ABŞ-Türkiyə münasibətləri gərginləşməkdə davam edir

ABŞ-Türkiyə münasibətləri gərginləşməkdə davam edir

2 Avqust 2019 12:26
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Trampın ötən həftə senatorlarla görüşündə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməkdə maraqlı olmadığını rəsmi şəkildə bildirməsinə baxmayaraq Konqresdə türk düşmənləri Ankaraya təzyiq göstərilməsi məsələsində geri addım atmaq niyyətində olmadıqlarını nümayiş etdirirlər. Artıq Türkiyəyə S-400-lərin ilk partiyasının gətirilməsi faktı qarşısında qalan senatorların bəziləri adıçəkilən məsələyə münasibətdə Ankara üçün qəbuledilməz təkliflərlə çıxış edirlər. Bunu senator Lindsley Qrahamın S-400-lərlə bağlı son təklifi də bir daha təsdiq edir. Senator Qraham deyib ki, Türkiyə ABŞ-ın sanksiyalarına hədəf olmaması üçün “S-400” sistemlərini aktivləşdirməməlidir. Qraham Çavuşoğluna etdiyi zəngdə rəsmi Ankaradan Rusiyadan alınan “S-400” hava hücumundan müdafiə sistemlərini aktivləşdirməməsini istəyib:

“Mən ona bildirdim ki, “S-400”ləri aktivləşdirməsəniz sanksiya tətbiq etməyəcəyik. Ümid edirəm ki, bu məsələdə Türkiyəni razı sala biləcəyik. Sistemlər aktivləşdirilsə, sanksiyadan başqa variant qalmayacaq”.

Qraham “S-400”lərin aktivləşdirilməsi vəziyyətində ABŞ-Türkiyə münasibətlərinin qaranlıq yola yönələcəyini bildirib. Qrahamın s-400-lərin aktivləşdirilməməsi üçün Türkiyəyə etdiyi təklif ola bilsin ki,Tramp administrasiyası tərəfindən də razılaşdırılıb. Bu ehtimalın doğru ola biləcəyini ABŞ Dövlət katibi Maykl Pompeonun Qrahamın təklifinə verdiyi reaksiya da sübut etməkdədir. Belə ki, Pompeo bildirib ki, Türkiyənin almağa başladığı “S-400”lərin aktivləşdişrilməsi qəbuledilməzdir. O qeyd edib ki, biz ABŞ olaraq S-400-lərin döyüşə hazır vəziyyətə gətirilməsinin tərəfdarı deyilik, məqsədimiz bunun qarşısını almaqdır.

Rəsmi Ankaraya uzun zamandır “S-400” və “F-35”lərin bir-birinə uyğun gəlmədiyini izah etməyə cəhd edən Pompeo Türkiyənin Rusiyadan hava hücumundan müdafiə sistemləri almasına cavab olaraq, “F-35” proqramından çıxarıldığını bildirib:

“Məsələ bununla kifayətlənməyəcək, daha çox sanksiya tətbiq edilə bilər.

Buna baxmayaraq Türkiyə bu sistemlərin bir hissəsini aldı, türklərin bunu yenidən nəzərdən keçirməsini istəyirik”.


ABŞ-la Türkiyə arasında S-400-lərlə bağlı yaranan gərginliyin arxasında təbii ki, uzaq gedən niyyətlərin dayandığı və bu məsələdə pərdəarxası oyunların da oynandığı heç kimə sirr deyil. Bununla bağlı məsələyə münasibət bildirən Türkiyənin Silahlı qüvvələrinin Baş qərargahının keçmiş rəis müavini Ergin Sayqun deyib ki, Vaşinqton Ankaranın regionun güclü dövlətinə çevrilməsini istəmir və hər vasitə ilə bunun qarşısını almağa cəhd edir. O,

“Günəş” nəşrinə verdiyi açıqlamasında Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasını gərginliyin eskalasiyası üçün yalnız bəhanə adlandırıb.

Keçmiş hərbçinin sözlərinə görə, ABŞ Türkiyənin inkişafı və gücləndirilməsini sadəcə istəmir və yalnız İsrailin gücləndirilməsində maraqlıdır.

