Sakinlər Bulvardakı qiymətlərdən narazıdırlar

Sakinlər Bulvardakı qiymətlərdən narazıdırlar

1 İyun 2011 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün 1 İyun - Uşaqların Müdafiəsi Günüdür. Çox güman ki, bu münasibətlə əksəriyyətimiz balacaları əyləndirmək fikrinə düşəcəyik. Və üz tutacağıq hara - Dənizkənarı Parka. Hansı ki, orada uşaqların sözün əsl mənasında kef çəkmələri üçün bütün şərait var. Bəs Bulvardakı qiymətlər necə, onlar valideynlərə "kef çəkdirirmi"? Yox, çünki Bulvardakı kəllə-çarxa çıxmış qiymətləri görən böyüklərin keflərinə soğan doğranılır.

Sakinlər yelləncəklərin qiymətlərindən tutmuş, kafe-restoranların menyularına qədər - hər bir şeyin qiymətindən narazıdırlar. Bir tərəfdən haqlıdırlar da. Çünki bu gün uşağını gəzməyə aparmaq istəyən hər bir valideynin cibində ən azı gərək 50 manat olsun ki, bu günün adını "gəzmək" qoymaq mümkün olsun. Əks halda, 1 iyun da sıradan günlərin siyahısına qoşulmalıdır. Üstəlik, söhbət çoxuşaqlı ailələrdən gedirsə, vəziyyət daha da gərginləşir.

Əldə etdiyimiz məlumata görə, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov kafe və ya restoranlarda 1 çaydan çaya görə 15 manat tələb edən kafelərin cəzalandırılmalı olduğunu söyləyib. O, belə halla üzləşən sakinləri 055 282 70 00 nömrəli "qaynar xətt"ə müraciət etməyə çağırıb. Milli Dənizkənarı Parkın direktoru Mənsur Həsənzadə isə bildirib ki, Bulvardakı kafelərdə limon və qəndlə 1 çaydan çay 2 manat, mürəbbə ilə birlikdə isə 5 manatdır.

Bəlkə bu sonuncu abzasımızla üzünüzü güldürə bilmişik. Ən azından ona görə ki, uşağınıza 2 manata bir stəkan çay təklif edə bilərsiniz...

Günel Həbib

O.M.