Çin dünyanın dəniz limanlarını “işğal” edir

Çin dünyanın dəniz limanlarını “işğal” edir

24 May 2019 16:21
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-la Çin arasında son illərdə dünyanın müxtəlif bölgələrində gedən rəqabət və qarşıdurma Pekin tərəfindən uzaqgörənliklə yeni mübarizə müstəvisinə keçirilməkdədir. Belə ki, Pekin Vaşinqtonun ona qarşı tətbiq etdiyi müxtəlif sanksiyalara baxmayaraq beynəlxalq aləmdə özünün mövqelərini möhkəmlətməkdə davam edir. Necə deyərlər, Çin ABŞ üçün ciddi əhəmiyyət daşımayan sahələrdən özünün iqtisadi və siyasi maraqlarının ən yüksək səviyyədə təmin edilməsinə nail olaraq super güc dövlət olmaq uğrunda niyyətlərinə addım-addım yaxınlaşmaqdadır. Bu baxımdan son illər də Çinin dəniz nəqliyyatı sahəsində xüsusi fəallaşması və strateji əhəmiyyət daşıyan dəniz limanlarının yenidən qurulmasına və tədricən özününküləşdirməsinə on milyardlarla dollar sərmayə qoyması diqqəti cəlb edir. Çinin dünyanın dəniz limanlarına külli miqdarda sərmayə qoyması əslində hələ ötən əsrin sonlarında başlayıb. İlk vaxtlar əsas diqqətini inkişaf etməkdə olan ölkələrin dəniz limanlarının yenidən qurulmasına yönəldən və onların aksiyalarının tədricən satın alınmasını həyata keçirən Çın daha sonra strateji önəm daşıyan digər önəmli dəniz limanları üzərində nəzarəti həyata keçirməyə başladı. Son 10-15 il ərzində isə Çin nəinki inkişaf etməkdə olan, həm də inkişaf etmiş əksər ölkələrin limanlarını belə ələ keçirməkdədir. Aydın məsələdir ki, Çinin məqsədi dünyanın iri dəniz limanlarını tədricən ələ keçirməklə geostrateji üstünlüyü ələ alaraq özünün əsas rəqibi olan ABŞ-ı tədricən iqtisadi və siyasi, o cümlədən hərbi sahədə sıxışdırmaq və beynəlxalq aləmdə yeni super güc mərkəzinə çevrilməkdir. Məsələ ilə bağlı bir az irəli gedərək onu da eyək ki, ötən ay Pekində keçirilən beynəlxalq iqtisadi forumda Çin tərəfindən irəli sürülən "Bir kəmər, bir yol" təşəbbüsu və onun əksər ölkələr tərəfindən dəstəklənməsi də Pekinin daha bir uğuru hesab edilə bilər. Belə ki, tarixi ipək yolunun dirçəldilməsinə xidmət edən "Bir kəmər, bir yol" layihəsi Çinə dünyanın ən böyük ölkələrinin, o cümlədən Avropa bazarına çıxmasına imkan verəcək. Təbii ki, dünyanın aparıcı dəniz limanları üzərində Çin tərəfindən nəzarətin həyata keçirilməsi də məhz Pekinin dünya bazarlarındakı monoploiyasını həyata keçirmək niyyətlərinə xidmət etməkdədir. Çinin dünyanın aparıcı dəniz limanları üzərində nəzarəti ələ almasında iki aparıcı dövlət müəssisəsi Çayna Merçants Port Holdinqs (China Merchants Port Holdings) və "KOÇKO Şippinq" (COSCO Shipping) önəmli rol oynamaqdadırlar. Buna misal kimi 2013-cü ildə Çayna Merçants Port Holdinqs (China Merchants Port Holdings) dəniz daşımaçılığı ilə məşğul olan "Terminal Link" səhmlərinin 49 faizini alaraq olduqca önəmli bir uğura imza atmış oldu. "Terminal Link"in səhmlərinin 51 faizi isə Fransanın Si–Em-Ey si-Ci-Em"Си-Эм-Эй Си-Джи-Эм" (CMA CGM) firmasına məxsusdur. "Terminal Link"in səhmlərinin 49 faizini almaqla Çayna Merçants Port Holdinqs (China Merchants Port Holdings)Fransanın Havr, Dunkerk, həmçinin Belçikanın Antverpen, Bryuqqe, ABŞ-ın Mayami və Hyustondakı dəniz limanlarında da nəqliyyat daşımalarında fəal iştirak etməyə başladı. 2018-ci ildə isə Çayna Merçants Port Holdinqs Braziliyanın ən böyük gəlir gətirən dəniz limanlarından hesab edilən TCP Participações SA şirkətinin səhmlərinin 90 faizini aldı və bunlada faktiki olaraq onu ələ keçirmiş oldu.

