ABŞ-İran müharibəsi başlayacaqmı?

ABŞ-İran müharibəsi başlayacaqmı?

24 May 09:16
304
Bəyəndim (0) Bəyənmədim (0)

Donald Trampın prezident seçilməsindən sonra ABŞ-ın dünyanın müxtəlif bölgələrində, o cümlədən Avropada həyata keçirdiyi ziddiyyətli siyasət və qalmaqallar beynəlxalq aləmin başağrısına çevrilib. Hər hansı bir ölkəyə münasibətdə qalmaqallı açıqlamaları ilə yadda qalan Donald Tramp Çinlə, Avropa İttifaqı, Şimali Koreya, Rusiya və digər ölkələrlə münasibətləri gərginləşdirməkdə davam edir. Bu baxımdan Donald Trampın İranla bağlı münasibətləri daha da gərginləirmək siyasəti Yaxın Şərqdə yeni münaqişə ocağının yaranması təhlükəsini əmələ gətirməkdədir. Xüsusi ilə Hörmüz körfəzinə yeni hərbi aviasiya daşıyıcı gəmiləri göndərməkdə davam edən ABŞ bununla da İrana qarşı faktiki olaraq elan olunmamış müharibə aparmaqdadır. Demək olar ki, hər gün ABŞ-dakı yüksək səviyyəli dövlət rəsmilərindən hansısa biri İranı hədələyən açıqlamalar verməkdədir. Bu isə tərələr arasında kəskin əsəb savaşının getməsinə yol açıb. ABŞ rəsmilərinin hədələrinə İran tərəfi də rəsmi şəkildə olduqca sərt reaksiya verməkdədir. Bunu İran İnqilab Keşikçilərinin sədr müavini Məhəmməd Saleh Cokarın açıqlaması da sübut etməkdədir. İran rəsmisi bəyan edib ki, İranın qısamənzilli raketləri asanlıqla İran körfəzindəki döyüş gəmilərini vura bilər.Məhəmməd Saleh Cokarın bu sözləri Birləşmiş Ştatlarla gərginliyin artdığı vaxta təsadüf edib. Cokar eyni zamanda ABŞ-a xəbərdarlıq edərək deyib ki, ABŞ İranı məğlub edə bilməz və müharibə başlasa bu, ona olduqca baha başa gələcək. Onun fikrincə bölgədə müharibənin başlaması dünyanın neft bazarında gərginliyə və qiymətlərin fantastik həcmdə artmasına gətirib çıxaracaq. Cokar deyib ki, ABŞ-ın İrana hücumundan dünyanın bütün ölkələri zərər görəcək və onun nəticələri Vyetnam müharibəsində olduğundan daha dəhşətli olacaq. İran rəsmisinin bu açıqlaması Xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın dünyanın qüdrətli dövlətləri ilə əldə etdiyi nüvə razılığını qorumaq üçün diplomatik səylər apardığı vaxta təsadüf edib. Zərif Çinə səfəri zamanı dünya liderlərini tənqid edərək, nüvə razılığını qoruyub saxlamaq üçün "dəstək bəyanatlarının" kifayət olmadığını söyləyib. Zərif dünya liderlərinə xatırladıb ki, Hörmüz körfəzi dünyanın ən strateji su yollarından biridir. O, məsələ ilə bağlı İranın rəsmi xəbər agentliyi IRNA-ya açıqlamasında: "Əgər beynəlxalq ictimaiyyət bu razılığın dəyərli bir uğur olduğunu düşünürsə, İran kimi praktiki addımlar atmalıdır. Praktiki addımların hansı məna kəsb etdiyi tam açıqdır: İranla iqtisadi münasibətlər normallaşdırılmalıdır",-deyib.

Öz növbəsində Çin də ABŞ-ın İrana qarşı hücumunun əleyhinə çıxıb. Məsələ ilə bağlı Zəriflə görüşündə Çinin Dövlət müşaviri və Xarici işlər naziri Vanq Yi deyib ki, Çin ABŞ-ın İrana təktərəfli sanksiyalar tətbiq etməsinə qarşı çıxır. Vanq iki ölkənin əhatəli strateji əməkdaş olduğunu, mövcud beynəlxalq və regional şərtlərin sürətlə dəyişdiyi zamanda İran və Çinin koordinasiyasının gücləndirilməsinin vacibliyini dilə gətirib: "İranın mövcud vəziyyətini və narahatlıqlarını anlayır, öz maraqlarını qorunmasını dəstəkləyirik. Mövcud zərərverici faktorları aradan qaldırmaq və İranın nüvə razılaşmasının tətbiqində iştirak etmək üçün Tehran hökuməti ilə birlikdə işləməyə ümid edirik".

