanadək burada qalır. Lakin bu fakt belə onun həmin dövrdə Ermənistanda olduğuna dair heç bir əsas vermir.

Onun bu dövlətdə yaşamasını sübut edən ilk sənədli fakt 1920-ci ilə aiddir. Bu tarixdə o, hökumətin sərəncamı ilə Kamalçı Türkiyəni öz qoşunlarına təslim etmək ərəfəsində olan Aleksandropolun komissarı vəzifəsinə təyin olunur. Onun Rus-Osmanlı cəbhəsindəki hərbi şücaətləri barədə yazılan hekayələr heç bir təsdiqi, mənbəyi olmayan əfsanələrdən ibarətdir.

Bu məqamdan etibarən onun adı Sovet və “Kamalçılar” dövrünün sənədlərində azərbaycanlıların Zəngəzur, Abbasabad ərazilərindəki soyqırımın əsas səbəbkarı kimi hallanır. Halbuki həmin dövrdə Ordubadda yerləşən Paraqa kəndində yaşaması ilə bağlı da sübutlar var ki, bu da müasir Ermənistana heç bir aidiyyəti olmayan Azərbaycan ərazisidir. Bu fakt Njdenin “njde”, avara olduğuna dair daha bir danılmaz faktdır.

1922-ci ildə Njde Təbrizə qaçır, oradan isə Bolqarıstana dönür. 1944-cü ildə nasistlərlə əməkdaşlıq və "əks-inqilabi fəaliyyət" cinayətinə görə Sovet hərbi əks-kəşfiyyat orqanları tərəfindən həbs edilib, SSRİ-yə təhvil verilir.

Bu minvalla Njde 70 illik ömrünün cəmi 3-4 ilini müasir erməni torpaqlarında olur. Lakin bu hal onun soydaşları tərəfindən tarixi ilə heç bir ciddi əlaqəsi olmadığı Ermənistanın “görkəmli milli qəhrəmanı, dövlət xadimi və siyasi xadimi” adlandırmasına mane olmur.

Bütün bunlar qlobal xarakter daşıyır. İndi isə gəlin, özəl məqamlara toxunaq.
Erməni axmaqlığı və təbliğatının intellektual əhəmiyyətsizliyini Njdenin şanını səmaya qaldıran bir həyat epizodu ilə nümayiş etdirmək istəyirəm. Vəziyyət o yerə çatıb ki, bu uydurmanın müəllifləri nə vaxt, kimə, nə yalan danışdıqlarını çoxdan unudublar.

Söhbət Njdenin 1944-cü ilin sentyabr ayındakı həbsindən gedir. Məhz bu həbsdən sonra o, erməni milliyyətçiliyinin ideoloqundan dərhal təqib olunan siyasi cinayətkara çevrildi.

Njdenin Vikipediyadakı tərcümeyi-halında bu hadisə belə təsvir olunur:

Sovet ordusu Sofiyaya yaxınlaşanda Njde Bolqarıstanı tərk etmək istəmir. Bu addımı təşkilatını zərbə altından qurtarmaq istəyinə və SSRİ-nin tezliklə Türkiyəyə qarşı müharibə elan etmək niyyətinə bəslədiyi ümiddən qaynaqlanırdı. Njde düşünürdü ki, bu müharibədə xüsusi rolu olacaq. Rus ordusu ölkəyə daxil olandan sonra o, bu təkliflə Sovet qoşunlarının baş komandanı general Tolbuxinə məktub yazdı.

Njdenin nasistlərlə əməkdaşlığından xəbər tutan Bolqarıstandakı sovet hərbi əks-kəşfiyyatı onu həbs edir.

Əks-kəşfiyyat agentləri Qaregin Njde Abverqrup-114 (Dromedar) kəşfiyyat işinin tərkibində olduğu üçün onu azadlıqdan məhrum edirlər.

Njdenin Sovet ordusu tərəfindən saxlanılmasından öncə artıq bolqar polisi onu həbs etmişdi. Belə ki, Njde həm də alman kəşfiyyatı ilə əməkdaşlıqda təqsirləndirilirdi.

