Trampın impiçmenti yenidən gündəmə gəlir

Trampın impiçmenti yenidən gündəmə gəlir

24 May 2019 09:54
Bəyəndim (0) Bəyənmədim (0)

Prezidenti Donald Trampın ziddiyyətli xarici və daxili siyasəti ABŞ daxilində belə kəskin şəkildə əks-səda verməkdədir. Bunu nəinki Trampın siyasi rəqibləri, həm də onun ən yaxın silahdaşlarının verdikləri açıqlamalar belə təsdiq etməkdədir. Bu baxımdan Donald Trampla eyni partiyada olan respublikaçı konqresmen Castin Amaşın Donald Trampın impiçmenti məsələsini yenidən gündəmə gətirməsi diqqəti cəlb edib. O Tvitterində partiya üzrə tərəfdaşlarını Trampa qarşı impiçment prosedurasının başladılmasına çağırıb. Beləliklə Castin Amaş ABŞ-ın idarə edilməsində tarixboyu zəngin ənənəyə malik olan Respublikaçılar Partiyası arasında öz siyasi tərəfdaşına qarşı impiçment təşəbbüsü ilə çıxış edən ilk respublikaçı konqresmen olub. Amaş Trampa qarşı impiçment tələbini onun xalq arasında etibarını itirməsi və ona olan ümidləri doğrultmaması ilə əlaqələndirib. Bununla belə konqresmen onu da qeyd edib ki, Ağ evin indiki rəhbərinin Rusiya ilə şübhəli əlaqələri ortaya çıxmasa da, onun fəaliyyətində bəzi qaranlıq məqamlar qalmaqda davam edir. Castin Amaşın Trampın impiçmenti məsələsini gündəmə gətirməsinə siyasi analitiklər arasında münasibətin özü də birmənalı deyil. Ekspertlərin bəziləri belə hesab edirlər ki, Amaşın dili ilə Donald Trampın impiçmentini gündəmə gətirənlər ilk növbədə bu yolla Respublikaçılar Partiyasının digər üzvlərinin buna hazır olub-olmadıqlarını yoxlayırlar. Məsələyə münasibət bildirən bəzi siyasi ekspertlər isə Amaşın impiçment məsələsini gündəmə gətirməsini Respublikaçılar Partiyasında Donald Trampdan artmaqda davam edən narazılıqlarla izah edirlər. Eyni zamanda o da vurğulanır ki, Trampın impiçmentinə münasibətdə partiya daxilində fikir ayrılıqları var. Lakin bu, Respublikaçılar Partiyasının parçalanmasına gətirib çıxarmayacaq. Amaşın Trampın fəaliyyətində qaranlıq məqamların olmasını iddia etməsi də əsassız deyil. Ola bilər ki, respublikaçı konqresmen Trampın Rusiya ilə əlaqələrində hansısa sübuta yetirilməsi hələlik mümkün olmayan qaranlıq məqamların olmasından xəbərdardır və bunun açıq şəkildə etiraf edilməsi ABŞ-ın siyasi imici baxımından məqsədəuyğun hesab edilmir. Hər halda Castin Amaşın xüsusi prokuror Robert Müllerin Trampın Rusiya ilə əlaqələri barədə araşdırmalar əsasında hazırladığı hesabatın Ağ Evin rəhbərinin impiçmenti üçün yetərli olduğunu deməsini təsadüfi də hesab etmək olmaz. Castin Amaş yazır: "Müllerin komissiyası Trampın Rusiya ilə gizli əlaqələrinin olmasını təsdiq edən faktlar aşkar edə bilməyib. Tramp özü də istintaq araşdırmalarına fəaliyyətlərini daha geniş spektrdə davam etdirmələri üçün kifayət qədər yardım göstərmədi və məsələyə passiv münasibət bəslədi. O, öz adının təmizə çıxarılması məsələsində xüsusi fəallıq nümayiş etdirmək əvəzinə fəaliyyətindəki bəzi məqamlar barədə az danışmağa üstünlük verdi".

Respublikaçı konqresmen məsələ ilə bağlı ölkə Konstitusiyasının bəzi müddəalarını xatırladıb. O deyib ki, ABŞ Konstitusiyasına əsasən prezidentin impiçmenti yalnız ölkə rəhbərinin dövlətə xəyanətdə və cinayətlərdə əli olmasının sübuta yetirildiyi, digər qanun və hüquqi pozuntuların olması faktları aşkar edildiyi halda başladıla bilər. Amaş belə hesab edir ki, qanun və hüquqi pozuntular müddəasının arxasında prezidentin xalqın etimadını doğrultmadığl fikri dayanır. Respublikaçı konqresmen eyni zamanda belə hesab edir ki, konqresdə təmsil olunan respublikaçıların prezident Donald Trampa qarşı impiçmentin əsas olmadığını bildirmələri də onların Müllerin hesabatını oxumamaları ilə əlaqədardır. Amaş eyni zamanda prezidentə impiçment göstərilməsi məsələsinin yalnız demokratlar tərəfindən gündəmə gətirilməsini, respublikaçıların isə bu məsələdə fəallıq göstərməməsini tənqid edərək deyib: "Bizim sistemdə hakimiyyətin qolları arasında biri-birlərinə münasibətdə qısqanclıq mövcuddur. Bu da onlara Konstitusiya üzrə verilən hüquqlarını həyata keçirməyə mane olur. Hər hansı bir siyasi partiyaya mənsub olan üzvün partiyasına sadiqlik nümayiş etdirməsi Konstitusiyaya sədaqətli olmaqdan daha üstün hesab edilir. Nəticədə insan hüquqlarıının və azadlıqlarının təməlində dayanan qanunların aliliyi prinsipi pozulur".