İranın Xarici işlər naziri isə öz növbəsində nüvə razılaşması böhranının məsuliyyətinin Tehranda olmadığını, ölkəsinin razılaşmadan çıxmaq istəmədiyini dilə gətirib.

ABŞ-İran münasibətlərində gərginliyin hər gün artdığı bir vaxtda diqqəti cəlb edən bir məqam da Trampın bir müddət əvvəl Şimali Koreyaya münasibətdə olduğu kimi manevr edərək guya danışıqlara hazır olduğunu bəyan etməsidir. Bunun üçün Tramp İranın ona rəsmi şəkildə zəng etməsini gözlədiyini də bəyan edib. Lakin ABŞ-ın hər gün bölgəyə yeni hərbi gəmilər göndərilməsini davam etdirdiyi bir vaxtda İranda Trampın sözlrinə inanmırlar. Bunu iranlı general Rəsul Sənaeiradın açıqlaması da sübut edir. Rəsul Sənaeirad deyib ki, danışıqlar aparan zaman sanksiya tətbiq etmək birinə silah çəkib, ondan dostluq tələb etməyə bənzəyir.

Belə bir vəziyyətdə isə beynəlxalq aləmdə ABŞ-ın İrana qarşı müharibə başlaya bilib–bilməyəcəyi barədə müxtəlif ehtimallar irəli sürülməkdədir. Bununla bağlı gazeta.ru-nun yazdığına görə, İran və ABŞ qarşıdurması son zamanlar ən yüksək nöqtəyə çatıb və bu da bölgədə müharibə başlaması risqini hər gün daha da artırmaqdadır. Lakin hazırki vəziyyətdə o da aydındır ki, ABŞ-ın bölgədə olan hərbi gücləri İrana qarşı müharibənin başladılması üçün yetərli deyil. Məhz bu amili ABŞ-da da yaxşı anlayırlar və ona görə indiki vəziyyətdə müharibənin başlaması faktiki baxımdan inandırıcı təsir bağışlamır. Yeri gəlmişkən onu da deyək ki, İranın özündə də yaxın vaxtlarda iki ölkə arasında müharibə başlaya biləcəyinə inanmırlar. Bunu İranın Ali dini lideri Ayətullah Seyid Əli Xameneinin açıqlaması da sübut etməkdədir. Xamenei rəsmi şəkildə Tehranda bəyan edib ki, ABŞ-la İran arasında gərginliyin yaranmasına baxmayaraq, hər hansı müharibə ehtimalinı istisna edir. O eyni zamanda Trampın danışıqlara başladılması və İranın bu məqsədlə Vaşinqtona zəng etməsi barədə dediklərinə də münasibət bildirib. Xamenei rəsmi Vaşinqtonla hər hansı danışıqların mümkünlüyünü də istisna edib və bildirib ki, Vaşinqton İran xalqına qarşı düşmən mövqeyində olduğu müddətdə belə danışıqların olması mümkün deyil: "ABŞ-ın bu gün istədiyi İranın müdafiə gücünü və ya regional strateji maraqlarını azaltmaqdır", - deyə ölkənin idarəedici, qanunverisi və məhkəmə sistemlərinin rəhbərləri, eləcə də digər yüksək rütbəli məmurlarla görüşən Xamenei bildirib.

Dini liderin sözlərinə görə, ABŞ-la İran arasında istənilən qarşıdurma iradələr qarşıdurması olacaq və heç bir müharibə olmayacaq: "İran xalqı üçün yeganə yol ABŞ-a müqavimət ola bilər və bu müqavimət qarşısında ABŞ geri çəkilməli olacaq. Həm biz, həm də onlar bilir ki, müharibə onların maraqlarına uyğun deyil".

