ABŞ Şimal axını 2-yə mane ola biləcəkmi?

ABŞ Şimal axını 2-yə mane ola biləcəkmi?

24 May 2019 13:24
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Rusiyanı Avropanın qaz bazarına buraxmamaq cəhdi onunla Avropa İttifaqına üzv bəzi ölkələr, o cümlədən Almaniya arasında müxtəlif narazılıqların yaranmasına səbəb olmaqdadır. Avropanı Rusiyanın qaz asılılığından xilas etmək niyyətində olan Donald Tramp rejiminin əsas məqsədi hazırda Rusiya qazını Avropaya çatdıracaq Şimal axını 2-yə hər vasitə ilə mane olmaqdır. Vaşinqtonda belə hesab edirlər ki, Şimal axını 2-nin reallaşdırılması Avropanın Rusiyadan daha çox qaz asılılığına düşməsinə səbəb olacaq. Məhz bunu nəzərə alaraq Tramp administrasiyası dəfələrlə Şimal axını 2 layihəsinin çəkilişində iştirak edən şirkətləri müxtəlif sanksiyalarla hədələyib. Bununla bağlı ABŞ Senatı Şimal-axını 2-də Rusiya şirkətləri ilə əməkdaşlıq edən şirkətlərə münasibətdə sərt addımlar atmaq niyyətindədir. Məsələ ilə bağlı respublikaçı senator Ted Kruz və demokrat senator Cin Şahin tərəfindən xüsusi qanun layihəsi hazırlanıb. Layihədə Şimal axını 2-də iştirak edəcək şirkətlərə münasibətdə sərt sanksiyaların tətbiq edilməsi nəzərdə tutulub. Hər iki senatorun birgə hazırladığı qanun layihəsində Rusiya kompaniyalarına öz xidmətlərini təklif edən şirkətlərə ABŞ-a girişi qadağan ediləcək və onların bank hesabları dondurulacaq. Həmin şirkətlərin ABŞ-dakı tərəfdaşları ilə hər hansı səviyyədə əlaqə qurması da qadağan ediləcək. Aydın məsələdir ki, Senatda belə bir qanun layihəsinin qəbul edilməsi Avropa İttifaqında bir mənalı qarşılanmayacaq. Bunun da səbəbləri var. Belə ki, prezident Donald Tramp Almaniya kansleri Merkellə son görüşlərinin birində Şimal axını 2-nin inşasında iştirak edən Avropa şirkətlərinə sanksiyaların tətbiq edilməyəcəyini vəd etmişdi. Amma indi vəziyyət dəyişmək üzrədir. Belə başa düşmək olar ki, Şimal axını 2 qaz kəmərinin çəkilişində iştirak edəcək Avropa İttifaqı kompaniyaları sanksiyalara məruz qalacaqlar. Öz növbəsində Foreign Policy jurnalının verdiyi məlumata görə, yeni qanun layihəsində qaz kəmərinin çəkilişində iştirak edən kompaniya rəhbərləri, yanacaq tədarükçüləri, servis firmaları, o cümlədən gəmilərin sığortasını həyata keçirən şirkətlər də cəzalandırılacaqlar. Ümumiyyətlə məsələ ilə bağlı qara siyahıya düşən şirkətlərin adları daha çox olacaq.

Şimal axını2 ilə bağlı artıq bəzi Avropa kompaniyalarının adı da qanun layihəsində çəkilib. Onlardan ikisi İsveçrənin Allseas və İtaliyanın Saipem firması Şimal axını 2 ilə bağlı qaz kəmərinin çəkilməsi barədə Rusiya ilə müvafiq anlaşma imzalayıblar. Buna paralel olaraq qaz kəmərinin çəkilməsi məsələsində "Qazprom"la əməkdaşlıq edən Almaniyanın Uniper və Vvintershall, ingilis-holland Shell, Avstriyanın OMV və Fransanın Engie şirkətlərinin adı da sanksiyalar tətbiq ediləcəklər arasındadır. Amma ABŞ sanksiyaları yalnız Şimal axını2 ilə məhdudlaşmayacaq. Qanun layihəsində Türk axını-na da qarşı sanksiyalar nəzərdə tutulub. Qanun layihəsində 30 metr dərinlikdə qaz kəməri çəkilişini həyata keçirəcək gəmilərə münasibətdə müvafiq sanksiyaların tətbiq edilməsi nəzərdə tutulub. Sanksiyaların həyata keçirilməsinə nəzarətin isə dövlət katibi Maykl Pompeoya tapşırılacağı gözlənilir. Qanun layihəsində həmçinin qaz kəməri çəkilişinə maliyyə vəsaiti ayıran banklar da sərt şəkildə cəzalandırılaması nəzərdə tutulub.

