İsveç üzərində Rusiya kabusu dolaşır

İsveç üzərində Rusiya kabusu dolaşır

2 İyun 2019 13:53
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın beynəlxalq aləmdə yenidən supergüc kimi meydana çıxması Avropanın digər dövlətlərində olduğu kimi Skandinaviya ölkələrində, xüsusi ilə İsveçdə təşviş və həyacanla qarşılanmaqdadır. Bunu İsveçin özünün müdafiə qabiliyyətini artırmaq və təhlükəsliyini təmin etmək üçün onlarla ölkə, o cümlədən qonşu Norveçlə hərbi əməkdaşlığı genişləndirməkdə davam etməsi də sübut etməkdədir. İş orasındadır ki, Avropanın bu günkü aparıcı dövlətləri ilə müqayisədə İsveçin Rusiya ilə köhnədən, hələ XVII əsrdən başlayaraq ədavəti var. Vaxtı ilə Rusiyanın Avropaya doğru irəliləməsinin qarşısını kəsməyə çalışan İsveç həmin dövrdə indiki Pribaltika və Ukrayna uğrunda qarşı tərəflə aramsız olaraq müharibələr aparmaqda idi. Lakin İsveç məşhur Poltava döyüşündən və ondan sonra Rusiya ilə digər müharibələri uduzaraq şimala, indiki sərhədləri daxilinə çəkilməyə məcbur oldu. Üstündən 300 ildən artıq vaxt keçməsinə baxmayaraq yenə də İsveçdə Rusiya xofu qalmaqda davam edir. Bu baxımdan soyuq müharibə və ondan sonrakı dövrlərdə İsveçdə dəfələrlə Rusiya təhlükəsi barədə "SOS siqnalı verilib. SSRİ-nin dağılmasından sonra onun varisi Rusiyaya münasibətdə olduqca ehtiyatlı siyasət yeridən İsveç Kremlə daim soyuq yanaşdığını nümayiş etdirib. Xüsusi ilə Rusiya tərəfindən Ukraynaya məxsus Krımın işğal edilməsindən sonra Isveçdə Rusiya xofu daha da artıb. Bu baxımdan İsveç Rusiyadan gələn təhlükəyə qarşı hərbi gücünü artırmaq üçün müxtəlif tədbirlər həyata keçirməkdədir. May ayının ortalarında İsveç Müdafiə komitəsi 2021-2025-ci illər üçün Müdafiə potensialı haqqında hesabat hazırlayaraq ictimaiyyətə təqdim edib. Lakin Müdafiə imkanları adlı hesabat ölkədə fikir ayrılıqlarına səbəb olub. Belə ki, İsveç parlamentindəki bütün partiyaların təmsilçilərinin və siyasətçilərin daxil olduğu komissiya üzvləri arasında sənədə münasibətdə ortaq məxrəcə gəlmək mümkün olmayıb. Komissiyanın işində iştirak edən 8 partiyadan 4-ü sənədi imzalamaqdan imtina ediblər. Buna səbəb kimi isə müdafiə xərclərinə ümumdaxili məhsulun 1,5 faizinin ayrılması barədə tərəflər arasında olan fikir müxtəlifliyidir. Bununla belə Komissiyada təmsil olunan bütün siyasi partiyalar və politoloqlar İsveç üçün Rusiya təhlükəsinin mövcud olması barədə vahid mövqedən çıxış ediblər. Belə ki, sənəddə qeyd edilir ki, beynəlxalq aləmdə təhlükəsizlik