Lakin İran-ABŞ münasibətlərinin kəskinləşməsində və bölgədə müharibə təhlükəsinin artmasında digər amillər də mövcuddur. Bu da ABŞ-ın bölgədəki əsas müttəfiqləri olan Səudiyyə Ərəbistanı və İsrail amili ilə bağlıdır. İsrail və Səudiyyə Ərəbistanı ABŞ-İran müharibəsinin başladılmasını arzulayan və bunun üçün Vaşinqtonu qarşı tərəfə hücuma təhrik edən ölkələr hesab edilirlər. Üstəlik ABŞ-da yəhudi lobbisinin Tramp üzərində güclü təsirə malik olması faktını da unutmaq olmaz. Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq oraya öz səfirliyini köçürməsində də məhz yəhudi lobbisinin təzyiqi və təsiri aydın hiss edilir. Eyni sözləri İsrail tərəfindən işğal edilən Colan təpələri haqqında da demək olar. Suriyaya məxsus Colan təpələrinin İsrailə aid olduğunu deməklə Tramp beynəlxalq hüquq normalarına məhəl qoymadığını bir daha təsdiq etmiş oldu. İrana qarşı müharibə təhlükəsi risqini artıran digər bir amil də Tehranın nüvə silahına malik ola bilməsi ilə bağlıdır. Bu amil yuxarıda da qeyd etdiyimiz kimi Səudiyyə Ərəbistanını və İsrailin əlinə ABŞ-ı İrana hücum etməyə təhrik etmək üçün əlavə bəhanə verir. Buna görə də ABŞ və müttəfiqlərinin əsas hərbi-texniki hədəfi İranın Yaxın və Orta Şərqdəki rolunu kəskin zəiflətmək, bölgə lideri kimi siyasi səhnədən uzaqlaşdırmaq və Tehranı nüvə silahına yiyələnmək imkanından məhrum etməkdir. Yenə də ABŞ-ın bütün hallarda İranla müharibəyə başlaya bilib-bilməyəcəyi şübhə doğurur. İstənilən halda Trampın özü üçün də müharibənin başladılması məqsədəuyğun görünmür.Çünki belə bir müharibədə qalibin kim olub –olmayacağından asılı olmayaraq onun dünyaya hansı fəlakətlər gətirə biləcəyini öncədən söyləmək çətindir. Yəni İran üzərində qələbə belə ABŞ üçün sonun yaxınlaşması demək ola bilər.

Digər tərəfdən də hazırda ABŞ-a müttəfiqləri tərəfindən də İranla müharibə başladılmaması üçün təzyiqlər var. Bunu NATO üzrə ABŞ-ın ən böyük müttəfiqlərindən olan Almaniyanın simasında da aydın görmək olar. Məsələyə münasibət bildirən Almaniya Federativ Respublikasının (AFR) xarici işlər naziri Hayko Mas "Bild am Sonntaq" qəzetinə verdiyi müsahibədə bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) və İran arasında münaqişənin kəskinləşməsi beynəlxalq səviyyədə Yaxın Şərqdə situasiyanın gərginləşməsi səbəbilə, narahatlıq doğurur. Onun sözlərinə görə, Almaniya avropalı həmkarları ilə birlikdə tədbirlər görməlidir ki, silahlı toqquşmanın qarşısını almaq mümkün olsun.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian isə "müharibə spiralı" təhlükəsi barədə xəbərdarlıq edib və məsuliyyəti Vaşinqtonun üzərinə qoyub.

Onu da deyək ki, ABŞ Dövlət Katibi Mayk Pompeo ilə görüşdə Britaniya, Fransa və Almaniya İranla nüvə sazişinə dəstək ifadə edib, eyni zamanda, İran körfəzində yaranan hərbi gərginliklər və Vaşinqtonun İran iqtisadiyyatını çökdürməsi barədə xəbərdarlıq ediblər. Britaniya xarici işlər naziri Ceremi Hant görüşdə tərəfləri sakitliyə çağırıb: "Biz təsadüfən konfliktin baş verəcəyi, bilməzdən hansısa tərəfin eskalasiyaya rəvac verəcəyi riskindən çox narahatıq".

Almaniya xarici işlər naziri Heyko Maas Berlinin "nüvə sazişinə İranın atom bombasına malik olmamasının əsası" kimi baxdığını söyləyib və bunun Avropanın təhlükəsizliyi üçün "həyati əhəmiyyət" daşıdığını vurğulayıb.

İspaniya isə ABŞ-ın İrana qarşı avantürasına qatılmaqdan imtina edərək öz freqatını Vaşinqtonun anti-İran missiyası üçün hərəkətə keçirdiyi ABŞ Hərbi Dəniz Donanmasının "Avraam Linkoln" avia-daşıyıcısının başçılıq etdiyi döyüş qrupundan müvəqqəti olaraq çıxarıb. Bütün bunlar da təbii ki, ABŞ-ı narahat etməyə bilməz. Çünki istənilən halda ABŞ-ın Əfqanıstanda, Suriyada və İraqda olduğu kimi öz müttəfiqlərinin köməyinə ehtiyacı var. Belə bir vəziyyətdə ABŞ-ın İrana hücum edə bilib bilməyəcəyini isə proqnozlaşdırmaq heç də asan deyil...

Emin Axund

Mediainfo.az