İnqilab və ya çevriliş

İnqilab və ya çevriliş

23 Aprel 2011 18:33
Bəyəndim (0) Bəyənmədim (0)
Diletantlar üçün müntəxəbat

Ərəb ölkələrindəki inqilab adlandırılan siyasi proseslərə həm iqtidar, həm müxalifət nümayəndələrinin birmənalı yanaşmamağı təəccüb doğurmaya bilməz. Müxalifət nədənsə onların hamısını demokratik hesab edərək eyni dalğaların respublikamızda baş verməsini arzulayır. İqtidar isə dərhal hadisələrə mənfi münasibətini nümayiş etdirərək "Bunların bizdə baş verməsinə mane olmalıyıq!" şüarı ilə çıxış etdi. Hərçənd nədən ilk andan özünü Mübarək, Qəddafi və digər rejimlərlə müqayisə etmək lazım idi, anlamıram. Digər tərəfdən, təhlükəli hesab etdiyi məsələ ilə bağlı mübarizədə onlar demokratiyaya tərəf addım atmaqdansa, nədənsə sərt tədbirlərə üz tutaraq faktiki olaraq adıçəkilən "əbədi" liderlərlə öz oxşarlıqlarını artırmış oldular.

Yeri gəlmişkən, inqilabdan danışarkən "çevriliş" sözü yadıma düşdü. Görünür, sovet təfəkkürü hələ də bizim siyasətçilərin ağlına hökmrandır ki, "inqilab" sözü "çevriliş" sözünə nisbətən daha məqbul sayılır. Məsələn, bir əksər siyasətçilərimizə "inqilab nəticəsində hakimiyyətə gəldiniz! - desəniz, bir o qədər də inciməzlər (bəlkə də bunun bir səbəbi milli şüur tariximizdə: Şimali Azərbaycan ərazisində çevrilişlər çox olub, inqilablar isə baş verməyib. Görmədiyini ideallaşdırmaq daha asandır). Amma "Çevriliş edərək vəzifəyə gəldiniz!" ittihamı ağır təhqir kimi qəbul edilir . Halbuki Qərb düşüncəsində siyasi inqilabdan dəhşətli heç nə yoxdur.

Yuxarıda deyilənləri nəzərə alaraq, "inqilab" anlayışının, ona münasibətimizin tarixi və bu gününə bir az nəzər salmaq qərarına gəldim.

Əksər ölkələrdə rus dilindən tanış olduğu "Revolyusiya" sözü ilə eyniköklü olan terminlər qədim Roma dilindəki "revolutio" - çevriliş (maraqlı), çevrilmə sözündən əmələ gəliblər. Elmdə bu sözlə radikal, keyfiyyətcə dərin dəyişikliklər, əvvəlki prosesdən kəskin surətdə ayrılmış, qopmuş proses başa düşülür. Bəziləri bu kəskin dəyişikliyi məhz müsbət, tərəqqi istiqamətində dəyişiklik kimi qəbul edirlər. Lakin nəinki siyasi, heç bəzi elmi, sosial inqilablara da münasibət birmənalı deyil. Neolit inqilabı ilə yanaşı demoqrafik inqilab da mövcuddur ki, çətin ki kimsə bu inqilabı da müsbət dəyərləndirsin. Müasir dövrdə isə istənilən bir hadisənin əzəmətini (real yaxud güman edilən) nümayiş etdirmək üçün yeri gəldi-gəlmədi "inqilab" terminindən istifadə edilməsi ümumi qarışıqlığı və anlaşılmazlığı daha da artırır.

