VİDEO-Ona zülm verən narkoman əri imana gəlib

VİDEO-Ona zülm verən narkoman əri imana gəlib

15 İyun 2011 18:21
1 974
Bəyəndim (0) Bəyənmədim (0)
Hamilə ikən cəhənnəmi görmüş qadın

12 may günü bu yazı haqda qısa məlumat vermişdik. İndi isə hadisələri əvvəldən-axıradək sizlərə təqdim edirik.

Həyat bir dənizdir. Bəzən ləpəli olur, bəzən sakit. Üfüqdə bizi xoşbəxtliyin gözlədiyini düşünsək də, o, hamı üçün mütləq sondur. Və biz yerlə göyün birləşməsini simvolizə edən bu sonluğa doğru üzürük. Lakin biz üfüqə yaxınlaşdıqca o, bizdən daha da uzaqlaşır. Hər birimiz qət etdiyimiz yoldan asılı olmayaraq nə vaxtsa dənizin burulğanında itib-batırıq və onun bir parçasına çevrilirik. Məhz o an biz ilk və son dəfə üfüqdə olduğumuzu anlayırıq. Bəlkə də kimin üçünsə üfüqə çevrilirik?..

Haqqında bəhs edəcəyim gənc qadın da hamı kimi xoşbəxtlik üfüqünə doğru irəliləyirdi. Lakin səadət ilğım kimi ondan uzaqlaşırdı. Zaman-zaman gücü tükənir, əl-qolu boşalırdı zavallının. Məhz dənizin dibinə batacağı anda onu xilas edən tapıldı və qəhrəmanımız yenə də xoşbəxtlik axtarışında yoluna davam etdi.

Lənkəran rayonu Mamusta kəndində sadə bir ailədə Natəvan adlı bir qız dünyaya gəlir. İllər keçir, Natəvan boya-başa çatır. Orta məktəbə yollanır. Onun təhsil almağı uzun çəkmir. 8-ci sinfi bitirər-bitirməz qonşu kənddən yaşca özündən çox böyük olan Vahid adlı oğlanın ona gözü düşür. Vahid Natəvana elçi göndərsə də, Natəvan onu rədd edir. Bundan qəzəblənən Vahid qızı özünə ram edəcəyinə söz verir. Bu minvalla onu izləməyə başlayır.

Günlərin bir günü Natəvan evdə tək qalır. Başına gələcəklərindən xəbərsiz hamama keçir. Bu zaman Vahidin əlinə gözəl fürsət düşür. O, öz niyyətini həyata keçirmək üçün hamama, Natəvanın yanına soxulur. Onu çılpaq vəziyyətdə görüb daha da azğınlaşır. Qız nə qədər çığırsa da, köməyə gələn olmur. Vahid onu zorlayaraq, öz çirkin əməllərini həyata keçirir. Bir müddət keçdikdən sonra atası Natəvanı özündən yaşca çox böyük imkanlı bir kişiyə ərə vermək istəyir. Qız gecə-gündüz göz yaşlarını saxlaya bilmir. Məcburiyyət qarşısında qalan Natəvan anasına başına gələnləri danışır və Vahidə ərə getməyə razı olur. Vahid buna çox sevinir və sevdiyi qızı özünə arvad edir. Natəvanın ər evindəki xoşbəxtliyi uzun sürmür.

... Artıq qayınata və qayınana birləşərək Natəvana zülmlər etməyə başlayır. Təzə gəlin isə 13 nəfərlik ailənin bütün işlərinin öhdəsindən tək gəlir. Bu zülmlərə səbəb o olur ki, onlar öz qızlarından birini Natəvanın qardaşına vermək istəyirlər. Natəvan onların bu istəyini qardaşına çatdırır. Qardaşı təklifi rədd edir. Bir müddət sonra Natəvan hamilə qalır. Buna baxmayaraq, ona yenə də işgəncələr verilir, ağır işlər gördürürlər. Bir neçə ay keçəndən sonra Natəvan artıq ana olur. İllər ötdükcə Natəvan artıq ev işlərindən əlavə kişi işləri ilə də məşğul olmağa başlayır (meşədən odun gətirir, un kisəsini dəyirmandan kürəyində evə aparır, hətta çöldə əkin işlərini də görür). Vahidsə ailə məsuliyyətini dərk etməyərək qumara qurşanır. Natəvan 3-cü qız övladını dünyaya gətirəndən sonra daha çox işgəncələrə məruz qalır. Buna da səbəb Vahidin ondan oğlan övladı istəməsi olur. Artıq Natəvana yemək belə vermirlər, onun yeyilmiş ətin sümüyünü atırlar. Bir gün Natəvan eşidir ki, Vahidin valideynləri onun üstünə günü gətirirlər. Buna dözə bilməyən gəlin körpə uşağını götürüb, atası evinə üz tutur.

