Mark Tvenin ölümündən sonra yazdığı kitab

Mark Tvenin ölümündən sonra yazdığı kitab

3 İyun 2011 11:41
3 197
Bəyəndim (0) Bəyənmədim (0)
BU FAKTIN HƏQİQƏT OLDUĞU HƏLƏ DƏ SÖYLƏNİLİR

Sensasiya yaradan kitab

1917-ci ildə dahi Amerika yazıçısı, jurnalist Mark Tvenin "Cer Herron" adlı növbəti kitabı işıq üzü gördü. Bu kitab geniş oxucu kütləsinin marağına səbəb olduğu halda, gözlənilmədən böyük bir qalmaqal yarandı. Belə ki, yazıçı 1910-cu ilində aprel ayında torpağa tapşırılmışdı. Necə ola bilərdi ki, mərhum kitab yazsın? Bu sual haqlı olaraq ictimaiyyəti narahat edirdi. Müzakirələrin qızışdığı vaxt ortalığa iki qadın çıxdı. Onlar inadla qeyd edirdilər ki, mərhum yazıçı hətta ölümündən sonra da onlara növbəti əsərlərini diktə edib. Belə çıxırdı ki, mərhumun ruhu ilə əlaqəyə girən qadınlar onun əsərlərini qələmə almışdılar.

Müəlliflə mediumun işbirliyi

Bu qadınların biri Emili Qrant Hatçinqs adlı müəllimə idi. O, mətbuat aləmində silsilə məqalələri ilə tanınırdı. Bəs görəsən, mərhum nə üçün məhz onu özünə köməkçi və rabitəçi seçmişdi? Bəlkə də, ona görə ki, Emili Qrant Hatçinqs əslən Missuri ştatının Hannibal adlı kiçik şəhərciyindən idi. Mark Tven də uşaq olarkən ailəliklə bu şəhərciyə köçmüşdü.

Emili Qrant Hatçinqs əsərin müqəddiməsində yazırdı: "Mən bu romanı Lola Heys adlı mediumun vasitəçiliyi ilə qələmə almışam. O, xüsusi lövhəciyin üzərində oxun hərəkətinə əsasən cümlələri qururdu". Onu da qeyd edək ki, bizdə mediumlar kasanın və kağız cədvəlin köməyi ilə ruh çağırdıqları halda, ABŞ-da taxta lövhəciyin üzərindəki ox hərəkətə gələrək, ruhun gəldiyindən xəbər verir. Bu cihaz "uici" adlanır və Amerikada istənilən mağazada satılır. Çoxları onu şeytan əməli adlandırırlar. Belə ki, düzgün istifadə edilmədiyi halda insanın psixikası pozula bilər. Medium tarixində belə faktlar çox olmuşdu.

Mark Tvenin dəst-xətti

Emili Qrant Hatçinqsin dediyinə görə, Mark Tven ölümündən sonra daha iki xırda həcmli əsərini ona diktə etmişdi. Əsərlərdən biri "Marsın qızı", digəri isə "Palçıqdan şahlığa" adlanırdı. Doğrudur, dünyanın bir çox ədəbiyyat arxivlərində üç kitabın heç birinə rast gəlmək olmur, amma ABŞ-ın bəzi kitabxanalarında hər üç əsər Mark Tvenin adı ilə saxlanılır. "Cer Herron" romanını təhlil edən alimlər yazı stilinin məhz Mark Tvenə aid olduğunu iddia edirlər. Hətta Cer adlı baş qəhrəmanın yaşadığı olaylar da tamlıqla Mark Tvenin başına gələn hadisələrlə eynidir. Bu hadisələri mərhum yazıçıdan başqa, heç kim bilmədiyi üçün əsərin məhz Mark Tvenin diktəsi ilə yazıldığı söylənilir.

"Cer Herron"un qısa məzmunu və yazıçının həyatı

Mark Tven erkən yaşlarında atasını itirmişdi. Mərhum valideynindən onlara çoxlu borc qalmışdı. On üç yaşlı yeniyetmə məcburiyyət qarşısında qalıb "Missuri Kuryer" qəzetində makinaçının köməkçisi vəzifəsində işləməyə başladı. Bir neçə ildən sonra "Hannibal Cumel" mətbu orqanında fəaliyyətini yazıçı-jurnalist kimi davam etdi. "Cer Herron" romanının baş qəhrəmanı Cer də on üç yaşında atasını itirir. Uzun boylu, arıq, qırmızı saçlı, çilli yeniyetmə "Blümtaun Herald" qəzetində makinaçının köməkçisi vəzifəsində işləməyə başlayır. Kənd ləhcəsində danışan Cer bir müddət həmkarlarının məsxərəsinə dözməli olur. Lakin işgüzarlığının, dözümlülüyünün və prinsipiallığının səbəbinə əsərin sonunda Blümtaun şəhərinin meri seçilir və bankirin qızı ilə ailə qurur.

