ARAŞDIRMA-Hədiyyə almaq və vermək bir mədəniyyətdir

ARAŞDIRMA-Hədiyyə almaq və vermək bir mədəniyyətdir

14 İyun 2011 18:27
Bəyəndim (0) Bəyənmədim (0)
Hədiyyənin keçmişi, bu günü və gələcəyi

İNSAN VƏ HƏDİYYƏ

Dünyada elə bir insan tapılmaz ki, hədiyyə almağı xoşlamasın. Bəziləri qətiyyətlə bunu inkar edirlər və hədiyyə almağı yox, məhz verməyi xoşladıqlarını bildirirlər. Əslində isə belə deyil. Həmin şəxslərin hədiyyə almaqdan imtina etmələrinin sadə bir səbəbi var, nə vaxtsa hədiyyənin əvəzini qaytarmaq onlar üçün arzuolunmaz görünür. Lakin elə insanlar da var ki, hədiyyə aldıqları kimi, verməyi də xoşlayırlar. Psixoloqların fikrincə, belələri zəngin və ürəyiaçıq olurlar. Ümumiyyətlə, hədiyyə almaq da, vermək də böyük bir incəsənətdir. Bir anlıq təsəvvür edin ki, kimsə sizə hədiyyə verir, lakin bu zaman xoş sözlər demək əvəzinə üz-gözünü turşudur, "İt aparan olsun" məsəli ilə hədiyyə götürmək heç kəsə xoş təsir bağışlamaz. Və ya sizə yaxın olan bir adam daim maddi sıxıntılar çəkdiyini dilə gətirə-gətirə sizə nə isə bağışlayırsa, bu, ürəyinizcə ola bilməz. Axı o, başqalarının yanında yenidən borca girdiyindən gileylənəcək.

MƏKRLİ HƏDİYYƏ

Ta qədim zamanlardan indiyə kimi insanlar bir-birilərinə hədiyyə verirlər. Səfirlərin və dövlət başçılarının səfərlərini hədiyyəsiz təsəvvür etmək mümkün deyil. Arxeoloji qazıntılardan məlum olub ki, yaşı 3000 ildən artıq olan qədim Misir küplərində hədiyyəni simvolizə edən sözlər yazılıb. Göründüyü kimi, o vaxtlar siyasi aləmdə hədiyyə bağışlamaq mərasimi geniş yayılmışdı. Lakin bir faktı qeyd etmək yerinə düşərdi. Qədimdə hədiyyələr bəzən təxribat xarakterli olurdu. Başqa sözlə desək, hədiyyə verən şəxs alanın həyatına qəsd etmək məqsədini güdürdü. Məsələn, Ataman Yermak Kuçum xanın üzərində qələbə çaldığı üçün padşah İvan Qroznı ona halqavarı şəkildə qayıq bağışlamışdı. O, Vaqay çayını keçərkən həmin qayıqda batdı. Göründüyü kimi, padşahın hədiyyəsi onun həyatı bahasına başa gəldi. Tarixə məlum olan başqa bir faktı da xatırlamaq yerinə düşərdi. Şahzadə Mariya Stüart sevib-seçdiyi Henrix Darleyə ürək şəkilli mavi bir sapfir bağışlamışdı. Bu hədiyyə sevən qəlbdən çox ölən adamın ürəyini xatırladırdı. Henrix Darley şahzadə ilə ailə qurmağa razılıq verdi. Çox keçmədən aralarında söz-söhbət və problemlər yaranmağa başladı. Taxt-taca sahib çıxmış Henrix Darley ambisiyalı bir insan olduğundan tezliklə arvadını aradan götürmək barədə düşünməyə başladı. Lakin planını həyata keçirə bilmədi. Məsələdən xəbər tutan Mariya Stüart guya ərini bağışlayırmış kimi davranaraq, onunla barışmaq istədiyini elan etdi. Henrix Darley şahzadənin Holirrud qalasında ona hədiyyə etdiyi evə dəvət aldı. Gecəyarısı partlayış baş verdi və Henrix Darley dostları ilə birlikdə yanıb külə döndü. Tanınmaz hala düşmüş meyitlərin birinin üzərindən mavi sapfir tapıldı. Aydın oldu ki, bu Henrix Darleydir.

