Şəhidlərə budurmu hörmət?

Şəhidlərə budurmu hörmət?

8 Avqust 2014 17:54
Bəyəndim (0) Bəyənmədim (0)

Vətən, olmasaydı əgər nadanlar,

Sinən dağ görməzdi, inan heç zaman.

Torpağında tökülərkən al qanlar,

Kimisi kef edir, kimisi fəğan.

Oxu tariximi sən vərəq-vərəq,

Orda şəhidlərin ruhu yatıbdır.

Onlar ölməyibdir, vətənçün fəqət,

Torpağın uğrunda qana batıbdır.

İsa Rəvan

Vətənin bütövlüyü onun sərhədləri ilə ölçülür. Elə vətənə sevgi də onun sərhədlərindən başlayır. O insana ki vətəninin, torpağının hər qarışı, hər daşı əzizdir, deməli, o insan da vətəninə layiqli övlad sayılır. Vətən sevgisinin ən uca zirvəsi şəhidlikdir ki, o sevgi olmadan həmin zirvəni fəth etmək olmaz. 1990-cı il qanlı 20 yanvar gecəsi xalqımız çox böyük faciə və canlı itkilərlə üzləşdi. Vətənin bütövlüyü naminə mərd oğullarımız şirin canlarından keçərək şəhid oldular. Bu tarix xalqımızın hər bir vətəndaşının qan yaddaşına həkk olunubdur. Qədirbilən xalqımız və dövlətimiz hər il 20 Yanvar günü şəhidlərimizin xatirəsini əziz tutaraq böyük bir izdihamla onların məzarını ziyarət edib sayğı və hörmətlə ruhları qarşısında baş əyirlər. Məlum olan Qarabağ hadisələri başladığı vaxtdan bu günə kimi, hələ də şəhid verməkdəyik. Köhnə yaralarımız qaysaq bağlamamış təzə yaralarımız bizlərə acılar və sitəmlər çəkdirməkdədir. Vətənimizin dilbər guşəsi və ayrılmaz parçası olan Qarabağın təcavüzkar ermənilər tərəfindən işğal olunması hamımızın yaralı ürəyidir. Fəqət, bu yaramız hələ ki, sağalmaq bilməyir.

Təəssüflər olsun ki, bəzi insanlar və özəl şirkətlər Qarabağ uğrunda canlarından keçən şəhidlərin ruhuna qarşı laqeyd və ögey münasibət göstərirlər. Belə ki, 31iyul 2014-cü il tarixində Ağdam, Füzuli və Tərtərin cəbhə bölgələrində zabit və əsgər heyətindən 8 nəfərin şəhid getdiyi gününün səhəri bəzi özəl telekanallar adəti üzrə konsert və çal-çağır verilişlərini davam etdirməkdəydilər. Sonradan "bilməmişik" - deyərək verilişi yarımçıq saxladılar. Axı televiziya hər hansı bir xəbəri ümumi halda xalqa ilkin çatdıran və geniş əhatə dairəsinə malik olan Kütləvi İnformasiya Vasitəsidir. Sıradan bir vətəndaş həmin gün bu sarsıdıcı xəbəri eşitdiyi halda, televiziya rəhbərliyinin və onun aparıcı simalarının bu haqda məlumatlarının olmamağı absurd görünür. Eyni zamanda bu cür telekanallarda çalışan və aparıcı işçi qüvvələrinin səriştəsiz və qeyri peşəkar olmaqları bir daha aydın olur. Bu da ondan irəli gəlir ki, bir-birinin təkrarı olan ucuz və bayağı verilişlər artdıqca, bu sahədən xəbəri olmayan savadsız televiziya işçilərinin də sayı artmaqdadır.

