ARAŞDIRMA:Sumqayıt hadisələri barədə əsl həqiqətlər

ARAŞDIRMA:Sumqayıt hadisələri barədə əsl həqiqətlər

28 Fevral 2013 13:53
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycanlılar erməniləri qoruduqları halda Eduard Qriqoryan adlı erməni ilk olaraq beş nəfəri qətlə yetirdi

Giriş

Srağagün Xocalı soyqırımının 21-ci ildönümünü qeyd etdik. Dünyanın müxtəlif guşələrində şəhidlər yada salındı. Faciənin səbəbi və nəticələri araşdırıldı. Bir daha məlum oldu ki, ermənilər Xocalıya Sumqayıt hadisələrinə cavab olaraq divan tutublar. Sumqayıt hadisələri nədir? Onun təşkilatçıları, ideoloji rəhbərləri və icraçıları kimlərdir? Doğrudanmı 1988-ci ilin fevral ayının sonlarında azərbaycanlılar xüsusi qəddarlıqla erməniləri məhv ediblər? Bu faciə kimlərin marağına xidmət edirdi? Suallar çoxdur, həqiqət isə bir. Həqiqət axtarışında məsələni bir daha araşdırdıq. Və məlum oldu ki...

Sumqayıt hadisələri

Bildiyiniz kimi, 1988-ci ilin 26 fevral - 29 fevral tarixlərində Sumqayıt şəhərində kütləvi iğtişaşlar baş verdi. Nəticədə, 26 erməni və 6 azərbaycanlı millətindən olan vətəndaş qətlə yetirildi. Bu hadisə erməni təbliğatı üçün ən böyük "hədiyyə" oldu. Heç olmasa ona görə ki, Ermənistan cəmiyyətində Azərbaycana və azərbaycanlılara qarşı nifrət yarandı. İndən belə Dağlıq Qarabağın "vəhşi" Azərbaycanın tərkibində qalması təhlükəli addım kimi səciyyələndirilməyə başladı. Digər tərəfdən, hadisələrə qədər ermənilərin böyük qismi tərəddüd içərisində olsalar da, ümumi "dərd" onları Qarabağ məsələsi ətrafında sıx birləşdirdi. Heç təsadüfi deyil ki, Dağlıq Qarabağın o vaxtkı "rəhbəri" Arkadi Qukasyan açıq-aydın etiraf edirdi: "Sumqayıt hadisəsi bizim Azərbaycana qarşı müharibəyə başlamağımızı qaçılmaz etdi". Görəsən, bu qanlı olay təkcə ermənilərinmi marağına xidmət edirdi? Əlbəttə ki, yox. Təxribatı təşkil və idarə edən qüvvələrin hər biri öz çirkin məqsədlərinə yetişmək arzusunda idilər. Bu qüvvələri üç hissəyə bölmək olar. Birinci qüvvə ermənilərdir. O ermənilər ki, başlayacaqları müharibədə haqlı olduqlarını sübuta yetirmək üçün hətta öz millətinin Sumqayıtdan olan nümayəndələrini də qurban verməkdən çəkinmədilər. İkinci qüvvə Qorbaçovun demokratik islahatlarından bezmiş, köhnə diktatura dövrlərinə qayıtmaq istəyən mühafizəkar kommunistlər və güc strukturlarının rəhbərlərindən təşkil olunmuşdu. Yeganə məqsədi nə yolla olursa-olsun SSRİ-ni qoruyub-saxlamaq olan bu qüvvəyə KQB-nin o vaxtkı sədri Vladimir Kryuçkov başçılıq edirdi. Üçüncü dəstə isə tezliklə SSRİ-ni parçalamaq istəyən Qərb dövlətlərinin maraqlarına xidmət edirdi. Bu dəstəyə SSRİ-nin o vaxtkı rəhbəri M.S.Qorbaçov başçılıq edirdi. Heç təsadüfi deyil ki, Sovet İmperiyası sonradan məhz onun əli ilə süquta uğrayacaqdı. Qorbaçovun məqsədləri Kryuçkovunku ilə daban-dabana zidd olsa da, hər bir qüvvə öz maraqlarını güdürdü və bir növ şahmat oyunu kimi gələcəyə hesablanan gedişlər edirdi. Sonradan o da məlum olacaq ki, Qorbaçovun gedişləri daha düzgün imiş. İndi isə gəlin ayrı-ayrılıqda hər bir qüvvənin məqsədinə və fəaliyyətinə nəzər salaq.

