ARAŞDIRMA-Köhnə kinomuza yeni baxış

ARAŞDIRMA-Köhnə kinomuza yeni baxış

16 Sentyabr 2011 16:03
Bəyəndim (0) Bəyənmədim (0)
Dövrün tələbinə əsasən istər-istəməz fikirlər dəyişir

(Yazının əvvəlini oxumaq istəyirsinizsə, buraya klik edin)

Azərbaycan kinosu olduqca zəncin və çoxşaxəlidir. Hər birimizin tərbiyəsində bu ekran əsərlərinin müstəsna rolu olmuşdur. Məhz buna görədir ki, günümüzdə də köhnə filmlər sevilə-sevilə izlənilir. Lakin nədənsə zaman dəyişdikcə kinolardakı obrazlar da gözümüzün önündə dəyişməyə başlamışdır. Heç kimə sirr deyil ki, dünya qloballaşır və cəmiyyətlər ortaq mənəvi dəyərlərə doğru irəliləyir. Bu yolda istər-istəməz məsələlərə yanaşma tərzi də dəyişir.

Məsələn, götürək 1958-ci ildə lentə alınmış "Uzaq sahillərdə" filmini. Orada İtaliya və Yuqoslaviya partizanlarının keçdiyi qəhrəmanlıq yolundan bəhs olunur. Daha doğrusu, həmyerlimiz Mehdi Hüseynzadənin partizan dəstəsindəki fəaliyyəti önə çəkilir. Bəli, Mixaylo bizim fəxrimizdir və biz onu inkar etmək fikrində deyilik. Lakin nə qədər qəribə səslənsə də, onun apardığı mübarizə yolu indiki dövrdə, yumşaq desək, pislənilir. Başqa sözlə, partizanlıq hərəkatı artıq terrorizm adlanır və dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə qınanır. Maraqlıdır ki, artıq dünya lüğətlərindən partizan sözü də yığışdırılıb və ya terrorçu kəlməsi ilə əvəzlənib. Şəxsən mən bu fikirlə razılaşmasam da, reallıq dəyişməz olaraq qalır. Müasir dünya partizanlıq hərəkatını qəhrəmanlıq kimi qəbul etmək istəmir. Əksinə, terrorizm adı ilə lənətləyir.

Söhbət müharibə mövzusundan açılmışkən 1969-cu ildə çəkilmiş "Bizim Cəbiş müəllim" kinosunu xatırlamamaq olmur. Bildiyiniz kimi, əsərdə əsasən müharibə dövrünün iqtisadi sıxıntılarından bəhs olunur. Daha dəqiq desək, qonşu Əbülfəzin və Suqra xalanın təklifi ilə Cəbiş müəllimin arvadı onu sabun bişirməyə razı salmağa çalışır. Yadınızdadırsa, Cəbiş müəllim israrla sabun bişirməkdən imtina edir. Buna görə də arvadı məcburiyyət qarşısında qalıb evdəki əşyaları bir-bir satışa çıxarmalı olur. Halbuki Cəbiş müəllim əvvəlcədən sabun bişirməyə razılıq versəydi, ilk növbədə onun ailəsi, başsız qalmış Nəcəfovlar, Tanyanı saxlayan Suqra xala, qonşu Əbülfəz, məktəbə qadın alt paltarında gəlmiş şagird, Cəbiş müəllimin digər şagirdləri və ümumən qonşular acından ölmək təhlükəsindən qurtula bilərdilər. İnanın ki, Cəbiş müəllim sabun bişirib satdırsaydı, bir neçə ailənin həyatı xilas olunacaqdı. Şəxsən mən bunda heç bir qəbahət görmürəm. Unutmaq olmaz ki, arxa cəbhədə çalışan insanlar da ölkə üçün əsgərlər qədər önəmli idilər. Digər tərəfdən, o dövrdə başı müharibəyə qarışmış dövlət mağazalarını təmin etmək iqtidarında deyildi. Dükanlarda ancaq kartoçkalarla çörək verilirdi. Ona görə də hamı üz tuturdu bazarlara. İndi təsəvvür edin ki, sabunun hava-su kimi vacib olduğu bir vaxtda insanların sabun ehtiyacı ödənə bilərdi. Yeri gəlmişkən, müharibə zamanı yüz minlərlə adam antisanitariya şəraitində müxtəlif xəstəliklərə tutularaq həyatlarını itirmişdilər. Doğrudur, Cəbiş müəllim filmin sonlarına yaxın, nəhayət ki, sabunu bişirdi. Ancaq hamısını əsgərlərə payladı. "Hər şey cəbhə üçün" şüarı ilə fəaliyyət göstərən dövlət onsuz da öz ordusunu mümkün qədər təmin etməyə çalışırdı, o cümlədən də sabunla. Deməli, sabun ilk növbədə sadə vətəndaşlara lazım idi. Göründüyü kimi, sovet dövründə ölkəni yalnız bir fikir maraqlandırırdı: insan həyatı bahasına olsa belə, hər şey SSRİ yolunda fəda edilməlidir.

