Ana, qurban olum. qayıt gəl daha

Ana, qurban olum. qayıt gəl daha

8 İyun 2011 10:17
Bəyəndim (0) Bəyənmədim (0)
Atılmışlar...

İnsan şüurlu olması ilə digər canlılardan fərqlənir. Buna görə də o, yaxşı ilə pisi, günah ilə savabı seçmək iqtidarındadır. Məsələn, hər bir insan bilir ki, övladını atmaq pis əməldir, böyük günahdır. Ona görə də bunu edənlər belə, gizli şəkildə edir və heç vaxt uşağını atması əməlinin üstünün açılmasını istəmir. Deməli, insan günahını da şüurlu şəkildə edir. Bu isə daha faciəlidir. Bilirsən ki, pis iş görürsən, amma edirsən.

Hərdən düşünürəm görəsən, heyvanların şüuru olsaydı, onlar da öz balalarını ata bilərdilərmi? Bəlkə elə onlar şüurları olmadıqları üçün bu cür günah əməllərdən uzaqdırlar? Əgər belədirsə, deməli, onda şüurun olması heç də həmişə yaxşı kimi qəbul oluna bilməz. Axı biz insanlar hərdən şüurumuzdan pis əməllər üçün də istifadə edirik.

Hələ dünyanın yaxşısından, pisindən, istisindən, soyuğundan xəbərsiz olan körpələrə qarşı bu cür pislik edən insanlar isə nədənsə mənə vəhşi kimi görünürlər. Canlarının bir parçası, ciyərparələri olan körpələri atanları necə insan adlandırasan axı?

Psixonevroloji uşaq evinə son gedişlərim zamanı körpələrin yatdığı yataq dəstlərinə diqqətlə baxanda döşək ağlarının üzərindəki ürək şəkilləri diqqətimi cəlb etdi. Sanki bu ürəklər öz ağuşuna alıb körpələri. Qəribə təzaddır. Ürəksiz valideynləri tərəfindən atılan körpələr ürək şəkilləri ilə bəzədilmiş yataqlarda yatırlar. Bəlkə də böyüklər bunu ona görə belə ediblər ki, atılmış uşaqlar dünyanın yalnız ürəksizlərdən ibarət olduğunu düşünməsinlər. Axı elə dünyaya göz açdıqları gündən bu cür qəddarlıqla qarşılaşanları insani duyğuların, müqəddəs hisslərin olmasına inandırmaq çətin olar.

Aysel Zakirova da elə doğulduğu gündən inamı qırılan uşaqlardandır. O, ötən ilin iyun ayının 26-da anadan olub. Ancaq dünyaya gələn gündən bəxtinə ayrılıq, həsrət yazılıb bu körpənin. Atılmaq əzabı düşüb qismətinə. Doğmaları tərəfindən atılmaq. Dünyanın ən ağır dərdidir bu. Çəkənlər bilər. Ancaq heç kimə arzulamazdıq belə dərdi.

Onu dünyaya gətirən anası körpəsini atmaq kimi böyük bir günaha batmaqdan çəkinmədi. Övladından imtina etməsi barədə ərizə də yazdı. Zavallı qızcığaz doyunca ana nəvazişi görmədi. Onun xəstə və zəif olduğunu görüb Elmi Tədqiqat Pediatriya institutuna göndərmişdilər. Sentyabr ayının 14-də isə psixonevroloji uşaq evinə göndərildi. Burada müalicələri davam etdirildi və getdikcə vəziyyəti yaxşılaşdı. İndi Aysel tam sağlamdır...

O da atılan neçə-neçə uşaqdan biridir. Əlindən tutmalı, onu həyatın çətin yollarından keçirməli olan ana əlləri ilə atıldı bu qızcığaz. Ömrü boyu daha heç kim çətin anlarında Ayselin əlindən tutmayacaq. O, yıxıla-yıxıla, büdrəyə-büdrəyə irəliləyəcək ömür yollarını. Anası isə yəqin ki, qızının nələr çəkdiyindən xəbərsiz olacaq. Amma onu düşünəcək, mütləq düşünəcək. Üzündə gülsə də, ürəyində (yenə də ürək) həmişə körpəsini xatırlayıb qəmlənəcək.

Görəsən, belə anlarda onun ürəyi ağrıyacaqmı? Ürəyi varsa, ağrıyacaq. Yəqin ki, var. Əgər ürəyi olmasaydı, ürək edib övladını atmazdı...

Emil Tahiroğlu

O.M.