Dünya tarixinə məlumdur ki, ermənilərin yeganə dövlətləri 387-ci ildə süquta uğramışdır. O vaxtdan bu xalqın dövlətçiliyi olmamışdı. Lakin xəstə təxəyyülə malik olan ermənilər guya nə vaxtsa üç dənizin arasında "Böyük Ermənistan" dövlətinə malik olduqlarını düşünürlər. Məhz bu dövləti "bərpa etmək" üçün zaman-zaman kompakt yaşadıqları ölkələrdə qiyam qaldırır, xəyanət yolunu seçirdilər. Məlum məsələdir ki, qiyam qaldırmaq və ya kütləvi itaətsizlik göstərmək üçün maliyyə vəsaitləri tələb olunur. Məhz bu səbəbdən ermənilərin öndə gedən ziyalıları, siyasətçiləri, təşkilatçıları həmişə dilənçi kimi pul yığmaqla məşğul olmuşlar. XX əsrin əvvəllərindən etibarən Avropada və Amerikada erməni diasporunun formalaşması ilə əlavə maliyyə mənbələri yarandı. Odur ki, əsrin sonlarına yaxın ermənilər yenidən qiyam qaldırmağa və Azərbaycanı parçalamağa cürət etdilər. Həm də ona görə cürət etdilər ki, artıq Qorbaçov və onun komandasını pulla almışdılar. Digər tərəfdən, tarix boyu erməniləri Qafqaza köçürməklə məşğul olan, onlara havadarlıq edən ruslar indiki zamanda da qardaşlarını tək buraxmayacaqdılar. Həm də Azərbaycanı dağıtmaq məsələsində onların fikirləri üst-üstə düşürdü. Odur ki, SSRİ-nin güclü olduğu bir zamanda, nəinki mitinqə getməyin, bu barədə danışmağın belə təhlükəli olduğu dövrdə, yəni 14.02.88-ci ildə nədənsə Xankəndi əhalisi mərkəzi meydana toplaşmağa cürət etdi. Həmin gün müəssisə və idarələr bağlandı və hamı məcburən mitinqə aparıldı. Qəribədir, elə deyilmi? SSRİ dövründə etiraz aksiyalarına cəhd göstərənlər birmənalı şəkildə cəzalandırılırdılar. Hərbçilərlə qarşıdurmada ölməyənlər ən azı Sibirə sürgün edilirdilər. Bunu Xankəndinin erməni əhalisi də bilməmiş deyildi. Bəs onda haradan idi bu qədər cürət və yüksək təşkilatçılıq qabiliyyəti? Göründüyü kimi, bu aksiya yalnız SSRİ rəhbərlərinin planı və ya ən azı razılığı ilə baş tuta bilərdi. Mövcud vəziyyətdə hər ikisi var idi. SSRİ rəhbərləri ölkəni dağıtmaq yolunu seçmişdilər. Lakin 200 illik imperiyanı bir anda yox etmək olmazdı. İctimai fikir buna qətiyyən razı deyildi. Bunun üçün tutarlı əsas tələb olunurdu. Başqa sözlə desək, milli münaqişələr ölkədə xaos görüntüsü yaratmaqda ən gözəl vasitə ola bilərdi. Həm də bu zaman kütləvi qırğınlar törətmək, dövləti, onun ordusunu xalqın gözündən salmaq olardı. Necə ki, 20 yanvarda qanlı hadisələr baş verdi. Bu barədə daha sonra. İndi isə qayıdaq Xankəndi hadisələrinə. Mitinqdən 6 gün sonra, yəni 20.02.88-ci il tarixində Dağlıq Qarabağın o vaxtkı parlamenti Azərbaycandan ayrılmaq istədiklərini rəsmi şəkildə qanuniləşdirməyə çalışdı, erməni separatizmi Azərbaycan xalqının haqlı narazılığına səbəb oldu. Necə deyərlər, saat mexanizmi artıq işə düşmüşdü. İndi təkcə qalırdı ki, məsələ güc tətbiq etmək yolu ilə həll edilsin. Bu hadisəyə on illiklər boyu hazırlaşan ermənilərin silah-sursatları, havadarları və ən əsası, maliyyə mənbələri var idi. Buna baxmayaraq, onlar mütləq "haqlı" olduqlarını sübuta