VİDEO - İki bacının faciəsi - ARAŞDIRMA

VİDEO - İki bacının faciəsi - ARAŞDIRMA

10 İyun 2011 17:19
Bəyəndim (0) Bəyənmədim (0)
Qızlarını şikəst edən ata

İnsan bir ağacdır. Kökü dərinlərə gedir, qol-budağı böyüyür, çiçək açır, yarpaqlayır. Həmişəyaşıl ağaclar solmadığı kimi, bəzi ağaclar bar vermədiyi kimi insanların da taleyi müxtəlif olur. Bəziləri xoşbəxt sürür ömrünü, bəzilərininsə qol-budaq atarkən pöhrəsinə balta çalınır. Bu balta sapı özündən olarkən daha ağır nəticələr verir. Budaq bar verməmiş öz ağacının ayaqları altına düşür. Məhz o an qopan yerdən narın yaş dənəciyi süzülməyə başlayır. Eynən taleyi sınmış insanın göz yaşı kimi...

Bun gün sağ-salamat dünyaya gələn, sonradan atası tərəfindən şikəst edilən Firəngiz və Nərgiz İmanova bacılarının acı taleyindən söhbət açacağıq.

Bir gözümdə sevinc, bir gözümdə yaş,

Ötən günlər qayıdaydı yenə kaş.

Dost-tanışın ürəkləri olub daş,

Bu taleyə taleyimmi deyim mən.

Şəxsiyyətini təsdiq edən sənəddə Firəngiz yazılsa da, hamı ona Seyidxanım deyə müraciət etdiyindən mən də elə adını Seyidxanım yazaraq sizlərə təqdim edirəm.1961-ci il dekabr ayının 14-də Maştağa kəndində sağ-salamat dünyaya gələn Seyidxanım evin ilk övladı olduğundan və valideynlərinin uzun illər övladsızlıq həsrətində qaldıqlarından ailənin böyük sevincinə səbəb olur. Çünki valideynləri seyid Salman ilə Gülnazın 7 illik ailə həyatında övladları olmur. Düz 7 ildən sonra Seyidxanım dünyaya gəlir. Bu səbəbdən də onu göz bəbəyi kimi qoruyur, bir xətər gəlməsin deyə heç yana buraxmırlar. Atası Salman qaraqabaq və zəhmli kişi olduğundan Seyidxanımın məktəb vaxtı çatsa da, ona dərsə getməyə icazə vermir. Yalnız anası Gülnazın təkidi ilə 2 ildən sonra 9 yaşında olarkən onu Maştağadakı 128 saylı orta məktəbə ibtidai təhsil almağa qoyurlar. Dərs əlaçısı olan Seyidxanımın musiqiyə də böyük həvəsi olur. Məktəbdən əlavə royal və qarmon dərnəyinə, eyni zamanda dərzilik kursuna da gedərək əlavə təhsil alır. Güclü səs diapazonuna malik olan Seyidxanım orta məktəbi qurtarandan sonra yüksək qiymətlə İncəsənət institutuna qəbul olur. Lakin atası "qız uşağı nədir, oxumaq nədir?! Qız uşağı evdə oturar!" - deyərək onu institutdan çıxarır.

Seyidxanımdan 8 il sonra ailənin 2-ci və sonuncu övladı olan Nərgiz də sağ-salamat dünyaya gəlir. 255 saylı orta məktəbdə ibtidai təhsil alan Nərgizin rəssamlığa böyük həvəsi olur və o, gözəl rəsmlər çəkir. Onun da arzusu orta məktəbi qurtarandan sonra İncəsənət institutunda ali təhsil almaq olur. Ancaq bütün bunlar bir arzu olaraq qalır. Çünki Nərgiz 8-ci sinifdə oxuyanda atası anasından boşanaraq başqa bir qadınla ailə həyatı qurur və onunla ayrı bir evdə yaşayır. Ancaq yenə də uşaqlarına ciddi nəzarət edir və onların dolanışıq tələbatlarını ödəyir. Sonradan Salman gəlib Gülnaza, "çıx get evdən, uşaqları da mən aparım bizimlə qalsın", - deyir. Gülnaz isə qəti olaraq bildirir: "Mən haradayam, uşaqlarım da oradadır. Balalarımı özgə qadına vermərəm!" Həmin ərəfədə Seyidxanım texnikuma daxil olur. Azərbaycan və Rus dillərində sərbəst danışıb yazan Seyidxanım burada da savad və bacarığına görə hamıdan fərqlənir. Mötəbər nazirliklərin biri yeni kadr tapmaq məqsədilə tələbələrin içərisində seçim edərkən təkcə Seyidxanımı seçərək onu məsuliyyətli bir işə götürürlər. Seyidxanım az bir vaxtda işlədiyi nazirlikdə böyük uğurlar qazanır. Lakin Salman qızlarının oxumasını və işləməklərini istəmədiyi üçün Seyidxanımın işdən çıxmasını təkid edir. Seyidxanım isə getdikcə işinə daha çox bağlanır.