Şahidi olmayan məhkəmə

1917-ci ildə "Cer Herron" kitabını nəşr etdirən mətbəənin müdiri qəzetlərdə belə bir məzmunda məqalələr vermişdi - Mark Tvenin "uici" cihazının köməyi ilə Emili Qrant Hatçinqsin vasitəçiliyində yazdığı növbəti əsər mütləq oxucuların rəğbətini qazanacaq. Mətbəənin müdirinin bu açıqlamasından sonra 1918-ci ildə "Harper end brazerz" şirkətinin rəhbərliyi onu məhkəməyə vermək qərarına gəldi. Belə ki, Mark Tvenin əsərlərini çap etmə hüququ yalnız "Harper end brazerz" şirkətinə aid idi və başqası onu nəşr etdirə bilməzdi. 1918-ci ilin 28 iyul tarixində "NEW TIMES" qəzeti yazırdı: "O dünya ilə əlaqə saxlamaq mümkün deyil. Hətta mümkün olsa belə, böyük bir romanı diktə etmək olmaz. Onda gərək hamımız ruhların varlığına inanaq. Ümumiyyətlə, Mark Tven belə şeyləri cəfəngiyat adlandırırdı. Onun "İnsan nədir" və "Tanış olmayan mistikalı" əsərlərində bu barədə ətraflı yazılırdı. Mark Tven ruhun varlığına heç zaman inanmayıb və ruh olmaq istəməyib. Məhkəmədə mütləq bu faktlar nəzərə alınmalıdır. Digər tərəfdən, şahid qismində Mark Tven özü iştirak etməlidir. Bu isə qeyri-mümkündür".

Qarşılıqlı razılıq

Ehtiraslar coşsa da, məsələ məhkəməyədək gedib çatmadı. "Harper end brazerz" şirkəti şikayət ərizəsini geri götürdü. Əvəzində Emili Qrant Hatçinqsin razılığı ilə "Cer Herron" kitabının bütün nüsxələri məhv edildi. Bununla belə, əlyazmalar gizlədildi. Müasir dövrdə "Cer Herron" əsərini kitab şəklində oxumaq mümkün olmasa da, İnternetdə tapmaq mümkündür. Mark Tven yaradıcılığının pərəstişkarları bu əsərlə internetdə tanış olub, müstəqil fikir yürüdə bilərlər. Bir faktı qeyd etmək yerinə düşərdi, mərhum yazıçının Hannibal şəhərciyində yerləşən ev muzeyinin əməkdaşları bu gün də üç əsərin məhz Mark Tvenə aid olduğu iddia edirlər.

Təzadlar

1920-ci ildə ABŞ-ın Ali məhkəməsinin qərarı ilə "uici" cihazı adi bir oyuncaq statusu aldı. Elə çıxırdı ki, dövlət rəsmən ruh çağırmağın mümkün olmadığını düşünür. Bununla belə, 1919-cu ildə Ceym Hislop adlı şəxsin qələmə aldığı "O dünya ilə rabitə" kitabında "uici" cihazının güclü imkanlara malik olduğu bildirilirdi. Müəllif yazırdı: "Mən bir neçə dəfə Emili Qrant Hatçinqsin uici arxasında ruhla təmasa girdiyinin şahidi olmuşam. Həmin ruh özünü Mark Tven kimi təqdim edirdi. O, diktə etdikcə Emili Qrant Hatçinqs əsəri qələmə alırdı. Mənə inanmayanlar o dünyaya getdikdə Mark Tvenin özündən öyrənəcəklər ki, dediklərim həqiqətdir".

Son söz əvəzi:

Hələ Mark Tvenin sağlığında səhvən onun ölümü barədə "New York Journal" mətbu orqanında məlumat getmişdi. Yazıçı bu faktı yumorla şərh edərək bildirirdi: "Mənim ölümüm barədə dedi-qodular həddən artıq şişirdilib".

Könül Aypara

O.M.