Sözsüz ki, şüuraltı inqilablara müsbət münasibətimizdə neçə nəsil ərzində Fransa və Rusiyadakı bolşevik inqilablarının bizə ideal bir hadisə kimi təqdim edilməsi böyük rol oynamışdı. Halbuki onların və bir çox digər inqilabların cüzi təhlili bir çox maraqlı məqamları aşkar edir:

1) Bir qayda olaraq, siyasi inqilablar qansız ötüşmür. Fransa Burjua inqilabı zamanı Parisin mərkəzi edam meydanında edam edilənlərin sayı üç-dörd kral nəslinin hakimiyyəti dövründə edam edilənlərin sayından qat-qat artıq idi. Bolşeviklərin inqilabının acı-ağrılarını isə postsovet məkanı hələ də öz üzərində hiss etməkdədir. Son dövrlərin narıncı inqilablarını əks arqument kimi gətirmək istəyənlərə isə "inqilab" sözünün mənasını bir daha diqqətlə oxumağı məsləhət görürəm. Nə Yuqoslaviyada, nə Gürcüstanda, nə də Ukraynada baş verənlər dövlətin siyasi sistemində radikal, köklü dəyişikliklərlə müşayiət olunmurdu. Hakimiyyətə yeni qüvvələr gələrək mövcud sistem daxilində öz siyasi kurslarını həyata keçirməyə başladılar. Və bu mənada həmin ölkələrdə baş verənləri inqilab adlandırmaq düzgün deyil (lakin bu heç də onların müsbətliyinə (hər halda mənim qiymətləndirməmə görə) zərər gətirmir). Bu mənada 1978-ci ildə İranda baş verənləri iranlıların inqilab adlandırmalarına tam haqq qazandırmaq olar, çünki ölkədə siyasi (və yalnız siyasi deyil) sistemin köklü, radikal dəyişikliyi baş verdi (lakin bu heç də həmin inqilabın müsbətliyinə dəlalət etmir (hər halda mənim dəyərləndirməmə görə));

2) Adətən inqilabı törədən idealistlər tezliklə hakimiyyəti əldən verirlər, və onların yerini aferistlər və avantüra həvəskarları tutur. Fransada bu Direktoriya və Konsulluq, Rusiyada bu Müvəqqəti hökumət, daha sonra isə Sovet nomenklaturası və s. Idi.

Və bunu təbii qəbul etmək lazımdır. Çünki dumanlı havalarda yol göstərmək istəyən qəhrəmanlarla yanaşı, bu məxfilikdən yararlanıb şəxsi maraqlarını təmin etmək istəyənlər də üzə çıxır. Və bir qayda olaraq idealistlər öz səhvlərini etiraf edərkən istər-istəməz komandalarına "sığınmış" bu ikincilərinin günahlarına görə cavab verdikləri halda, çox vaxt həmin fırıldaqçılar nəinki yaxalarını məsuliyyətdən xilas edə bilir, hətta bəziləri parlaq siyasi karyera da qura bilirlər (dahi intriqaçı Taleyran buna bariz misaldır).

3) Fırıldaqçılardan, korrupsiyaya qurşanmış bürokratiyanı bəzilərinin nicat yolu hesab etdikləri güclü əl - diktatura əvəz edir. İngiltərədə Kromvel protektorluğu, Fransada Napoleon imperatorluğu, SSRİ-də Stalin rejimi, İranda - din pərdəsi altında gizlənmiş rejim və s.

4) Yalnız son mərhələdə (ölkənin, cəmiyyətin inkişaf səviyyəsindən və bir sıra digər amillərdən asılı olaraq bu mərhələlər bir neçə ildən bir neçə onilliklərə qədər uzana bilər), tədricən hakimiyyətin və cəmiyyətin siyasi şüur və mədəniyyəti artdıqca, ölkədə nisbi ədalətlilik rejimi - demokratiya bərqərar olur (və təbii ki, dünyada hər şeyin olduğu kimi, onun da əbədiliyinə heç kim zəmanət verə bilməz).