Heç təsadüfi deyil ki, zəhmətkeşlərin əməyinin istismarı da o dövrdə dövlət tərəfindən geniş təbliğ olunurdu. 1955-ci ildə ekranlaşdırılmış "Görüş" kinosunda bu, qabarıq şəkildə özünü göstərir. Tüfeyli kimi təqdim edilmiş Kamil, Şıxəli, Əbülfəz obrazları məsxərəyə qoyulur. Doğrudur, onların faydalı işlə məşğul olmamaqlarını alqışlamaq olmaz. Lakin filmdən bu epizodu yadınıza salmaq istərdim. Kolxoz sədri Münəvvər Kamilə Lalanın məktubunu verir. Məktubda özbək pambıqçısı sevgilisini yarışa dəvət edir. Münəvvər Kamilin qarşısında həlli mümkün olmayan plan qoyur. Təbii ki, o da sahəyə çıxıb öz gücünü yoxlayır, amma qoyulmuş vəzifənin öhdəsindən gələ bilmir. Çünki o qədər pambığı yığmaq üçün sutkalarla vaxt sərf etmək lazım idi. Bu isə o deməkdir ki, gün ərzində 8 saat işləməli olan adamlar sosializm yarışması adı altında günün 24 satını istismar edilirdilər. Orta və yaşlı nəslin nümayəndələri bilirlər ki, səhərdən axşamadək günün altında ac-susuz işləmək, bitkilərə verilmiş zəhərli maddələrlə təmasda olmaq çoxlarının həyatında sağalmaz izlər buraxmışdı. Bir sözlə, o dövrdə insan hüquqları, əmək məcəlləsi pozulurdu. Halbuki BMT-nin Cenevrə Konvensiyasının qərarlarına əsasən, hər bir insanın iş saatı 8 saatdan artıq olmamalıdır. Demək, zəhmətkeşlər dövlət tərəfindən qul kimi istifadə olunurdular. Bəlkə elə buna görə idi ki, Kamil planı yerinə yetirməyin mümkün olmadığını anladıqdan sonra dostları Şıxəli və Əbülfəzi köməyə çağırmaq məcburiyyətində qalmışdı? Doğrudur, onların fırıldağı tez bir zamanda ifşa edildi. Amma razılaşın ki, o dövrdə məhsulun qəbulu zamanı bundan qat-qat artıq saxtakarlıqlara yol verilirdi. Tam məsuliyyətimlə deyə bilərəm ki, dövlət tərəfindən fəxri adlar almış adamlar özləri işləmədikləri halda, başqalarının topladığı məhsul onların adına qeydiyyata alınırdı. Hətta çəkidə reallıqdan xeyli artıq yazılırdı. Bundan başqa, o zamanlar pambıq planının artıqlaması ilə ödənildiyi barədə bəzi respublikalarda saxta sənədlər də tərtib olunurdu. Kinoda bu barədə bəhs edilməsə də, tarixi fakt faktlığında qalır. Məsələyə bu baxımdan yanaşsaq, Kamilin, Şıxəlinin və Əbülfəzin tarlada işləməməklərinə insan hüquqlarının pozulmasına etiraz əlaməti kimi bəraət qazandırmaq olar.

1968-ci ildə lentə alınmış "Uşaqlığın son gecəsi" filmi də araşdırma baxımından maraqlıdır. Yadınızdadırsa, Rüstəm anbardar vəzifəsində çalışır. O, yeni iş yerində Elya adlı bir qadınla eşq macərası yaşayır. Elya isə eyni zamanda Rüfətlə görüşür. Rüfətin məqsədi anbarı soymaqla dövlət malını oğurlamaq olur. Filmin sonunda bu işdə ona Elya kömək edir. İlk baxışdan Rüstəmin müsbət, Elya ilə Rüfətin isə mənfi obrazlar olduğunu söyləmək olar. Ancaq nəzərinizə kiçik bir epizodu çatdırmaq istəyirəm. Əgər diqqət yetirmisinizsə, Elya Rüstəmdən quzu istəyir. O da quzunu kombinatın həyətindən oğurlayaraq qoltuğunda gizlədir və yük maşınında eşiyə çıxardıb sevgilisinə verir. Bildiyiniz kimi, quzu da kombinatın balansında idi, yəni dövlətə məxsus idi. Belə çıxır ki, Rüstəm hislərinə qapıldığı şəraitdə tərəddüdsüz oğurluq edə bilərdi. Necə ki etmişdi. Halbuki dövlətə məxsus olan quzunu oğurladığına görə o da məsuliyyətə cəlb olunmalı idi. Demək, zəif xarakterə malik olan Rüstəmi də Rüfət kimi oğru adlandırmaq və mənfi obraz kimi səciyyələndirmək olar.

