Sizin qələm

Sizin qələm

4 Dekabr 2014 17:14
Bəyəndim (0) Bəyənmədim (0)
Fikrət Sadığın 85 illik yubileyi qarşısında

Şairim, yazarım, dünyaya açılmış gözlərimi açanım, yerisəm də mənə yeriməyi öyrədənim, "qələmi əlində düz tut" deyənim, oxudum mənə verdiyin kitabları, oxudum sənin qələmindən çıxan dağlardan ağır, dünyada bir dünyalıq sətirlərini. Qəribəliklər yaxamdan tutub silkələdi varlığımı. Mənə tanış olan qəribəliklər gözlərimdə yeni qəribəlik donu geydi. Zirvələri dərələrdə gördüm, dərələri zirvədə. Güllərin görə bilmədiyim açılmalarını gördüm. Kolların yuxuya getmələrini, pöhrələrin doğulduğunu gördüm. Gördüm qələmin Allah olduğunu. Yox, qələm Allah ola bilməz! Allah təkdir. Lakin qələm göstərdi mənə Allahın göstərdiklərini. Qələm göstərdi mənə görə bilmədiklərimi. Danışdı qələm mənimlə eşidib-eşitmədiklərimi. Sirlər içərisindəki sirləri danışdı qələm mənə. İşığa bürünüb sökdüm kölgələrin gözündə gizlənən düyünləri, ağlı-qaralı nöqtələrin varlığını, yoxluğunu... Göstərdi qələm mənə Fikrət Sadığın doğulduğu Şamaxı torpağını, Şamaxı sadəliyini, Şamaxı dərinliyini, Şamaxı əzizliyini, Şamaxı kövrəkliyini. Tanıtdı mənə qoynunda doğulduğum torpağın qayalarını. Tanıtdı mənə fəlsəfəsini tanımadığım meşələrin yaşıllığını, sarılığını. Tumurcuqların yarpaq kimi açılmasını, sonra da küləklərin caynağında, Günəşin nəfəsində əriməsini. Tanıtdı mənə özümü, kimliyimi. Açdı sandığı, tökdü pambığı. Kitablar içində kitab oldum. Yaz, yay, payız, qış oldum, sapanda qoyulub atılan daş oldum, özüm-özümə qardaş oldum.

Oxudum mənə verdiyin kitabları, kəlmələrdən yoğurulmuş kitablar haqqında dünya dolusu qələmlə yazılmış kitabları.

Düşüncəm məni çox-çox uzaqlara apardı. İçimdən bir səs gəldi: "Qələmlə yazılanlar haqqında yazmağa dəyməz". Razılaşdım, lakin içimdən gələn səsə dedim ki, 30 may tarixində, çiçəklər bolluğunda, torpağın ətirli çağında doğulmuş yazarın 2006-cı ildə yazdığı "Qələm" şeiri haqqında yaz. İçimdən yenə səs gəldi: "Qələmin iti olsun, kövrək olsun, dolaylardan keçib yıxılmasın, Fikrətin "Qələm" şeiri ilə bir yastıqda baş-başa uyusun, baş-başa böyüsün, oxucuların yaddaşında baş-başa qalsın".

Bu səs məni silkələdi, "baş-başa" sözünün önündə donub qaldım. Görən necə olacaq? Mənim yazdıqlarımla "baş-başa" sözü əl-ələ verə biləcəkmi? Nə bilim? Qələm əlimdən yapışıb məni maqnit qüvvəsi ilə kağıza tərəf çəkdi. Yazmağa başlamazdan əvvəl "Qələm" şeirini dönə-dönə, döngə-döngə, zirvə-zirvə çiçəklərə bürünüb oxudum. Diqqətimi çəkən sətirlərin önündə işarələr qoydum. Bir də baxdım ki, bütün sətirlər möhürlənib. Möhürlər içində möhürlər axtardım. Fikrət Sadığın qələmi ilə möhürlənmiş şeirində başqa möhür tapmaq olardımı? Öz-özümə dedim:

- Yox! Bu, dünyada dünya axtarmaq kimi bir iş olar. İçimdə duyğularımı, düşüncələrimi səfərbər etmək üçün bir səs də gəldi: "Sən yaz, sonrasına baxarıq"... Bax beləcə yazmağa başladım, "hökmdara, şairə, şagirdə həmdəm qələm"imlə, həmişə əlimdən tutan, mənimlə dostluq edən qələmimlə. Ov tüfənginin lüləsindən güllələr çıxan kimi süzgəcdən sözlər çıxan qələmimlə, balaca, əlimin içi boyda, gözü gülüşlü, gözü yaşlı olan qələmimlə. Məni uçqunlardan, qayalardan keçirən qələmimlə. Məni zəlzələlərdən, pis gözlərin fəsadlarından qoruyan qələmimlə.

