Con Lennonun qatili onu çox sevirdi

Con Lennonun qatili onu çox sevirdi

16 Fevral 2012 11:07
Bəyəndim (0) Bəyənmədim (0)
Hər nəslin sevimlisi "Bitlz " haqda həqiqətlər

CAVABSIZ SUALLAR

Ötən əsrin 60-70-ci illərində bütün dünyanı heyrətə gətirmiş "Bitlz" qrupu haqqında yəqin ki, çox eşitmişsiniz. Bəli, bu, həmin kvartetdir ki, hələ də ecazkar musiqiləri milyonlarla insanın zövqünü oxşayır. Bugünkü yazıda biz populyar qrupun yaradıcılıq fəaliyyətindən söhbət açmayacağıq. "Bitlz"ın əfsanəvi üzvlərindən biri olan Con Lennonun müəmmalı qətlindən danışacağıq. Daha doğrusu, bu terror hadisəsinin real səbəblərini araşdırmağa çalışacağıq. Çünki bildiyiniz kimi, Con Lennonu onun fanatı olan Mark Çempmen adlı şəxs qətlə yetirib. Maraqlıdır, görəsən, adi bir vətəndaşı bu qatı cinayəti törətməyə nə vadar etmişdi? Axı heç kimə sirr deyil ki, Mark Çempmen əqidəli bir dindar idi? Digər tərəfdən, o, Con Lennonun fanatı olduğu halda nə səbəbə belə bir radikal addımı atmışdı? Nə üçün terrorist törətdiyi cinayətdən sonra qaçıb gizlənmək əvəzinə hadisə yerində qalıb kitab oxuyurdu? Suallar çoxdur. Gəlin bu müəmmalara aydınlıq gətirmək üçün məsələni tam təfərrüatı ilə araşdıraq.

TƏXİRƏ SALINMIŞ APELLYASİYA

2002-ci ilin sentyabr ayında ABŞ-ın aylıq musiqi jurnalı olan "Blender"də qəribə bir siyahı dərc olunmuşdu. "Rokun 25 ən əclaf adamı" adlı bu siyahıya Mark Çempmen başçılıq edirdi. Yazıda bildirilirdi ki, Con Lennonun qatili hal-hazırda xeyli qocalıb və izafi çəkidən (köklükdən) əziyyət çəkir. O, artıq 4-cü dəfədir əfv olunması barəsində məhkəməyə müraciət edib. Lakin hər dəfə mərhumun həyat yoldaşı və övladlarının son sözü bu işdə həlledici olub. Con Lennonun arvadı Yoko Ono yazılı izahatında bildirib ki, ərinin qatili azadlığa çıxarsa, o özünün, eyni zamanda Şon və Culiyan adlı övladlarının həyatını təhlükədə hiss edəcək. Məhz bu səbəbdən hər dəfə terroristin azadlığa çıxması məsələsi qeyri-müəyyən vaxta təxirə salınıb. Əslində isə, bu, qatilin özü üçün təhlükəli olardı. Belə ki, mərhum müğənninin fanatları onun qatilini öldürəcəklərini dəfələrlə bəyan etmişdilər.

