ABŞ dünya ağalığı uğrunda mübarizədə hərbi strategiyasını dəyişir

ABŞ dünya ağalığı uğrunda mübarizədə hərbi strategiyasını dəyişir

15 İyun 09:32
110
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən əsrin 90-cı illərinin əvvəllərində soyuq müharibə dövrü başa çatandan sonra faktiki olaraq beynəlxalq aləmdə yeganə supergüc dövlət kimi çıxış edən ABŞ günümüzdə tədricən öz mövqelərini və əvvəlki hərbi üstünlüyünü əldən verməkdədir. Bu da öz növbəsində ABŞ-ın özünün ənənəvi hərbi strategiyasına yenidən baxmasını qaçılmaz zərurətlərdən biri kimi gündəmə gətirib. Çünki günümüzdə ABŞ dünya ağalığı uğrunda mübarizədə öz siyasi, hərbi və iqtisadi qüdrətini ildən–ilə artırmaqda olan Çinin timsalında təhlükəli bir rəqiblə üzləşib. Buraya hərbi baxımdan ABŞ-a meydan oxuyan və soyuq müharibə dövrü başa çatandan sonra ilk dəfə Suriyada ona sarsıdıcı zərbə vuraraq ağır məğlubiyyətə uğradan Rusiyanı da əlavə edəndə bu, Vaşinqton üçün SOS siqnalı hesab edilə bilər. Təbii ki, dünya ağalığı uğrunda mübarizədə ABŞ-ın öz üstünlüyünü əldən verməkdə olduğunu və Çinin, həmçinin Rusiyanın simasında təhlükəli rəqiblə üzləşməkdə olduğunu Vaşinqtonda da hiss edirlər. Təsadüfi deyil ki, beynəlxalq aləmdə yeni yaranmış vəziyyətə uyğun olaraq ABŞ-ın hərbi strategiyasına yenidən baxmasının zərurətini Pentaqonda da başa düşməkdədirlər. Bununla bağlı 2018-ci ilin yanvar ayında ABŞ-ın o dövrdəki müdafiə naziri Ceyms Mettis mətbuata açıqlamasında bildirmişdi ki, Pentaqon üçün prioritet sahə artıq terrorizmlə mübarizə aparmaq deyil, iri dövlətlərlə rəqabəti uduzmamaq və hərbi üstünlüyü əldən verməməkdir. Lakin ABŞ-ın üzərində işləməsi vacib hesab etdiyi yeni strategiyası beynəlxalq aləmdə ona hərbi üstünlüyü əldə saxlaya bilməsinə imkan verəcəkmi? Bu suala öncədən cavab vermək çətin olsa da ortada acı bir həqiqət var: Bu da Çinin tədicən supergüc dövlətə çevrilməkdə olması və SSRİ-nin hərbi və siyasi varisi hesab edilən Rusiyanın yenidən dünya ağalığı uğrunda mübarizəyə qoşulmasıdır. ABŞ-ın bu günə kimi beynəlxlaq aləmdə super güc dövlət kimi qalmasına səbəb onun özünün təsiri altında olan ölkələrin digər dövlətlərin təsiri altına düşməsinə imkan verməməsi idi. Dünyanın müxtəlif bölgələrindəki hərbi təsirini qoruyub saxlamaq üçünsə ABŞ müxtəlif siyasi, hərbi və iqtisadi alyanslardan istifadə edir. Lakin hadisələrin gedişi göstərir ki, ABŞ artıq belə bir yolla Rusiya və Çindən gələn təhlükəni aradan qaldıra bilməyəcək. Çünki Suriyada baş verən hadisələr göstərdi ki, Rusiya Yaxın Şərqdə faktiki olaraq ABŞ-ın ağalığına son qoymaq üzrədir və bu, yaxın gələcəkdə Vaşinqtonun nəinki adı çəkilən bölgəni, həm də Avropanı itirməsinə gətirib çıxara bilər. Belə ki, ABŞ-ın özünü NATO üzrə müttəfiqlərinə münasibətdə ağa kimi aparmaq cəhdindən istifadə edən Rusiya Türkiyəni öz tərəfinə çəkərək qurumu daxildən parçalamaq niyyətində olduğunu artıq gizlətmir. NATO-nun parçalanması və buna paralel olaraq Avropa İttifaqında mərkəzdən qaçma meyllərinin Rusiya tərəfindən körüklənməsi ABŞ-a özünün müttəfiqlərini və supergüc rolunu itirməsi hesabına başa gələ bilər. Buna paralel olaraq Avropa İttifaqının daxilində ABŞ-dan olan narazılığın artmaqda davam etməsi, o cümlədən Berlin və Parislə Vaşinqton arasında ziddiyyətlərin dərinləşməsi də Ağ Evə yaxşı heç nə vəd etmir.

