ARAŞDIRMA-Terrora qarşı terror

ARAŞDIRMA-Terrora qarşı terror

3 İyun 2011 20:13
1 633
Bəyəndim (0) Bəyənmədim (0)
Terror və onunla mübarizənin tarixinə səyahət

Mübarizə yolları

Terror - bir və ya bir neçə silahsız insanı fiziki cəhətdən məhv etmək deməkdir. Bu bəla qədim zamanlardan indiyədək dünyanın başı üzərində dolanmaqdadır. Bu günə kimi hələ heç kim terrorun və terrorçuların qarşısını almaq üçün dəqiq mexanizm hazırlaya bilməyib. Hələlik terrorçuların tələbini yerinə yetirməmək və bu yolla onların əməllərini stimullaşdırmamaq kimi primitiv üsuldan istifadə olunur. Lakin bu da öz effektini vermir. Belə ki, müasir dövrdə terrorçular öz tələblərinə nail olmadıqda tərəddüd etmədən hücuma keçməyə qərar verirlər. Şəxsən mənim fikrimcə, onlara qarşı ən düzgün metod hücuma hücum taktikasıdır. Dünya praktikasında nadir hallarda istifadə olunan bu üsula "terrora terror" da deyilir.

Qanlı Münhen olimpiadası

1972-ci ilin 5 sentyabr günü əbədiyyən dünya tarixinə qara hərflərlə yazılıb. Həmin gün "qara sentyabr" adlı Fələstin terror təşkilatının üzvləri yəhudi idmançılarını hədəfə almışdılar. Daha dəqiq desək, Münhen Olimpiya Şəhərciyinə hücum edib idmançıları girov götürmüşdülər. Onların tələbi Almaniya və İsrail türmələrində saxlanılan 200-dən artıq fələstinlinin azad olunması idi. Almaniya bu tələbi qəbul etmək istəsə də, İsrail dövləti qətiyyətlə etirazını bildirdi və terrorçularla hər hansı bir danışığın mümkünsüz olduğunu rəsmən bəyan etdi. Alman polisi banditləri tərksilah etmək məcburiyyətində qaldı. Axşama qədər Daxili İşlər Naziri Henşer terrorçularla danışıqlar apardı. Daha sonra onları və girovları xüsusi vertolyotla Münhendəki hərbi aerodroma gətirdilər. Əvvəlcədən razılaşdıqları kimi orada onları Tunis təyyarəsi gözləyəcəkdi. Lakin terrorçular vertolyotdan düşən kimi polislər onları güllə-barana tutdular. Onlar da tərəddüd etmədən girovlara atəş açmağa başladılar. Nəticədə beş terrorçu, doqquz idmançı və iki məşqçi öldürüldü. Alman polisinin bu uğursuz əməliyyatına yeganə təsəlli onların atışma zamanı heç bir itki verməməyi oldu.

Bir qədər keçmişə nəzər saldıqda

Münhendəki terror hadisəsinə 1970-ci ilin sentyabr ayında İordaniyada baş vermiş hadisə səbəb olmuşdu. O vaxtlar İordaniya ordusu Fələstin qaçqınlarının yaşadığı şəhərciyə silahlı hücuma keçmiş, bir neçə gün ərzində yeddi minə qədər dinc insanı qətlə yetirmişdi. Digər fələstinliləri isə zor gücünə Suriyaya və Livana qovmuşdular. İordaniyanın o vaxtkı rəhbəri Kral Hüseyn fələstinliləri sevmirdi. Belə ki, həmin insanlar ölkənin siyasi fəaliyyətinə birbaşa müdaxilə edir, dövlət rəhbərliyinə can atırdılar. Məhz bu səbəbdən İordaniya kralı onlardan canını qurtarmağa çalışırdı. Qanlı qırğından cəmi bir il sonra "Qara sentyabr" (ərəbcə Eylüləl Asvad) terror təşkilatı yarandı. Bandaya Qırmızı şahzadə ləqəbli Əli Həsən Salameh adlı şəxs başçılıq etməyə başladı. Onların ilk həmləsi İordaniyanın baş naziri Vəsfi Telə oldu. Baş nazir Qahirə şəhərində "Şeraton" hotelinə daxil olarkən gözlənilmədən dörd fələstinli tərəfindən atəşə tutuldu və yerindəcə canını tapşırdı. Bunun ardınca İordaniyanın Londondakı səfiri və Almaniyada çalışan beş iordaniyalı iş adamı qətlə yetirildi. 1972-ci ilin may ayında isə terrorçular Tel-Əviv şəhərində doxsan sərnişini olan təyyarəni ələ keçirə bildilər. Doğrudur, İsrail hüquq-mühafizə orqanlarının operativ əməliyyatı nəticəsində bu terror aksiyası baş tutmadı. Bununla belə, həmin il Münhen faciəsi baş verdi.

