Azərbaycanla Ermənistan arasında böyük savaşa hazırlıq gedir

Azərbaycanla Ermənistan arasında böyük savaşa hazırlıq gedir

23 Avqust 2019 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 5-də Dağlıq Qarabağa səfər edən Ermənistan baş naziri Nikol Paşinyanın Xankəndində kütlə qarşısındakı çıxışında “Dağlıq Qarabağ Ermənistanındır” deməsinbdən sonra bölgədə vəziyyət yenidən gərginləşib. Azərbaycan rəsmi şəkildə Paşinyanın bu açıqlamasını fitnəkarlıq adlandırılıb və bunun Ermənistanın işğalçılıq siyasətinin açıq müstəviyə keçirilməsi kimi dəyərləndirib. Düşünmək olardı ki, Paşinyanın bu sərsəm açıqlamasından sonra qarşı tərəf buna aydınlıq gətirəcək. Çünki Paşinyanın son çıxışı faktiki olaraq Azərbaycana qeyri-rəsmi şəkildə müharibə elan edilməsi anlamına gəlirdi. Rəsmi Bakının məsələyə sərt reaksiyasından sonra Yerevan Paşinyanın son açıqlamasının səhv anlaşıldığını iddai etməyə cəhd göstərdi. Lakin bundan az sonra Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Paşinyanı müdafiə edən açıqlama verdi. O İrəvanda uruqvaylı həmkarı Rudolf Nin Novoa ilə keçirdiyi brifinq zamanı bildirdi ki, Baş nazir Ermənistanın mövqeyini dəqiq formalaşdırıb. Stepanakertdə (Xankəndi – red.) deyilənlərə nəsə əlavə etməyə ehtiyac yoxdur.

Nazir iddia edib ki, Ermənistan XİN əvvəlki bəyanatlarında da Xankəndidə deyilənləri təsdiqləyib. “Deyə bilərəm ki, bizim tərəfimizdən münaqişənin dinc yolla nizamlanmasına dair yanaşmalardan və mövqelərdən yayınmaq niyyəti yoxdur”, – xarici işlər naziri əlavə edib (Virtualaz.org).

Nazir həmçinin qeyd edib ki, iki ölkə prezidentlərinin və ya xarici işlər nazirlərinin görüşünün keçirilib-keçirilməyəcəyi barədə hər hansı məlumata malik deyil.
“Sizdən xahiş etməliyəm ki, bir az səbr edəsiniz. Çünki mən prinsipial olaraq hesab edirəm ki, görüş haqda yeri və vaxtı həmsədrlər tərəfindən digər ölkə ilə razılaşdırılandan sonra elan etmək olar”, - Mnatsakanyan növbəti Əliyev-Paşinyan danışıqlarının nə zaman baş tutacağı haqda suala cavab olaraq deyib.

Əslində Paşinyanın Dağlıq Qarabağı Ermənistan ərazisi adlandırmasından sonra iki ölkə prezidentlərinin və ya xarici işlər nazirlərinin görüşündən bəyan edilməsi külünc görünür. Şünki Paşinyan və Mnatsakanyan Dağlq Qarabağı Ermənistan ərazisi adlandırmaqla bütün körpüləri yandırmış olublar.

Məsələ ilə bağlı diqqəti cəlb edən digər bir önəmli amil Mnatsaknayanın Paşinyanı dəstəkləyən bəyanat verməsinin Rusiyanın yüksək çinli məmurunun İrəvana ikigünlük səfərindən öncəyə və sonraya təsadüf etməsidir. Belə başa düşmək olar ki, Rusiya rəsmisi Patruşev Yerevana səfəri zamanı qarşı tərəfi son açıqlamaya görə dəstəkləyib. Təbii ki, bütün bunlar da Rusiyanın pərdəarxasından Ermənistanı dəstəkləməsinin daha bir sübutu hesab edilə bilər. Bununla belə Paşinyan və Mnatsakanyanın son açıqlamalarından sonra bəzi politoloqlar Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu açıq şəkildə bəyan etdilər. Məsələn, rusiyalı ictimai xadim, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, politoloq Sergey Markov Real TV-yə müsahibəsində deyib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Azərbaycanda da politoloqlar arasında bu məsələyə münasibət birmənalı olmayıb. Məsələn, ermənişünas alim və politoloq Qafar Çaxmaqlı Musavat.com-a verdiyi açıqlamasında deyib ki, Ermənistan XİN başçısı uruqvaylı həmkarı ilə görüşündə heç dəxli olmayan bu məsələni ortaya atıb: «Sanki həmin an bunu demək tapşırığı alıb. Fikirləşirəm ki, Paşinyanın məlum Xankəndi çıxışından sonra Ermənistan rəhbəri daha ehtiyatlı bəyanatlar verirdi və Ermənistan rəsmilərindən heç biri bu məsələyə münasibət bildirmirdi. Rusiya Təhlükəsizlik Şurasının katibı Patruşev də Ermənistanda idi. Bundan sonra Mnatsakanyanın tələsik belə bir bəyanat verməsi göstərir ki, Patruşev heç də “Suriya məsələlərini müzakirə etməyə” gəlməyib. Rusiyanın bu bəyanatı verdirməkdə məqsədi nədir? Şimal qonşumuz guya müharibə istəmir, amma bu bəyanat açıq müharibə elanıdır və Azərbaycanın artıq başqa yolu qalmır. Təcili səfərbərlik elan olunmalıdır!”

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da qeyd edib ki, Ermənistan heç vaxt işğalçılıq siyasətindən əl çəkməyəcək.