Şamaxıda "Yeni Şirvan" qəzetinin nəzdində Səkinə Cümşüdlünün təklifi, qəzetin redaktoru Əkrəm Hüseynovun razılığı ilə işıq üzü görmüş "Gənc Sabirçilər" məclisinin toplantısında, hələ 1963-cü ildə Fikrət Sadığın gördüyü qələmimlə. Çox-çox yerli-yersiz tənqidlərə məruz qalan qələmimlə.

Nələr çəkib başım. Fikrət müəllimin (müəllim deyirəm, çünki o, "Gənc Sabirçilər" məclisində müəllimim olub) qələmlə yazdığı "Qələm" şeirinin qəhrəmanına bənzəməyə çalışan qələmimlə.

"Qələm olmaqçün qələm, kəsilib qələm-qələm"

Mənim qələmim də bax beləcə doğranıb qələm-qələm nadanların dünyaları sökən qılıncı ilə. Nə edək Fikrət müəllim, belə olmasaydı, qələm-qələm doğranmış qələminizlə siz də bu şeiri yazmazdınız, bu şeirlə ədəbiyyatımıza ocağın közərən közü kimi işıq gətirməzdiniz. Əks halda Siz həqiqəti cəfəngiyatdan uzaq bir nemət kimi cəhalət atı oynadanların meydanında görə bilməzdiniz. Siz deyə bilməzdiniz ki, fərəhdən göylərə uçur qələm...

"Gah axıdır göz yaşı, gah da çəkir qəm, qələm"

Acı söhbətləri də, şirin nağılları da əvvəli və sonu görünməyən dünyada Sizin dediyiniz kimi yaşadan qələmdir. Sizin qələminizin oxşarı olan qələm!.. Atadan, anadan bir olan qələm!.. Günəşli və ay işığında Şamaxının Dədəgünəş kəndində olan Cəngi meşəsinin yaşıllığında səninlə birgə qışqıran qələmim.

Bəli, sevgi yazan da qələmdi, fərman yazan da, dərman yazan da.

Fikrət müəllim, bir zamanlar (bu günü də ixtisar etmirəm, nə olsun 85 yaşınız var?) qələminiz Sizi sevgi dolu məktublar yazmağa çağırdı. Necə də şirin idi o məktublar... Göydən iki damla yağış yağırdısa, dediyiniz kimi biri Sizin, biri də sevdiyiniz gözəlin həyətinə düşürdü. Bir cığırda ayaq izləriniz hər gün görüşürdü... Bütün bunları Siz qələminizə pıçıldayırdınız, o da yazırdı. Əgər belə olmasaydı, bu gün qələminiz o küləkli, işıqlı, yağışlı, qarlı sevgini xatırlamazdı. Əgər belə olmasaydı, tarixlərin yaddaşına yazılmış fərmanlar, həkimlərin sağalmağımız üçün yazdığı dərmanlar qələminizlə şeirə qayıtmazdı. Çox yaxşı deyiblər: "Aşıq gördüyünü çağırar". Sizin qələm də ağıl süzgəcindən ilmə-ilmə keçənləri götür-qoy edir, gələcəyi qəlbimizin düyünlərini bizə çatdırır, dönə-dönə, yana-yana.

"Qələmdir vəsf eyləyən hicran ilə vüsalı,

Bilirmi nə çəkdirir insana ələm, qələm".

Yaxşı yazırsınız:

"Çox qapıların açarı, çox ümidlərin işığı"dır qələm.

Bilirsinizmi, nə qədər şeirləriniz, qələminizdən çıxanlar qəlblərə açar, ümidlərə işıq olub? Bilirsinizmi, yazdığınız təkcə "Qələm" şeiri böyük bir kitab, böyük bir fəlsəfə, insanlığa böyük bir mükafatdır. Əlbəttə bilirsiniz... Yoxsa qələminiz atılan iki güllələrdən biri kimi qəlbimizi içimizdən asmazdı. Bəlkə "Qələm" şeirinə dünyanın yaratdığı insanlara, insanlığa kölgə deyim? Yox, kölgə sözündən xoşum gəlmir, gələm, elə qələmdir, gözündən damcılayan doğrusu-doğru, əyrisi-əyri, düzü-düz qələm.

