RƏY-Anaları bədbəxt edən atalar: Onları bağışlamaq olarmı?

RƏY-Anaları bədbəxt edən atalar: Onları bağışlamaq olarmı?

2 Noyabr 2011 18:08
Bəyəndim (0) Bəyənmədim (0)
"Səni axtarıram"da ata vay-şüvəni

"Səni axtarıram" verilişindən yəqin ki, çoxlarınız xəbərdarsınız. Bu verilişdə bədbəxt, acı taleləri görəndə üzülməmək, göz yaşlarına qərq olmamaq mümkün deyil. Ürək lazımdır ki, bunlara dözsün. Bu baxımdan aparıcını və komanda heyətini qəhrəman saymaq olar. "Səni axtarıram"ın sonuncu buraxılışı ilə bağlı gördüklərimdən danışmaq istəyirəm.

"Səni axtarıram"da bu həftə efirə 2 bacı gəlmişdi. Onları körpə yaşından atıb gedən atalarını axtarırdılar. Deyilənə görə, atalarının onları atmasının səbəbi 2-ci qız övladının dünyaya gəlməsi idi. Bəlkə də bu əsas səbəb deyildi. Amma bütün hallarda ortada atılmış 2 körpə vardı. Ata "uf" demədən onları başsız qoyub getmişdi. Üstəlik 18 yaşına kimi övladını himayəsində saxlamaq kimi borcunu da ödəməmişdi (vicdanı olsa, ən azından pul göndərərdi). Amma yenə də övladları ata həsrəti ilə efirə çıxmışdılar, 20-21 yaşlı bu qızların məsum simaları göz yaşlarına qərq olmuşdu, ürəksiz, hissiz, duyğusuz atalarına görə... Hətta illər sonra belə ata həsrəti bu qızları ürəkdən gülməyə imkan vermirdi.
Nə isə, bu, yazımın əsas mövzusu deyil. Məni, eləcə də bir çox mənim kimi düşünənləri narahat edən 3 dəfə evlənən, 3 qadını bədbəxt edən, o qadınlardan olan övladlarını yetim qoyan 70 yaşlı qocadır.
Verilişə baxmayanlara xatırlatma edim. Demək, bu qoca təbii olaraq əvvəlcə bir azərbaycanlı qızı bədbəxt edib. Evlənib, uşaqları olub, sonra isə 25 yaşında ölkəni tərk edib Rusiyaya gedib. Qanı qaynayan gənc kişi orda da boş dayanmayıb, evlənib və o qadından da 5 uşaq sahibi olub. Günlərin birində kişinin könlünə başqa bir arvad almaq düşüb. Bir sözlə, Rusiyadakı arvad-uşağı da qoyub Dağıstana gedib və orada da bir qadınla evlənib.
Bax beləcə, qadınları, uşaqlarını düşünməyib, onları pis vəziyyətdə qoyub öz kefini çəkə-çəkə yaşayıb və qocalıb əldən düşəndə, kimsəsiz qalanda birdən yadına düşüb ki, Azərbaycanda 30 il öncə atıb gəldiyi övladları var. Nə başınızı ağrıdım, hazırda ona sahib çıxan azərbaycanlı arvadından olan qızıdır. Yenə də övlad ürəyi, atasını sahibsiz qoymayıb, xəstəlikdən, tənhalıqdan artıq intihar etməyə hazırlaşan atasını götürüb Azərbaycana gəlib.
Verilişə çıxmaqda kişinin (qeyd: proqrama qızı gəlmişdi) məqsədi 2-ci arvaddan olan 5 uşağını tapmaq idi. Düzü, mənə onları niyə axtarmaları qəribə gəlir. İntuisiyam deyir ki, kişi yəqin digər övladlarından da nələrsə tələb etmək fikrinə düşüb. Çünki onun atalıq hissləri heç anadangəlmə olmayıb. İndi necə oldu ki, 70 yaşında peyda oldu? Onun vicdanı, ürəyi, hissləri olsaydı, 3 qadını və 8 uşağı bədbəxt etməzdi. Artıq qocalıb və qocalara hörmət edən bir xalq olaraq içimizdəki mərhəmət hissi ilə nifrətimizin üstünə su səpməyə çalışırıq, "hər bir insan səhv edə bilər" deyə...
Amma bu cür düşünənlərdən fərqli olaraq, mən ona heç bir halda haqq vermirəm. O mənim atam olsaydı, bağışlamazdım. Özümə görə yox, anamı bədbəxt etdiyi, onu gənc yaşında bir qadın olaraq sevgiyə, qayğıya möhtac qoyduğu, təkbaşına övladlarına baxmaq ağırlığını zərif çiyinlərinə yüklədiyi üçün onu bağışlamazdım.
"Bu cür insanlar bağışlanmaya və sevgiyə layiq deyil. Pislərə yaxşılıq yaxşılara hörmətsizlikdir. Qoy hər kəs öz etdiyi əməllərin cəzasını çəksin", - deyə düşünürəm bəzən, amma sonra yenə də içimdən dərin bir təəssüf hissi keçdiyini duyuram. 3 qadını və 8 uşağı sevgidən məhrum edən, həyatlarını qaraldan bir insanı sizcə bağışlamaq olarmı?
Milli düşüncə tərzimiz burda da özünü göstərir, kişi nə edir etsin, bağışlanmalı və etdiyi unudulmalıdır. Sizcə niyə?
Aynur Qurbanqızı-azadqadin.az

O.M.