yetirməli idilər. Yoxsa təbii olaraq belə bir sual ortalığa çıxa bilərdi: "Azərbaycan sizə nə pislik edib ki, ondan ayrılmaq istəyirsiniz?" Bu sualın cavabı tapılmayacağı təqdirdə ermənilər dünya ictimaiyyəti qarşısında haqsız olduqları ilə barışmaq məcburiyyətində qalacaqdılar. Odur ki, erməni qanı tökülməli idi, özü də təcili surətdə. Yalnız bu halda azərbaycanlılar vəhşi, Azərbaycan isə dözülməz ölkə təəssüratı bağışlaya bilərdi. Həm də törədiləcək qırğın erməniləri vahid anti-türk ideyası ətrafında toplayacaqdı. O dövrdə artıq KRUNK adlı erməni təşkilatı fəaliyyət göstərirdi. Demək olar ki, bütün qatı millətçilər oraya toplaşmışdılar. Təşkilatın yeganə məqsədi Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan ayırıb Ermənistana vermək idi. Buna görə ermənilərdən kütləvi şəkildə pullar yığılırdı. Həmin dövrdə Sumqayıt ermənilərinin qarşısında da belə bir tələb qoyulmuşdu. Lakin barmaqla sayılacaq bir neçə nəfəri nəzərə almasaq, şəhərin 14 minlik erməni əhalisi təşkilatın tələbinə boyun əymədi. Birincisi, ona görə ki, onlar başqa yerlərdə yaşayan ermənilərə nisbətən qat-qat kasıb dolanırdılar. Sumqayıtda yaşayanlar bir vaxtlar Qarabağdan müflisləşərək şəhərə köçmüş sadə kəndlilər idi. İkincisi, rəsmi statistikaya görə, respublikada ən çox erməni-azərbaycanlı nikahları məhz Sumqayıt şəhərinin payına düşürdü. Başqa sözlə desək, hər bir erməninin mütləq azərbaycanlı qohumu var idi. Zamanı qabaqlayaraq bir faktı nəzərinizə çatdıraq ki, hadisədən sonra ermənilər SSRİ Kommunist Partiyasının mərkəzi heyətindən gəlmiş Qriqori Xarçenkoya söyləmişdilər: "Biz Ermənistana yox, Rusiyanın Rostov, Krasnodar və ya Stavropol şəhərinə köçmək istəyirik. Ermənistanda deyirlər ki, biz əsl erməni deyilik. Həqiqətən də biz əsl erməni deyilik". Nə qədər qəribə səslənsə də, deyilənlərin hamısı rəsmi sənədlərdə öz əksini tapıb. Sumqayıt ermənilərinin siyasətə qurban verilməsinin üçüncü səbəbi isə odur ki, hadisələr ərəfəsində onlar əmanət kassalarında olan pullarını tez-tələsik götürmüşdülər. Təkcə bir ay ərzində bankdan bir milyon rubla qədər pul çıxarılmışdı. Sadə ermənilər bunu ona görə edirdilər ki, millətçi KRUNK və Daşnaksyutun təşkilatları onlardan icbari şəkildə ianə qopara bilməsin. Axı Sovet vaxtı Mərkəzi Bankın əli ilə hər hansı bir yerli bankın fəaliyyəti barədə məlumat almaq elə də çətin deyildi. Qeyd olunan hər üç səbəbə görə, qurbanlıq qoyun məhz elə Sumqayıt erməniləri oldu. Ermənilər bir faktı qətiyyətlə inkar etməyə çalışsalar da, həqiqət dəyişməz olaraq qalır. Belə ki, müttəhimlər kürsüsünə Eduard Qriqoryan adlı erməni də çıxarıldı. O erməni ki, ilk olaraq beş nəfəri qətlə yetirmişdi və hadisə boyu onun qədər adam öldürən olmamışdı. Təkrar edirik, ilk qurbanları şəxsən o qətlə yetirmişdi. Bununla da kütləvi iğtişaşları təhrik edənlərdən biri, bəlkə də birincisi olmuşdu. Eduard beş nəfəri xüsusi qəddarlıqla öldürməsəydi, kütləni öz arxasınca aparmasaydı, hadisələr bu qədər qızışmaya da bilərdi.