"Hərdən bir də eləyib düzü-düzlə tən qələm"

Qələm özü də F.Sadığın dediyi kimi borc, nisyə, sələm tanımır. Hərçənd bu sözlər bu gün insanların qanına hopub. Əgər belə olmasaydı, F.Sadığın qələmi də bu kəlmələri şeirə gətirməzdi.

F.Sadıq içində qələmlə danışır. İçində haray qopan məqamları, qələmi çatdırır bizə. Bu gün məni də, səni də, onu da düşündürən qələmlərini mürəkkəbdə gəzdirib "hərb" yazan və altından sevinc içində bərli-bəzəkli imza atan insanların ürəklərinin daş olduğunu ön plana çəkir.

Mən deyərdim ki, dünyadakı bu hərc-mərclik əsasən də müsəlman ölkələrində daha çox cərəyan edir. Yəqin şair də belə düşünür, bu həqiqətləri qəlbinin döyüntülərini qələmlə oxucularına çatdırır.

Şur muğamı üstündə köklənən şair qələmi beləcə yanır və "Qarabağ" deyərək hönkür-hönkür ağlayır, gözlərinin yaşı dəli çaylara dönüb axır. Ancaq heç kimi köpüklərində boğub aparmır. Oxucuları düşündürür, suallara cavab tapmaq üçün dəyərli imkanların ünvanına göndərir.

"Qələm şur üstə yanır, Qarabağ deyir ağlayır,

Dərdim ərşə dirəkdir, bitməz ah-naləm qələm!"

Yazar yazır ki, qələm "hərb" kəlməsini yazmasın, Qarabağ deyib ağlamasın, hər dövrün müqəddəsliyini axtarsın.

F.Sadıq yazır ki, ən müqəddəs kitablar kimi Quran da qələmlə yazılıb. Quranı yazmış qələm sahiblərinin önündə baş əyirəm. Bir oxucu kimi başa düşürəm ki, yazar da öpür belə qələm sahiblərinin əlindən, özü qələmə dönə-dönə. Bu onun daxili aləmindən, müqəddəsliyindən Allaha bağlı olmasından xəbər verir. Özünün ahıl yaşında qələmlə dostluğunu, ona bağlılığını bir an belə unutmur. Allah tərəfindən göndərilən alın yazısının da qələmin bizə çatdırdığını, qələmin gözündə göyərdiyini söyləyir.

"Alın yazısı da var, onu da qələm yazır,

Qüdrətin əlindədir, həm o yazı, həm qələm".

Hər bir insanın - Fikrətin də (tel: 012 496 85 91), mənim də (tel: 012 409 13 81) alın yazım var. Onu əvvəlcədən bilməsək də, sonradan bilinir və hardasa bu da qələmin ruhuna hopur. O, yazır:

"Bir qələm yaradandır, bir qələm yamsılayan,

Gərək ağlım kəsəndən bu fərqi biləm, qələm!"

Aşağıda dediyinizin də bənzəri yoxdur!

"Qələm də bu dünyada öz sahibinə bənzər"

Bu sözləri söyləyən F.Sadıq özünün də, qələminin də boş yerə yaşamadığını, möhkəm olduğunu vurğulayır. Bu, əslində belədir. Fikrətin özü də, qələmi də vüqarlıdır. Biz Fikrətin qələmi deyəndə onun özündən əvvəllər Şamaxı torpağında dünyaya gəlmiş, dünyaşöhrətli yazarlara sadiq, nümunə olduğunu görürük. Bu da onun dediyi kimi, ədəbiyyatımızın ruzisidir, qismətidir, ziyasıdır, ruhudur. O, hamının görmədiyini görür və qələmi ilə bizə çatdırır - kəmlikdən, yararsızlıqdan uzaq olduğunu söyləyir.

O özünün, qələminin meydanda azad at oynatmasını desə də, tam azadlığın hələ ki, uzaqda olduğunu nəzərə çatdırır.

Fikrət müəllim, gələni qaytarmaq olmaz, o da yol gəlir. Qoy gəlsin!

Şahməmməd

Dekabr, 2014