Konqresmen partiya üzrə tərəfdaşlarını prezidenti hakimiyyətdən məhrum etmək məsələsində cəsarətli olmağa, onları qorxmamağa çağırıb.

Trampın da impiçmentlə bağlı Amaşa cavab reaksiyası özünü çox gözlətməyib. Ağ Evin sahibi Amaşa cavabında onu siyasi baxımdan yüngülağıllıqda və şübhəli faktlar əsasında məşhurlaşma cəhdində günahlandırıb: "Castin bəxti gətirməyən insanlardandır və təəssüflər olsun ki, o bununla da bizim rəqiblərimizin əlinə oynayır".

Yeri gəlmişkən onu da xatırladaq ki, Demokratlar Partiyası Donald Trampın impiçmenti məsələsindən əvvəl, hələ Müllerin hesabatı ortaya çıxmazdan öncə imtina etmişdilər. Bununla belə demokratların bəziləri hələ də Trampın impiçmenti üçün bəzi cəhdlərə baş vurmaqda davam edirlər. Məqsəd 2020-ci ildə keçiriləcək prezident seçkilərində Trampın yenindən namizədliyini irəli sürməsinə mane olmaq və seçkilərdə iştirak etməsinə imkan verməməkdir.

Demokratlar arasında Trampın impiçmenti məsələsində qətiyyətli mövqe tutan əsas sima konqremen Riçard Nildir. Onun rəhbərlik etdiyi vergi yığımı üzrə komitə mayın əvvəllərində maliyyə nazirliyindən tələb etmişdi ki, Trampın son 6 ildə verdiyi vergi ilə bağlı deklarasiyanı açıqlasın və orada hansısa qanun pozuntularına yol verilib-verilməməsini araşdırsın. Lakin vergilər naziri Stiven Minuçin komitənin təklifini və tələbini əsassız sayaraq onu rədd etmişdi.

Amaşın Donald Trampın impiçmenti məsələsini gündəmə gətirməsindən sonra əsas diqqət Miçiqan ştatından olan 39 yaşlı konqresmenin fəaliyyətinə yönəldi. Məlum oldu ki, respublikaçılar arasında bir o qədər də məşhur olmayan Castin Amaşın atası Fələstindən, anası isə Suriyadandır. Castin Amaş ABŞ-da anadan olub və ərəbmənşəli siyasətşidir. O, ilk dəfə 2010-cu ildə Konqresə seçilib və artıq üçüncü dəfəfdir orada Miçiqan ştatından respublikaçıları təmsil edir. Amaş siyasi baxışları baxımından özünü konservativ deyil, liberitarian hesab edir. Bununla bərabər Amaş mütəmadi olaraq Trampın daxili və xarici siyasətini sərt şəkildə tənqid edir. 2016-cı ildə keçirilən prezident seçkilərində Castin Amaş Donald Trampın namizədliyinin əleyhinə çıxmışdı. 2018-ci ildə Helsinkidə Trampla Putin arasında keçirilən görüşdən sonra o, Tivtterində yazmışdı: "Donald Tramp Putinlə görüşündə özünü vassal dövlətin rəhbəri kimi apardı".

Onun bu fikri ABŞ-da və onun xaricində böyük əks-sədaya səbəb olmuşdu. Siyasi analitiklərin bir çoxu belə hesab edir ki, Amaşın prezidentin impiçmenti məsələsini gündəmə gətirməsi onun öz şəxsi təşəbbüsü deyil və onun arxasında senator Rendom Pol dayanır. Rusiyadan olan analitik Dmitri Yevsteyevin fikrincə, əgər həqiqətən də Amaşın təşəbbüsünün arxasında Rendom Pol dayanırsa, onda bu Respublikaçılar Partiyasındakı Libertarian qanad tərəfindən Trampa münasibətdə ciddi çağırışdır. Bunu Amaşın CNN telekanalına verdiyi açıqlama da sübut etməkdədir. O həmin açıqlamasında bildirib ki, 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürə bilər. Lakin siyasi baxımdan partiya daxilində bir o qədər də məşhur olmayan Amaşın Trampla baş-başa mübarizə apara bilməsi indidən inandırıcı görünmür. Belə güman edilir ki, Amaş və onun tərəfdarları sadəcə olaraq impiçment məsələsini gündəmə gətirməklə həm demokratlar, həm də respublikaçılar arasında özlərinə dəstək verəcək şəxsləri üzə çıxarmaq istəyirlər. Lakin Trampın impiçmenti məsələsinin baş tuta bilməsi də istisna edilmir. Belə ki, siyasi müşahidəçilərin əksəriyyəti belə hesab edir ki, Donald Trampın impiçmenti məsələsinin baş tutması ilk növbədə Respublikaçılar Partiyası arasında xüsusi nüfuza malik olan keçmiş prezident kiçik Buşun və ya onun qardaşı Cebin mövqeyindən asılı olacaq. Əgər kiçik Buş və ya onun qardaşı Ceb impiçmenti dəstəkləsə, onda bu, Trampın siyasi karyerasının sonu demək olacaq. Bütün hallarda hadisələrin gedişi göstərir ki, prezident Trampın impiçmenti məsələsinin baş tutub-tutmamasından asılı olmayaraq onun nüfuzu əhali arasında aşağı düşməkdə davam edir. Bütün bunlar isə Trampın növbəti dəfə prezident seçilməsinin heç də asan olmayacağını göstərir.

Əziz Mustafa

Mediainfo.az