BAĞIŞLAYANA ÖLÜM

Tarixdə bəzən elə hallar olub ki, hədiyyə verən adamın özünün həyatına qəsd edilib. Məsələn, knyaz İqoru qətlə yetirən qonşu knyazlığın adamları onun dul arvadına göz qoyurlar. Olqa adlı bu xanıma öz knyazları Mala ilə ailə qurmağı təklif edirlər. Qadın mərhum ərini çox istədiyindən onlardan qisas almağı qərara alır. Əra getməyə razılıq verərək, hər ailədən üç ədəd göyərçin hədiyyə almağı qarşılarına şərt qoyur. Knyaz Malanın sakinləri göyərçin saxlamağı çox sevərdilər. Hər ailədən üç ədəd göyərçin gəlinə hədiyyə gətirirlər. Olqa qonaqları hamama saldıraraq qapını kilidlədir. Göyərçinlərin isə qanadlarına yanan məşəl bağlayaraq onları azadlığa buraxır. Olqanın məqsədi o olur ki, göyərçinlər hamama uçaraq oranı yandırsınlar. Lakin quşlar təlaş içində öz evlərinə doğru istiqamət alırlar. Nəticədə Malanın knyazlığındakı evlər od-alova qərq olur. Beləcə, minlərlə insan məhv olur.

ƏNƏNƏ DAVAM EDİR

Tarixin acı xatirələrinə baxmayaraq, hədiyyə vermək və almaq ənənəsi bu gün də davam etdirilir. Belə ki, hədiyyə təkcə bir insanın başqasına qarşı məhəbbət və hörmətinin təcəssümü deyil, həm də həmin adamın comərdliyinin və geniş qəlbinin göstəricisidir. Heç kimə sirr deyil ki, uzun müddət arzuladığı bir şeyi hədiyyə alarkən insan daha çox sevinir.

Ona görə də hədiyyə verməzdən qabaq həmin şəxsin maraq dairəsini və istəklərini öyrənmək vacib şərtdir. Bu halda yaxşı olardı ki, sevindirəcəyiniz insanın gözü tox olsun. Məsələn, tanınmış kinoaktyor Mel Gibsonun ən çox sevdiyi hədiyyə kişi corablarıdır. Beləsinə hədiyyə verməyə nə var ki? Vay o gündən ki, qarşındakı insanın iştahası böyük olsun. Məsələn, ad günlərində və ya başqa mərasimlərdə gözü əllərə baxan adamı sevindirmək olduqca çətin məsələdir. İndiki dövrdə tədbirləri şadlıq saraylarında keçirmək dəb halını alıb. Bu zaman çoxlarını düşündürən yeganə hədiyyə pul olur, özü də böyük məbləğlərdə. Sözsüz ki, bu, ürəkaçan mənzərə deyil. Belə hallarda pul toplayıb hədiyyə vermək daha məqsədəuyğun olardı.

KİŞİLƏRİN KİÇİK HİYLƏSİ

Nə qədər qəribə səslənsə də, indi qadınları güllə sevindirmək müşkül məsələyə çevrilib. Maddiyatın üstünlük təşkil etdiyi zamanımızda qadınlar güllə bərabər bahalı hədiyyələr də tələb edirlər. Çox vaxt da hədiyyəni pul şəklində almağa üstünlük verirlər. Bu yerdə kişilərə kiçik bir məsləhətimiz olacaq. Hədiyyə bağışlayacağınız ana qədər ona verdiyiniz cibxərcliyini bir qədər azaldın. Qənaət etdiyiniz pulları bir yerə toplayın. Elə edin ki, tərəf-müqabiliniz bunu hiss etməsin. Vaxt gələndə ona pulu hədiyyə şəklində versəniz, əmin olun ki, çox sevinəcək. Bir şeyi unutmayın, onsuz da siz ona vaxtaşırı pul verirsiniz. Bunu lazımi anda etsəniz, daha effektli alınacaq.

