İnterneti asılılıq dərəcəsində istifadə edən gənclərin təklik və depressiya yaşadıqları müşahidə edilir

İnterneti asılılıq dərəcəsində istifadə edən gənclərin təklik və depressiya yaşadıqları müşahidə edilir

23 Fevral 2012 18:03
Bəyəndim (0) Bəyənmədim (0)

İnternet və biz

Son illərdə həyatımıza girən və olmazsa olmaz vasitələrdən biridir "İnternet." Həqiqətən də internet məlumatlara sürətli və təsirli bir şəkildə çatma imkanını yaradır. İnternet vasitəsilə maraqlandığınız və ya lazım olan hər hansı bir məlumat saniyələr içərisində qarşınızda olur. Doğru istifadə edildiyində fərd həyatında çox əhəmiyyətli bir yerə malik olsa da, hər vasitədə olduğu kimi səhv istifadəsi nəticəsində həm ayrı-ayrılıqda fərdləri, həm də bütövlükdə cəmiyyəti bir çox problemlə qarşı-qarşıya qoyur. İstər uşaq, istərsə də yetkinlik yaşına çatmış internet istifadəçiləri mütəmadi istifadə nəticəsində "internet asılılıq" deyilən bir təsirə məruz qalır. Bu isə öz növbəsində həm fiziki, həm də mənəvi böhrana səbəb olur. İnterneti asılılıq dərəcəsində istifadə edən gənclərin təklik və buna bağlı olaraq depressiya yaşadıqları müşahidə edilir. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, son zamanlar internet istifadəçilərinin yaşı məktəbəqədər dövrədək düşmüşdür. Mütəxəssislərin fikrincə, bu, çox ciddi bir problemdir və tezliklə bu problemin həlli üçün tədbir alınmalıdır.
Niyə tədbir alınsın?
İnternetin dağıdıcı təsirlərinin daha çox olduğu dövr məktəbəqədər və yetkinlik dövrüdür. Bildiyimiz kimi, məktəbəqədər və ibtidai təhsil dövründə olan uşaqlar doğru ilə səhvi tam olaraq ayırd edə bilmir. Odur ki, o an üçün olan istəyinə və internet oyunlarının əyləndirici xüsusiyyətinə qapılma ehtimalı çoxdur. Daxili yoxlama mexanizmi tam mənasıyla inkişaf etmədiyindən bu yaşda olan uşaqları istənilən yönə istiqamətləndirmək asandır.
Yetkinlik dövründə isə öz fiziki və ruhi dəyişiklikləri ilə məşğul olan, təsdiqlənmə ehtiyacı hiss edən, qrupa aid olma səylərini göstərən gənclər bu ehtiyaclarını tənqid olunmadan, müqayisə edilmədən internet üzərində qurduğu yoldaşlıqlarla çox rahat şəkildə əldə etməkdədirlər.
Qeyd olunan faktorlar bizim düşündüyümüzdən daha çox əhəmiyyətlidir. Psixoloqların rəyinə əsasən, bu əhəmiyyəti qavrayıb buna görə hərəkət edilməsi zəruridir.
Bu istiqamətdə həm valideynlərin, həm də təhsil təşkilatlarının üzərinə məsuliyyət düşür. Və bu mövzuda ailə üzərinə düşəni etməli, övladlarının internetdən doğru istifadəsini təmin etməlidir. Təhsil təşkilatları isə internetin faydaları, doğru internet istifadəsi və s. mövzularda məlumatlandırıcı işlər görməlidir .
Nələr edilməli?
Evimizdə interneti tamamilə yığışdırmaq və ya qadağan etmək həll yolu deyil. Unutmayaq ki, qadağan olunan daha çox diqqəti cəlb edir. Bundan əlavə, internet istifadəsi üçün evdə internetin olması şərt deyil, uşaq evdən kənarda şəhərdəki internet kafelərdə internetdən istifadə edə bilər. Bu isə daha təhlükəli bir vəziyyətdir. Çünki evdəki interneti nəzarət etmək imkanınız var, lakin internet klublarda övladınıza nəzarət etmək imkanınız olur. Bu vəziyyətdə ən optimal variant uşağın internet istifadəsinə qaydalar çərçivəsində icazə verilməsidir.