Mənəviyyatdan söz düşmüşkən, 1993-cü ildə çəkilmiş "Təhminə" kinosu barədə danışmaq istərdim. Baş qəhrəmanlar olan Təhminə ilə Zaurun məhəbbətinə toxunmadan məsələyə Zaurun valideynləri prizmasından baxmaq maraqlı olardı. Şəxsən mən yaşımın üzərinə yaş gəldikcə onları anlamağa başlamışam. Belə ki, Zivərlə professor Zeynallı gözlərinin ağı-qarası olan bircə oğullarını el adəti ilə evləndirmək istəyirlər. Ona halal süd əmmiş qız da tapırlar. Lakin Zaur Təhminə adlı bir qadına uyur. Hələ bu azmış kimi günlərlə evə gəlməyərək valideynlərinə qarşı hörmətsizlik və tərbiyəsizlik etmiş olur. Bu yerdə sizə bir sual vermək istərdim, amma xahiş edirəm səmimi cavab verin. Təsəvvür edin ki, oğlunuz və ya qardaşınız dul bir qadınla görüşür. O qadınla ki, adı başqaları ilə hallanıb. Siz bu izdivaca razılıq verərdinizmi? Bir şeyi nəzərinizə çatdırım ki, Zaur kimi təcrübəsiz bir oğlan üçün Təhminə real təhlükə kəsb edirdi. Ona görə təhlükə adlandırdım ki, Zaur hətta başqası ilə ailə quracağı təqdirdə Təhminə sağ olsaydı, onun həyatından çıxmayacaqdı. Bu isə gənc ailə üçün bitib-tükənmək bilməyən problemlər yaradacaqdı. Həyatda həmişə belə olur. Deməli, məsələyə təkcə iki insanın ehtirası nəzərindən baxmaq düzgün deyil, hərtərəfli yanaşmaq lazımdır.

Hərtərəfli yanaşma demişkən, 1955-ci ildə ekranlaşdırılmış "Bəxtiyar" filmində də Yusiflə Ağabala obrazları tənqid edilir. Yusifin ticarətçi peşəsinə yiyələnməsi az qala cinayətkarlıq qədər qəbahət hesab olunur. Eyni zamanda Ağabalanın prodüserlik fəaliyyəti də məsxərəyə qoyulur. Halbuki müasir dövrün iqtisadiyyatı güclü ticarətçilərin olmasını tələb edir. Bundan başqa, bütün dünya ölkələrinin incəsənəti bacarıqlı prodüserlərin təşkilatçılığı hesabına təbliğ olunur.

Son söz əvəzi: Azərbaycanda indiyə kimi 300-dən artıq film çəkilmişdir. Onlardan 300-ə qədəri tammetrajlı bədii film, təxminən 100-ü qısametrajlı bədii filmlərdir. Hər biri haqqında araşdırma aparsam, sizin oxumağa hövsələniz çatardı, mənim yazmağa. Odur ki, mövzunu burada bitirirəm. Sonda onu demək istərdim ki, Milli kinomuzun klassik nümunələri dünya şöhrətli yazıçılar, dramaturqlar, ssenaristlər, rejissorlar, bəstəkarlar, rəssamlar digər bədii heyət üzvləri tərəfindən araya-ərsəyə gətirilmişdir. Sizə təqdim etdiyim məqalədə fikrim onların əsərlərini tənqid etmək deyil. Əsla! Yeganə arzum budur ki, kinolara baxarkən hərtərəfli düşünməyə çalışasınız. Bu yerdə müqayisə tam uyğun olmasa da, bir faktı qeyd etmək istərdim. Təzəlikcə ermənilərin çəkdikləri antitürk motivli kinoya baxmışam. Orada erməni ailəsi məzlum, türk qonşuları isə vəhşi obrazlarında qələmə verilir. Təbii ki, tarixdən xəbərdar olan bir insan kimi hadisələr barədə özüm nəticə çıxardım. Azad söz sahibi kimi sizlərə tövsiyəm budur ki, hər zaman azad düşüncə tərzinə malik olasınız.

Natiq Qocaman

O.M.