Bəzi ölkələrdə canilərin orqanları satılır

Bəzi ölkələrdə canilərin orqanları satılır

3 İyun 2011 10:20
Bəyəndim (0) Bəyənmədim (0)
Biz dustaqları, onlar da bizi dəmir barmaqlıqlar arxasında görürlər

Qanunlar işləməyən yer

Belə bir el məsəli var: "Qanunlar türmədən kənarda işləyir". Nə qədər qəribə səslənsə də, bu el məsəlinin müxtəlif dillərdə fərqli variantları mövcuddur. Göründüyü kimi, hər bir ölkədə türmə istirahət yeri deyil, məhz islaholunma müəssisəsidir. Bununla belə, başqa-başqa dövlətlərdə dustaqlara qarşı fərqli münasibət bəslənilir. Məsələn, Avropa ölkələrindəki türmələr şəraitinə görə Şərq dövlətlərinin istirahət məkanlarını xatırladır. Bu barədə daha sonra danışacağıq. İndi isə qəddar Şərq türmələrini araşdıraq.

Həyatın davamı

Çində, Vyetnamda, Şimali Koreyada, İranda və başqa dövlətlərdə hələ də ölüm hökmləri tətbiq olunur. Odur ki, həmin ölkələrin cinayətkarları cəzalarını daha humanist ölkələrdə çəkməyə üstünlük verirlər. Məsələn, ölüm hökmü ləğv olunmuş Azərbaycanda çoxlu sayda Şərq vətəndaşları cəza çəkirlər. Onlar üçün bu, həyatlarını davam etdirmək şansıdır. Belə ki, hər hansı bir çinli, vyetnamlı, iranlı və ya koreyalı Azərbaycanda ağır cinayət törədərsə və bu zaman öz dövlətinə ekstradisiya edilərsə, onu mütləq ölüm hökmü gözləyəcək. Məhz bu səbəbdən həmin adam azadlığa buraxılma ərəfəsində növbəti cinayət törədir ki, öz ölkəsinə göndərilməsin.

Hörmətli peşə - cəlladlıq

Adlarını sadaladığımız dövlətlərdə ağır cinayətlər törətmiş şəxslər birmənalı şəkildə öldürülürlər. Onların hüquqlarının qorunması mexanizmi isə tamamilə işləmir. Çin Xalq Respublikasının cinayət məcəlləsində 80-dən artıq maddəyə görə ölüm hökmü nəzərdə tutulur. Orada həmin caniləri güllə ilə öldürürlər. Şimali Koreyada kütləvi şəkildə stadionlara yığıb diz üstə çökdürürlər. Sonra da pulemyotla qətlə yetirirlər. İranda isə meydanlarda asırlar. Ekzekusiya (kütləvi qətl prosesi) bu dövlətlərin əhalisi tərəfindən maraqla izlənilir. Cəlladlıq sənəti çox hörmətli və nüfuzlu peşə sayılır. Odur ki, cəllad olmaq üçün çox adam cəhd göstərir və yalnız seçilmiş adamlar işə götürülür.

Transplantasiya

Çində və Vyetnamda ölüm hökmünün icrasını gözləyən bəzi cinayətkarları başqa formada da cəzalandırırlar. Daha doğrusu, məhkəmənin xüsusi qərarı ilə sağlam canilər üzərində cərrahi əməliyyatlar aparılır və onların daxili orqanları xarici ölkələrə satılır. Heç təsadüfi deyil ki, bu gün Çin insan orqanlarının satışı üzrə dünyada lider mövqedə dayanıb. Əldə olunmuş gəlir dərhal ölkənin büdcəsinə daxil olur. Ölü bədən isə yandırılır. Beləcə, cəmiyyətə heç bir məlumat verilmədən iz itirilir. Bəzi hallarda həkimlər özləri də dövlətdən xəbərsiz gizli satışlarda iştirak edirlər. Çox vaxt bu cür sövdələşmələr onların öz həyatlarına son qoymuş olur. Məsələn, Liin Dao adlı tanınmış cərrah yaponlara iki ədəd böyrək satdığı üçün barəsində cinayət işi açıldı. Nəticədə onun özü barəsində ölüm hökmü çıxarıldı və tanınmış transplantoloq güllələndi.

Sevinən cani

Bütün bunları nəzərə alan Şərq vətəndaşları cəzalarını humanist ölkələrdə çəkməyə üstünlük verirlər. Bu yaxınlarda Rusiya türmələrinin birində yatan vyetnamlı cinayətkar öz kamera yoldaşına soyuq silahla təcavüz etmişdi. Buna görə o, yenidən 15 il həbs cəzasına məhkum edildi. Məhkəmə zamanı vyetnamlı cani öz hisslərini gizlədə bilmirdi. "Mən həyatımı daha 15 il uzatdım": - deyə sevincindən ağlayırdı. Bu da əbəs yerə deyildi. Həmin şəxs Rusiyanın uzaq Şərq türmələrinin birinə köçürüldü. Orada ucqar kəndlərin birinin sakini olan dul arvadla ailə qurdu və hal-hazırda özünü xoşbəxt hiss edir.

Prokurorun etirafı

Bəzi Şərq ölkələrinin hüquq-mühafizə orqanları hesab edir ki, dustaqlara qarşı penitensiar metodun tətbiqi qətiyyən yolverilməzdir. Onlar humanist cəzaçəkmə rejimini qəbul etmək belə istəmirlər. Bu yaxınlarda Çin prokuroru belə bir etiraf etmişdi: "Bir çox ölkələrdə dustaqların islah olunmasından heç cür danışmaq olmaz. Onlara həddindən artıq gözəl şərait yaradırlar. Bu isə bir növ cinayətkarlara qol-qanad vermiş olur. Halbuki dustaq hər zaman psixoloji, fiziki, maddi və mənəvi cəhətdən sıxıntı keçirərsə, daim sarsıntı içərisində yaşayarsa, yalnız o halda islah oluna bilər və bir daha müttəhimlər kürsüsündə əyləşmək istəməz".

Cəhənnəmdə cənnət

İndi isə Avropa cəzaçəkmə müəssisələrinə nəzər salaq. Statistikaya görə, ən gözəl şəraiti olan türmələr İsveçdə, İsveçrədə yerləşir. Şərq ölkələrinin dustaqlarına bu, kurort kimi görünə bilər. İkinəfərlik kamera, rahat çarpayı, kondisioner, ideal təmizlik, televizor, maqnitofon, trenajor zalı, kitabxana, internet klub, hovuz, kiçik stadion və sair rahatlıqlar bu türmələri çoxları üçün cəlbedici edir. Məhz bu səbəbdən bir çox ölkələrin vətəndaşları Avropada cinayət etməklə ömürlük oraya köçməyə qərar verirlər.

Son söz əvəzi:

Şəxsən mənim fikrimcə, dünyada pis insan yoxdur, pis yanaşma var. Atalar demişkən, heç kim öz ayranına turş deməz. Hətta ən qatı cani öz əməlinə haqq qazandırmağa çalışır özlüyündə haqlı olduğunu düşünür. Bu isə o deməkdir ki, psixi xəstələrdən manyaklardan başqa istənilən adamı islah etmək düzgün yola çəkmək olar. Yetər ki, ona doğrunun harada olduğunu göstərəsən. Bu zaman həmin adama yaxşı şərait yaratmaq təbliğat aparmaqla bir növ onu utandırmaq ən düzgün metod sayıla bilər.

Natiq Qocaman

O.M.