Xəstəliklər xasiyyəti dəyişir

Xəstəliklər xasiyyəti dəyişir

17 İyun 2011 10:10
Bəyəndim (0) Bəyənmədim (0)
Məşhurlar daha çox hansı xəstəliklərdən əziyyət çəkirlər?

Elə bir insan yoxdur ki, ömrü boyu heç olmasa bir dəfə xəstələnməsin. Bu həqiqəti hamı bilir. Ancaq nə qədər xəstəlikdən qaçmağa cəhd göstərsələr də, həmişə haradasa onunla qarşılaşmalı olurlar. Elə özümüzdən misal götürək. Bizlərdən hansımız xəstələnməmişik? Hər birimiz nə vaxtsa bu və ya digər xəstəliyə tutulmuşuq. Hərdənbir "çağırılmamış qonağımız" olan xəstəlik yüngülvarı soyuqdəymə şəklində gələndə adamın özü üçün xoş olur: bütün günü uzanırsan, hamı sənin qulluğunda durur, sən isə şıltaqlıq edirsən. Onu istəmirsən, bunu arzulamırsan... səndən isə heç kim inciyə bilmir - xəstəsən axı. Əgər hər şey belə şıltaqlıqla bitirsə, bu yaxşı haldır. Di gəl, tarixdə elə faktlar da mövcuddur ki, xəstəlik insanın xasiyyətini, həyata baxışını, vərdişlərini dəyişərək onu tanınmaz hala salır. Məsələn, İngiltərə kralı 8-ci Henrinin tutulduğu xəstəlik nəticəsində o, həddən artıq qəddarlaşdı və hamıdan, hətta ən yaxın qohumlarından da şübhələnməyə başladı. Demək olar ki, kral özünün bütün arvadlarını ona xəyanət etməkdə günahlandırdı, bir neçəsinin də boynunu vurdurdu.

İnsanlar bütün zamanlarda xəstələnirlər və demək olar ki, istənilən xəstəlik onların xasiyyətini təsir edə bilir. Məsələn, hipertoniya. Praktik olaraq bütün yaşlı və orta yaşlı insanların 35-40 faizi bu xəstəlikdən əziyyət çəkir. Xəstəliyin hiyləgərliyi ondadır ki, əlamətləri çox asanlıqla adiləşir və uzun müddət orqanizmdə özünün varlığını büruzə verməyərək, gizli qala bilir. İlkin mərhələdə qan təzyiqinin azacıq qalxmasını hiss etməmək də olar. Ancaq hipertoniya orqanizmdə öz yerini möhkəmləndirəndən sonra insanın xasiyyətində də müəyyən dəyişikliklər əmələ gəlir. Hansı ki, bu, onları narahat etməlidir. Belə hallara tez-tez dəyişən əhval-ruhiyyə, hər şeydən qıcıqlanma, boş şeylərə görə əsəbiləşmə və s. daxildir. Hətta həkimlər arasında "hipertonik xasiyyət" termini də işlədilir.

"Tədricən artan iflic" Mopassanın psixikasını darmadağın etmişdi. Klassik yazıçı qışqıraraq dünyanın bütün qadınlarının namusunu ləkələdiyini, qarnının brilyantla dolu olduğunu və s. bildirirdi.

Qoqol ciddi psixi sarsıntı keçirmişdi. Bundan sonra o, qadınlar kimi uzun saç saxlamağa, tikiş işləri ilə məşğul olmağa, yemək bişirməyə daha çox meylli olmağa və qadınlardan qorxmağa başlamışdı.

Yesenin dəfələrlə psixiatra müraciət edərək alkoqolizmdən müalicə olunmaq istəyini bildirib. Ancaq bu müraciətlərin heç biri uğurla nəticələnməyib. Həkimlər ciddi-cəhd göstərsələr də, ona kömək edə bilməyiblər.

İndi isə gəlin məsələnin başqa tərəfinə baxaq. Öz xəstəliyi və onun verə biləcəyi nəticələri haqqında bildikdən sonra insan elə psixi zərbə alır ki, "özündən gedir".

Hipertonik xəstələrin bir çoxu düşünür ki, heç nəyə fikir vermək lazım deyil. Onlarda belə bir düşüncə formalaşır: "keçib gedər".

Ürək-damar xəstəliklərinə düzgünlüyü sevən, cavabdeh olan, özünə yüksək karyera qazanmaq və həmişə birinci olmaq istəyənlər tutulurlar.

Şəkərli diabet: az hərəkətli həyat tərzi keçirən, yüksək kalorili və şirin qidalar qəbul edən insanlarda olur. Belələri hər şeydən tez qıcıqlanır, halsız olur, tez əldən düşürlər. Ancaq məhz bu xəstələr daha emosional və açıq xarakterli olurlar. Deyilən hər sözün sətiraltı mənasını tez anlayırlar. Tez-tez öz xəstəlikləri haqqında başqalarına söhbət açırlar.

Biz hər birimiz ayrı-ayrı hallarda müxtəlif xəstələrlə ünsiyyətdə oluruq. Və çox vaxt əmin oluruq ki, xəstəlik insan psixikasına yaxşı təsir etmir. Ancaq hərdən istisna hallar da baş verir.

Deyilənlərə görə, admiral Nelson döyüşlərdə bir neçə dəfə yaralanandan sonra gözlənilmədən ünsiyyətcil və insanpərvər bir şəxsə çevrilib. O, sağ qolunu itirəndən sonra bu hal daha da aydın şəkildə özünü büruzə verib. Bundan sonra admiral insanlara qarşı daha mehriban olaraq onlara kömək etməyə çalışıb.

Danılmaz həqiqətdir ki, xəstələnərkən insan əsəbi və dözülməz xasiyyətli olur. Bu, xəstəliyin əlamətlərindən biridir. Xəstələrin özlərinin bunu dərk etməsi çox çətindir, ancaq onları əhatə edənlər mütləq dərk etməli və unutmamalıdırlar.

Sağlam olun, təkcə asqıranda yox...

Əfqanə Səhər

O.M.