XEYİRLƏ ŞƏRİN ƏBƏDİ MÜBARİZƏSİ

Mark Çempmen 1955-ci ilin oktyabr ayında Atlanta şəhərində bank işçisi ailəsində anadan olub. O, uşaqlıqdan bəri nümunəvi təlim-tərbiyəsinə görə hamıdan seçilirdi. Heç təsadüfi deyil ki, Mark Çempmen bədii qiraəti çox sevirdi. Bu həvəs onu tezliklə "Bibliya" ilə tanış etdi. Balaca Mark oxuya biləndən bəri özü ilə bu müqəddəs kitabı gəzdirməyə başladı. Belə ki, Tanrıya məhəbbət hissi onun qəlbində dərin kök salmışdı. 1971-ci ildə 16 yaşlı Mark Çempmen "Xristian Gənclər Birliyi" təşkilatına qəbul olundu. Bu təşkilatın tərkibində o, humanitar missiya ilə Livana səyahət etdi. Oradakı gənclərlə xristian dəyərləri barədə təbliğat apardı. Bir sözlə, o, mənəvi cəhətdən saf bir insan idi. Lakin oxumağa həvəs get-gedə onun psixikasını dəyişdirirdi. Başqa sözlə desək, hər tanış olduğu bədii ədəbiyyat onun hafizəsinə birbaşa təsir edirdi. Məhz bunun nəticəsidir ki, yazıçı Selincerin qələmə aldığı "Paslığa düşən uçurumun astanasında" povestini oxuduqdan sonra o, xeyli müddət özünə gələ bilmədi. Mark Çempmen çox sonralar etiraf edəcəkdi ki, özünü əsərin baş qəhrəmanı timsalında görürdü. Nəzərinizə çatdıraq ki, baş qəhrəman həyatda özünü tapa bilməyən, şəxsiyyətsizlik kompleksindən əziyyət çəkən çılğın bir yeniyetmə idi. Belə çıxır ki, Mark Çempmen dinlə məşğul olsa da, şəxsiyyəti ikiləşmişdi. Yəni onun daxilində daim xeyirlə şərin mübarizəsi gedirdi. Doğrudur, bu qızğın mübarizədə ilk vaxtlar mələk şeytana qalib gəlsə də, povesti oxuduqdan sonra bunun tam əksi baş verdi. Bu isə Mark Çempmenin psixi cəhətdən depressiya vəziyyətinə düşməsində təzahür olundu.

MƏHƏBBƏTDƏN NİFRƏTƏ DOĞRU

Bir müddət özünə qapılan Mark Çempmen get-gedə dəyişirdi. O, fanatı olduğu Con Lennona bənzəməyə başlamışdı. Daha doğrusu, ona oxşamağa can atırdı. "Bitlz" qrupunun solisti kimi saç uzadır, onun kimi hərəkət etməyə çalışırdı. Mark Çempmen gitarada səlist çalmağa cəhd göstərir, Con Lennonun mahnılarında təbliğ etdiyi fəlsəfəyə yiyələnirdi. Çox keçmədən dinlədiyi mahnıların sözləri onun psixikasına pis təsir etdi. Belə ki, mətnlərdə mövcud həyat tərzi tənqid olunur, məzlum insanların uğursuzluğa düçar olunacaqları qeyd edilirdi. Cəmiyyətdə heç bir arxa-dayağı olmayan Mark Çempmen də məzlumlardan biri sayılırdı. O dərk edirdi ki, ABŞ reallığında heç bir nailiyyət əldə edə bilməyəcək, çünki zəiflər həmişə güclülər tərəfindən əzilir. Pulsuz, kimsəsiz, perspektivsiz olması tezliklə Mark Çempmendə özünə qarşı nifrət oyatdı. O, ağır depressiyaya düçar olduğundan psixiatra müraciət etmək məcburiyyətində qaldı. Həkim onun psixi cəhətdən sağlam olduğunu söyləsə də, "depressiv nevroz" diaqnozunu qoydu və buna səbəb kimi özünə qapılmasını göstərdi. Tibbi dildə buna "İdentimaniya" deyilir. İdentimaniya o deməkdir ki, xəstə xəyallarında canlandırdığı və ya fanatı olduğu kumiri kimi olmağa çalışır. Bu isə şəxsiyyətin ikiləşməsinə gətirib çıxarır. Mark Çempmen get-gedə özünü oxşarı kimi hiss etməyə başlayırdı. O, ilk vaxtlar kumirinin fəlsəfəsini olduğu kimi qəbul etsə də, sonradan Con Lennonla razılaşmadı. Mark Çempmenə elə gəldi ki, o, "Bitlz"ın solistindən daha çox bilir. Məhz elə buna görə də, günlərin bir günü o, oxşarını aradan götürmək barədə düşündü.