Çinin digər iri dəniz şirkəti olan"KOÇKO Şippinq" (COSCO Shipping) də dünyanın iri dəniz limanlarının ələ keçirilməsində fəal iştirak etməkdədir. Əvvəlcə ayrı-ayrılıqda fəaliyyət göstərən "KOÇKO" (COSCO) və "Çayna Şippinq" 2016-cı ildə birləşərək "KOÇKO Şippinq" adı altında öz fəaliyyətlərini daha da genişləndirdilər. Nəticədə "KOÇKO Şippinq" dünyanın ən nəhəng nəqliyyat daşımaları kompaniyasına çevrilib. Yeri gəlmişkən qeyd edək ki, "KOÇKO" Avropaya 2000-ci ilin sonlarında ayaq açıb. Kompaniya əvvəlcə Yunanıstanın paytaxtı Afina yaxınlığındakı Pirey limanının səhmlərini alaraq ora üzərində nəzarəti ələ keçirdi. "KOÇKO"-nun Pirey limanının genişləndirilməsinə külli miqdarda sərmayə qoyması nəticəsində 2018-ci ildə ora Valensiyadan sonra Aralıq dənizində ən mühüm dəniz portuna çevrildi. "KOÇKO Şippinq" həmçinin Belçikanın Bryugge, İtaliyanın Genuya, İspaniyanın Valensiya və Hollandiyanın Rotterdam dəniz limanlarının səhmlərini alaraq onlarda tədricən aparıcı rol oynamağa başlayıb. Amma "KOÇKO Şippinq" yalnız Avrasiya məkanında deyil, həm də onlardan minlərlə kilometr uzaqlarda yerləşən Amerika qitəsinin limanlarında da xüsusi fəallıq göstərməkdədir. Buna misal kimi ötən il "KOÇKO Şippinq"in Perunun Sakit okean sahillərində yerləşən dəniz limanlarının yenidən qurulması ilə bağlı iki milyard dollar dəyərində anlaşma imzalamasını göstərmək olar. Öz növbəsində Çin tərəfindən dünyanın müxtəlif ölkələrinin dəniz limanlarının səhmlərinin satın alınması və onların yenidən qurulmasına milyardlarla dollar xərclənməsi əslində uzaq gedən və böyük həcmdə gəlir əldə edilməsinə xidmət edən müdrik siyasət hesab edilə bilər. Özü də Çin adətən əsas diqqətini iqtisadi baxımdan ağır günlərini yaşayan ölkələrin dəniz limanlarının yenidən qurulmasına və onun səhmlərinin satın alınmasına yönəldir. Çünki iqtisadi baxımdan böhran keçirən əksər ölkələr Çinin və ya digər dövlətlərin sərmayəsinə ciddi ehtiyac duyur və bunu özlərinin xilası kimi qəbul edirlər. Yuxarıda qeyd etdiyimiz kimi ağır iqtisadi böhran keçirən Yunanıstanın Pirey limanının yenidən qurulmasına sərmayə qoyan "KOÇKO"qısa müddətdə onu Aralıq dənizində ikinci ən böyük nəqliyyat daşımaları mərkəzinə çevirə bildi. Bu, Yunanıstan üçün yeni iş yerlərinin yaradılması və vergilər hesabına dövlət xəzinəsinə on milyonlarla dollar gəlir axması demək oldu. "KOÇKO" da Pireyin yenidən qurulması hesabına orada dəniz daşımalarının həcmini sürətlə artırmağa nail oldu və bundan kifayət qədər gəlir əldə etdi. Dünyanın dəniz limanlarında nəzarətin tədricən ələ keçirilməsi nəticəsində Çinin xarici ölkələrlə ticarətində dəniz daşımalarının həcmi artıq ümumdaxili məhsulun 37 faizinə qədər yüksəlib. Bu isə on milyardlarla dollar gəlir əldə edilməsi deməkdir. Yəni Çinin dünyanın dəniz limanlarının inkişaf etdirilməsinə milyardlarla dollar sərmayə qoyması heç də səbəbsiz deyil. Çinin xarici ölkələrlə ticarəti əsasən dəniz nəqliyyatı vasitəsi ilə həyata keçirilir. Ona görə də dünyanın müxtəlif ölkələrində beynəlxalq dəniz daşımalarında strateji önəm daşıyan dəniz limanlarında nəzarətin ələ alınması Çin üçün həm iqtisadi, həm siyasi, həm də strateji önəm daşıyır. Belə ki, adətən dünyanın müxtəlif limanlarında nəzarətin ələ keçirilməsi Çın üçün ticari, həm də hərbi baxımdan ikiqat sərfəlidir. Çın həmin dəniz limanlarından yalnız ticarı məqsədlər üçün deyil, həm də hərbiməqsədlər üçün istifadə etmək imkanlarına malikdir. Çünki Çin özünün nəzarəti altında olan limanlarına heç kimdən razılıq almadan öz hərbi gəmilərinin yan alması kimi üstünlük əldə edib. Buna misal kimi 2017-ci ildə ilk dəfə Çİn hərbi gəmilərinin Aralıq dənizindəki Pirey limanına 4 günlük səfər etməsini göstərmək olar. Belə bir səfər heç kim mane ola bilmədi. Çünki Pirey limanına nəzarət paketi səhmlərinin böyük hissəsi Çinin əlindədir. Çinin dünyanın müxtəlif ölkələrində öz nəzarəti altında olan dəniz limanlarından həm də hərbi məqsədlər üçün istifadə etməyi nəzərdə tutmasını Cibutidə hərbi dəniz bazasını yaratmasının timsalında da aydın görmək olar. Buna paralel olaraq Çin Pakistanın dəniz limanlarından birinin həm ticari, həm də hərbi məqsədlər üçün istifadə edilməsi barədə İslamabadla danışıqlar aparır.