XANIMLARA MƏSLƏHƏT

Əziz qadınlar, elə düşünməyin ki, kişilər hədiyyəni sevmirlər. Əksinə, ona bağışladığınız hər bir şey daim sizi xatırladacaq. Odur ki, ondan aldığınız cibxərcliyindən hər zaman qənaət edin. Vaxtı gəldikdə onun marağına səbəb olacaq hədiyyə alın. Lakin bir şeyi unutmayın, sizin bəyəndiyiniz hədiyyəni o sevməyə bilər. Ona görə də onun zövqünü oxşamağa çalışın. Doğrudur, bu, sizə çətinliklə başa gələ bilər. Bununla belə, heç olmasa ildə bir dəfə onun istədiyi kimi hərəkət etməyə çalışın.

PSİXOLOQLARIN TÖVSİYƏSİ

Hədiyyə vermək, qarşındakını sevindirmək asan göründüyü qədər də çətindir. Bir anlıq fikirləşin ki, hədiyyə almağa maddi imkanınız yoxdur. Bu yerdə psixoloqların məsləhəti köməyinizə gələ bilər. Əgər siz kişisinizsə və tərəf müqabilinizin maddi tələblərini ödəyə bilmirsinizsə, hədiyyə verəcəyiniz zamanlarda təsəvvür edin ki, ona istədiyi kürkü, qızıl-zinət əşyalarını bağışlamısınız. Sözsüz ki, zəngin və baxımlı qadına qarşı münasibətiniz də başqa cür olacaq. Onu daha çox qayğı və diqqətlə əhatə etmiş olacaqsınız. Əgər siz qadınsınızsa və tərəf müqabilinizin maddi vəziyyəti pisdirsə, onunla elə davranın ki, guya altında ən son model maşını, şəxsi firması və villaları var. İnanın ki, bu cür münasibət onda özünəinamı və sizə qarşı məhəbbəti artırmış olacaq.

ÜMUMİ MƏSLƏHƏTLƏR

Yaxın adamınızın ad gününü təbrik edərkən ona pul yox, hədiyyə verməyə üstünlük verin. Çünki pul xərclənib gedəndən sonra unudulur. Hədiyyə uzun müddət yaddaşlarda qalır. Əsasən o hallarda ki, həmin adamın istəyinə uyğun gəlsin. Ancaq tədbir şadlıq sarayında keçirilirsə və pul siyahısı tutulursa, pul verməyiniz məqsədə uyğundur. Belə ki, hədiyyəniz hər zaman yaddaşlarda qalacaq. Ümumiyyətlə, hər bir insan az da olsa pul toplamağı bacarmalıdır. "Dama-dama göl olar", - deyiblər. Yığdığınız pul zamanında sizə göydəndüşmə ola bilər. Əgər yığa bilmirsinizsə, etibarlı bir adama verin, ancaq bunu mütləq edin. Unutmayın ki, hədiyyə almağınız təbii olduğu qədər verməyiniz də təbii haldır.

SON SÖZ ƏVƏZİ:

Ulu Tanrı hamımıza bu həyatı hədiyyə olaraq verib, bizi sevindirib. Şükür məsləhətinə! Əgər elədirsə, bəs onda biz niyə başqalarını sevindirməyək? Xoş münasibət, təbəssüm və sevgi dünyada ən böyük hədiyyələrdən biridir. Odur ki, ildə bir və ya bir neçə dəfə deyil, hər zaman bu cür hədiyyələrinizi ətrafdakılardan əsirgəməyin. Onda mütləq sizə də eyni hədiyyəni verəcəklər, özü də hədsiz miqdarda.

Könül Aypara

O.M.