ŞAHMƏMMƏD YARADICILIĞININ BUGÜNKÜ RƏNGLƏRİ - 2

ŞAHMƏMMƏD YARADICILIĞININ BUGÜNKÜ RƏNGLƏRİ - 2

6 Aprel 2016 16:26
Bəyəndim (0) Bəyənmədim (0)

Şahməmməd Şahməmmədov 5 seçilmiş əsərlərin, 31 kitabın müəllifidir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. "Araz ali ədəbi", "Qızıl qələm" və "Zərdabi" mükafatlarına layiq görülmüşdür. 1947-ci ildə Ağsu rayonunun Ləngəbiz kəndində anadan olmuşdur. M.Ə.Sabir adına Şamaxı Pedaqoji Texnikumunu, ADU-nin hüquq fakültəsini, SSRİ DİN-nin Akademiyasını (əyani) bitirmişdir. Respublikamızda bir sıra müxtəlif məsul vəzifələrdə çalışmışdır. Şeirləri Rus, fars və başqa dillərdə çap olunmuşdur. Hal-hazırda "Azərbaycan polisi" jurnalının baş redaktorudur.

ƏSGƏR DƏDƏ

Bir dağ idi Əsgər dədə, qayınatam,

İndi ruhlar dünyasının ozanıdı.

Axı necə söyləməsin şair adam?

Barmaqlarım keçmişlərin yazarıdı...

Zənguləsi qulağımda düyünlənib,

Ağıl idi, kamal idi, başdan-başa.

İstəyirəm o yatdığı yerə gəlib,

Ürəyimdən keçənləri açım daşa.

Nəticənə sənin adın qoyulubdu,

Bir yaşını qeyd eləyir ən yaxınlar.

Ona keçir Əsgər adı, Əsgər odu,

Qəlbimizdə işıqlar var, ümidlər var...

İnanıram ürəyimin alqışına,

Qayıdacaq ocağına, Əsgər dədə.

İnanıram bir nəsilin sal daşına,

İnanıram çırağına, Əsgər dədə.

Yaşadacaq şikəstəni bir gün Əsgər,

Sən getdiyin cığırlardan toz qonacaq.

Yaşadacaq o səsini bir gün Əsgər,

Alışacaq, uzaqlarda sönmüş ocaq.

Qəbrin üstə ağı, layla gətirəcək…

Baş daşını sıxacaqdır sinəsinə.

Allah onu sənin kimi yetirəcək,

Zil qatacaq, bəm qatacaq gur səsinə.

Bir dağ idi Əsgər dədə, qayınatam,

İndi ruhlar dünyasının ozanıdı.

Axı necə söyləməsin şair adam?

Barmaqlarım keçmişlərin yazarıdı...

GƏLƏCƏK O GÜN

Mən yaxşı bilirəm gələcək o gün,

İtəcək gözümdə bahar, bir də qış.

Olacaq sözlərim... eh, düyün-düyün...

Qopacaq üstümə bir şəkilli daş...

Köçəcəm haraya? Niyə? soruşma...

Bəlkə də bir işıq udacaq məni.

Bəlkə də bir xanım çıxıb qarşıma,

Sıxıb sinəsinə qucacaq məni.

Sirlər dünyasında sirr axtarmayaq,

Başın baş yeri var, daşın daş yeri.

Gəlin hər bir ömrü bir nağıl sayaq,

Geri səsləməyək köçüb gedəni.

Hamı yaxşı bilir gələcək o gün,

Torpağın qoynunda görən nələr var?

O səssiz dünyada nə var, nə bilim,

Bəlkə orada da yağır yağış, qar...

Qorxmayın ölümdən, ayrılıqdan siz,

Bəlkə də xoş günlər yaşanır orda.

Hamı bir gündədir, orda, bilirsiz?

Köçənə deməyin "bu da bir yara..."

Ruhlar görüşəcək bərli-bəzəkli,

Ruhum görüşəcək ata, anayla.

Qəribə ləpirli, qəribə izli,

Başqa don geyəcək orada layla.

Bir gün bu dünyadan qurtarsan canı...

Bir az tez, bir az gec gələsidir o.

Kimlər geyməyibdir bu günü, hanı?..

Ölüm... gözlərində güləsidir o.

Mən yaxşı bilirəm gələcək o gün,

İtəcək gözümdə bahar, bir də qış.

Olacaq sözlərim... eh düyün-düyün...

Qonacaq üstümə bir şəkilli daş...

NECƏ ÖLÜM

(Məni yaman ağrıdır dostumun dediyi bu son sözlər)

Gözlərimə durub ölmək,

Necə ölüm bir qəpiksiz.

Pəncərəmi döyür külək,

Astanamı döyür dəniz.

Axı mənim pulum olub,

Hara uçub o kağızlar.

Qəlbim bulud kimi dolub,

Ürəyimə qar yağır, qar.

Kimsə bilmir bu durumu,

Bu günümü görməmişəm.

Külə bükmüşəm qorumu,

Günlər vardı şaqraq və şən.

İtirmişəm ağ günləri,

Qara günlər hardan doğdu?

Görünür hər şeyin yeri,

Dağın yeri elə dağdı.

Bir ömrün sonu çatır,

Bunu bilmir bircə nəfər...

Yatağımda ilan yatır,

Dişində çırpınır zəhər.

İndi toydan betər olub,

Bu dünyadan yox olmağın.

Daha çiçəklərim solub,

Bir gümandır sağ qalmağım.