Təbii ki, Çinin dünyanın iri dəniz limanları üzərində nəzarəti həyata keçirməsi ABŞ tərəfindən təşvişlə qarşılanır. Çinin dəniz limanlarında ağalığına son qoymaq məqsədi ilə ABŞ-da Xarici sərmayələr üzrə komitə yaradılıb. Bu komitənin əsas vəzifəsi Çinin dünyanın müxtəlif dəniz limanlarına qoyduğu sərmayələri təhlil edərək bununla bağlı prezidentə müvafiq hesabat verməkdir. Bunun da nəticəsində ABŞ Avropa üzrə müttəfiqlərinə Çin sərmayələrinə münasibətdə ehtiyatlı davranmağı məsələhət görüb və buna əməl edilməyəcəyi təqdirdə onları sanksiyalarla hədələyib. Lakin indiki vəziyyətdə əksər Avropa ölkələri, o cümlədən İsrail belə Çin sərmayəsinə ehtiyac duyurlar. ABŞ-ın etirazlarına baxmayaraq İsrail Hayfa dəniz limanın modernləşdirilməsi və yenidən qurulması barədə Çinlə razılıq əldə edib. Ona görə də ABŞ çətin ki, bu yolla Çin sərmayələrinin xarici ölkələrə qoyulmasına mane ola bilsin. Hələlik ABŞ yalnız Honkonqdakı "Orient Oversiz İnterneşnl Limited" (Orient Overseas International Ltd.) kompaniyasının Kaliforniyadakı Lonq-Biş portuna nəzarət etməsinə son qoyub. ABŞ öz təhlükəsizliyini bəhanə gətirərək "Orient Oversiz İnterneşnl Limited"i səhmlərini 1,8 milyard dollara satmağa məcbur edib. "Orient Oversiz İnterneşnl Limited" 2017-ci ildə porta nəzarət səhmlərini 6,3 milyard dollara satın almışdı. Bununla belə ABŞ çətin ki, Çinin dünyanın dəniz limanlarına nəzarəti tədricən ələ almasına mane ola bilsin. Çünki bunun üçün ABŞ-ın iqtisadi, siyasi və hərbi imkanları kifayət qədər yetərli deyil.

Həmidə Şahməmmədova