ARAŞDIRMA-Bütün dinlərin vahid ibadət məbədi

ARAŞDIRMA-Bütün dinlərin vahid ibadət məbədi

5 Yanvar 2012 18:08
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycandakı ümumbəşəri məbədin daşları min illərdir qoyulur

XXI ƏSRİN REALLIĞI

Dünya XXI əsrdə bir çox bəlalarla üz-üzə qalmışdır. Terrorizm, ekstremizm, separatizm bu bəlaların müxtəlif növləridir. Məsələyə dərindən nüfuz etdikdə aydın olur ki, problemlərin kökündə dini dözümsüzlük, ictimai aqressiya durur. Bu gün bütün dünya yaranmış vəziyyətdən çıxış yolları axtarışındadır. Lakin nə qədər qəribə səslənsə də, şərq və qərb mənəviyyatı həll yollarını müxtəlif cür görür. Bu isə minilliklərlə formalaşan dini, milli, əxlaqi dəyərlərin müxtəlifliyindən irəli gəlir. Nəticədə problem öz köklü həllini tapa bilmir. Halbuki bütün cəmiyyətləri eyni dərəcədə qane edə biləcək həll yolları vardır. Bu tolerantlıq, dini dözümlülük və qarşılıqlı əməkdaşlıqdır. Söhbət terroristlərlə bir masaya oturub onların tələblərini dinləməkdən getmir. Məsələnin mahiyyətində terroru, ayrı-seçkiliyi yaradan şəraitin ortadan qaldırılması durur. Bu isə mümkündür və vacibdir. Bunun üçün Azərbaycan reallıqlarına nəzər salmaq kifayətdir.

TOLERANTLIQDAN DİNİ ƏMƏKDAŞLIĞA

Heç kimə sirr deyil ki, Azərbaycanda nəinki dinlər arasında tolerantlıq, dözümlülük şəraiti mövcuddur, hətta dinlərarası dialoq və əməkdaşlıq da yüksək səviyyədədir. Tarixdən gələn gözəl ənənə bu gün də ölkə rəhbərliyi tərəfindən stimullaşdırılır. Bakıda "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda keçirilən iki günlük beynəlxalq konfrans dinə dövlət qayğısının və cəmiyyətin sosial sifarişinin bariz nümunəsidir. Tədbirin adından, miqyasından, iştirakçıların nüfuzundan bəlli olur ki, hazırda bütün dünya Azərbaycandakı tolerantlığı rəğbətlə qarşılayır, unikal model kimi səciyyələndirir. Beynəlxalq konfransda bir-birinə zidd siyasət yürüdən ölkələrin yüksək nüfuzlu nümayəndələrinin bir araya gəlmələri bütün dünyada Azərbaycanın önəmini bir daha vurğulayır. Bəli, çoxmillətli, çoxdinli Azərbaycanda dinlər məhsuldar şəkildə əməkdaşlıq edirlər. Bunu ölkəmizdə fəaliyyət göstərən Bakı-Xəzəryanı Yeparxiyanın rəhbəri Aleksandr, Dağ yəhudilərinin dini rəhbəri Semyon İxiilov, digər dini konfesiyaların rəhbərləri, o cümlədən əcnəbi nümayəndələr dəfələrlə öz çıxışlarında qeyd ediblər. Bəs görəsən, şərq-qərb mədəniyyətlərinin mərkəzində dayanan ölkəmizdə bu cür hüzurlu ortamın təşəkkül tapmasına səbəb nədir, bizim cəmiyyət bu birliyə necə nail olmuşdur? Bu sual sosioloqları, politoloqları, futroloqları, arxeoloqları və digər elm mütəxəssislərini düşündürməkdədir.

ZƏNGİN MİLLİ İRS

Cəmiyyətimizə, onun tarixi təkamül yoluna yaxından bələd olanlar bilirlər ki, sualın cavabı çox sadədir. Azərbaycan xalqı minilliklərdən gələn zəngin milli-mənəvi dəyərlərə malikdir. Bu dəyərləri formalaşdıran xalqımızın tarixi kökləri, milli qaynaqlarıdır. Belə ki, bayrağımızda və gerbimizdə yer alan səkkizguşəli simvol bizim zəngin genofondumuzdan xəbər verir. Başqa sözlə desək, xalqımız müxtəlif etnik kökləri özündə ehtiva edən, bu zənginlikləri qoruyub saxlayan nadir xalqlardan biridir. Cəmiyyətimizdəki tolerantlığın əsasında da məhz bu zənginliklər durur. Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amili də böyük rol oynamışdır. Tarix boyu Azərbaycanda yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşmüş və yaranmış şərait onları dünyagörüşlərindəki fərqlərə baxmayaraq, yaxınlaşmağa vadar etmişdir.

MÜSTƏQİLLİYİN İLK İLLƏRİ

Sovet İttifaqının dağılması regionda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Bu proseslərin nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı əsl dini etiqad azadlığı da əldə etdilər. Azərbaycandakı mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni minlərlə dinc sakinin ölümünə və bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb olan erməni təcavüzü yaradırdı. Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsi dini zəmində baş verməsə də, Ermənistanın dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri olmuşdu. Barışmaz erməni separatizminin ideoloqları hər imkandan istifadə edərək, Qərbə və Rusiyaya belə bir mif təlqin etməyə çalışırdılar ki, guya Azərbaycandan "islam təhlükəsi" gözlənilir. Digər tərəfdən, Azərbaycanda anti-müharibə və hətta ermənipərəst meyllərin yayılması üçün bəzi qüvvələr respublikanın müsəlman əhalisinin xristianlaşdırılmasından istifadə edirdilər. Şübhəsiz ki, belə hərəkətlər dinlərarası dialoqun möhkəmlənməsinə xidmət etmirdi. Lakin bu hadisələr respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə həlledici mənfi təsir göstərə bilmədi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər daha da yaxşılaşdı.