Bütün bunlar isə o deməkdir ki, qanun layihəsinin senat tərəfindən qəbul edilməsi ABŞ-la Avropa İttifaqı şirkətlərini üz-üzə qoyacaq. Belə ki, onsuz da ABŞ tərəfindən müxtəlif sanksiyalar tətbiq ediləcəyi ilə şantaja məruz qalan Avropa kompaniyaları arasında narazılıq artmaqda davam edir. Məsələn, alman kompaniyaları dəfələrlə bildiriblər ki, ABŞ tərəfindən müxtəlif sanksiyalarla təhdid edilməkdən artıq boğaza yığılıblar. Avropa İttifaqı liderləri də Şimal axını2 ilə bağlı məsələdə ABŞ-ın sanksiyalar xəbərdarlıqlarınından narazılıqlarını dəfələrlə dilə gətiriblər. Belə bir fikir vurğulanır ki, istənilən halda Avropa İttifaqı kompaniyalarına Şimal axını-2 ilə bağlı tətbiq ediləcək hər hansı sanksiya bütün ölkələrin iqtisadi və siyasi maraqlarına toxunacaq. Əlbəttə Tramp üçün sanksiyalar hədə və şantaj vasitəsi olsa da bu, ona özünün Avropadakı müttəfiqlərini itirmək bahasına başa gələ bilər. Ona görə də hadisələrin hansı istiqamətdə inkişaf edə biləcəyini öncədən söyləmək asan deyil. Yeri gəlmişkən onu da deyək ki, Rusiyanın özü də ABŞ tərəfindən Avropanın təhlükəsizliyinin təmin edilməsinə yönələn yeni qaz kəmərlərinin çəkilişinə münasibətdə müxtəlif təzyiq və şantaj vasitələrindən istifadə etməkdədir. Buna misal kimi Rusiyanın Türkmənisatn qazının Xəzərin dibi ilə çəkiləcək kımır vasitəsi ilə Avropa bazarına çıxarılmasına hər vasitə ilə mane olmasıdır. Rusiya iddia edir ki, Xəzərin dibi ilə qaz kəmərinin çəkiməsi ekoloji fəlakətə səbəb ola bilər. Halbuki Rusiyanın özü Xəzərdən min dəfə risqli olan Şimal axını2 qaz kəmərini məhz okeanın dibi ilə çəkməkdədir. Eyni sözləri yenə də Rusiyanın Qara dənizin dibi ilə çəkilən kəmər vasitəsi ilə öz qazını Türkiyəyə nəql etməsi haqqında da demək olar. Yəni bütün bunlar türkmən qazının Avropa bazarına çıxarılmasına mane olmaq üçün Rusiya tərəfindən irəli sürülən bəhanələrdən başqa bir şey deyil. Bütün bunlara baxmayaraq ötən ilin avqust ayında Xəzəryanı ölkələr tərəfindən Xəzərin hüquqi statusunun müəyyən edilməsi barədə müvafiq anlaşmanın imzalanması türkmən qazının Avropa bazarına çıxarılması qarşısında yeni perspektivlər açmaqdadır.