Yeri gəlmişkən, araqarışdıranlar təkcə insanları öldürməklə məşğul olmurdular, hadisələrin miqyasını böyütmək üçün pəncərələrin şüşələrini sındırır, avtomobilləri, trolleybusları yandırır, ticarət obyektlərini qarət edirdilər. Bu cinayətləri sırf erməni qətlləri adlandırmaq düzgün olmazdı. Heç olmasa ona görə ki, qarşıdurmalar zamanı 6 azərbaycanlı da dünyasını dəyişmişdi. Məqalənin əvvəlində qeyd etmişdik ki, Sumqayıt qırğınlarının üç təşkilatçısı olub. Başqa sözlə desək, üç qüvvənin maraqları bu məsələdə üst-üstə düşürdü. Onlardan biri olan erməni millətçiləri barədə bir qədər məlumat verdik. İndi isə digər təşkilatçılara və onların əməllərinə keçək. Bildiyiniz kimi, hadisələr üç gün ərzində - 26 fevraldan 29 fevraladək baş vermişdi. Buna baxmayaraq, nə milis işçiləri, nə də digər güc strukturları müdaxilə etməmişdilər. Əksinə, gərginliyin artmasına şərait yaratmışdılar. Yalnız üçüncü gün, vəziyyət nəzarətdən çıxmağa başladıqdan sonra SSRİ rəhbərliyi Sumqayıta hərbi qüvvə yeritmək barədə qərar verdi. Artıq təşkilatçılar məqsədlərinə çatmışdılar, yəni qan tökülmüşdü. Bununla da Qarabağ konflikti yeni bir mərhələyə, hərbi qarşıdurma mərhələsinə keçmişdi. Hadisələrin təşkilatçılarından biri olan SSRİ rəhbərliyinin günahını sübuta yetirmək üçün bir neçə faktı nəzərinizə çatdırmaq istərdik. 26 fevral günü insanları bir yerə toplamaq üçün dövlət səviyyəsində qərar qəbul olundu. "M.S.Qorbaçovun Azərbaycan və erməni xalqına müraciəti"ni geniş ictimaiyyətə çatdırmaq bəhanəsi ilə Sumqayıtda dövlətin təşkil etdiyi mitinq toplandı. Bildiyiniz kimi, qırğın törətmək üçün ilk növbədə insanları bir yerə toplamaq lazım idi. Birinci mitinqə cəmi 50-100 nəfər gəldi. Lakin həmin mitinqdə istər şəhər rəhbərliyi, istər digər səlahiyyətli adamlar anti-erməni şüarlar söyləməyə başladılar. Digər tərəfdən, xüsusi öyrədilmiş adamlar kütlənin arasına yeridildi. Bununla da gərginliyin artmasına start verildi. Səhəri gün SSRİ Baş prokurorunun müavini xüsusi tapşırıqla Bakıya gələrək AzTv kanalında çıxış etdi. Bildirdi ki, Əsgəran yaxınlığında ermənilər iki azərbaycanlını qətlə yetiriblər. Təbii ki, bu zaman SSRİ rəhbərliyinin yeganə məqsədi Sumqayıt mitinqinə yığışmış adamların hisləri ilə oynamaq idi. Elə də oldu. Mitinqin arasına yeridilmiş xüsusi qüvvələr qisas fikrini ortalığa atmağa başladılar. Beləliklə, proses işə düşdü. Artıq heç kim kütləni saxlaya bilməzdi. Eyni zamanda qırğını başlamaq üçün insanlara şərait yaratmaq lazım idi. Yuxarıdan gələn məxfi tapşırığa əsasən, Sumqayıt milisi passiv mövqeyə çəkildi. Hətta kəşfiyyat orqanlarından olan bəzi adamlara xüsusi olaraq milis formaları geyindirildi ki, onlar qırğında iştirak etməklə insanları həvəsləndirsinlər. Şəhər sakinləri təbii ki, əllərini qana bulamaq istəmirdilər. Məhz bu anda erməni millətindən olan Eduard Qriyoryan ilk olaraq beş nəfəri qətlə yetirdi. Yalnız ondan sonra kütlə sindromu işə düşdü. Onu da qeyd edək ki, yüzlərlə erməninin həyatda qalması üçün azərbaycanlılar özlərini sipər etmişdilər. Hətta həyatlarını təhlükə altına atanlar da olmuşdu. Burada qınanılacaq heç nə yoxdur. Bizim millət mərhəmətlidir və dar günün dostudur. Odur ki, ermənilərin özlərinin etiraf etdiyinə görə, çoxlarını azərbaycanlı qonşular öz evlərində qoruyub-saxlayıblar. İstintaq materiallarında Fəridə Vəziryanın belə bir açıqlaması var: "27.02.88 tarixində mərkəzi şadlıq evində erməni toyu idi. İçəri soxulan adamlar bizi öldürəcəklərini söylədilər. Azərbaycanlı qonaqların hesabına bizim erməni olduğumuzu bilmədilər və çıxıb getdilər". Və ya Vaçik Martirosyanın ifadəsində deyilir: "Sumqayıtın 3-cü mikrorayonunda Nina adlı yaşlı qadın yaşayırdı. Onu beşinci mərtəbədən həyətə düşürüb üstünə benzin tökdülər. Yandırmaq istədilər. Azərbaycanlı qonşu arvadlar qışqır-bağır salıb, caniləri birtəhər qova bildilər. Ninanı isə geyindirib evlərinə apardılar".

