II Dünya müharibəsində Almaniyanın atom bombası var idi...

II Dünya müharibəsində Almaniyanın atom bombası var idi...

4 Aprel 2011 23:05
5 104
Bəyəndim (0) Bəyənmədim (0)
KAİNATI ÖLÜMDƏN ADİ BİR TƏSADÜF XİLAS ETDİ

Sonuncu ümid

İkinci Dünya Müharibəsinin sonlarına yaxın alman faşistləri bütün dünyaya belə bir ultimatum göndərdilər: "Tezliklə biz düşmənlərimizdən qisasımızı alacağıq! Möcüzəvi silahın köməyi ilə onların şərqdən və qərbdən hücumlarını dayandıra biləcəyik! Onlar kütləvi surətdə zərərsizləşdiriləcəklər!" Təbii ki, möcüzəvi silah dedikdə almanlar atom bombasını nəzərdə tuturdular. Bu hədə-qorxuların nə qədər real olduğunu araşdırmaq üçün bəzi tarixi faktlara nəzər salmaq kifayətdir.

Qorxulu cizgi filmi

1939-cu ilin 20 sentyabr günündə Hitlerin qərargahında fövqəladə bir iclas keçirilmişdi. Tədbirə üçüncü reyxin rəhbərləri toplaşmışdılar. İclasın əvvəlində hər kəsə cizgi filmi nümayiş etdirildi. Filmin məzmunu belə idi: "Üzərində Lüftvaffe işarələri olan qara təyyarə London şəhərinin üzərindən uçur. Bu zaman təyyarədən böyük bir konteyner qopur və paraşütlə yerə enməyə başlayır. Birdən konteyner partlayır. Gözqamaşdırıcı işıqlar ətrafa yayılır. Daha sonra Londonun alovlar içərisində darmadağın olduğu, göyə sovrulduğu göstərilir". Filmdən məmnun qalan Hitler sevincək yerindən sıçrayaraq ayaqlarını döşəməyə döyəclədi və ucadan qışqırdı: "Bəli, tezliklə belə də olacaq!" Onun bu hərəkəti gurultulu alqışlara səbəb oldu. Belə ki, artıq atom bombasının istehsalına rəsmən start verilmişdi.

İlk təcrübələr

Hələ 1938-ci ilin yayında radiokimyaçı professor Otto Hann təcrübə zamanı maraqlı bir faktla üzləşmişdi. Daha dəqiq desək, uran atomunun iki hissəyə bölünməsi zamanı ağlasığmaz enerjinin əldə edildiyinin şahidi olmuşdu. Təcrübələrini davam etdirən alim təbiətdə iki izotopun (uran -238 və uran-235) olduğunu müəyyən etdi. Hərbi baxımdan uran-235 daha effektli sayılır. Çünki onun atomlarının bölünməsi zamanı zəncirvarı reaksiya keyfiyyətli alınır. Bu isə o deməkdir ki, böyük gücə malik olan partlayış yaratmaq olar. Hətta o dövr üçün ən güclü sayılan partlayıcılar da atom partlayıcısı ilə müqayisə oluna bilməzdi.

Kiçik bomba

Alman fiziki Verner Heyzenberq təcrübələrin nəticələri barədə Hitler rəhbərliyinə məlumat verdi və atom silahının kiçik modelini onlara göstərdi. Onun fikrincə, xüsusi atom reaktorunda uran-235 zənginləşdirilməli idi. Bunun nəticəsində yüksək keyfiyyətli plutonium silahı əldə ediləcəkdi. Verner Heyzenberq nüvə reaksiyasını ləngitmək üçün ağır Sudan və son dərəcə təmiz olan qrafitdən istifadə etməyi məsləhət görürdü. Onun təklif etdiyi texnologiya o qədər dəqiq idi ki, hətta bu gün də aparıcı silah istehsalçıları tərəfindən istifadə olunur.