İNAM

("Kredo" sözü ispan dilində inam deməkdir)

Başlanğıcda inam gərək,

İnam varsa daş dağ olar.

İnam olsa vurar ürək,

Tağ, tağ olar, bağ, bağ olar.

İnamsızlıq ağı qara,

Qaranı ağ edir bəzən.

İnamsızlıq qara yara,

İstəyirsən nurdan bəzən.

İnam qəlbin bəzəyidir,

Kökü yerdə, əli göydə.

Məhəbbətin özəyidir,

Bizimkidir Yer də Göy də.

Uşağının atasıdır,

Anasıdır - bir biçimdə.

Qızıl kuzə kimi yatır,

Ürəyinin düz içində.

İnam sənə əl eləsə,

Şirin dilin olmalıdır.

İnam göydən gül ələsə,

Tutan əlin olmalıdır.

İnamını itirmə sən,

Onda bir yox, onda çoxsan.

İnam, sənsən, inad sənsən,

İnam yoxsa, sən də yoxsan.

Başlanğıcda inam gərək,

İnam varsa daş dağ olar.

İnam olsa vurar ürək,

Tağ, tağ olar, bağ, bağ olar.

TANRI BELƏ ƏMR VERİB

Telefonum olub yarım,

Batıbdır onun da dili.

Dost dediyim insanların,

Uzaq düşüb məndən əli.

Baxışlarda qocalarmış,

Qırışların çoxalanda.

Demə dünya sirr olarmış,

Yaş da bir az çox olanda.

Azalarmış gülüşlərin,

Azalarmış qaçışların.

Daş olarmış gül işlərin,

Daş olarmış uçuşların.

Gündüz oyaq, gecə oyaq,

Əl verməzmiş dərmanlar da.

Fikir olur sənə dayaq,

Düyün düşür fərmanlar da.

Kimə açım ürəyimi?

Tapılmayır düşən başa...

Bir vaxt əsən küləyimi,

Bağlayıblar sanki daşa.

Söyləməyə dilim gəlmir,

Niyə belə yaranmışıq?

Tanrı belə verib əmr,

Gecə-gecə... işıq-işıq!..

VƏSİYYƏT

Mən işığa göz yumanda,

Ya bir gündüz, ya bir axşam.

Qoymayın məni gümanda,

Ləngəbizdə doğulmuşam...

Qovuşdurun o torpağa,

Siz ey məni istəyənlər.

Onda dönərəm çırağa,

Görüşümə ruhlar gələr.

Budur sizə vəsiyyətim,

Kəndimi çox sevmişəm mən.

İtsəm o torpaqda itim,

Bəlkə bir vaxt göyərəcəm?

O torpağın dadı şirin,

Şirin olmaq istəyirəm.

Məzarlıqda bir yer verin,

Kənddə qalmaq istəyirəm.

Deməyin hara getmişdin,

Niyə dönmək istəyindir?

Yaddaşlardan bunu silin,

Kəndə dönmək istəyimdir.

Ləngəbizdə dəfn etsəniz,

Lalə kimi güləsiyəm.

Nə əksəniz, biçsəniz siz,

Onu bilin görəsiyəm.

BÖHTAN

Böhtanın çəkisi ağırdan ağır,

Atılır üstünə canavar kimi.

Haqqı, ədaləti çağır, ha çağır,

Dolaşır içimdə könlümün simi...

Başının ağrısı batmır başlara,

Doğru söz donunda yalan olursan.

İllərin güc qolu çatmır daşlara,

Zəhəri qurumuş ilan olursan.

Tanrını köməyə çağırsan belə,

Gəlib getməyindən xəbərin olmur.

Sən işıq gəzirsən dolaşan dilə,

Gecən uzun çəkir səhərin olmur.

Haqqın tərəzisin tapdalayır şər,

Əllərin göylərə pənah aparır.

Gözünü yandırır xəcalətdən tər,

Küləklər qəlbində şivən qoparır.

Yolları yol kimi olmur yerimək,

Dizinin taqəti dizindən çıxır.

Böhtanı böhtanla boğasan gərək,

Ömrünü, gününü sən vicdan çağır.

Böhtanın çəkisi ağırdan ağır,

Atılır üstünə canavar kimi.

Haqqı, ədaləti çağır, ha çağır.

Dolaşır içimdə könlümün simi...

MƏMMƏD ARAZ

(Onun əziz xatirəsinə)

Kərpic-kərpic kitabları,

İş otağın bəzəyibdir.

Qızıl sözün, qızıl varın,

Yerin, Göyün bəzəyidir.

Dövrümüzün yaqut daşı,

Süzülübdür qələmindən.

Ağararmış şair, başın,

Ağararmış nurun dən-dən...

Dövrümüzün şairisən,

Bizi niyə qoydun yetim?

Pələngisən də sən,

Dönəsisən? Bir də? Çətin...

Çiçək olub şeirlərin,

Göyərçinlər qanadında.

Baxıram, görünür yerin,

İnamında, inadında.

Ağı qaraya vermədin,

Kölgən qalıb cığırlarda.

Sözlər tapdın mətin-mətin,

Dondu çay da, dondu dağ da.

Şair gəldin, şair getdin,

Kor olmuşlar görmədilər.

Bir kəlməni min söz etdin,

Ahənginlə doğdu səhər.

Məmməd Araz gəzirəm mən,

Məmməd Araz dəymir gözə.

Köçməmisən dünyadan sən,

Basdırıblar səni közə.

Yanvar, fevral, mart 2016-cı il