ETİRAF-48 İldən sonra gələn ilk məhəbbət

ETİRAF-48 İldən sonra gələn ilk məhəbbət

4 Avqust 2011 15:33
Bəyəndim (0) Bəyənmədim (0)
Həyatınızı kiməsə sərf etməyin, o sizə məxsusdur

Bir insanın qarşı cinsdən olan insandan xoşu gəlir. Bu simpatiyadır. Simpatiya dərinləşdikcə bağlılıq yaranır. Bağlılıq təkrarlandıqda vərdişə çevrilir. Vərdiş sınaqlardan keçdikcə sevgiyə dönür. Lakin sevgi bir halda məhəbbət adlanır ki, qarşılıqlı olsun. Nə dostluqdan, nə yoldaşlıqdan, nə qohumluqdan məhəbbətə birbaşa yol yoxdur. Məhəbbət bütün mərhələlərdən keçərək həyat tərzinə çevrildikdə əbədi yaşayır.

"Oxu Məni" qəzetinin tanışlıq səhifəsinə adi elanlardan biri daxil olmuşdu. Xanım müəyyən parametrlərə uyğun bir bəylə ailə qurmaq istədiyini yazırdı. Mesaj qəbul olunaraq qəzetdə işıqlandırıldı. Aradan bir neçə həftə keçmiş həmin xanım başqa bir mesaj yolladı. Bu dəfə bizə təşəkkür edir, redaksiyaya gəlmək istədiyini yazırdı. Təbii ki, onu redaksiyamıza dəvət etdik. Beləcə, qırx səkkiz yaşlı Zülfiyyə xanım öz həyat hekayəsini bizlərlə bölüşdü:

"Ailədə beş bacı, bir qardaşıq. Atam dəmiryolçu, anam evdar qadın idi. Sadə ailə idik. Evdə qarşılıqlı hörmət, mehribanlıq şəraiti hökm sürürdü. Atamla anam bir dəfə də olsun bir-birinə səslərini qaldırmamışdılar. Biz də hər bir azərbaycanlı övladı kimi böyük-kiçiyə hörmət şəraitində böyüyürdük.

Məktəbi bitirib sənədlərimi instituta verdim. Ç.İldırım adına Politexnik İnstitutuna daxil oldum. Qrupda Elman adında bir oğlan vardı. Bütün qızlar onun başına fırlanırdılar. Həm yaraşıqlı, həm də ağıllı oğlan idi. Düzü, mənim də ondan xoşum gəlirdi. Ümid edirdim ki, nə vaxtsa o da bu hissləri cavabsız qoymayacaq. Qısa zamanda onunla dostlaşdım. Bu dostluq məni ona daha sıx tellərlə bağladı. Həyatımı onsuz təsəvvür edə bilmirdim. O da bütün sirlərini mənimlə bölüşürdü. Hətta hansı qızdan xoşu gəldiyini, kiminlə görüşdüyünü də mənə deyirdi. Mən onu qısqansam da, hisslərimi büruzə vermirdim. Fikirləşirdim ki, gənclik həvəsidir, ötüb keçəcək və o nəhayət ki, mənə ürəyini açacaq. Ancaq illər keçsə də, ondan səs-soraq çıxmırdı. Mən də ona heç nə deyə bilmirdim. Həm utanırdım, həm də onu itirəcəyimdən qorxurdum. İnstitutu bitirdik. O, Radiotexnika zavodunda işə girdi, mən isə bir müddət işsiz qaldım. Bir-birimizlə əlaqəni kəsməmişdik. Tez-tez telefonla danışırdıq. Həmin ərəfədə mənə elçilər gəlirdi. Mən isə Elmanı gözlədiyim üçün hamıya rədd cavabı verirdim. Anam dəfələrlə bunun səbəbini soruşsa da, ona sirrimi açmağa utanırdım. Hər dəfə bir bəhanə gətirirdim. Bacılarıma da heç nə demirdim. Onlar rəfiqələrimdən Elman haqqında eşitmişdilər. Amma mənim özümdən soruşmağa ehtiyat edirdilər. Bilərəkdən elçilərim barədə Elmana söz açırdım, o isə mənə məsləhətlər verirdi. Deyirdi ki, filankəsə razılıq ver, qızın bir vaxtı var, ötəndə elçi gələni olmur. Ürəyimi parçalasa da, dərdimi içimdə çəkirdim. Bir gün ondan xahiş etdim ki, məni də öz yanına işə düzəltsin. Elə də oldu.

Artıq Elmanla bir-birimizi tez-tez görürdük. Onun orada görüşdüyü bir qız var idi. Mənimlə eyni şöbədə işləyirdi. Xasiyyəti xoşuma gəlmirdi. Özünü dartırdı. Məcburən onunla rəfiqəlik etməli oldum. Sirlərini öyrənməyə çalışırdım. Qısa zamanda məlum oldu ki, qız Elmanla görüşə-görüşə başqası ilə də görüşür. Elman isə onu çox sevirdi. Hətta mənə demişdi ki, bu qıza elçi göndərməyə hazırlaşır. Sonda qız sevdiyi oğlana qoşulub qaçdı.