Natəvan başına gələnləri anasına danışır. Ana dərddən xəstəlik tapır. Natəvan özünə qəsd etmək qərarına gəlir. Atasının heyvanlar üçün aldığı dərmanları içib, özünü zəhərləyir. Onu Lənkəran xəstəxanasına aparırlar. Vəziyyəti yaxşı olmadığından Bakıya göndərirlər. Burada sağalan Natəvan elə paytaxta qalıb işləmək qərarına gəlir. Anası da onunla qalır, süpürgəçiliklə və tum satmaqla dolanırlar. Vahid də 2-ci arvadı və uşaqlarını götürüb Bakıda işləməli olur. Bundan xəbər tutan Natəvan uşaqlarını görmək üçün onların işlədiyi çörək sexinə gəlir. Əri Natəvana hədə-qorxu gələrək, onu qovur. Hələ bu azmış kimi Natəvan işdə olarkən vahid onlara gedərək 3-cü qızını da nənəsinin əlindən zorla alıb gətirir. Buna dözməyən nənənin beyninə qan sızır və o rəhmətə gedir. Artıq atası da Natəvandan üz döndərir. Tənha qalan qızcığaz dərdə düşür. O ərəfədə qonşusu Kəmalə ona başqa biri ilə ailə qurmağı təklif edir. Razılaşmaqdan başqa çıxış yolu olmayan Natəvan gedəcəyi oğlanın kim olduğunu bilmədən razılıq verir. Daha bilmir ki, onu irəlidə daha böyük sınaqlar gözləyir.

... O, Cavid adlı oğlanla ailə qurur. İçki düşkünü və narkotik aludəçisi olan Cavid onu hər gün döyərək pul gətirməyə məcbur edir. Bir gün Natəvan köhnə tanışı olan Arzu adlı bir qadınla rastlaşır və ondan kömək istəyir. Arzu ona Mehriban adlı bir xanımın ünvanını verir. Mehribanın ona rəhmi gəlir və obyektində süpürgəçi işinə götürür. Natəvan öz taleyini bu qadına danışır. Mehriban onun ərini yanına çağıraraq, mehriban və həyat yoldaşını incitməməyi tapşırır. Cavid Mehribana "sən öl, ona əl vurmayacağam", - deyə söz verir.

Həmin gün bərk yağış yağır. Qəflətən Mehribana gecə zəng gəlir. Natəvan ağlaya-ağlaya Cavidin onu yenə döydüyünü və uşağını saldığını deyərək Mehribandan kömək istəyir. Mehriban gecə ilə onlara yollanır. Natəvanı pis vəziyyətdə küçədən evinə gətirir.

Səhər Mehriban onu xəstəxanaya aparır və bir daha Cavidə geri qaytarmır. Dərdli Natəvanı öz evində saxlayaraq ona analıq qayğısı göstərir. Cavid ailəsinin dağılmasını görərək özünə bıçaqla xəsarət yetirir. İşə qarışan polis Mehribanı axtarır. Mehriban Natəvanın Cavidə qaytarılmasını istəyən polislə razılaşmır. Cavid arvadının yerini polisdən öyrənir.

Mehriban Cavidi taparaq haqq yoluna dəvət edir, ondan işləyib ailəsinə baxmasını tələb edir. Sonuncu görüş sanki Cavidi qəflət yuxusundan oyadır. O özündə güc toplayıb pis vərdişlərindən azad olmağa başlayır. Bu minvalla işə başlayaraq, namaz qılır, köhnə həyatından uzaqlaşır. Mehriban onlara öz evində yaşamağa şərait yaradır. Natəvanı ev xanımı edir. Cavidin ata-anasının ondan imtina etdiyini bilib Masallıya oğlanın ata evinə üz tutur. Evin xanımı Mehribanı normal qarşılayır. Mehriban Cavidin ata-anasını inandırır ki, oğlanları haqq yoluna qayıdıb və pis vərdişlərdən uzaqlaşıb. Bunu eşidib sevinən ata-ana övladını bağışlayır.

Artıq onlar xoşbəxt bir ailədir. Bu xoşbəxtliyə bir müddət sonra yenisi əlavə olunacaq. Belə ki. gənclər valideyn olmağa hazırlaşırlar.

Onları artıq üfüq birləşdirib. Bəlkə də özləri də bilmədən xoşbəxtlik üfüqündə bütövləşiblər. Biri həzin dənizdir, digəri aydın səma. Üfüqsə dünyaya gələcək körpələridir.

Bu ecazkar tablonu ayrılıqda təsəvvür etmək mümkün deyil. Çünki günəş var olduqca onlar hər yerdən görünəcəklər və müxtəlif baxış bucaqlarında palitranın al-əlvan rənglərinə boyanacaqlar.

Mehriban Bəylərqızı

O.M.