Eybəcər hala salınmış meyxana haqda fikirlərim

Eybəcər hala salınmış meyxana haqda fikirlərim

15 Aprel 2011 11:35
2 634
Bəyəndim (0) Bəyənmədim (0)
Biz kimik - Qədeş Əhməd , yoxsa Xəlvətiyə dərvişi?!.

GÜNDƏLİK HƏYATDA

Şəhərin mərkəzi parklarının birində yerləşən çayxananın yanından keçərkən qəribə avazla deyilən sözlər diqqətimi cəlb etdi.

Canımi canan apardı, getdi...

Sir - sifətimi qaan apardı getdi...

Eşitdiyim sözlərdəki məntiqi uyğunsuzluq o yana qalsın, onların deyilmə avazı və ağsaqqalların diqqətlə bu meyxanaya qulaq verməsi mənə çox təəccüblü göründü. Doğurdanmı biz dəyişəndə kütləvi halda dəyişirik?!.

Əsas şərt o deyil ki, biz nəyi sevirik, vacib olan odur ki, onu niyə sevirik. Zövq deyilən nəsnə də insanların dünyagörüşünə nəzərən dəyişir, inkişaf edir. Yəni dünyagörüşü nə qədər irəliyə getsə, zövq də bir o qədər onun arxasınca irəliləmiş olar. Əslində, yazımızın əsas mövzusu cəmiyyətimizin intellektual inkişaf meyllərinin zəifliyi və bu amilin insan təfəkkürünə vurduğu ziyanlar haqqındadır. Ümumi danışmaq yerinə düşmədiyindən fikrimizi konkret bir predmet üzərində mərkəzləşdirək. Bir də ayırd etməyə çalışaq ki, o, bizim insanların şüuruna hansı mənada pis təsir göstərə bilir. Deməli, biz kütlə psixologiyasının üstünlük verdiyi amillərin bir insanı necə fərdə çevirib kütləşdirməsindən danışmağa çalışacağıq. Xiridarlar məndən inciməsin, bu amillərdən biri də meyxanadır...


"SÖZÜN VARSA, MEYXANADA DE GƏLSİN"

Meyxana deyəndə həmişə köhnə qonşumuz Əhməd yadıma düşür. Kənd əhlinin Qədeş Əhməd dedikləri bu adamda tam olaraq meyxana standartları formalaşıb. Başı kepkalı, əli təsbehli qədeş arvadını hər gün döysə də, söysə də, çayxanada, tinxanada oturarkən həmişə namusdan, qeyrətdən danışar və danışdığı zaman da başındakı kepkasını düzəltməyi unutmazdı. Elə bil kepkaya əl dəyməsə idi, qədeşin namus haqqında dediklərinə heç kəs inanmazdı. Nə isə, mətləbdən uzaqlaşmayıb mövzudan danışaq. Bizim qədeş də belə qədeş idi. Namus-qeyrətdən başqa bir də meyxanadan danışanda kepkasını oynadardı. Filankəsin toyunda gecə saat 3-də filan meyxanaçının filan meyxanaçını söyməsi, təhqir etməsi qədeşə ləzzət edərdi. O qədər ləzzət edərdi ki, düz 3 ay onu tinxanasının sakinlərinə danışardı. Danışandan sonra üzünü müsahibinə tutub, "hə, qədeş, birin də sən de gəlsün", - deyə buyurardı....


HƏR YAN, HƏR KİM VƏ HƏR NƏ

Avtobusda gedərkən, CD dükanlarının yanından keçərkən, televizoru yandırarkən əsasən nəyi eşidə bilirik? Təbii ki, meyxananı. Toy biznesinin ən inkişaf etmiş sahələrindən olan meyxana indi kütlə tərəfindən çox böyük rəğbətlə qarşılanır. Uşağından tutmuş böyüyünədək, 3 qarış boyu olandan 3 qarış saqqalı olanınadək hər kəs artıq xiridara çevrilib. Nədən ləzzət aldıqlarını, nəyin onlara zövq verdiyini tam anlamasalar da belə, meyxananı canı-dildən müdafiə etməyə hazırdırlar. Hətta öz adını yaza bilməyən kəsdən bir qafiyə deməyi xahiş etsən, əlin qoynunda qalmaz. Heç nəyi deyə bilməsə belə, ən azından "davay bebe, necədü, yaxşıdu, niçevo sebe, necədü, yaxşıdu" misralarını deyə biləcək.

