Hər il dünyada 3 min adam edam olunur

Hər il dünyada 3 min adam edam olunur

3 İyun 2011 13:40
Bəyəndim (0) Bəyənmədim (0)
20 min nəfər isə bu qərarın icrasını gözləyir

Azərbaycanda ölüm hökmü çoxdan ömürlük həbs cəzası ilə əvəz olunmuşdur. Biz müstəqilliyimizin ilk illərini yaşasaq da, demokratiya və dövlətçilik ənənələri ilə öyünən aparıcı dövlətlərə bu baxımdan örnək ola bilərik. Belə ki, Çin, Səudiyyə Ərəbistanı, ABŞ, İran kimi böyük dövlətlərdə hələ də radikal cəza növləri tətbiq olunmaqdadır. Ümumiyyətlə, ölüm hökmü dünyanın 88 ölkəsində tamamilə ləğv olunub. 11 ölkədə yalnız hərbi vəziyyətlərdə, müstəsna hallarda cinayətkarlar barəsində ölüm hökmü çıxarılır. 30 dövlətdə isə bu cür hökmlər icra olunmamış halda saxlanılıb. Yalnız 68 ölkədə ölüm hökmü bu gün də aktuallığını qoruyub saxlayır. Onu da qeyd edək ki, həmin dövlətlərdə dünya əhalisinin 70%-dən çoxu yaşayır. Hər il planetimizdə 5-7 min insan haqda bu cür radikal hökmlər verilir. Bunlardan yalnız 3 mini həyata keçirilir. Ən çox ölüm qərarları Çin məhkəmələrində çıxarılır. Bu ölkədə il ərzində 1800 adam həyatı ilə vidalaşmalı olur. İranda və Səudiyyə Ərəbistanında isə bu rəqəm 200-ü ötmür. ABŞ-da hər 60 nəfər barəsində belə qərarlar verilir. Hal-hazırda dünya üzrə 20 mindən artıq adam ölüm kameralarında hökmlərin icra olunacağı vaxtı gözləyir.

Ölüm hökmləri əsasən güllə vasitəsilə həyata keçirilir. XIX əsrdən dəb halını alan bu icra mexanizmi o vaxtlar indikindən kəskin surətdə fərqlənirdi. Belə ki, qurban üzünü divara çevirir, bir neçə nəfər eyni anda onu gülləbarana tuturdu. Bu ona görə belə edilirdi ki, cəlladlar qurbanın məhz onun gülləsindən öldüyünü düşünməsinlər və mənəvi əzab çəkməsinlər. Hətta bunun üçün tapançalara həqiqi patronlarla bərabər, "boş" (xolostoy) patronlar da doldurulurdu. Daha sonralar divarı xüsusi dirəklə əvəz etməyə başladılar. Daha doğrusu, qurbanlar dirəyə sarınaraq güllələnirdi. XX əsrdə çoxsaylı cəlladlar bir nəfərlə əvəz olundu. Belə ki, SSRİ-də qurbanlar ənsədən atəş açılaraq öldürülürdü. Hal-hazırda nadir ölkələrdə ölüm hökmü ictimaiyyətin gözü önündə həyata keçirilir. Məsələn, 2005-ci ildə Çində 200 adam xalqın gözü qarşısında qətlə yetirildi. Həmin adamlar rüşvətxorluqda və oğurluqda ittiham olunurdular.

Dünyada asılma yolu ilə öldürülmə də tətbiq olunmaqdadır. Başqa sözlə desək, 18 ölkənin konstitusiyasında bu, yazılı surətdə qeyd olunub. Əsasən, Yaxın Şərq və Afrika dövlətlərində qurbanlar asılmaqla öldürülür. İp uzun olduqda qurban əzab çəkmədən bir andaca canını tapşırır. Qısa olduqda isə bir neçə dəqiqə dəhşətli iztirablar keçirib, öldüyünü dərk edə-edə dünyasını dəyişir. Göründüyü kimi, son qərarı cəllad verir. Ondan isə humanizm ummaq ən azı sadəlövhlük olardı.

Son zamanlara qədər 6 ölkədə boyun vurmaqla qətlə yetirmək də tətbiq olunurdu. Belə ki, Fransada qurbanların boğazı elektromişarla kəsilirdi. Bu qərar 1983-cü ildə rəsmən qadağan edildi. Səudiyyə Ərəbistanında isə hələ də qurbanların boynunu xəncərlə kəsirlər. Bir anlıq təsəvvür edin ki, cəllad səhv edir və zərbələri bir neçə dəfə təkrar etməli olur. Onda bu cəzanın nə qədər ağır olduğunu dərk edəcəksiniz.