HAŞİYƏ

Ümumiyyətlə, "Bitlz"ın solisti Con Lennon ABŞ dövləti tərəfindən kəskin tənqidlərə məruz qalırdı. Buna səbəb mahnıların mətni idi. "Hakimiyyət xalqa" və "Ana, mən əsgər olmaq istəmirəm" adlı mahnılar bütün dövlət orqanlarını narahat etmişdi. Çünki o dövrlər ABŞ-la SSRİ arasında soyuq müharibə şəraiti hökm sürürdü və tanınmış adam tərəfindən deyilən hər kəlmə rəqibin xeyrinə təbliğat xarakteri daşıyırdı. Con Lennonun mahnıları da bu baxımdan ABŞ-ın mənafelərinə zidd sayılırdı. Ona görə də Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları müğənnini çək-çevirə saldılar. Nəticədə, 1975-1979-cu illər ərzində müğənni öz yaradıcılıq fəaliyyətini müvəqqəti dondurmalı oldu. Onun bu addımı çoxlarını təəccübləndirdiyi kimi Mark Çempmeni də özündən çıxardı. "İdentimaniya" xəstəliyindən əziyyət çəkən bu insan Con Lennonu ideallara xəyanətdə ittiham etdi.

DƏLİ ŞEYTANIN "FAYDALI" MƏSLƏHƏTLƏRİ

Sərrast atıcı olan Mark Çempmen iki yol ayrıcında qalmışdı. Bir tərəfdən dini əqidəsi ona kimisə öldürməyə imkan vermirdi. Digər tərəfdən isə o, "xəyanətkar" "oxşarını" aradan götürmək fikri ilə alışıb yanırdı. Daxili ziddiyyəti onun Havay adalarına köçməsinə səbəb oldu. Mark Çempmen zənn edirdi ki, Qonolulu turistik şəhərində o, bütün dərd-sərini unudacaq və Con Lennon kabusundan birdəfəlik canını qurtaracaq. Lakin elə olmadı. Mənəvi sarsıntıları daha da artan Mark Çempmen özünə qəsdə cəhd etdi. Bundan sonra o, bir kurs da psixi müalicə almaq məcburiyyətində qaldı. Həkimlər ona səyahətə çıxmağı məsləhət gördülər. 1978-ci ildə Mark Çempmen Tokio, Sinqapur, Tel-Əviv, Paris, Londonu ziyarət etdi. Bu gəzinti ona hüzur gətirsə də, mənəvi rahatlığın ömrü uzun sürmədi. Çox sonralar Mark Çempmen etiraf edəcəkdi ki, həmin ərəfədə onun gözünə cırtdan insanlar görünürdü. Bu insanlar onu rahat buraxmırdılar. Daha doğrusu, qeyri-adi tövsiyələri ilə yoldan çıxarmağa çalışırdılar.

SON CƏHD

1979-cu ildə Mark Çempmen daxili təzadlarına son qoymaq üçün ailə qurdu. Qeyd edək ki, o da kumiri Con Lennon kimi Yapon mənşəli qadınla evləndi. Göründüyü kimi, "İdentimaniya" xəstəliyi hələ də ondan əl çəkməmişdi. İlk baxışdan hər şey öz qaydasında gedirdi. Lakin günlər ötdükcə Mark Çempmeni, xəyanətkar və qorxaq zənn etdiyi oxşarının mövcudluğu qıcıqlandırmağa başlayırdı. Halbuki, bir zamanlar o özü bu insana oxşamağa çalışırdı.

1980-Cİ İLİN 23 OKTYABR GÜNÜ

Məlum qətl hadisəsinə nə az, nə çox, düz 47 sutka qalırdı. Mark Çempmenin iş masasının üstündə Con Lennon kəlməsi yazılmış böyük bir kağız parçası var idi. O, qələm götürüb, kağıza xaç çəkdi. Sonra növbətçilik vərəqindəki adlarını da qaraladı. Xatırladaq ki, Mark Çempmenin adı bu sənəddə Con Lennon kimi qeyd olunurdu. Beləliklə, o, müğənninin ölüm hökmünü çıxarmış oldu. 27 oktyabr günü Mark yaşadığı Qonolulu şəhərindəki mağazadan qanuni əsaslarla silah aldı. Lakin nədənsə patronları almağı unutdu. Həmin axşam o, vətəni Atlantaya yola düşdü və gözlənilmədən intihar etmək istədi. Son anda ölümdən qorxduğu üçün fikrindən daşındı. Sanki ağır bir yük onun çiynindən götürülmüş oldu. Mark Çempmen Tanrı tərəfindən hifz olunduğunu iddia edərək, düz yolda olduğu qənaətinə gəldi. Hətta arvadına zəng vurub, onunla bu barədə düşüncələrini də bölüşdü. Daha sonra o, Qonoluluya qayıtdı. Dekabr ayına qədər ailəsinin yanında qalıb, təyyarə ilə Nyu-Yorka uçdu. Burada patronlar alıb, məkrli planının son mərhələsinin hazırlıqlarını gördü.

