Qarğışa tuş gələn Anna Nikol Smit 39 yaşında öldü

Qarğışa tuş gələn Anna Nikol Smit 39 yaşında öldü

3 İyun 2011 13:01
Bəyəndim (0) Bəyənmədim (0)
Nəşədən ələmə...

Tanınmış fotomodel, aktrisa Anna Nikol Smit vaxtsız ölümü ilə çoxsaylı cavabsız suallar qoyub getdi. Ömrünün çiçəklənən çağında, 39 yaşında həyatı ilə vidalaşan bu ulduz haqda indi də söz-söhbətlər dolaşmaqdadır. Deyilənlərə görə, o, neft milyarderlərindən biri olan Marşall ailəsinin qarğışlarına tuş gəlmişdi. Bunun həqiqət olub-olmadığını sizlərin öhdəsinə buraxırıq. Biz isə mərhum ulduzun keçdiyi qısa həyat yoluna birlikdə nəzər salacağıq.

Milyonlarla tamaşaçıya Anna Nikol Smit kimi tanınan qadının əsl adı Viki Linn Noqan olmuşdur. O, 28 noyabr 1967-ci ildə Texas ştatının Müheyn şəhərciyində dünyaya göz açmışdı. Fəhlə işləyən atası evi tərk etdikdən sonra balaca qız polis ananın öhdəsində qaldı. ABŞ qanunlarında analıq məzuniyyəti nəzərdə tutulmadığı üçün körpənin anası onu xalasının öhdəsinə buraxmalı oldu. Viki məktəbi bitirdikdən sonra kafedə qril bişirən kimi fəaliyyətə başladı. 1985-ci ildə o, digər bir aşpazla ailə qurdu. Bu nikahdan Daniel adlı bir oğlu dünyaya gəldi. 18 yaşlı Vikinin boyu 1m 80 sm olsa da, özü çox arıq idi. Sinəsi az qala dərisinə yapışırdı, arxası isə gözə çarpmırdı. Bununla belə, o, varlanmaq üçün ailəsini atıb Hyuston şəhərinə yollandı. Striptiz barlarının birində işə düzəlmək istəyəndə müdir əvvəlcə etiraz etdi. Yalnız Viki ilə yataqda sevişdikdən sonra qızın səhərlər səhnəyə çıxarmağına razılıq verdi. Həmin vaxtlar müştərilər az olduğu üçün Viki ürəyi istədiyi pulu qazana bilmirdi. Odur ki, gecələr küçə və barlarda fahişəlik etməyə başladı. Bir il yarım ərzində az da olsa maddi vəziyyətini düzəldə bildi və 1989-cu ildə sinəsinə silikon implantant qoydurdu. Vikini ziyarətə gələn müştərilərin sayı durmadan artırdı. O, ardı-ardına bir neçə plastik əməliyyat da keçirdi. Nəticədə, ideal bədən ölçülərinə nail oldu. Striptiz bara tez-tez gələn 85 yaşlı neft milyarderi Hovard Marşall burada Vikiyə vuruldu. Gənc qız qocanı ehtirasa gətirmək üçün onunla təkliyə çəkilir, dəridən-qabıqdan çıxırdı. Milyarderin himayədarlığı ilə 1991-ci ildə "Playboy" jurnalında Vikinin çılpaq şəkilləri dərc olundu. 1992-ci ildə o, həmin dərgidə "ilin ən seksual modeli" adına layiq görüldü. Qadın paltarlarının reklamı və satışı üzrə məşhur olan "Guess" şirkətinin meneceri Pol Marçiano ona reklam filmində iştirak etməyi təklif etdi. Məhz bu dövrdə menecer qıza yeni ad qoydu - Anna Nikol Smit və barəsində rəvayətlər yaymağa başladı. Rəvayətlərin birinə görə, guya Anna Nikol Smit mərhum ulduz Merilin Monronun doğma qızıdır. Halbuki Merilin Monro öldükdən 5 il sonra Anna Nikol Smit dünyaya gəlmişdi. Düşünməyi çox sevməyən sadə ABŞ vətəndaşları deyilənlərə inanırdı. Bu dövrdə Hovard Marşall məşuqəsinə Texasda böyük bir villa aldı və hər yeri pullarla döşədi. Bir faktı da nəzərinizə çatdıraq ki, Anna Nikol Smit hər dəfə zərgər dükanına gedərkən qoca milyarder ona ən azı 2 milyonluq qızıl-zinət əşyaları alırdı. Nəhayət, 1994-cü ilin iyununda 26 yaşlı model və 89 yaşlı neft maqnatı rəsmi nikaha daxil oldular. Milyarderin övladları bu izdivaca qarşı çıxdılar. Onlar əmin idilər ki, Anna Nikol Smitin yeganə məqsədi qoca ərini öldürüb mal-mülkünü ələ keçirməkdir. Model bu məkrli niyyətini açıq-aydın həyata keçirə bilməzdi. Odur ki, gündə bir neçə dəfə ərini yatağa dartaraq qızğın sevişmə səhnələri ilə onu əldən salırdı. Gənc ailə bal ayına çıxmalı olduğu halda, Anna Nikol Smit fotosessiya adı ilə Yunanıstana yollandı. Əslində isə ərinin 30 yaşlı cangüdəni ilə sevgi səyahətinə çıxmışdı. Bundan şübhələnən Hovard Marşallın uşaqları modelin izinə adam saldılar və xəlvəti çəkilmiş fotoşəkilləri milyarderin özünə göstərdilər. O isə boşanmaq əvəzinə cavan arvadının tərəfini tutdu. Nikahın 14-cü ayında Hovard Marşall dünyasını dəyişdi və Anna Nikol Smitə 474 milyonluq miras qaldı. Mərhumun övladları onu məhkəməyə verdilər. Model iclaslar zamanı onları təhqir edir, mərhum əri barədə təhqiramiz və rişxəndli ifadələr işlətməkdən çəkinmirdi. Birinci məhkəmədə model qalib gəlsə də, apelyasiya məhkəməsində Marşall ailəsi qələbə çaldı. Modelin yeni vəkili işi daha böyük instansiyalara qədər böyütdü. Nəticədə, miras yenidən Anna Nikol Smitə qaldı. Marşalın 67 yaşlı böyük oğlunun ürəyi elə məhkəmədə partladı.