BƏRPA OLUNAN ƏDALƏT

Şübhəsiz ki, dözümlülük ruhunun qorunub saxlanılmasında müsəlman ruhanilərinin də müəyyən xidmətləri var. Müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı dövlət respublikada yayılmış digər dinlərə də qayğı göstərir. Belə ki, 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilmişdir. Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir. Açılış mərasimində sabiq prezident - Ulu Öndər Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların başçıları iştirak etmişlər. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi-Müqəddəs Məryəmin Miladı baş kilsəsi bərpa olunmuşdur. Polşalı keşiş Yerji Pilyusun səyləri nəticəsində qeydiyyatdan keçən respublikanın katolik icması da hakimiyyətin qayğısından kənarda qalmır. İlk iclaslar dindarların mənzillərində keçirilirdi, 2000-ci ildə isə bu məqsədlər üçün bina alınmış və o kiçik kilsəyə çevrilmişdi. Katolik icmasında Vatikanın təyin etdiyi iki keşiş xidmət göstərir, ibadətlər bazar və dini bayram günləri yerinə yetirilir. Hal-hazırda respublikanın paytaxtında layihəsi Vatikan ilə razılaşdırılan katolik kilsə inşa olunur. Öz xarici görkəminə görə o, əvvəllər Bakıda olan katolik kilsəsinə bənzəyəcək.

ANTİSEMİTİZMƏ YOX

Respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də Azərbaycan hökumətinin qayğısı ilə əhatə olunur. Təkcə onu qeyd etmək kifayətdir ki, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ibrani bölməsi açılmış, Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutu isə Rusiyanın yəhudi mədəniyyətinin qorunması və inkişafı fondu ilə birgə "Yəhudilər Azərbaycanda" kitabının hazırlanmasına başlanmışdır. Bundan başqa, 2001-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasında "Qafqazın dağ yəhudiləri" mövzusunda beynəlxalq seminar keçirilmiş, 2000-ci ilin sonunda isə dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov "Şöhrət" ordeni ilə təltif olunmuşdur. 1990-cı ildən respublikada "Azərbaycan-İsrail" dostluq cəmiyyəti, habelə "Soxnut" cəmiyyəti fəaliyyət göstərir. Yəhudi bayramlarında qəzetlərdə respublikanın yəhudi icmalarının tanınmış nümayəndələri ilə müsahibələr dərc olunur. Bakıda nəzəriyyəçi-fizik, Nobel mükafatı laureatı Lev Landau, respublikanın əməkdar həkimi Solomon Qusman, müharibə qəhrəmanı Albert Aqarunov, dünya şöhrətli musiqişünas Vyaçeslav Rastropoviç və digər tanınmış yəhudi şəxsiyyətlərinin yaşadıqları binalarda xatirə lövhələri qorunub saxlanılıb. Azərbaycandakı yəhudilərə göstərilən ehtiramdan söhbət açarkən, "Krasnaya Sloboda" qəsəbəsini də qeyd etmək lazımdır. Bura keçmiş sovetlər məkanında yəhudilərin yığcam yaşadığı, yeganə yerlərdən biridir (4 min nəfərə qədər). Azərbaycanda sovet hakimiyyətinin qurulmasına qədər qəsəbədə 11 sinaqoq var idi. Sovet dövründə onlardan yalnız bir sinaqoq fəaliyyət göstərirdi. 1996-cı ildən sonra dövlət tərəfindən daha iki sinaqoq əhaliyə qaytarılmışdı. 2001-ci ilin oktyabr ayında Azərbaycanın hökumət nümayəndələrinin və dünyanın bir çox ölkələrindən gələn qonaqların iştirakı ilə ikimərtəbəli, altıgümbəzli sinaqoqun bərpasına həsr olunmuş təntənəli mərasim keçirilmişdi. Azərbaycanda antisemitizmə heç vaxt yer olmayıb və indi də yoxdur. Ulu Öndərimiz Heydər Əliyev 15 noyabr 1998-ci il tarixdə yəhudi icmalarının rəhbərləri ilə keçirilən görüşdə qeyd etmişdi: "Respublikada belə hadisələr baş vermir və biz onların yaranmasına heç vaxt imkan verməyəcəyik".

ULU ÖNDƏR TÖVSİYƏSİ

"İslam sivilizasiyası Qafqazda" mövzusunda Beynəlxalq simpoziumda Ulu Öndər cəmiyyətimizdə dinlərin yeri haqda demişdir: "Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar İslam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar".

TARİXİ UĞURUN MƏNTİQİ SONLUĞU

Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xaricdə yüksək qiymətləndirilmiş və tanınmışdır. Bunun bariz nümunəsi - Roma-katolik Kilsəsinin sabiq başçısı II İohan Pavelin respublikaya etdiyi tarixi səfəridir (22-24 may 2002 il). Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etmişdir. O demişdir: "Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir".

Göründüyü kimi, dini tolerantlıq Azərbaycançılıq ideyasının tərkib hissəsidir. Bu məntiqə əsaslanan ölkə rəhbərliyi daim bütün dinlərə eyni dərəcədə qayğı və diqqət göstərir. Heç təsadüfi deyil ki, ölkəmizdə dünyada analoqu olmayan "Tolerantlıq" muzeyinin açılışı nəzərdə tutulur. Bu isə başda Prezident olmaqla bütün Azərbaycan xalqının uğurudur.

Qocayev Natiq (Qocaman)

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.