Qan su yerinə axanda

Münhen dramından dərhal sonra İsrailin o vaxtkı baş naziri Qolda Meyer gündəmə qisas planını gətirdi. Xanım Meyerin fikrincə, terrorçuları fiziki cəhətdən məhv etmək ən düzgün çıxış yolu idi. Bu işə İsrail ordusu və MOSSAD kəşfiyyat təşkilatı cəlb olundu. İlk olaraq hərbi-hava qüvvələri fələstinlilərin Suriya və Livanda yerləşən bazalarına hücuma keçdilər. Eyni zamanda MOSSAD-ın tərkibində "Tanrının qəzəbi" (israilcə, Mivsax Evloxim) adlı xüsusi qrup və məxfi "iks komitəsi" təsis olundu. Komitənin əldə etdiyi məlumatlara əsasən, "Tanrının qəzəbi" təşkilatının üzvləri həmlə planını hazırlamalı idilər. Beləcə, "on altıların siyahısı" adlı məxfi sənəd tərtib olundu. Həmin sənəddə "Qara sentyabr" terrorçularının adları yazılmışdı. Banditlərə qarşı onların öz üsulu ilə mübarizə aparmaq metodu tezliklə bəhrəsini verdi. 1972-ci ilin 16 oktyabr günü Fələstin Azadlıq Təşkilatının (qısaca, FAT) Romadakı nümayəndəsi öldürüldü. Bundan cəmi iki ay sonra FAT-ın Parisdəki nümayəndəsi də həyatı ilə vidalaşmalı oldu. O, telefon aparatına qoşulmuş partlayıcı qurğunun işə düşməsi ilə məhv edilmişdi. Bunun ardınca, "Qara sentyabr"ın fəal üzvlərindən sayılan Hüseyn Əl Bəşir öz çarpayısında partladıldı. Fələstin cəmiyyətini təşviş bürümüşdü. Onlar gözlənilməz zərbələrdən baş aça bilmirdilər. Bu səbəbdən "Qara sentyabr" terror təşkilatı İsrailin baş naziri Qolda Meyeri öldürəcəyini bəyan etdi. Planın həyata keçirilməsini şəxsən təşkilatın rəhbəri Əli Həsən Salameh öz üzərinə götürdü. Onlarda olan məlumata görə, Qolda Meyer 1973-cü ilin yanvar ayında Roma Papası 6-cı Paveli ziyarət etmək üçün Vatikana gələcəkdi. Məkrli niyyəti həyata keçirmək məqsədilə SSRİ-dən 14 ədəd "Strela" tipli zenit-raket qurğuları alındı. Məqsəd Roma aeroportunda enəcək İsrail hökumət təyyarəsini atəşə tutmaq idi. Lakin terrorçuların arzuları ürəklərində qaldı. Belə ki, Roma aeroportunun həndəvərində möhkəmlənən banditlər "Tanrının qəzəbi" təşkilatının üzvləri tərəfindən zərərsizləşdirildilər. "Qara sentyabr"ın bu uğursuzluğundan sonra təşkilatın rəhbəri istefaya getməli oldu. Onun yerini digər fələstinli Məhəmməd Budia tutdu. Lakin yeni rəhbərin fəaliyyəti uzun sürmədi. "Tanrının qəzəbi" tezliklə onun yerini müəyyən edib terrorçunu məhv etdi. Beləcə, Əli Həsən Salameh yenidən öz vəzifəsinə qayıtmalı oldu.

Siyasi qalmaqal

İsrailin "Tanrının qəzəbi" məxfi təşkilatı uzun müddət "Qara sentyabr"ın rəhbəri Əli Həsən Salamehi tapmağa çalışsa da, cəhdlər uğursuzluqla nəticələnirdi. Bu yolda hətta biabırçı səhvlərə də yol verilmişdi. Daha dəqiq desək, 1973-cü ilin yayında Norveçin Lillihamer şəhərində başqa bir adamı terrorçuya oxşadaraq qətlə yetirmişdilər. Həmin insident siyasi aləmdə böyük bir qalmaqala səbəb oldu. Norveç polisi israilli qatilləri yaxalayıb cinayət məsuliyyətinə cəlb etdi. Bununla belə, "Tanrının qəzəbi" fəaliyyəti dövründə böyük uğurlara da imza ata bilmişdi. Başqa sözlə desək, onlar Münhen faciəsinin iki təşkilatçısının izinə düşərək terrorçuları müxtəlif vaxtlarda qətlə yetirmişdilər.

Missiyanın sonu

1979-cu ildə, nəhayət ki, Əli Həsən Salameh də öldürüldü. Onun avtomobilinə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi ilə "Qara sentyabr"ın digər üzvləri də məhv edildilər. Beləcə, "on altıların siyahısı"nda olanlar bir nəfər kimi zərərsizləşdirilmiş oldular. Əməliyyatın ardınca İsrail ordusu 9 aprel 1979-cu ildə Beyrut şəhərində reydə çıxdı. Hərbçilər şübhəli bilinən hər kəsi öldürməyə başladılar. Həmlə zamanı "Qara sentyabr"ın sıravi üzvləri də həyatları ilə vidalaşmalı oldular. Beləliklə, təhlükəli terror dəstəsinin biri yer üzündən silindi və "Tanrının qəzəbi" təşkilatının fəaliyyəti qələbə ilə yekunlaşdı

Son söz əvəzi:

Terrorun yaranma səbəbi nə olursa-olsun, ona heç cür bəraət qazandırmaq olmaz. Bu kəlmənin mənasından görünür ki, söhbət günahsız insanların qətlindən gedir. Azərbaycan da zaman-zaman erməni terrorçularının hədəfinə çevrilib. Metro və avtobus partlayışlarını, dinc əhaliyə qarşı silahlı həmlələri xatırlatmaq kifayətdir ki, onların qəddarlığının şahidi olasan. Biz isə hələ də cinayətkarların ədalət məhkəməsində mühakimə olunmasını gözləyirik və nə yazıq ki, dinc əhalimizə qarşı silah çevirən indiki Ermənistan rəhbərləri ilə, yəni terrorçularla danışığa gedirik. Halbuki yeganə çıxış yolu onlara qarşı bütün cəbhələrdə hücuma keçməkdir...

Natiq Qocaman

O.M.