“Yaxın Şərqdə İsrailin təhlükəsizliyi və energetika resursları üzərində nəzarəti təmin etmək Qərb üçün əhəmiyyətlidir. İsrailə düşmən ölkələr ortadan qaldırılır. Bu xəttin sonunda Türkiyə dayanır. Bunu söyləməliyəm, çünki bu həqiqətdir. Türkiyəylə Amerikanın münasibətlərində problemlərin S-400 məsələsindən daha genişmiqyaslı olmasından qorxuram. Fikrimcə, S-400 bunların yalnız kiçik bir hissəsidir”, - sabiq hərbçi deyib.

Bundan başqa, o əlavə edib ki, əgər Ankara və Vaşinqton S-400 üzrə razılaşmaya gəlsə, onda ABŞ Türkiyəyə yeni tələblərini təqdim edəcək. Xüsusi halda, Sayqunun fikrincə, Birləşmiş Ştatlar İranla əlaqələri kəsməyi, Suriyada kürd dövlətini yaratmağı tələb edəcəklər, həmçinin Kiprdə resursları əldə etməyi qadağan edəcəklər.

“Yəni, fikrimcə, S-400 və ya F-35 problem deyil. Amerika Türkiyənin müstəqil xarici siyasətindən narazıdır və arzu etmir ki, Türkiyə regional dövlət olsun”, - keçmiş hərbçi hesab edir.

Sayqun həmçinin əlavə edib ki, Rusiyanın F-35 təyyarələri haqqında məxfi məlumatları alacağı barədə Vaşinqtonun bəyanatlarının heç bir əsası yoxdur, çünki, bu qırıcıların sirləri Moskvaya çoxdan məlumdur. Onun sözlərinə görə, Amerika hakimiyyəti hələ on il əvvəl Türkiyənin F-35 proqramından çıxarılmasını müzakirə edirdi:

“Ankara bu təyyarələri alsa, onda Yaxın Şərqdə güc balansı dəyişəcək və İsrail havada üstünlüyünü itirəcək. Amma ABŞ buna imkan verə bilməz, çünki, regionda enerji resurslarları üzərində nəzarəti itirəcək”.

Hadisələrin gedişi göstərir ki, ABŞ Ərdoğanın müstəqil siyası kurs həyata keçirməsini həzm etmək niyyətində deyil. Bunu ABŞ-ın Suriyada Türkiyəyə qarşı yeni cəbhə açmaq niyyətləri də sübut etməkdədir.

Vaşinqton rəsmi şəkildə Suriyada müstəqil kürd dövlətinin yaradılmasına xidmət edən təhlükəsiz bölgə planı ilə çıxış edib. Lakin Türkiyədə bunun arxasında Vaşinqtonun məkrli siyasətinin dayandığını yaxşı anlayırlar. Məsələ ilə bağlı Türkiyədəki ekspertlərin əksəriyyəti belə hesab edir ki, ABŞ-ın təhlükəsiz bölgə təklifi PKK/PYD-yə qarşı hücumun qarşısını almaq məqsədi güdür. Türkiyə Rusiya və İranı arxasına alaraq tezliklə PKK/PYD-yə qarşı əməliyyat aparmalıdır.

Məsələnin bu tərəfinə diqqəti cəlb edən türkiyəli siyasi eksper Naim Babüroğlu vurğulayıb ki, Türkiyə razılığın əldə edilməsi mümkünsüz görünən təhlükəsiz bölgə təklifini arxa plana atmalı və Fəratın şərqinə doğru hərbi əməliyyata başlamalıdır:

"ABŞ ilə Türkiyə arasında təhlükəsiz bölgənin yaradılması ilə bağlı görüşlər davam edir. Ancaq ABŞ-ın PYD/PKK terror təşkilatından əl çəkmədiyi və Suriyadakı bu terror təşkilatlarını tərəfdaş kimi qəbul etdiyi üçün Türkiyə bu təklifə qarşı çıxır".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-ın Suriyada təhlükəsiz bölgə yaradılması təklifinin arxasında terror təşkilatının dəstəklənməsi niyyətlərinin dayandığını bildirib. O bununla bağlı qeyd edib ki, biz Fəratın şərqində terror təşkilatını parça-parça etməyə hazırıq.