Daimi oxucularım yaxşı bilirlər ki, erməni təbliğatçılarının süni şəkildə yaratdığı xalqının rifahı və işıqlı idealları üçün çalışan “cəngavər”, karamelli Njde obrazının ifşası yolunda gördüyüm xidmətlərlə öyünmək niyyətim yoxdur. Lakin xatırlatmaq istəyirəm ki, hələ keçən il hər şey başqa cür idi. Ötən il Njde az qalsın bolqar xalqının “milli qəhrəmanı” hesab olunurdu. Bu faktın əsas sübutu isə erməni diasporunun Njdenin Bolqarıstanda həbs olunduğu evin önündə ona xatirə lövhəsi qoymağı oldu.

Hələ bir müddət əvvəl onun təsviri Vikipediya və “Hayazq” beynəlxalq erməni fondunun elektron ensiklopediyasını bəzəyirdi. Xatirə lövhəsi hələ də Sofiyadakı evinin önündən asılıb.

Njdenin şəklini xüsusilə burada paylaşıram ki, erməni təbliğatçıları tarixi təfsirlərini və hiylələrini xatırladan insanların varlığından xəbər tutsunlar.

Hətta bu durumda da ermənilər öz sədaqətlərini nümayiş etdirdilər.

Sən demə, lövhənin üzərindəki erməni və bolqar dillərində yazılan mətnlər bir-birindən fərqlənir.

Bolqar dilində olan mətnin tərcüməsi belədir: “Erməni milli qəhrəmanı, Makedoniya-Odrinski milisinin qəhrəmanı və Bolqarıstan vətəndaşı general Qaregin Njde 09.09.1944-cü il tarixinədək bu evdə yaşayıb. O, 1955-ci ildə Sibirdə dünyasını dəyişib”.

Ermənicə olan mətn bir qədər fərqlidir: “Erməni xalqının milli qəhrəmanı, Bolqarıstan vətəndaşı, Azadlıq Ordusunun erməni könüllü dəstəsinin komandiri, general Qaregin Ter-Harutyunyan Njde 09.09.1944 tarixinədək bu evdə yaşayıb. O, 1886-cı ildə anadan olub, 1955-ci ildə Sibirə sürgün edilmişdir”.

Heç kim də maraqlanmır ki, o, bolqar ordusunda general yox, ən uzağı baş leytenant ola bilərdi. Həmçinin alman kəşfiyyatı ilə əlbir olduğu üçün bolqar polisi tərəfindən həbs olunaraq SMERŞ əks-kəşfiyyat şöbəsinə təhvil verilib. Lakin bu hadisə onun rəsmi tərcümeyi-halında yazıldığı kimi 9 sentyabrda deyil, 3 həftə sonra - 2 oktyabrda baş verib. Bu tarixdə şöbənin rəisi Njdenin həbsi ilə bağlı fərmanı imzalayır. Bu vaxta qədərsə o, vətən xainliyində təqsirləndirilərək, Sofiyanın Mərkəzi Həbsxanasında saxlanılırdı.

Lakin SSRİ qarşısında günahları daha çox olduğu üçün Bolqarıstan hökuməti Njdeni təhvil verir.

Qeyd etmək lazımdır ki, Njdenin erməni bioqrafları bu faktları çox gözəl bilirlər. Çünki onlar Njdenin Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin arxivinin şəxsi işlər fondunda saxlanılan, həmçinin, məhkəmə icraatının xitam verdiyi 11278 nömrəli tədqiqat işi ilə yaxından tanışdırlar.

Lakin məsumcasına hesab edirlər ki, bu məlumatlara onlardan savayı heç kimin əli çata bilməz. Ən böyük səhvləri də budur.

Njdenin hökmü 1948-ci il 24 aprel tarixində Moskvada oxunur. Onun cinayət işi ilə bağlı materialların “Gizli” qrifi əllərindən alınıb.
Həmçinin, bu sənədlərin böyük əksəriyyətinin nüsxələri Rusiya Federal Penitensiar Xidmətinin Vladimir vilayətindəki şöbəsinin arxivindəki Njdenin həbsxana sənədlərində mövcuddur. Bu sənədlərə giriş müəyyən məhdudiyyətləri nəzərə almaq şərtilə tədqiqatçılar üçün açıqdır. Odur ki, Njdenin həqiqi kimliyi, törətdiyi cinayətlər, cəzaçəkmə səbəblərini gizlətməyin mənası yoxdur.

Bu əhvalatın ən maraqlı cəhəti Njdenin öz həbsinə olan münasibətidir.