siyasəti sahəsində vəziyyətin pisləşməsi, xüsusi ilə Rusiyanın öz hərbi gücünü ildən-ilə artırmaqda davam etməsi İsveçin suverenliyi və ərazi bütövlüyü üçün ciddi təhlükə mənbəyinə çevrilib. Bu çərçivədə də qeyd edilir ki, Rusiya tərəfindən 2008-ci ildə Gürcüstan, 2014-cü ildə isə Ukrana ərazilərinin işğalı İsveç üçün də gələcəkdə belə bir təhlükənin ola biləcəyini gündəmə gətirir. Eyni zamanda Rusiyanın Suriyada Qərbə qarşı ikinci cəbhə açaraq faktiki olaraq onları oradan sıxışdırıb çıxarmaq üçün hərbi uğura imza atması da İsveçdə Kreml xofunun daha da artması ilə müşahidə olunmaqdadır. İsveçin aparıcı siyasətçilərinin və yüksək səviyyəli dövlət rəsmilərinin əksəriyyəti belə hesab edir ki, Rusiya özünün siyasi və iqtisadi maraqlarını təmin etmək üçün Avropa və ondan kənarda hərbi güc taktikasından istifadə edir. Ona görə də komissiyanın hesabatında göstərilir ki, Rusiyanın hərbi gücü yaxın onilliklərdə də artmaqda davam edəcək. Belə bir narahatlıq da ifadə olunur ki, Qərb bu günə kimi Rusiyanın öz hərbi gücünü artırmaqda davam etməsinə analoji qayda da cavab verməyib. Müdafiə komissiyası həmçinin İsveçin özünü müdafiəsi ilə bağlı çoxsaylı nöqsanlara yol verildiyini qeyd edərək Rusiya tərəfindən hücum təhlükəsinin olduğunu vurğulayıblar. Bütün bunları nəzərə alaraq hesabatda deyilir ki, İseç özünün təhlükəsizliyinin təmin etmək və Rusiyadan gözlənilən hücum təhlükəsinə qarşı yaxın və uzaq ölkələrlə, o cümlədən Avropa İttifaqı və NATO ilə əməkdaşlığı daha da inkişaf etdirməlidir. Yeri gəlmişkən onu da qeyd edək ki, İsveç özünün qonşusu olan Finlandiya ilə yüksək səviyyədə hərbi əməkdaşlığa malikdir. İsveç-Finlandiya hərbi əməkdaşlığı müdafiənin bütün sahələrini əhatə edir. Ona görə də Müdafiə komissiyası belə hesab edir ki, Rusiya tərəfindən gözlənilən hücum təhlükəsi ilə əlaqədar iki ölkə arasında müharibəyə qarşı birgə hərəkət etmık barədə plan işlənib hazırlanmalı və onlar xarici müdaxiləyə qarşı indidən hazır olmalıdırlar. Bundan əlavə birgə hərbi əməliyyatlara hazırlıq çərçivəsində müharibə olacağı təqdirdə qarşılıqlı yardımı nəzərdə tutan hərbi və yarımhərbi briqadaların yaradılması da təklif edilir. İsveç Müdafiə komissiyasının üzvlərinin fikrincə Finlandiya Müdafiə nazirliyi Danimarka və Norveç tərəfindən imtina edilən "Qripen"qırıcılarını almalıdır. Bu ölkəyə həm ucuz və keyfiyyətli qırıcılar almağa imkan verəcək, həm də yksək səviyyəli peşəkar hərbi təyyarəçi kadrları hazırlamağa imkan verəcək.