Eyni sözləri Çin tərəfindən tədricən Sakit okean regionunda ABŞ-a iqtisadi, siyasi və hərbi savaş açılması barədə də demək olar. Çinin iqtisadi və hərbi baxımdan güclənməkdə olmasından təşviş keçirən Donald Tramp administrasiyası Pekinə münasibətdə müxtəlif sanksiyaları işə salıb. Bu müstəvidə də Çin mallarına olan rüsumun artırılması və "Huavey"-in icraçı direktorunun saxlanılması Pekinin iqtisadi, siyasi və hərbi inkişafına mane olmaq məqsədlərinə xidmət etməkdədir. Lakin o da aydındır ki, Çin və Rusiya ilə dünya ağalığı uğrunda mübarisə ABŞ-a heç də asan gəlməyəcək. Bunun üçün ABŞ ötən əsrin 80-ci illərində olduğu kimi həm hərbi, həm də siyasi üstünlüklərindən yeni şəraitə uyğun olaraq istifadə etməli olacaq. Eyni zamanda qeyd etdiyimiz kimi ABŞ, Çin və Rusiya tərəfindən gözlənilən hücumun qarşısını almaq üçün hərbi strategiyasını günün tələblərinə uyğunlaşdırmaq məcburiyyətindədir. Belə ki, artıq indiki şəraitdə Pentaqon üçün vaxtı ilə İraqa müdaxilə zamanı istifadə edilən "Səhrada tufan" modelindən istifadə etmək ciddi effekt verməyəcək. Halbuki o vaxt ABŞ Küveytin İraq tərəfindən işğaldan azad edilməsi üçün Səudiyyə Ərəbistanı ərazisindən tramplin kimi istifadə etmişdi. Səudiyyə Ərəbistanı ərazisində böyük həcmdə hərbi güc toplayan ABŞ bu amildən məharətlə istifadə edərək İraqı işğal edə bildi. Bundan sonra heç bir dövlət ABŞ və onun müttəfiqlərinə hücum etməyə cəsarət edə bilmədi. Dünyada yeganə super güc olmasından istifadə edən ABŞ bu qüdrətini əvvəlcə Balkanlarda, sonra isə Əfqanıstan və İraqda nümayiş etdirmiş oldu.