Göydəndüşmə tapıntı

Almanlar artıq 1939-cu ilin yayında nəzəri cəhətdən atom bombasını kəşf etmişdilər. Bu ölkə dünyada ən güclü iqtisadiyyata malik idi. Bununla belə, nə Almaniyada, nə də onun müttəfiqlərinin ərazisində uran çıxarılmırdı. İkinci Dünya Müharibəsinin qızışdığı bir vaxtda heç bir ölkə faşistlərə uran satmayacaqdı. Məhz bu səbəbdən silahın kütləvi istehsalına başlamaq mümkün deyildi. Lakin gözlənilmədən Almaniyanın qarşısında böyük imkanlar açıldı. Belə ki, 1940-cı ilin may ayında nasistlər qərb cəbhəsində xeyli irəliləyərək Fransanı, Belçikanı və İngiltərəni məğlub etdilər. 1 iyun günü ordu Belçikanın paytaxtı Brüssel şəhərini tam işğal etdi. Təbii ki, bu zaman almanlar xeyli miqdarda silah-sursat və ərzaq anbarı əldə etmiş oldular. Belə anbarların birində alman motosiklet briqadasının əsgərləri 1200 ton uran konsentratı aşkar etdilər. Nadir tapıntı barəsində dərhal mərkəzə məlumat ötürüldü. Reyxstaqdan gələn məxfi əmrə əsasən, uran qatarlara yüklənərək birbaş Çexoslovakiyadakı kimyəvi zavodlara və bir neçə təcrübə laboratoriyasına göndərildi. Onu da qeyd edək ki, 1200 ton kiçik rəqəm sayılmırdı. Bu, o vaxtlar dünya üzrə çıxarılan təbii uranın yarısı qədər idi və ondan 1000 ədəd atom bombası istehsal etmək olardı. Həmin uran iki ay əvvəl Belçikaya Afrikadakı Konqo adlı koloniyasından (indiki Zair dövlətindən) gətirilmişdi. Ümumiyyətlə, Zair uranın yüksək keyfiyyətinə görə bu gün də digər istehsalçı ölkələrdən seçilir. Təsadüfi deyil ki, ABŞ-da istehsal olunan ilk atom bombasında da məhz bu ölkənin uranından istifadə olunmuşdu.

Belçikadan Çexoslovakiyaya gətirilən uran mühəndis Paul Hartekin rəhbərliyi ilə təcrübəyə yönəldi. Böyük bir briqadaya uran izotoplarının bölünməsi üzrə qurğunu hazırlamaq həvalə olundu.

"U" layihəsi

1940-cı ilin yayında "U" layihəsi rəsmən təsdiq edildi. Layihənin adı uranın kimyəvi işarəsindən götürülmüşdü. Beləliklə, 1939-cu ilin 20 sentyabr günü start verilən araşdırmalar istehsal fazasına qədəm qoydu. Layihəyə rəhbərlik birbaşa Martin Bormana həvalə edildi. Yeri gəlmişkən, Borman Reyxstaqda Hitlerdən sonra ikinci şəxs sayılırdı. O, nasional-sosialistlər partiyasının rəhbərinin müavini idi. Bu müəmmalı şəxs haqqında gələcəkdə daha ətraflı məlumat verəcəyik. Belə ki, deyilənə görə, o, Sovet kəşfiyyatının agenti olmuşdu. Bu barədə daha sonra. İndi isə mövzuya qayıdaq. Martin Bormanın tapşırığı ilə istehsal prosesinə iyirmidən artıq elmi-tədqiqat institutu və yüzlərlə alim cəlb olundu. Kayzer Vilhelm Cəmiyyətinin Fizika İnstitutunun adını çəkmək kifayətdir. Bu elmi müəssisə Avropada ən nəhəng fizika mərkəzi sayılırdı. Orada əsasən nəzəri hissələr araşdırılırdı. "Auerqezelşaft" şirkəti isə istehsal və təchizat prosesləri ilə məşğul olurdu.

Atom bombasının bir addımlığında

Artıq 1940-cı ildə Verner Heyzenberq ilk nəticələri ölkə rəhbərliyinə nümayiş etdirirdi. O, sübut edə bildi ki, ananas ölçüsündə olan kiçik bir bomba ilə böyük şəhərləri yer üzündən silmək olar. Həmin ilin sonunda Berlində və Leypsiqdə bir neçə təcrübə reaktoru istehsal edildi. İlk sınaqlar zamanı məlum oldu ki, reaktora yerləşdirilmiş ağır su kimyəvi elementini və uranın həcmini artırmaq lazımdır. Bu, prosesin ləngiməsi və zəncirvarı reaksiyanın keyfiyyətli olması üçün nəzərdə tutulurdu. "Auerqezelşaft" şirkətinin zavodlarında sənaye reaktorunun hissələri və uranı saxlayacaq metal kərpiclər istehsal olunmağa başladı. Təcili surətdə Norveçdə ağır su istehsal edəcək zavod inşa edildi. Veyner Heyzenberq sonralar öz xatirələrində bunları etiraf edəcəkdi: "1941-ci ilin sentyabr ayında Almaniya atom bombasının istehsalına çox yaxın idi. Plutonium silahının əldə edilməsi üçün bizə 10 ton uran və 5 ton ağır su lazım idi. Məhz bu rəqəmlərin böyüklüyü, yəni külli miqdarda maddi vəsait tələb olunması Reyxstaqı fikrindən yayındırdı".