8-ci sinifdə oxuyan Nərgiz bir gün məktəbə gedərkən ayağı burxularaq yıxılır. Bir qədər sonra heç nə hiss etmədən ayağını azacıq çəkə-çəkə evə qayıdır. Salman hər dəfə gəlib uşaqlarını yoxlayanda Gülnazla münaqişə edərək Seyidxanımın da işdən çıxmasını tələb edir. Bu münaqişələrdən 1 ay sonra səhhətindəki ağrılardan əziyyət çəkən Gülnaz xəstəxanada yatmalı olur. Seyidxanım bacısı Nərgizlə xəstəxanaya, analarına dəyməyə gedirlər. Xəstəxanaya çatanda Nərgiz eşidir ki, anası əməliyyat olunmalıdır. Stressli halda pilləkənlə tez-tez qalxmaq istəyəndə birdən-birə həmin burxulan sağ ayağı qatlanır və heç bir güc hiss etmir. Yıxılan anında Seyidxanım onu tutur, qoluna girərək palataya aparır və anaları ilə görüşürlər. Evə qayıdandan sonra Seyidxanım Nərgizi Sabunçu qəsəbəsində yerləşən poliklinikaya apararaq orada rentgen elətdirir. Rentgenin cavabı təmiz çıxdığından həkimlər bildirirlər ki, heç bir şey yoxdur, sadəcə olaraq əsəb və stress keçirib, yüngül formada müalicə alsa keçib gedəcək. Ancaq Nərgizin baldırının bədəninə bitişik hissəsində, ön tərəfin içərisində çıxıq və ya sınıq olduğu heç kimin ağlına belə gəlmir. Bu səbəbdən də həmin yerdən onu rentgen etmirlər. Seyidxanım Nərgizi şəhərdəki xəstəxanaların birində müalicə etdirmək üçün poliklinikadan göndəriş almaq istəyir. Lakin atası Salman onunla razılaşmayaraq bildirir: "Nərgiz Sabunçudakı xəstəxanada müalicə olunacaq, sən də onun yanında qalacaqsan!" Seyidxanım nə qədər desə də, atasını fikrindən döndərə bilmir. Salmanın ona qarşı amansız planından xəbərsiz olan Seyidxanım məcbur qalıb razılaşır. Bu səbəbdən də Salmanın qərarı ilə 1984-cü ilin oktyabr ayında Nərgizi Sabunçu qəsəbəsindəki 3 saylı xəstəxananın travmatologiya deyil, sinir şöbəsində yatızdırırlar. Şöbənin müdiri milliyyətcə azərbaycanlı olmayan Şubenko və tibb bacısı erməni olur. Nədənsə Seyidxanım ilk gündən narahatlıq keçirir və ürəyində nəsə hiss edir. Qəlbindəki gizli hissini Nərgizə söyləyir: "Mənim ağlım bir şey kəsmir. Bəlkə buradan çıxaq, səni şəhərdəki xəstəxanaların birinə aparım?" Atasına inanan və ondan zərrə qədər belə şübhələnməyən Nərgiz ona deyir: "Sənin ağlın bir şey kəsməsə də, gəl qalaq, ümidim var ki, sağalacağam. Görmürsən atam gəlir, həkimləri də görür". Bacısının qəlbinə heç nə gəlməsin deyə Seyidxanım da daha başqa heç bir söz demir. O, bacısı Nərgizin və orada yatıb müalicə alan, çətinliklə gəzən digər xəstələrin qulluğunda durur. Salmanın həkimlərlə gizlində danışığını eşidən xəstələr Seyidxanıma deyirlər ki, yazıqsız, bacını da götür, burdan gedin. Lakin başı bacısına qarışan və heç bir şeydən şübhələnməyən Seyidxanım bacısının xətrinə qalmalı olur. Bir gün sonra atası Salman xəstəxanaya gələrək Seyidxanıma deyir: "Nə qədər ki burdasan, gəzəndə yalandan axsa, qoy hamı görsün ki, sən də bacın kimi axsayırsan. Mən həkimlərlə danışmışam, səni də, bacını da ağır xəstə kimi təqaüdə çıxaracağam. Elə et ki, komissiya gələndə səni gəzən görməsin. Sonra da işdən çıxarsan, onsuz da sizin işləməyiniz mənə lazım deyil". Seyidxanım isə atası ilə razılaşmayaraq qəti cavab verir: "Sən nə danışırsan, ata, niyə mən sağlam ola-ola axsayıb təqaüdə çıxmalıyam? Mən işləyirəm, işim də ki adi iş deyil. Getdikcə iş karyeramı artırmaq fikrindəyəm. Hələ gələn il yenidən instituta sənəd verib ali təhsilimi artıracağam". Qızının işdən çıxmayacağını görən Salman öz planını həyata keçirməkdə qərarlı olur. Seyidxanımdan gizli həkimlərlə danışır və pul verərək bildirir ki, onun qıçına iynə vurun, qoy səhhətində problem əmələ gəlsin, komissiya gələndə də rəy versin. Belə də olur. Ona iynə vurmaq istəyəndə Seyidxanım razı olmadığına görə imkan vermir. Həkimin otağında Salmanın təzyiqi ilə tibb bacıları onun əl-qolunu bərk-bərk tutaraq böyük bir iynəni bud nahiyəsində olan əsas damara yeridirlər. İynədən sonra damarın üstünə qəsdən isti əşyalar qoyaraq ayağını iflic edirlər. İynə vurulandan 2-3 dəqiqə sonra Seyidxanımın qıçında donma və keyləşmə əmələ gəlir. Onu da palataya aparıb boş çarpayıya uzadırlar. Nərgizlə bir yerdə həmin xəstəxanada 21 gün yatmalı olur. Bu müddət ərzində onlara hər gün iynə vururlar. Nərgizdən əlavə Seyidxanım da tamam yeriyə bilməyib şikəst olanda Salman həkimə iradını bildirir: "Mən dedim yüngül şikəst olsun, demədim ki, belə ağır formada olsun!" Həkim sakit halda guya bilməməkdən olub deyə cavab verir: " Qızınız çırpındığına görə iynə damarına düşərək çox zədələyib. Ancaq bu siz istədiyiniz əlilliyə daha yararlıdır." Salman bu sözlərdən sonra heç nə demir. Bir neçə gündən sonra komissiya gəlir. Komissiya gələndən sonra Salman həkimlərin verdiyi rəy əsasında hər iki qızının təqaüd sənədlərini düzəldir. Onları 1-ci qrup əlillik alaraq təqaüdə çıxardır. Seyidxanım xəstəxanadan çıxıb evə gəlsə də, ayaqlarından şikəst olduğundan işləyə bilməyib evdə oturur. Hər iki bacının ağrıları getdikcə şiddətlənir. Bu ağrılar xüsusilə də Seyidxanımın sinir sisteminə çox pis təsir edir. Beləliklə, hər iki bacı şikəst olaraq qalır.