Lakin arıq bütün bunlar ABŞ-a super güc imicini qoruyub saxlamaq üçün yetərli hesab edilmir. Buna da səbəb Rusiya və Çinin dünya ağalığı uğrunda mübarizədə ABŞ-a qarşı ballistik raketlərdən, hərbi hava güclərindən, o cümlədən radioelektron mübarizədən istifadə imkanlarının kifayət qədər geniş olmasıdır. Çin və Rusiya əllərində olan bu imkanlardan istifadə edərək lazım gələcəyi təqdirdə ABŞ-ın istənilən hərbi obyektini zərbələr endirə və məhv edə bilərlər. Lakin həm Moskvada, həm də Pekində anlayırlar ki, əgər onlar Vaşinqtonu münaqişəyə təhrik etsələr, onda onları məğlubiyyət gözləyir. Çünki ABŞ hərbi baxımdan hazırda Çin və Rusiyadan güclü olaraq qalmaqda davam edir. Ona görə də həm Çin, həm də Rusiya üçün ən yaxşı variant ABŞ-ı məhəlli münaqişələrə cəlb etməkdir. Məhəlli münaqişələrdə isə müxtəlif yollarla ABŞ-ı sıxışdırıb çıxarmaq mümkündür. Buna misal kimi Rusiya tərəfindən ABŞ-ın Suriyada de-fakto məğlub duruma salınmasını göstərmək olar. Eyni taktikadan istifadə etməklə Rusiya Pribaltikada, Çin isə Tayvanda ABŞ-ı məhəlli münaqişəyə cəlb etməklə ona sarsıdıcı zərbə vura bilərlər. Məhz bütün bunları nəzərə alan keçmiş müdafiə naziri Mettis ABŞ ordusunun yeni şəraitə uyğunlaşmasının vacibliyini vurğulayıb. Təbii ki, ABŞ-ın yeni siyasi hərbi vəziyyətə uyğunlaşması onun NATO üzrə müttəfiqləri ilə daha sıx əlaqələr qurulmasını tələb edir. İstənilən halda aydındır ki, ABŞ NATO üzrə müttəfiqlərinin köməyi olmadan Rusiya və Çinlə rəqabətdə uğur qazana bilməyəcək. Çünki istənilən halda ABŞ təkbaşına Pribaltikada Rusiya, Tayvanda isə Çinlə müharibə aparmağa qadir deyil. Bu baxımdan ABŞ-ın NATO ilə birgə hərbi təlimləri günün tələblərinə uyğun şəkildə aparması, xüsusi ilə radioelektronikanın imkanlarından istifadəyə nail olması Rusiya və Çinlə hərbi rəqabətdə ona uğur qazanmağa imkan verə bilər. Soyuq müharibə illəri və ondan sonrakı dövrlə müqayisədə ABŞ-ın müttəfiqlərinin köməyi olmadan super güc rolunu oynaya bilməyəcəyi aydın məsələdir. Avropaya Rusiyadan gələn təhlükəyə qarşı Vaşinqton ilk növbədə onların gözlənilən hərbi əməliyyata ən yüksək səviyyədə hazırlaşmasına nail olmalıdır. Məsələn, Yaponiya Tayvana münasibətdə Çindən gələn təhlükənin önündə olmalı və bununla Pekinin məhəlli münaqişəsi zamanı diqqəti özünə cəlb edərək ABŞ geniş hərbi əməliyyatlara başlaması üçün vaxt və imkan qazandırmalıdır. Eyni funksiyanı Pribaltika ölkələrinə münasibətdə Polşa həyata keçirməlidir. Avstraliya və Almaniya aldadıcı manevrlər etməklə düşməni daim gərgin vəziyyətdə saxlamalıdırlar. Fransa, İtaliya və İspaniya isə Afrikanın şimalında Çin və Rusiyadan gələn təhlükəyə qarşı qüvvələrini birləşdirməlidirlər. ABŞ üçün ən önəmli məsələ kimliyindən asılı olmayaraq terrorçulardan və ya Şimali Koreya və İrandan gələn təhlükənin aradan qaldırılmasıdır. Məsələn, Şimali Koreyadan gələn təhlükənin qarşısını Cənubi Koreyaya müvafiq hərbi yardımlar vasıtəsi ilə almaq mümkündür. Ona görə də ABŞ üçün Şimali Koreyaya birbaşa hücum etməyə ehtiyac olmayacaq. Eyni sözləri İrana münasibətdə də demək olar.Əsas məsələ İranın nüvə silahına yiyələnməsinə yol verməməkdir. Bunun üçün İrana birbaşa və olduqca riskli hücum əməliyyatlarına başlamaq əvəzinə mobil taktiki briqadalardan istifadə etmək və onun strateji təyinatl obyektlərini sıradan çıxarmaq daha məqsədəuyğun hesab edilir. Yeni strategiyada Çin və Rusiyadan gələn təhlükənin qarşısını almaq üçün onların məhəlli münaqişələrdə məğlub edilməsi daha məqsədəuyğun hesab edilir. Lakin qarşı tərəfin, yəni Çin və Rusiyanın da analoji vasitələrdən istifadə edərək özlərinin deyil, digər dövlətlərin ərazilərində ABŞ-ı məğlub etmək niyyətində olduqlarını nəzərə alanda yaxın illərdə bundan ən çox zərər çəkənlərin üçüncü ölkələr olacağı ehtimal edilir.

Emin Axund