Son illərdə İsveç Norveç ilə də hərbi əməkdaşlığı mütəmadi olaraq daha da dərinləşdirməkdədir. İsveç xüsusən həm Norveç quru qoşunları, həm hərbi könüllüləri, həm də hava hücumundan müdafiə sahəsində əməkdaşlığı ən yüksək səviyyədə inkişaf etdirməyə çalışır. Norveçlə hərbi əməkdaşlığın inkişaf etdirilməsi Rusiyadan İsveçə gələn hücumun qarşısının alınması, həm də üçüncü ölkələrlədən hərbi yardım alınması üçün vacib hesab edilir.

İsveç üçün Rusiyadan gələn təhlükədən sığortalanmağın ən yaxşı yolu eyni zamanda Avropa İttifaqının aparıcı dövlətləri olan Böyük Britaniya və Fransa ilə əməkdaşlığın daha da genişləndirilməsi hesab edilir. Belə bir fikir vurğulanır ki, Rusiya ölkəyə hücum edəcəyi təqdirdə ingilislər və fransızlar dərhal onun hərbi yardımına gələ bilərlər. İsveç Fransa ilə beynəlxalq əməliyyatlar çərçivəsində və yeni müdafiə texnikası və hərbi sursatların hazırlanması sahəsində geniş əməkdaşlıq edir. Böyük Britaniya ilə birlikdə isə İsveç birgə mobil ekspedisiya qüvvələrinin hazırlanmasında iştirak edir. İsveç Böyük Britaniyanın Avropa İttifaqını tərk edib-etməməsindən asılı olmayaraq belə onunla hərbi əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bundan əlavə İsveç NATO və Pribaltika ölkələri ilə də hərbi əməkdaşlığı yeni inkişaf mərhələsinə qaldırmağı planlaşdırır.

İsveç üçün Baltik dənizinin cənubunda yerləşən Almaniya və Polşa ilə də əməkdaşlığı genişləndirmək strateji baxımdan olduqca məqsədəuyğun hesab edilir. Lakin onu da deyək ki, isveç adıçəkilən ölkələrlə geniş hərbi əməkdaşlığa malik deyil. Bununla belə İsveç son 4 ildə almanlar və polyaklarla birgə geniş hərbi təlimlərin keçirilməsi barədə anlaşma imzalayıb. Bu müstəvidə də Almaniya hərbi təchizat üzrə İsveçin yaxın tərəfdaşlarından birinə çevrilib.

İsveçin digər qonşusu Danimarkaya gəlincə, bu ölkə ilə Stokholm arasında əməkdaşlıq bir elə də yüksək səviyyədə deyil. İsveç Danimarka ilə hərbi hava və hərbi dəniz gücləri sahəsində məhdud səviyyədə hərbi əməkdaşlıq edir. Müdafiə komissiyası bununla belə hesab edir ki, Rusiya təhlükəsinə qarşı iki ölkə arasında hərbi əməkdaşlıq daha da genişləndirilməlidir. Komissiya biri-birinə yaxın olan iki ölkə arasında hərbi əməkdaşlığın arzuedilən səviyyədə olmamasından da narahatlığını ifadə edib.

Eyni zamanda İsveç özü kimi daim Rusiyanın hərbi təcavüzü təhlükəsi altında yaşayan Pribaltika ölkələri, o cümlədən Estoniya, Latviya və Litva ilə də hərbi əməkdaşlığı ildən-ilə genişləndirməkdədir. Müdafiə komissiyasının gəldiyi qənaətə görə, Baltika ölkələri və Finlandiya ilə onların ərazilərində birgə hərbi hava və hərbi dəniz təlimlərinin keçirilməsinin vacibdir .

İsveç ABŞ-a da özünün təhlükəsizliyinin təmin edilməsində əsas müttəfiqlərdən biri kimi baxır. İsveç və ABŞ arasında son onilliklərdə ikitərəfli hərbi əməkdaşlıq mövcuddur. Belə hesab edilir ki, ABŞ-la hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi təhlükəsizliyin təmini baxımından zıruridir. ABŞ-la İsveç arasında hərbi-texniki və birgə hərbi təlimlər keçirilməsi sahəsində əməkdaşlıq bütün hallarda indiki vəziyyətdə belə yüksəkdir.

İsveç həmçinin NATO ilə birgə müxtəlif səviyyəli hərbi təlimlərdə iştirak edir. Isveç NATO-nun Sülh naminə tərəfdaşlıq Proqramında fəal iştirak edən ölkələrdən biridir. Bir sözlə İsveç öz üzərində dolanan Rusiya kabusu təhlükəsinə qarşı özünü müdafiə məqsədi ilə bütün imkanlardan istifadə etməkdədir. Bütün bunların isə İsveçin təhlükəsiziliyinin təmini üçün yetərli olub-olmadığını gələcək göstərəcək.

Səda

.