Bu hadisədən sonra xəstəxananın həmin şöbəsində yatan xəstələr həkimlərin müalicəsindən imtina edirlər. Eyni zamanda orada müalicə olunan başqa bir xəstəyə də səhvən vurulan iynə nəticəsində halı pisləşir və iynədən dərhal sonra vəfat edir. Vəfat edən xəstənin oğlanları bu məsələni qaldırırlar və prokurorluğa şikayət edirlər. İşə baxılan zaman həkimlər özlərini qurtarmaq üçün etdikləri cinayəti orada təcrübə keçən Tibb universitetinin 6-cı kurs tələbəsi olan bir cavan həkimin üstünə atırlar. Və ona hədə-qorxu gələrək bildirirlər ki, sən boynuna götür, yoxsa səni universitetdən çıxartdırarıq! Müstəntiq işi araşdıranda Seyidxanımın da məsələsi ortalığa çıxır. Belə ki, orada yatan xəstələr bu barədə müstəntiqə xəbər verirlər. Həkim Seyidxanımgilə gələrək qarşısında diz çökür. Yalvarır ki, heç kəsə heç nə deməsinlər, bir səhvdir olub. Salman da pensiya düzəlsin deyə qoymur şikayət olunsun. Və bildirir ki, bizim heç bir şikayətimiz yoxdur...