Ümumiyyətlə, azərbaycanlıların xeyirxahlıqları barədə istintaq sənədlərində cild-cild materiallar vardır. Buna baxmayaraq, çörəyi dizinin üstündə olan ermənilər sonradan həmin adamlara iftiralar yağdırmağa başladılar, guya ermənilərin evlərinə gözlərini dikdikləri üçün onlara kömək etmişlər. Qəribə məntiqdir, elə deyilmi? Axı həmin ermənilər hadisə zamanı ölsəydilər, onların evlərini mənimsəmək daha asan olardı, nəinki öz həyatını təhlükə altında qoyub onları qorumaq. Nə isə, hadisələr əvvəlcədən nəzərdə tutulduğu kimi, qırğınla nəticələndi və Azərbaycanın imicinə zərbə dəydi. Artıq əməliyyatı yekunlaşdırmaq olardı. Belə ki, hadisələr ölkə rəhbərliyinin nəzarətindən çıxa bilərdi. Ona görə də 29 fevral günü şəhərə ordu yeridildi. Bundan qabaq SSRİ rəhbəri Qorbaçovun sədrliyi ilə Kommunist Partiyası Siyasi Bürosunun iclası keçirilmişdi. Onu da qeyd edək ki, çıxışlar "Tam Məxfi" qrifti ilə sənədləşdirilmişdi. Sumqayıt hadisələrində və ümumən Qarabağ konfliktinin yaranmasında Qorbaçovun rolunu bilmək üçün həmin iclasda onun dediyi bəzi cümlələrə birlikdə nəzər salaq.