Bax bizim bəlamız da budur. XXI əsr öz elmi, texnologiyası və yenilənmiş intellektual görüşləri ilə hamımızdan başqa vərdişləri tələb etsə də, biz ona cavab verə bilmirik. Əvəzində "sarı gəlin" kimi melodiyasından saflıq, gözəllik yağan bir musiqimizə, ən kədərli notları asanlıqla ifa edən balabanımıza və sair və ilaxır ermənilər yiyə çıxmağa çalışır. Elələri var buyurur ki, ay camaat, meyxananıza yiyə durun, yoxsa onu da ermənilər əlimizdən alar. O şəxsə ərz edim ki, qəti narahat olmasın! Ermənilər onlara nəyin lazım olduğunu çox yaxşı bilirlər. Nə ilə dünyaya səs sala biləcəklərini bizdən də gözəl anlayırlar. Odur ki, meyxanaya heç vədə əl dəyməzlər.


MEYXANA NƏDİR?

Bayaqdan bəri tənqid hədəfinə tutduğumuz meyxana doğrudanmı o sözlərə layiqdir? Və ya ümumiyyətlə meyxana nədir?

"Gəl, ənəlhəqq sirrini meyxanədə meydən eşit"

Nəsimi.

Kökü orta əsrlərin başlanğıcına, Dərvişlər dövrünə gedib çıxan meyxananın tərcüməsi "məna evi" kimi səslənir. İslam dinini təbliğ edən bir qrup sufilər meyxanəyə yığışaraq Allahı vəsf edən, islam dininin gözəlliyini, mahiyyətini özündə əks etdirən söhbətlər danışar, şeirlər qoşarmışlar. Sonralar onlar el-el, oba-oba gəzərək dərviş qismində bu ideyaları insanlara çatdırarmışlar. Çox sevdiyimiz "Nəsimi" filmində gəzərgi dərvişlərin oxuduqları əsl meyxananın bariz nümunəsidir ki, özündə fəlsəfi fikir və ictimai yük daşıyırdı -

"Bivəfadır çün bu aləm, kimdən istərsən vəfa ,

Bivəfa aləmdə sən yari-vəfadar istəmə!

Gül bulunmaz bu tikanlı dünyanın bağında, çün-

Əbsəm ol! Bihudə gülsüz yerdə gülzar istəmə!"

Xəlvətiyə dərvişlərinin oxuduqları bu tipli əsl meyxanalar dövrünün əvəzsiz salnaməsi hesab olunur. Çünki burada həm orta əsr insanının sxolastik fikirləri, fəlsəfi dünyagörüşü, həm də dövrün ictimai-siyasi ziddiyyətləri öz əksini tapır.

"Fəthi meyxanə üçün oxuyalım fatihələr,

Ola kim, üzümüzə açıla bir bağlı qapu"

Füzuli.

Sufizmin insanlara könül rahatlığı bəxş edən ideyaları həm də meyxanalar vasitəsilə yayılıb. Həyat həqiqətləri, insan, zaman haqqında düşüncələr meyxanalarda özünə çox böyük yer edə bilmişdi.


VƏ ....BİZ KİMİK? QƏDEŞ ƏHMƏD, YA XƏLVƏTİYƏ DƏRVİŞİ?

Tarixinə və əsl mahiyyətinə nəzər salanda görürük ki, meyxana nəinki pis sənət deyil, hətta insanlarda düşüncə, sağlam fikir parametrlərini yaradan bir fəlsəfədir. Sadəcə olaraq, gileyimizin mərkəzində dayanan məqam onun bu gün öz mahiyyətini itirməsidir. Funksiyasını dəyişib söyüş, hədə-qorxu deyişməsinə dönən meyxana bu gün əla qazanc mənbəyinə çevrilib. Həm meyxanaçılar üçün, həm də tv-lər üçün. Bizim camaatın qazandığı pulla işimiz yoxdur. İstəyimiz yalnız və yalnız insanlarımızın daha dünyagörüşlü, daha ziyalı bir təbəqə kimi formalaşmasını görməkdir. Tv-də eşidib, sms yolladığımız deyişmələr meyxana deyil. Heç bədiiyə də deyil. Bədiiyə qəfildən, bədahətən deyilmiş sözlərdir ki, meyxanada da onun elementi var. İçki düşkünü olan qədeş Əhmədlə Xəlvətiyə

Dərvişi arasında nə qədər fərq varsa, tv-də deyilən meyxana ilə əsil meyxana arasında bir o qədər fərq var.


İndi gəlin papağımızı qoyaq qabağımıza (amma bizim qədeşin kepkasından olmasın), fikirləşək. Biz daha çox kimik? Qədeş Əhməd , yoxsa Xəlvətiyə dərvişi?!.

Elmin Nuri

O.M.