Haşiyə: Anaları Gülnazın atası Mahmudxan böyük imkanlara malik olan bir insan olur. Onun Keşlə qəsəbəsində böyük malikanələri və çoxlu torpaq sahələri qalır. Mahmudxan hələ öz sağlığında qızı Gülnazı həmin mülk və torpaqlara vərəsəlik hüququna malik edir. Gülnazın 3 qardaşı olsa da, 2 qardaşı ayrı-ayrı yerlərdə yaşadıqlarından tək bir qardaşı həmin mülkdə qalır. O da ailə qurmadığına görə ömrünün sonunadək orada tək yaşayır. Seyidxanımgil hələ əlil olmamışdan əvvəl anaları ilə tez-tez baba mülkünə, dayılarının yanına gedər, onu yoxlayar, evin təmizlik işlərini görərdilər. Onlar xəstəxanadan çıxandan sonra da Gülnaz hərdən hər iki qızını bir təhər evdən çıxardaraq baba mülkinə aparır, özü də qardaşına baş çəkir. Məhz bu səbəbdən də ata mülkində tək yaşayan qardaşı vəfat etməzdən əvvəl ata mülkündən ona düşən öz payını da yazılı surətdə Gülnaza həvalə edir. Gülnazın həmin qardaşı vəfat edəndən sonra başqa yerdə qalan digər qardaşı ailəsi ilə köçərək ata mülkündə yaşayır. 1993-cü ildə Salman vəfat edir. Üstündən bir neçə il keçəndən sonra Gülnaz da ağır halda xəstə yatır. Seyidxanımla Nərgiz növbə-növbə analarına baxırlar. Gülnaz xəstə yatan zaman Seyidxanıma vəsiyyət edir ki, ata mülkündən mənə çatan vərəsəlik payımı mən də səninlə bacına verirəm. 1996-cı ildə Gülnaz da vəfat edəndən sonra Seyidxanım anasının vərəsəlik payını özü və bacısı Nərgizin adına keçirir. Qanuni sənədlər əsasında Texniki İnventarlaşdırma bürosunun Reyestr xidməti sənədlərində 654 kv. metr sahə texniki pasportda öz əksini tapır. Lakin Seyidxanımgil şikəst və kimsəsiz olduqlarından baba mülkinin vərəsəlik hüququndan istifadə edə bilmirlər. Bir növ bu hüquqdan məhrum olurlar. Belə ki, orada yaşayan dayısı və babasının vaxtilə qulluqçusu işləyən bir nəfər şəxs öz ailəsi ilə orada qalır. Eyni zamanda onlar da qeyri-qanunu yolla qeydiyyat sənədləşməsini öz adlarına keçirirlər. Seyidxanım bununla bağlı 1999-cu ildə ərazi üzrə Nizami rayon məhkəməsinə müraciət edir. Məhkəmə işi araşdırarkən həqiqətən də əks tərəfin qeyri-qanuni yolla etdikləri sənədləşmə ortalığa çıxır. Ancaq nədənsə məhkəmə bir növ susur və bu iş çox uzanır. Bu günə kimi düz 12 ildir ki, bu iş öz ədalətli həllini tapmır. Qeyd edim ki, Seyidxanıma nisbətən Nərgizin bu şikəstlikdən qurtularaq sağalıb gəzmək ehtimalı var. Bunun üçün onun bud nahiyəsindəki aşılanmış sümük hissəni və ya bərkiyərək kristal halında olan duz parçalarını götürmək lazımdır. Ancaq maddi imkanları olmadığından bu əməliyyatı həyata keçirə bilmirlər. Qonşuların və xeyirxah insanların köməyi ilə dolanan bu iki bacı yenə də həyatdan ümidlərini üzmürlər.

Qeyd: Seyidxanımgilin baba mülkindən öz hüquqlarını bərpa etmək üçün biz tanınmış hüquqşünaslarla da söhbət etdik. Onlar da bu işdə bacılara təmənnasız olaraq kömək edəcəklərinə söz verdilər.

Son söz əvəzi: Ömrünün bahar çağında iki budaq kəsilib ayaqlar altına atıldı. Lakin yeri-göyü xəlq edən, elə ağacın özünə də can verən Tanrının möcüzələri bitib tükənmək bilmir. Kiçik bir toxumdan böyük ağaclar yarandığı kimi bitməkdə olan arzular da gözlənilmədən reallığa çevrilə bilir. Bəzən də elə olur ki, yerə düşmüş ağac budaqları yenidən kök ataraq inkişafına davam edir. Bunun üçün budağı dikəltmək, torpağın üstündəki yerinə qoymaq və bir müddət qulluq etmək lazımdır. Odur ki, gəlin Tanrı möcüzəsini yaşamaq və yaşatmaq üçün bu iki bacıya kömək edək.

Xəzan olur vaxtından tez baharım,

Can məndədir, uzaqdadır xəyalım.

Eyni gəlir hər açılan sabahım,

Bu taleyə taleyimmi deyim mən.

Nalə çəkir duyğularım hər zaman,

Daha qalan arzulara yox güman.

Əskik olmur yolumuzdan sis-duman,

Bu taleyə taleyimmi deyim mən.

İsa Rəvan (şeirlər müəllifindir)

O.M.