Mən yenə də Elmanı sevə-sevə onsuz qalmışdım. Dərdinə şərik çıxmağa çalışırdım. O isə sevdiyi qızın xəyanətini bağışlaya bilmirdi.

İllər keçirdi. Hər ikimiz zavodda ixtisara düşmüşdük. Elman elektrotexnika cihazlarının təmiri sexi açmışdı. Mən də onun yanında işləyirdim. Ancaq hələ də səs-soraq çıxmırdı. Bir gün o, mənə şikayət etdi ki, zorla xalası qızı ilə nişanlamağa çalışırlar. Mən ona heç bir məsləhət vermədim. Təkcə onu dedim ki, sevgisiz qurulan ailənin ömrü uzun olmur. Elmanın əvvəlcə nişanı, sonra isə toyu oldu. Mən onun toyuna getmədim. Həmin günü səhərədək ağladım.

Elman ilk vaxtlar ailə həyatından razılıq edirdi. Həyat yoldaşını sevməyə başladığını deyirdi. Vaxt keçdikcə hər şey dəyişməyə başladı. Elman get-gedə ailəsindən soyuyurdu. Buna baxmayaraq, heç mənə də fikir vermirdi. Bəlkə də o vaxtlar boşanıb mənimlə ailə qurmaq istəsəydi, razılıq verərdim. Çünki aradan beş il ötsə də, hələ də övladları olmurdu. Nəhayət, Elman qız atası oldu. Mənə elə gəlirdi ki, o, artıq ailəsinə bağlanacaq. Ancaq hər şey mən düşündüyümün əksinə oldu. O, əvvəlki kimi qızlarla görüşür, ailəsinə fikir vermirdi. Mən dəfələrlə onu başa salmağa çalışırdım ki, artıq atadır, vaxtını ailəsinə, övladına həsr etməlidir. O isə öz bildiyini edirdi. Mən onun ailəsini də yaxşı tanıyırdım. Həyat yoldaşı çox qabiliyyətli, qayğıkeş qadın idi. Mənə etibar edirdi, xətrimi çox istəyirdi. Hətta bir neçə dəfə Elmandan şikayət də etmişdi mənə. Xahiş edirdi ki, onun başına ağıl qoyum, düzgün yola dəvət edim. Mən elə də edirdim. Ancaq xeyri yox idi. Yaşı artdıqca Elman elə bil daha da uşaqlaşırdı.

Otuz beş yaşımız olardı. Elman mənim xətrimi əvvəlkitək çox istəyirdi, amma bir dost kimi. Yenə sirlərini mənimlə bölüşürdü. Mən isə elə bil qəflət yuxusunda yatırdım. Gözüm ondan başqa heç kimi görmürdü. Bilirdim ki, Elman heç vaxt mənim ola bilməz, amma özümlə bacarmırdım. O, hətta ailəsini boşayıb mənə evlənmək təklif etsəydi belə razılaşmazdım. Bunu dəqiq bilirdim. Çünki ailəsində artıq iki qız uşağı böyüyürdü. Mən yenə də nəyisə gözləyirdim. Heç özüm də bilmirdim nəyi? Qapımıza gələn tək-tük elçilərə rədd cavabı verirdim.

Bir gün gözlədiyim an gəlib çatdı. İş yoldaşlarımla mənim ad günümü qeyd edirdik. O da məclisdə idi. Bir az içdi. Sonra mənimlə romantik rəqs elədi. Oynayarkən qulağıma gözlənilmədən xoş sözlər deməyə başladı. Etiraf etdi ki, çoxdan bəri məndən xoşu gəlir, sadəcə, deməyə cürət etmir. Düzü, illərdir bu anı gözləmişdim. Hətta dəfələrlə həmin səhnəni gözlərim önündə canlandırmışdım. Amma həmin gün hər şey başqa cür oldu. Mən nədənsə ondan incidim. O, bir andaca gözümdən düşdü. İllərdir mərd, məğrur bir adam zənn etdiyim Elman gözümdə xeyli cılızlaşmışdı. Elə bilirdim səhəri gün məndən üzr istəyəcək. Bəlkə də üzrxahlıq etsəydi, onu bağışlayardım. O isə bunun əvəzinə mənə daha da həvəslə yaxınlaşmağa başladı. Gözlənilməz hədiyyələr, sürprizlər, məktublar, mükafatlar məni ona bağlamaq əvəzinə daha da əsəbiləşdirirdi. Nəhayət, onunla sərt danışmağa qərar verdim. İşdən sonra otağına getdim. Narazılığımı bildirdim. O, uşaq kimi hönkür-hönkür ağlamağa başladı. Məni sevdiyini, mənimlə ailə qurmaq istədiyini bildirdi. Ona həm yazığım gəlirdi, həm də nə edəcəyimi bilmirdim. Bunun mümkün olmayacağını dedim. Mənə yalvardı. Az qala qarşımda diz çökəcəkdi.

Bütün gecəni bu görüşü xatırladım. Elə bilirdim razılıq verəcəm. Amma ürəyimdə boşluq hiss edirdim. Onu sevə bilməyəcəyimi anlayırdım.