Artıq narkoman, əxlaqsız və alkoqolik olmuş model sürətlə kökəlirdi. O, iki dəfə cərrahi əməliyyat olunsa da, xeyri yox idi. Odur ki, "Guess" şirkəti onu məhkəməyə verdi və kökəldiyi üçün modeldən təzminat istədi. 2002-ci ildə Anna Nikol Smit tolk-şou aparıcılığına başladı. Lakin 2 il ərzində verilişin reytinqi kəskin surətdə düşdü və proqram bağlandı. 2005-ci ildə model öz vəkili ilə nikaha girdi və dünyaya qız uşağı gətirdi. Bu zaman onun köhnə məşuqlarından biri uşağın atası olduğunu iddia etdi. Körpənin qanından DNT analizləri götürüldü. Lakin Anna Nikol Smit ölümü ilə əlaqədar nəticələri öyrənə bilmədi. O, satışı qadağan olunmuş narkotik maddələrin hədsiz qəbulundan (peredozirovkadan) keçinmişdi. Onu da qeyd edək ki, mərhumun böyük oğlu Daniel də o ərəfədə eyni səbəbdən dünyasını dəyişmişdi.

Son söz əvəzi: Məqalənin əvvəlində vəd etdiyim kimi, bu səlahiyyəti sizə verirəm. Özünüz deyin, tanınmış ulduzun ölümündə qarğışın rolu var idimi? Şəxsən mənim fikrimi soruşsanız, deyərəm ki, var idi.

Günel Şahməmmədova

O.M.