Deyək ki, həmin gün çox adam bu xəbəri eşitməmişdi. Bəs bir gün sonra bütün xalqımız bu ağır itkini acı təəssüratla bölüşdüyü halda, bir çox vətəndaşlarımız nədən bu dəfə biganə qalaraq şadyanalıq nümayiş etdirirdilər. 2 iyul 2014-cü il tarixində həlak olan 8 nəfər şəhidlərimizin 3-ü günü və əlavə itkilər verdiyimiz bir vaxtda parklarda və digər istirahət yerlərində fəaliyyət göstərən restoranların açıq səma altındakı içki masaları və şən, popuri musiqi sədaları həmişəkindən də artıq tüğyan edirdi. Sanki heç nə olmamış kimi, məsafəcə yaxın olan restoranlar bir-birilə musiqi yarışmalarına çıxmışdılar. Heyhat, bir gün öncə torpağa tapşırdığımız şəhidlərin ruhuna beləmi hörmət göstəririk?! Olmazdımı ki, o restoranlar həmin gün müştərilərinə musiqisiz xidmət göstərəydilər. Axı şəhid gedən oğullarımız hər hansı bir ailənin, ata-ananın övladı olmaqla yanaşı, bu Vətənin də övladıydılar. Və onlar məhz Vətənin bütövlüyü naminə, torpaqlarımız uğrunda erməni separatçıları ilə döyüşdə şəhid olublar. Bizlər də hər birimiz bu dövlətin vətəndaşı olaraq xalqımızın bir üzvləriyik. Belə ağır itkilər hər birimizin acısı olaraq, dərd kimi də ümumi halda bölüşülməlidir.

Əldə etdiyim məlumata görə şəhidlərimizdən biri, zabit heyətindən olan gizir 2 ay deyildi ki, ailə həyatı qurmuşdur. Şəhidliklə yanaşı bir gənc ailənin də xoşbəxt ömrünün nakam qalması ağır dərd deyilmi? Biz bu qədərmi soydaşlarımızın acılarına biganə olmuşuq? Şəxsi mənafeyimiz heç də vətən sevgisindən üstün olmamalıdır. Qardaş dövlət olan Türkiyədə də həmin gün 8 nəfər şəhidimizin xatirəsi anılaraq bizimlə bərabər bu dərdə şərik oldular. Bizim bəzi restoran sahiblərindən və musiqiçilərimizdən fərqli olaraq Türkiyənin tanınmış sənətçiləri Ebru Gündeş, Sibel Can və Pətək Dinçöz həmin günə olan konsert tədbirlərini təxirə saldılar. Başımız sağ olsun deyərək hüzn içində olduqlarını bildirdilər. Məncə bu, bəzi harın vətəndaşlarımıza bir ibrət olmalıdır.

21 ildən artıqdır ki, Qarabağ torpaqlarımız işğal altındadır. Qaçqın düşən soydaşlarımız doğma vətənimizdə öz yurdlarına həsrət qalıblar. Bununla belə neçə illər keçsə də, heç birimizin yadından çıxmayıbdır. Əminəm ki, qüdrətli dövlətimiz və güclü ordumuz sayəsində tezliklə işğal olunmuş torpaqlarımız azad olunaraq geri qayıdacaq. Regionda böyük nüfuza və gücə malik olan dövlətimiz sülhə üstünlük verərək dinc yolla bu məsələni həll etməyə çalışır. Lakin son günlər cəbhə bölgələrimizdə baş verən münaqişələr artıq xalqımızın səbrini də tükəndiribdir. Gücümüzü bir edərək düşmənimizə göstərməyimizin vaxtı çatıbdır.

Qarabağım, qara bəxtim düyünüm,

Sinəm dağlı, hansı günə öyünüm.

Dərdim böyük, neçə yerə bölünüm,

Yaman gəldi bəxtin qara, yaman oy.

Əskik olmaz dağlarından dumanın,

Biz olmuşuq indi sənin gümanın.

Çıxsa əgər qəlbimizdən bu halın,

Ahın tutar bizləri də haman oy.

Can versək də səni azad eylərik,

Sülh yoluyla mərdlik edib gözlədik.

Səbir daşıb, bundan sonra dözmərik,

Çatıb qisas vaxtı indi zaman oy!

İ. Rəvan

Son olaraq şəhidlərimizin ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət, doğmalarına səbir diləyərək, xalqımıza başımız sağ olsun deyirəm.

İsa Rəvan