Daş-qalaq olunmaqla qətlə yetirmək kimi ağır cəza növü hələ də bəzi Yaxın Şərq ölkələrində dəbdədir. Məsələn, taliban dövründə Əfqanıstanda qurbanlar əhali tərəfindən daş atəşinə tutularaq öldürülürdü. Bu, əsasən kəbinsiz sevişən gənclərə qarşı tətbiq olunurdu. Sudanda və İranda isə qurbanlar boğaza qədər torpağa basdırılırlar. Eşikdə qalan baş bir neçə adam tərəfindən daş-qalaq olunur. İranın cinayət məcəlləsinin 119-cu maddəsində açıq-aydın yazılır: "Daşlar çox böyük olmamalıdır ki, cinayətkar bir-iki zərbədən sonra canını tapşırsın. Çox da balaca olmamalıdır ki, onu daş adlandırmaq olmasın". Göründüyü kimi, qurbanın ağır əzablardan sonra dünyasını dəyişmək prosesi 10-15 dəqiqə davam edir.

ABŞ planetimizdə yeganə ölkədir ki, orada ölüm hökmü 3 formada icra olunur. Bunlar elektrik stulu, qaz və zəhərli iynədir. Elektrik stuluna oturan adamın əl-qolu və gözləri bağlanır. Sonra onun bədəninə yüksək gərginlikli elektrik cərəyanı buraxılır. Bu zaman dəhşətli ağrılardan qurbanın gözü hədəqəsindən çıxır və o, canını tapşırır. Bədəninin müqaviməti güclü olan adamlar 15 dəqiqəyə qədər ağrılara dözməli olurlar. Qazla öldürülən adam isə xüsusi hermetik kamerada stula bağlanılır. Oraya zəhərli qaz buraxılan an qurban huşunu itirir. Bununla belə, bioloji ölüm 9 dəqiqədən sonra baş verir. Bəzən həmin adam nəfəsini tutaraq 2-3 dəqiqə əzab çəkməli olur. 1980-ci illərdə zəhərli iynə ilə qətlə yetirmək ABŞ-da daha geniş yayılmışdı. Belə ki, bədəninə inyeksiya yeridilən adam 5 dəqiqə özündə olsa da, qəflətən yuxuya gedir və 15 dəqiqə ərzində canını tapşırırdı. Bu, son zamanlara qədər ən humanist cəza növü sayılırdı. Lakin 2006-cı ildə baş verən xoşagəlməz hadisə amerikanların fikrini tamamilə dəyişdi. Belə ki, Anhel Dias adlı caniyə zəhərli iynə səhv yeridildi və o, 34 dəqiqə əzab çəkdikdən sonra canını tapşırdı. Bir maraqlı faktı nəzərinizə çatdıraq ki, ABŞ-ın 5 ştatında qurban ölüm hökmünün icrasını özü seçə bilər. Statistikaya görə, qurbanlar nadir hallarda elektrik stuluna üstünlük verirlər.

Müxtəlif ölkələrdə ölüm hökmü müxtəlif səbəblərdən çıxarılır. Məsələn, Omanda narkotik satanlar bu ağır cəzaya məhkum olunurlar. Birləşmiş Ərəb Əmirliyində ekologiyaya ciddi ziyan vuranlar və brakonyerlər barəsində bu cür radikal qərar çıxarılır. Laosda narkotikdən istifadə edənlər həyatları ilə vidalaşmalı olurlar. Səudiyyə Ərəbistanında isə hədəfdə homoseksualistlərdir. Bu zaman qurbanlar əzab çəkmək üçün məhz qısa iplərdən asılırlar. Kubada rüşvətxorları və silahlı şəxsləri, Çində isə korrupsionerləri və oğruları öldürürlər. Hətta Çinin bir əyalətində cibgirləri də bu acı həqiqət gözləyir.

Haşiyə: BMT-nin İqtisadi və Sosial Şurasının 25 may 1984-cü il 1984\50 saylı "Ölüm hökmünə məhkum olunmuş insanların hüquqlarının müdafiəsi" adlı qərarında yazılır: "Ölüm hökmü icra olunarkən insanlara mümkün qədər az əziyyət verilməlidir!"

Müəllifdən: Yadınızdadırsa, ulu öndərimiz Heydər Əliyevin xalqın tələbi ilə ölkə rəhbərliyinə gəldiyi ana qədər bizdə də "ölüm hökmləri" qüvvədə qalırdı. Hətta ondan əvvəl vəzifəsi ilə vidalaşacağını bilən o vaxtkı iqtidar rəhbərləri tələm-tələsik bir neçə nəfərin ölümünün icrası barədə sənəd də imzalamışdılar. Ulu öndərimizin gəlişi ilə cəmiyyət bu qeyri-humanist cəza növü ilə əbədiyyən vidalaşdı.

Son söz əvəzi: Razılaşın ki, Allahın verdiyi canı yalnız O ala bilər. Hər hansı bir məhkəmənin bu qərarı verməyə ixtiyarı yoxdur. Ən azı ona görə ki, məhkəmə qərəzli və ya qərar səhvən çıxarılmış ola bilər. Sonrakı peşmançılıq isə heç vaxt fayda verməyib...

Natiq Qocaman

O.M.