QANLI CİNAYƏT HADİSƏSİ

8 dekabr günü səhərdən axşama qədər Mark Çempmen gələcək qurbanının evi qarşısında oldu. O, burada təsadüfən Pol Qoriş adlı fotoqrafla tanış oldu. Ondan xahiş etdi ki, Con Lennondan avtoqraf alarkən şəkillərini çəksin. Təxminən 16:30 radələrində Con Lennon limuzini ilə həyətə daxil oldu. "Əzrayıl"ına "Double Fantasy" adlı yeni diskinin yazılı nüsxəsini hədiyyə etdi. Səkkiz saatdan sonra isə o, həmin adam tərəfindən amansızcasına öldürüldü. Daha doğrusu, Con Lennon yaşadığı binaya daxil olmaq istəyərkən kimsə onu arxadan səslədi. O, geri çevrildikdə, dalbadal atılmış 4 güllə ilə qətlə yetirildi. Qatil Mark Çempmen hadisə yerindən qaçmaq əvəzinə tapançasını yerə atıb, paltosunu çıxardı. Cibində gizlətdiyi "Paslığa düşən uçurumun astanasında" kitabını çıxarıb, polislər gələnədək oxumağa başladı. Şahidlərin dediklərinə görə, o, bu zaman dərindən köks ötürüb, dodaqaltı gülümsəyirdi. Sanki həyati missiyasını yerinə yetiribmiş kimi son dərəcə məmnun görünürdü.

ÖMÜRLÜK HƏBS CƏZASI

Məhkəmə zamanı Mark Çempmen vəkillərin sözlərini qulaqardına vurdu. Halbuki, ona hər şeyi etiraf etməklə yanaşı dəli olduğunu bildirmək də tapşırılmışdı. O isə bunu etmək əvəzinə törətdiyi cinayəti boynuna almaqla kifayətləndi. Sonda onun barəsində ömürlük həbs cəzası hökmü çıxarıldı.

FAKT BARƏSİNDƏ MÜLAHİZƏLƏR

Məlum hadisədən təxminən 32 il ötüb. Ancaq hələ də cinayət barəsində ehtimallar müxtəlifdir. Bəziləri iddia edirlər ki, Con Lennonun qətlini ABŞ rəsmiləri sifariş vermişlər. Əgər elədirsə, bəs onda onlar psixi cəhətdən anormal insanı öz tərəflərinə necə çəkə biliblər? İkincisi, axı Con Lennon 1979-cu ildə bir daha siyasətə qarışmayacağına söz vermişdi? Belə olan halda onun ölümü kimə lazım ola bilərdi? Və nəhayət, nə əcəb indiyə kimi iz itirilməyib, yəni Mark Çempmen aradan götürülməyib? Axı o, istənilən an çox şeylərin üstünü aça bilər? Göründüyü kimi, cinayəti müxtəlif yerlərə yozmaq absurddur. Deməli, yeganə səbəb Mark Çempmen adlı şəxsin psixi çatışmazlığı olub.

SON SÖZ ƏVƏZİ:

Heç kimə sirr deyil ki, sadə vətəndaşlar tanınmış şəxslərə fanatlıq edirlər. Bu, əndazədə olduqda normal haldır. Lakin nə yazıq ki, bəzən eybəcərliklərin də şahidi oluruq. Məsələn, türk müğənnisi Əmrah buraya gələrkən bəzi qızların çıxardıqları oyunlar hamımıza məlumdur. İlk baxışdan bayağı görünən bu mənzərənin arxasında böyük bir problem gizlənir. Həmin psixoloji problem insanları şəxsiyyətin ikiləşməsi və ya "İdentimaniya" xəstəliyinə gətirib çıxara bilər. Odur ki, hisslərinizi şüurunuzla idarə etməyə çalışın. Əks halda, o, şurunuzu idarə edəcək. Bununsa acı nəticəsini məqaləni oxuyarkən gördünüz...

Könül Aypara

O.M.