5) İnqilabın əsas səbəbkarları yalnız dəyişiklik istəyənlər deyil, hakimiyyətdə oturan və istənilən dəyişikliyə qarşı çıxan mühafizəkarlardır (hətta deyərdim ki, tərəzinin onların yerləşdiyi tərəfi daha ağırdır). Bu mənada inqilabın qarşısını almağın ən yaxşı yolu inqilabı proseslərə hakimiyyətin özünün start verməsidir. XX əsrin 80-ci illərinin sonlarında Şərqi Avropa sosialist düşərgəsində bəzi ölkələri çıxmaq şərti ilə məhz bu proses baş verdi: inqilabi proseslərin başında hakimiyyət elitasının bir çox üzvləri təmsil olundu. Azərbaycan hökumətinin son zamanlar korrupsiya ilə mübarizədə atdığı kövrək addımları da bura aid etmək olar (hətta "qurdlara" "yemə" əmri verməklə onların təbii ehtiyaclarından imtina etmələrini düşünmək sadəlövhlük olsa belə).

6) İnqilabların böyük əksəriyyəti beynəlxalq legitimliyə, dəstəyə ehtiyac duyur. Yarandığının ilk illəri Qərblə dil tapa bilməyən SSRİ Əfqanıstanla, Türkiyə və digər Asiya ölkələri ilə əlaqə qurmağa çalışırdı. Müasir dövrdə isə ölkədə baş verənlərin inqilab, çevriliş, soyqırımı, xalq-azadlıq hərəkatı və yaxud başqa hansı formada adlandırılması mütləq olaraq beynəlxalq ictimaiyyətin qiymətləndirməsi əsasında baş verir. Bu, bizə nisbətən tanış mövzudur (Yuqoslaviyada etnik təmizləmələri görmək, Xocalı qətliamını görməmək; bir ölkənin ərazi bütövlüyü uğrunda müharibəyə hazır olmaq, digər ölkəni asanca parçalamaq və s.)

Gördüyümüz kimi, inqilablar və ona oxşar proseslər heç də birmənalı olmayan, çox ağrılı, mürəkkəb və bir çox hallarda nəticəsi müəmmalı olan, müddəti qeyri-müəyyən olan bir prosesdir. Və Ərəb ölkələrində baş verənlərin hamısını alqışlamaq, yaxud əksinə tənqid etmək siyasətlə az-çox maraqlananlar üçün primitiv bir yanaşmadır. Bəzi ölkələrdə real tələblər olduğu halda (konstitusiya, parlament və s.), digərlərində məqsədlər konkret olaraq heç formalaşmayıb (məsələn, Liviya müxalifət qüvvələri). Pakistanda Müşərrəfin hakimiyyətdən uzaqlaşması ilə mərhum həyat yoldaşının şöhrəti ilə hakimiyyətə gəlmiş şəxs və onun komandası klassik fırıldaqçılar və avantüra həvəskarları deyillərmi?!

Mən heç kimi öz mövqeyindən, cəbhəsindən (hərçənd bu məhz cəbhə səviyyəsinə keçməyərək mövqe olaraq qalsa yaxşıdır) çəkindirmək istəmirəm (və bu iqtidarda deyiləm belə). Sadəcə hər kəsi nəyisə tələb etdikdə, arzuladıqda, dediklərinizin mənasını, məqsədlərinizi daha konkret, real dərk edərək, atdığınız addımların tarixi təcrübəsini gözünüzün qarşısına gətirərək hərəkət etməyə çağırıram.


Son söz əvəzi

Ucqar kənddə yaşayan bir ağsaqqala başa salırlar:

- Ay kişi, Sovet hökuməti çoxdan dağıdılıb. İndi demokratiyadır.

- Demokratiya? O nə olan şeydir?

- Necə sənə başa salım? Nə istəyirsən, onu edirsən.

- Bəs əgər mən etmək istəməsəm?

- Onda səni məcbur edəcəklər!

Məcbur edilmədiyimiz bir dünyada yaşamaq arzusu ilə


Anar Eyyubov

O.M.