Onun istintaq, məhkəmə və həbsxana işlərində Sovet hərbi əks-kəşfiyyatına təhvil verilməmişdən əvvəl, 1944-cü ilin sentyabrında Bolqarıstan həbsxanasında tərtib etdiyi siyasi tərcümeyi-halının bir nüsxəsi saxlanılır.

Yeri gəlmişkən, bu tərcümeyi-halın rus dilində olan mətni bioqraf Rafail Amburtzumyan tərəfindən nəşr edilib.

Mətni əvvəldən sonadək yazmayacağam. Yalnız həbsi ərəfəsində Njdenin mənəvi və psixoloji vəziyyətini mükəmməl təsvir edən bir sitatı diqqətinizə çatdıracağam.

Njde qurtuluş ümidi olmadan küncə qovulan vəhşinin duyğularını mükəmməl şəkildə çatdırır:

“Sovet ordusu gəldi və gözlənilən məqam baş verdi. Yaranmış qarışıqlıqdan faydalanan bir neçə erməni - öz xalqının südünü əmməyən xislətsizlər əməllərini gerçəkləşdirməyə başladılar. Onlar çəkməçi cildinə girmiş polis agentləridir. Silahlı bolqar milislərinin müşayiəti ilə evləri gəzir, məni axtarırlar. Qaranlıq məqsədləri üçün həmişə xarici qüvvələrdən istifadə edərək, aciz nifrətlərini söndürən və həmvətən “düşmənlər”ini məhv edən əbədi hörmətsiz qullar!

Əməldə deyil, yalnız quru adı ilə milliyyətçi olan bazar mənəviyyatlı varlıqlar da ən az onlar qədər iyrəncdirlər. Onlar öz eqoizmlərini mal-qara səviyyəsinə endiriblər. Hətta xaça mıxlanmış halda tanışlarının, doğmalarının, qohumlarının qapısına gedib sığınacaq umsalar, heç kim qapısını üzlərinə açmaz.

Unutdular, hamısı unutdular ki, yalnız mənim səylərim sayəsində yəhudilərin aqibətini yaşamadılar, dörd il ərzində zəngindən də zəngin oldular. Dünənədək bir baxışına, salamına ümid edənlər, bu gün sənin adından, hətta kölgəndən qaçırlar”.

P.S. Razılaşın, güclü nitqdir. Belə çıxır ki, bolqar polisi yox, elə Bolqarıstanda yaşayan erməni diasporunun özü Njdeni izləyib, yerli hüquq-mühafizə orqanlarına erməni xalqının qəhrəmanı yox, bolqarların düşməni qismində təslim edir.

Bu qənaətə gəlirik ki, ermənilər özləri Njdeni nəinki sevirlər, hətta nifrət edirlər. Çünki doğma etnik əhatəsinin ona hörməti İkinci Dünya müharibəsi dövründə nasistlərlə olan yaxınlığı ilə ölçülür. Nə qədər ki nasistlər vardı, Njde Bolqarıstan erməniləri arasında avtoritetə sahib idi. Nasistlər getdi, Njdenin hörməti də itdi. Qədim latın məsəlində də deyildiyi kimi: “Sic transit gloria mundi” – “Dünyanın şan-şöhrəti beləcə keçir”. Bu gerçəyi isə dəyişmək mümkün deyil.

Xülasə, tezliklə Njdenin Sofiyadakı yalan və pafos dolu xatirə lövhəsi mövzusu öz məntiqli həllini tapacaq. Əminəm ki, Bolqarıstan hakimiyyəti Njdenin gerçək kimliyi və ölkələrinin tarixində hansı rola sahib olduğu ilə bağlı hərtərəfli məlumat əldə edəcəklər. Anlayacaqlar ki, o, heç də qəhrəman deyil, əksinə, iki dəfə ölkəyə xəyanət etmiş, nasistlərlə əlbir olan canidir. Bundan sonra o lövhənin varlığına da gərək qalmayacaq.

Ağıllı təşəbbüsündən geri qalan erməni təbliğatçılarına bununla bağlı yalnız bir şey demək istəyirəm: “Cənablar, dayanın! Əks təqdirdə növbəti yalanla öncəkiləri daha çox inkar edəcəksiniz. Bu isə şizofreniyaya gedən yoldur”.