Simiclik

ABŞ kəşfiyyatı Hitlerin "U" layihəsinin çertyojlarını əldə etdikdən sonra müttəfiq dövlətlər təşvişə düşdülər. Belə ki, Almaniyanın bu sahədə araşdırmaları ABŞ-ı iki il qabaqlayırdı. Vəziyyətin bu cür inkişafı ilə razılaşmaq olmazdı. ABŞ rəhbərliyinin birbaşa tapşırığı ilə "Manhetten" layihəsinə start verildi. Ölkədəki bütün təbii, maddi və elmi resurslar bu layihənin inkişafına yönəldi. Bir neçə cəbhədə vuruşan Almaniya isə hər cəhətdən sıxıntı keçirirdi. Heç təsadüfi deyil ki, 1942-ci ilin yazında Verner Heyzenberq Reyxstaqa rəsmi müraciət edərkən onun təklifi rədd edildi. Alim sınaqların reallaşması üçün rəhbərlikdən 120 min işçi qüvvəsi və 3 milyon marka pul istəmişdi. O, hər kəsi əmin edirdi ki, cəmi bir ilə silahı təhvil verə biləcək. Ancaq müharibə aparan ölkə üçün bu olduqca böyük rəqəm idi. Moskva döyüşlərində ağır itkilər vermiş Almaniya silah planını yerinə yetirməkdə çətinlik çəkirdi. Ona görə də bütün maddi və insan resursları adi silahların istehsalına, modernləşməsinə yönəlmişdi. Hitler əmin idi ki, mövcud hərbi arsenalı yeniləşdirməklə qələbə qazanmaq mümkündür. Məhz bu, onun yeganə və ən böyük səhvi oldu.

Sonuncu cəhd

1944-cü ilin sonlarına qədər Reyxstaqda "atom bombası" mövzusu gündəmdən çıxarılmışdı. Lakin məğlubiyyət yaxınlaşdıqca cəbhədə ciddi dönüş etmək tələb olunurdu. Odur ki, fürer "U" layihəsinin reallaşması barədə xüsusi əmr verdi. Ancaq artıq gec idi. Partizanlar Norveçdəki ağır su istehsal edən zavodu partlatmışdılar. Analoji zavod təcili surətdə Ştutqard şəhərində inşa edildi. Bu dəfə ingilis aviasiyası almanların arzularını ürəyində qoydu. 1945-ci ilin əvvəllərində müttəfiq qoşunlar Oranienburq şəhərindəki zavodlara bomba zərbələri endirdilər. Eyni zamanda Drezden darmadağın edildi. Bu şəhərdə nüvə reaktorları saxlanılırdı. Cəbhədə məğlubiyyətlərə baxmayaraq, almanlar Rüqen adasında və Türinqiya meşə zolağında iki sınaq partlayışı etdilər. Lakin hər iki halda uğursuzluğa düçar oldular. Belə ki, zəncirvarı reaksiya effekti əldə edilməmişdi. Alman fiziki Kurt Dibnerin təklifi ilə sonuncu cəhd həyata keçirildi. Uran-265 və plutoniumsuz termonüvə partlayışı edildi. Daha dəqiq desək, Berlinin cənubunda, Hottova hərbi poliqonunda şaxtaların birinə ağır hidrogen dolduruldu. Bu maddə adi partlayıcı ilə partladıldı. Xoşbəxtlikdən primitiv hidrogen bombası işə düşmədi. Yoxsa Almaniyanın üçdə bir hissəsi yerlə-yeksan olacaqdı. Beləcə, üçüncü reyx qisas planını reallaşdıra bilmədi və kapitulyasiya etmək məcburiyyətində qaldı. Halbuki dünya uzun illər məhv olmaq təhlükəsi ilə üz-üzə dayanmışdı.

Son söz əvəzi

Müharibədən dərhal sonra alman alimləri öz işlərini ABŞ-da davam etdirdilər. Tezliklə atom bombası yarandı. O vaxtkı Amerika prezidenti Ağ Evdə nitq söyləyərkən bu uğurla iftixar duyduğunu və ən təhlükəli düşmən saydığı SSRİ-ni məhv edəcəyini bildirmişdi. Lakin planın bir il ərzində həyata keçirilməməyi ABŞ-ın məkrli niyyətini ürəyində qoydu. Belə ki, SSRİ də artıq 1946-cı ilin sonlarında atom silahını istehsal etmişdi. Bütün bunlar bizə onu deməyə əsas verir ki, sözdə insan hüquqlarını, azadlığı qoruyan bir dövlət müttəfiqinə qarşı faşist Almaniyasından da böyük faciələr hazırlayıbmış.

Natiq Qocaman

O.M