Övladınızla ünsiyyət qurun!
İnternet asan ünsiyyət təmin edir. Evdə özünü kifayət qədər izah edə bilməyən gənc internetdə yoldaşlıqlar qura bilir. Onlara hər cür çətinliyini aça bilir. Tənqid olunmur, mühakimə olunmur. Uşağımızla daha çox ünsiyyət qurmamız, onun problemlərini anlayıb həll etməmiz aramızdakı güvən və sevgi mühitini inkişaf etdirəcək və uşaq ehtiyaclarını qarşılamaq üçün fərqli yollara müraciət etməyəcək.
Övladınızı ictimai mühitlərə istiqamətləndirin
İnternet ictimai olmağı deyil, qeyri-sosial olmağı öyrədir. Bunun qarşısını almaq üçün uşağın ictimai mühit meydana gətirməsinə yardım etməliyik. Onun virtual deyil, həqiqi yoldaşlıqlar əldə etməsinə imkan verməli, gənci bu mövzuda cəsarətləndirməliyik. Onunla internetdəki dostları haqqında danışmalıyıq. Virtual mühitdə qurulan yoldaşlıqların virtual dünyadan kənara çıxmamasını təmin etməliyik.
Övladımızı interneti əvəz edə biləcək sahələrə təşviq etməliyik. Enerjisini doğru olaraq istifadə edəcəyi, həqiqi yoldaşlıqlar qura biləcəyi idman fəaliyyətləri də əhəmiyyətli bir alternativdir.
Mənəvi ehtiyacları unutmayın!
Uşaqlarımızın interneti zərərli deyil, faydalı bir vasitə olaraq istifadə etməsini təmin etməli, onları bu mövzuda məlumatlandırmalıyıq. Bunu edə bilmək üçün ailənin doğru internet istifadəsi haqqında məlumat sahibi olması çox əhəmiyyətlidir.
Uşaq internetdən istifadə edərkən gündəlik nizam-intizama, dərsə hazırlaşmasına və yuxu saatlarına diqqət göstərilməlidir. Valideynlər bu mövzuda uşağa yol göstərməlidirlər. Evdə internet istifadəsində uşağın fiziki, zehni və ruhi inkişafına, əxlaqına mənfi təsir edə biləcək internet səhifələrə girişin məhdudlaşdırılması da bu üsullardan biridir.
İnternetdən düzgün istifadə
İnternetdən düzgün istifadə uşağın yaşına uyğun saytları ziyarət etməsi və internetdən məlumat məqsədi ilə istifadə etməsidir. Əlbəttə, uşaq zaman-zaman interneti əyləncə vasitəsi olaraq da istifadə edəcək, lakin bu zaman nəzarət nəzərə alınmalıdır.
İnternetdən istifadə edərkən valideynlərin etdiyi davranışlar uşaqlar üçün bir model təşkil etməkdədir. Evdəki vaxtının böyük hissəsini televiziya və ya internet qarşısında keçirən ana və atanın övladının davranışında fərqli bir şey gözləmələri absurddur.
Narahatlığa ehtiyac yoxdur
Uşağınız internetdə çox vaxt keçirir və siz heç bir şey edə bilmirsiniz. Bu vəziyyət bütün valideynlərdə çətinlik yaradır. Bu çətinlik nəticəsində bir çox səhv davranışlar sərgilənə bilər. Diqqət yetirilməsi lazım olan nüans göstərəcəyimiz reaksiyanın doğru olması və uşağa etdiyi əməlin səhv olduğunun doğru izah edilməsidir. Əgər övladınızda "internet asılılıq" kimi bir problem hiss edirsinizsə və onunla söhbət və danışıqlar fayda vermirsə, ruhdan düşməyin, ən yaxşısı uşaq psixoloqlarına müraciət edərək problemi həll etməyə çalışın.

Polad Aslan

O.M.