Ekspert belə hesab edir ki, biz öz tədbirlərimizi görməliyik, siyasətimizdə korrektələr etməliyik: “Mən əvvəllər də dəfələrlə yazmışam ki, biz ya danışıqlardan imtina edək, ya da başqa vasitələri işə salaq… Çünki “Qarabağ Ermənistandır”sa, danışıqlara ehtiyac qalmır”.

E.Şahinoğlu qeyd etdi ki, sentyabr ayında Paşinyanın ABŞ-a səfəri nəzərdə tutulub və orada erməni diasporu ilə görüş keçirib Xankəndidə səsləndirdiyi fikirləri müzakirə edəcək: “Paşinyan ABŞ-dakı erməni lobbisi qarşısında yenə də Xankəndidəki fikirlərini təkrarlasa və “Qarabağ Ermənistandır” desə, demək, ermənilər öz siyasətlərini dəyişirlər. O halda biz də buna uyğun olaraq öz siyasətimizi formalaşdırmalıyıq”.

Ermənistan tərəfindən səsləndirirlən və Azərbaycana qarşı savaş elan edilməsi anlamına gələn bu fikirlərdən sonra iki ölkə sərhədlərində vəziyyət daha da gərginləşib. Belə ki, Ermənistan tərəfindən Qazaxın kəndlərinin son həftədə mütəmadi olaraq atəşə tutulmasına cavab olaraq sərhəd qoşunlarımız hərəkətə keçərək bəzi strateji yüksəklikləri ələ keçirib. Öz növbəsində Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhədin Qazax rayonundan keçən hissəsində sərhədçilərimizin yeni taktiki və strateji mövqelər tutduğunu, düşmənin aramsız atəşlərinə baxmayaraq bu mövqelərdə möhkəmləndiyini açıqlayıb. Bu haqda KİV-lərdə yayılmış xəbərləri DSX-nin Aparat rəhbəri, general Elçin İbrahimov jurnalistlərə təsdiqləyib. Generalın bildirdiyinə görə bu mövqelər Ermənistan ordusunun həmin istiqamətdəki döyüş postlarına və postlara gedən yollarına daha yaxşı nəzarət etməyə imkan yaradıb.

E.İbrahimov detalları açıqlamasa da xəbərlərə görə DSX-nin “Qazax” diviziyasının bölmələri Babakər dağı istiqamətində irəliləyiblər və habelə Ermənistan ərazisində həmin istiqamətdən keçən əsas nəqliyyat arteriyalarına da nəzarət imkanı qazanıblar.

Azərbaycan hərbçilərinin sərhəddə bəzi yüksəklikləri ələ keçirməsinin rəsmi şəkildə təsdiq edilməsindən sonra “Kavkazskiy Uzel” portalı Azərbaycan sərhədçilərinin Qazax istiqamtində irəliləməsi ilə bağlı rusiyalı hərbi ekspertlərin rəylərini soruşub. Virtual.az-ın yazdığına görə rusiyalı ekspertlər və hərbi şərhçilər belə hesab edirlər ki, bu addım Ermənistanı Qarabağa dair danışıqları bərpa etməyə meylləndirməyə hesablanıb, amma sərhəddə mövqelərin irəli çəkilməsi münaqişənin eskalasiyasına da gətirib çıxara bilər.“Qazax rayonunda toqquşmalar artıq baş verib, indiki manevrlər isə heç də yeni deyil”, - hərbi ekspert Pavel Felgenhauer deyib. Onun fikrincə, situasiya təhlükəlidir, münaqişə aktiv fazada olmasa da tüstülənməkdədir və hərbi əməliyyatlar tədricən Qarabağdan kənarda olan ərazilərə də yayılmaqdadır. Ekspert qeyd edir ki, yaxın zamanlarda münaqişənin eskalasiyasını gözləməyə dəyər.

Felqenhauer deyib ki, hazırda mənim mövqeyimə görə münaqişənin alovlanmasının qarşısını Rusiya alır. Onun sözlərinə görə, Prezident Əliyev hərbi uğurları nümayiş etdirməklə azərbaycanlıların patriotik əhval-ruhiyyəsindən ağılla istifadə edir: “Qarşıdurma illərində tərəflərin bir-birinə qarşı nifrəti artıb. Amma Azərbaycan tərəfdə bu nifrət daha amansız xarakter daşıyır”.

Rusiyada kifayət qədər tanınan hərbi ekspert Aleksandr Qolts isə belə hesab edir ki, sərhədçilərin irəliləməsi münaqişənin ciddi eskalasiyası üçün bəhanə ola və hərbi qarşıdurmanın yeni mərhələsini başlada bilər:

“Əlbətdə, təhlükə var. Bu kvazimünaqişələr üçün xarakterikdir, hansı ki, tərəflərdən biri hərbi manevrlər başlayır və bununla da məzənnəni qaldırır. Sonra digər tərəf onu sakitləşdirmək istəyir, buna müvəffəq olmursa gərginlik qaçılmaz şəkildə artır”.

Hərbi politoloq Aleksandr Perenciyev isə hesab edir ki, Qazax istiqamətində baş verənlər gərginliyi artıracaq, amma eskalasiyaya gətirib çıxarmayacaq.

Beləliklə hadisələrin gedişi göstərir ki, Paşinyanın və Mnatsakanyanın Dağlıq Qarabağla bağlı təxribatçı çıxışlarından sonra Azərbaycanla Ermənistan arasında müharibə təhlükəsi istənilən an genişmiqyaslı hərbi əməliyyatlara keçə bilər. Beləliklə Ermənistan rəhbərliyinin təxribatçı açıqlamlarından sonra bölgədə təhlükəli vəziyyət əmələ gəlib və baş verəcək istənilən hadisəyə görə məsuliyyət Yerevanın üzərinə düşəcək.

Emin Axund

Oxuməni.az