Elman göz önündə dəyişirdi. Əvvəlki Elman deyildi. Olduqca kədərli görünürdü. Bütün günü otağından çölə çıxmırdı. Mən də onu narahat etmirdim. Mənə dəfələrlə işçiləri vasitəsilə məktub göndərmişdi. Mən isə yenə də onun təklifini rədd edirdim. Bir gün eşitdim ki, ürəyindən ağrı tutub. Özümü toplayıb onun otağına getdim. Elman bütün işçiləri çölə çıxardı. Məndən qalmağımı xahiş etdi.

Otaqda bizdən başqa heç kim yox idi. İkimiz də nədənsə susurduq. Birdən Elman ağlamağa başladı. Məni sevdiyini, mənə görə bu hala düşdüyünü dedi.

... Onunla görüşməyə başlamışdıq. Onu qəlbən sevməsəm də, yazığım gəlirdi. Görüşlərdən sıxılırdım. Hər kəlməsi məni qıcıqlandırırdı. Amma yenə də özümü toplamağa çalışırdım. Bir gün mənə boşanmaq üçün verdiyi ərizəni göstərdi. Məhkəmənin günü də təyin olunmuşdu. Onu dilə tutdum ki, fikrindən daşınsın. O isə mənimlə ailə qurmaq istəyində israrlı olduğunu bildirdi. Ona ərə getməyəcəyimi deyəndə ürəyini tutdu. O gün xətrinə dəymədim. Onu da qeyd edim ki, qəlbimdə başqasına da yer yox idi. Elə bil tilsimlənmişdim. Nə istədiyimi heç özüm də bilmirdim.

Elman bir il olardı ki, boşanmışdı. Ailəsi ilə eyni evdə qalsa da, onlarla danışmırdı. Mən isə yenə də onun həyat yoldaşı ilə söhbətləşirdim. Hərdən Elmanın kefini soruşur, ona qayğı göstərməyimi məndən xahiş edirdi. Dəfələrlə tapşırmışdı ki, Elmandan göz-qulaq olum. Mən də bacardıqca onun xahişini yerinə yetirirdim. Elmanla aramızda dostluqdan başqa heç nə ola bilməzdi. Onun evlənmək təklifini rədd etsəm də, dostu olaraq qalırdım. Qırx yaşımız olsa da, o, yaşından xeyli qoca görünürdü. Saçı ağarmış, sifəti qırışmışdı. Əvvəlki şuxluğundan, qədd-qamətindən əsər-əlamət qalmamışdı. Xasiyyəti də dəyişmişdi. Özünə inamsız, cəsarətsiz görünürdü. Bir kişi kimi gözümdən düşmüşdü. Ancaq yenə də onunla görüşürdüm.

Elman dərdə dözməyib qırx beş yaşında dünyasını dəyişdi. Onun dəfni günü sanki mənim də arzularımı basdırdılar. Özümü kimsəsiz, tənha hiss edirdim. Elə bil ən dəyərli insanımı itirmişdim. Yadımdadır, həmin il bir neçə ay xəstə yatdım. Sonra özümdə təpər tapıb birtəhər ayağa durdum. Daxilən qocalmışdım. Həyat mənə sıxıcı gəlirdi. Bütün meylimi bacımın uşaqlarına salmışdım. Özümü heç düşünmürdüm. Ta o vaxta kimi ki, sizin qəzetlə tanış oldum.

"Oxu Məni"dəki bütün məqalələr, əsasən də İsa Rəvanın yazıları məni özünə cəlb edirdi. Onun məsləhətlərini oxuduqca sizə qarşı inamım daha da artdı. Risk edib tanışlıq səhifəsində elan vermək qərarına gəldim.

Qəzet vasitəsilə təbrizli Davudla tanış oldum. O da mənim kimi dərdli adam idi, yoldaşı rəhmətə getmişdi. Onunla görüşdükdən sonra hər ikimizin həyatı büsbütün dəyişdi. Sanki dünyaya yenidən gəldik. Olduqca mehriban, şirindil, qayğıkeş adamdır. Bir-birimizi bir kəlmədən başa düşürük. Məni İrandakı ailəsi ilə də tanış edib. Tezliklə ailə qurmağa hazırlaşırıq. Onun xahişi ilə başımı bağlamışam. Davud mənə həm həqiqi sevgini yaşatdı, həm də mənən saflaşdırdı. İndi başa düşürəm ki, gənclik illərimi hədərə vermişəm.

Son söz əvəzi:

Məhəbbət elə bir alovdur ki, biri yandırır, digəri isə sönməyə qoymur. Əziz OXUcu, əgər sevdiyin insan səni sevmirsə, bil ki, bu məhəbbət deyil. Sadəcə, insanı içdən yandıran bir oddur. Öz oduna yanma. O, səni külə döndərdikdən sonra yavaş-yavaş sönüb gedəcək. Elə bir məhəbbət yaşa ki, istisinə qızına biləsən. Bir sözlə, həyatını kiməsə həsr etmə. O, Ulu Tanrıdan sənə verilən paydır.

Natiq Qocaman

O.M.