Ərdoğan qeyd edib ki, “Pəncə-1” və “Pəncə-2” hərəkatı ilə Fəratın şərqindəki terrorçuların Şimali İraqla əlaqəsini kəsəcəyik: “Ərbildə Türkiyənin konsulluq əməkdaşına edilən hücum da hərəkatımızın hədəfinin doğru olduğunu göstərir. Diplomatımızı şəhid edən terrorçuların da hamısı ələ keçirdik”.
Ərdoğan S-400-lərin aktivləşdirilməməsi barədə ABŞ tərəfinin təklifinin də qəbuledilməz olduğunu vurğulayıb. O bildirib ki, montaj və tədris proqramlarından sonra S-400-ləri 2020-ci ilin aprelində aktiv şəkildə istifadə edəcəklər.

“ABŞ-ın düşünülmüş davranacağına ümid edirəm. Nəyin bahasına olursa olsun, Türkiyə gəmisində dəlik, Türkiyə qalasında uçqun açılmasına icazə verməyəcəyik. Bu gün bölgədə xarici güclərə arxayın olub, quldurluq edənlər sabah ya torpağın altına girəcəklər, ya da zülmə razı olacaqlar. Nə ilə nəticələnirsə, nəticələnsin, biz Fəratın şərqindəki terror dəhlizini parça-parça edəcəyik. Bunu həll edəndə Qəndil deyilən bir problemimiz də qalmayacaq”, - deyə o bildirib.

ABŞ-ın artıq Türkiyəni müttəfiq kimi görmədiyinə diqqəti cəlb edən İstanbul Universitetinin professoru Mehmet Perinçek Reqnum agentliyinə verdiyi müsahibəsində Suriyada təhlükəsiz zona yaradılması barədə aparılan danışıqların nəticə vermədiyini deyib:

“Türkiyənin amerikalılarla danışıqları nəticə verməyib, Vaşinqton bu görüşdən uğur gözləmirdi də, onlar, sadəcə, Türkiyənin Suriyada hərbi əməliyyatını dayandırmaq istəyirlər. Türkiyə və ABŞ-ın maraqları üst-üstə düşmür, hətta bir-birinə qarşıdır. ABŞ Şimali Suriyada Kürdüstan deyilən ərazidən Aralıq dənizinə qədər dəhliz açmağa çalışır ki, bu oyuncaq dövlət yaşasın. Buna görə də Ankara və Vaşinqton arasındakı qarşıdurmanı strateji saymaq olar, bu, ötəri və taktiki deyil. Türkiyə ABŞ-la yalnız o, Yaxın Şərq planlarından imtina edəcəyi halda və Vaşinqton Suriyadan öz qoşunlarını çıxarmaq vədini yerinə yetirərsə, anlaşa bilər. ABŞ-ın bölgədə əsas müttəfiqi heç də Türkiyə deyil, kürd separatçıları – Kürdüstan Fəhlə Partiyası (PKK), Demokratik Birlikdir (PYD). ABŞ hətta kürd separatçılarını özünün quru qüvvəsi adlandırır. Vaşinqton bölgədə Türkiyəyə müttəfiq deyil, düşmən güc kimi baxır”.

Onun sözlərinə görə, Suriyanın şimalından, yəni Fəratın şərqindən Türkiyəyə sarı birbaşa təhlükə yönəlib və Ankara bu təhlükəni ancaq Dəməşqlə ittifaqda aradan qaldıra bilər. Pərincək belə hesab edir ki, Türkiyə üçün Suriyanın rəsmi hökumətilə münasibətləri yoluna qoymaq zəriryyətə çevrilib, çünki Dəməşq də Şimali Suriyada müstəqil kürd dövləti yaratmağa qarşıdır, Dəməşq və Ankaranın maraqları bu məsələdə üst-üstə düşür: “ Türkiyə ümumi təhlükəyə qarşı Dəməşqlə əməkdaşlıq etməlidir və Ankaranın seçimi yoxdur. Bu, ABŞ və kürd separatçıları tərəfdən təhlükələri neytrallaşdırmaq üçün zəruridir. Bu məsələnin həlli üçün Astana prosesinin önəmini də qeyd etmək gərəkdir. Türkiyə Rusiya və İranla işbirliyini gücləndirməlidir. Bu ölkələrin hamısı Dəməşqlə işbirliyində Suriya ərazisində terrorçu-təməlçilər və separatçılarla birgə mübarizə aparmalıdır. Onlar əvvəlcə İdlibdəki terrorçu-təməlçiləri birgə məhv edə bilər, sonra isə Rusiya, İran və Suriya Şimlai Suriyada onları Fəratın şərqindən qovaraq Türkiyəyə separatçılardan qurtulmaqda yardım edə bilər”.

Emin Axund