Qeyd edək ki, Aşqabad üçün Qərbə gedən yolu Rusiyanın 2016-cı ildən etibarən türkmən qazını almaqdan imtina etməsi və Türkmənistan qazının alınması haqqında sazişi uzatmayan İranla nəticəsiz qalan danışıqlar açır. Praktiki olaraq, şərait Berdıməhəməmmədovu Avropanın qoynuna itələyir, Avropa isə fürsəti görərək, ötən ilin yazından etibarən Azərbaycan və Türkmənistanın iştirakı ilə Avropa Komissiyası səviyyəsində Avropa qitəsinə qaz nəqli haqqında üçtərəfli danışıqları fəallaşdırıb. Bu vəziyyətdə iki regional oyunçu - Rusiya və İran, çətin ki, hələ 1999-cu ildə ATƏT-in İstanbul Sammitində həyata keçirilməsi haqqında qərar qəbul edilmiş Transxəzər boru kəməri layihəsinə mane olsun. Son bir neçə ildə onların addımları əslində Türkmənistanın qərb istiqamətində sıxışdırılması effekti yaradır. Enerji daşıyıcılarının qiymətinin və Avropanın qaz tələbatının azalması nəticəsində Moskvanın mövqeyi dəyişib, Rusiya ən çox öz malının satşında maraqlıdır və Türkmənistan qazını rəqib kimi görür. Dünyada qaz ehtiyatları həcminə görə az qala ikinci yeri tutan İran isə tədricən öz hasilatını artırır. Həm də əvvəllər Transxəzər qaz kəmərinin tikintisinə mane olan hər iki mühüm region oyunçusu böhran şəraitində ABŞ və Aİ ilə daha səmərəli münasibətlər qurmağa çalışır.

Bununla belə Rusiyanın türkmən qazının Xəzərin dibi ilə çəkiləcək qaz kəməri vasitəsi ilə Avropa bazarına nəql edilməsinə mane olmasından sonra Türkmənistan Asiya bazarına üz tutmağa məcbur oldu. Qeyd edək ki, Türkmənistanın Xəzər sektorunda 8trilyon 76 mlrd. kubmetr qaz ehtiyatı var. Quru ərazilərdəki yataqlarda isə "mavi yanacaq"ın həcmi 44trilyon 24 mlrd. kubmetr təşkil edir. Hazırda Türkmənistan qazının əsas alıcıları qismində Çin və Hindistan çıxış edir. Türkmənistan Qazaxıstan və Özbəkistan üzərindən keçməklə Çinə təbii yanacaq ixrac edir. 55 mlrd. kubmetr ötürücülük gücünə malik olan boru xətti ilə üç istiqamətdə il ərzində 40 mlrd. kubmetr "mavi yanacaq" nəql edilir. Dördüncü düyüm boru kəmərinin 2021-ci ilə qədər təhvil verilməsi nəzərdə tutulub. Müqaviləyə əsasən Özbəkistan, Tacikistan və Qırğızıstandan keçəcək 4-cü kəmərlə Çinə il ərzində 65 mlrd. kubmetr təbii qaz satılmalıdır. Bundan başqa Türkmənistan "Körpəcə"-"Kurtkui" və "Dövlətabad"-"Seraxs" kəmərləri vasitəsilə İrana il ərzində 20 milyard kubmetrdən artıq təbii qaz təchiz edir. Türkmənistan qazına əhalisinin sayı və iqtisadiyyatı böyüyən Hindistanın da marağı ciddi artmaqdadır. Hazırda Türkmənistanın enerji bazarında Hindistan Çinin başlıca rəqibinə çevrilməkdədir. Pakistan isə bu prosesdə həm istehlakçı, həm də tranzit ölkə kimi çıxış edir. TAP layihəsi üzrə Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan marşrutu il ərzində 33 milyard kubmetr təbii qazı ötürmək gücünə malik olacaq.

Mütəxəssislərin qənaətincə, həmin enerji bazarlarını saxlamaqla yanaşı, Türkmənistan Avropaya da qaz nəql edə bilər. Buna nail olmaq üçün Türkmənistan ölkənin şərqindəki yataqlardan çıxarılmış və il ərzində 30 mlrd. kubmetr əmtəəlik qaz sata bilər. Şərq-Qərb marşrutu üzrə Avropaya ixrac ediləcək yanacağı uzunluğu 770 km olan 1420 mm-lik boru xətti ilə ilə nəql etmək mümkündür. Türkmənistanın "Cənub Qaz Dəhlizi"nə qoşulmasının ən optimal variantlarından biri kimi də Türkmənistan-İran-Azərbaycan və Türkmənistan-Azərbaycan-TANAP marşrutu nəzərdən keçirilir. Bir sözlə ABŞ-ın Şimal axını2-yə mane olmaq cəhdləri baş tutacağı təqdirdə Avropada Türkmənistan qazına olan tələbat artacaq. Belə bir vziyyətdə isə çətin ki, Rusiya türkmən qazının Avropa bazarına nəqlinə mane ola bilsin.

Səda