Qorbaçov: "Gördüyümüz təbdirlər, o cümlədən Ermənistan və Azərbaycana göndərdiyimiz birbaşa müraciətlər öz bəhrəsini verdi. İnsanlar müraciətə cavab verdilər. Düzəlişdən sonra gecə onu şifrəli rabitə ilə göndərmişdik, artıq səhər bizimlə işləməyə başladılar... Yerevan küçələrində yarım milyona qədər adam vardı. Ermənilər yüksək nizam-intizam göstərirdilər. Tədbir gözəl təşkil olunmuşdu. İnsanlar bir-birini əvəz edir, pulsuz yeməklər paylanılır, iştirakçıların sıraları artırdı. Vlasov bu barədə artıq mənə məlumat verib... Sumqayıt hadisələri barədə məlumatları oraya göndərdiyimiz adamların dilindən öyrənmək lazımdır. Bu, digər problemlər üçün açar ola bilər".

İclas ümumən vəziyyətin stabilləşməsinə aid olsa da, çıxışçıların üstüörtülü nitqləri onu deməyə əsas verir ki, Sumqayıt hadisələrində SSRİ rəhbərliyinin birbaşa əli olmuşdur. Bu barədə məlumatı "The Times" jurnalının 30 noyabr 2007-ci il sayındakı məqalədə də oxumaq olar. KQB-nin sədri olmuş Vladimir Kryuçkov barədə yazılmış məqalədə kəşfiyyatın məxfi sənədlərinə əsasən bildirilirdi ki, separatizm hərəkatlarını KQB yaratmışdı və maliyyələşdirirdi. Əsas məqsəd ölkədə vəziyyəti gərginləşdirmək və əhalidə rəhbərliyə qarşı inamsızlıq yaratmaq idi. Heç təsadüfi deyil ki, 1991-ci ilin avqust çevrilişinin təşkilatçılarından biri məhz Kryuçkov olmuşdu. Göründüyü kimi, Azərbaycanda separatizm dalğasının geniş vüsət almasına səbəb olan Sumqayıt hadisələrində KQB-nin də müstəsna rolu olmuşdu.

Nə üçün hədəfə məhz Sumqayıt şəhəri alındı? Ona görə ki, buranın əhalisi digər regionlara nisbətən kasıb idi. Əsasən fəhlə sinfindən təşkil olunmuşdu. Rəsmi statistikaya görə, 200 minlik əhalinin beşdən birini cinayətkarlar təşkil edirdi. Şəhərdə ev problemi dözülməz dərəcədə gərgin idi. Bəzi insanlar hətta evlərin zirzəmilərində yaşayırdılar. Ekoloji durum o qədər təhlükəli idi ki, şəhər uşaq ölümünə görə ölkədə birinci yeri tuturdu. Xüsusi uşaq qəbiristanlığı salınmışdı. Bu qədər problemi olan bir yerdə təxribat törətmək üçün ideal şərait mövcud idi. Məhz buna görə də qırğınlar Sumqayıt şəhərində törədildi.

Son söz əvəzi: Hadisədən 25 il ötür. Ermənilər bu müddət ərzində Sumqayıt olaylarını antiazərbaycan təbliğatında məharətlə istifadə ediblər. Bu hal bir azərbaycanlı kimi hər kəsi narahat edir. Odur ki, geniş araşdırmaların nəticəsində faktlara və sənədlərə əsaslanan bu məqalə araya-ərsəyə gəldi. Məlum oldu ki, Sumqayıt hadisələrini erməni təşkilatları, SSRİ rəhbərliyi və KQB təşkil etmişlər. Ermənilərin əsas məqsədi Azərbaycanı dözülməz, millətimizi isə vəhşi qələminə vermək idi. Bununla da mübarizələrinə haqq qazandırmağa çalışırdılar. Digər tərəfdən, mübarizəni hərbi konfliktə çevirməyə şərait yaranmışdı. SSRİ rəhbəri Qorbaçovun və onun Qərbdəki havadarlarının məqsədi cəmiyyətdə xaos yaratmaq və ölkəni parçalamaq idi. KQB-nin məqsədi isə əhalini Qorbaçova qarşı narazı salmaqla ölkə rəhbərliyini ələ almaq olmuşdu. İstənilən halda fakt faktlığında qalır. Sumqayıt hadisələri bizim düşmənlərimizin xeyrinə işlədi. Lakin təsəlliverici bir hal var: həqiqət gec də olsa, üzə çıxdı və məkrli qüvvələrin maskası cırıldı. Nəticə çıxarmaq və məsələni daha böyük miqyaslarda təhlil etmək artıq sizin işinizdir, əziz oxucular.

Natiq Qocaman

O.M.