Tanrı bizi sevdiyi kimi biz də Onu sevməliyik

Tanrı bizi sevdiyi kimi biz də Onu sevməliyik

30 May 2011 18:46
Bəyəndim (0) Bəyənmədim (0)
Dərindən düşünsək görərik ki...

Yazılmamış qanunlar

Biz insanlar təbiətcə praqmatikik. Başqa sözlə desək, görmədiyimizin, eşitmədiyimizin, hiss etmədiyimizin varlığına inanmırıq. Məhz buna görə də çoxları Yaradanın mövcudluğunu inkar edir. Halbuki, Onun varlığını sübuta yetirən milyonlarla dəlil vardır. Bugünkü məqalədə onların bir qismi ilə sizləri tanış edəcəyik. Əvvəla, onu qeyd edək ki, Günəş sistemində toplanmış planetlər cazibə qüvvəsi ilə bir-birilərini cəzb edirlər. Məhz buna görə də onların biri digərinə yapışmır və ya öz orbitindən çıxıb başqa planetin yolunda dayanmır. Təsəvvür edin ki, bu planetlər arasında cazibə qüvvəsi 10 üstündə 60 dəqiqliklə hesablanıb. Əgər bu dəqiqlik cüzi surətdə pozulsaydı, planetlər nə vaxtsa bir-biriləri ilə toqquşar, ya da Günəş sistemindən uzaqlaşardılar. Deməli, cazibə qüvvəsini bu cür dəqiqliklə hesablayan Varlıq olduqca savadlıdır. Buna görə də planetlərin hər biri öz orbiti ilə sərbəst hərəkət edir, Günəşin ətrafında fırlanır. Sözsüz ki, bu cür dəqiqliklə hesablanmış qanunu Yaradan vardır. Yaradanın mövcudluğunu sübut edəcək faktlar saysız-hesabsızdır. Bu faktları sadalamağa başlasaq, nəinki bir gün, heç bir insan ömrü də bəs etməz. Odur ki, bəzi məqamlara aydınlıq gətirməklə kifayətlənirik.

Yaradanın varlığı inkaredilməzdir

Ən azı ona görə ki, kainatda mövcud olan qanunlar bir-birini tamamlayır. Kosmosu yenicə fəth etməyə başlayan insanlar bu qanunları yarada bilməzdilər. Halbuki, həm yerdə baş verən proseslər, həm də kosmosda cərəyan edən hadisələr bizim dərk edə bilmədiyimiz dəqiq qanunlarla tənzimlənir.

Yaradan əbədidir, nə ölmür, nə də yatmır!

Əgər Yaradan bircə anlıq yatsaydı və ya diqqətini kainatdan əskik etsəydi, bütün qanunlar dərhal pozulardı. Deməli, O, hər an bizim fövqümüzdədir və bütün prosesləri nəzarət altında saxlayır.

Yaradan doğmur ya doğulmur!

Xristian dini iddia edir ki, guya İsa Peyğəmbər Yaradanın övladı olmuşdur. Bu fikrin kökündən səhv olduğunu sübuta yetirmək üçün kiçik bir faktı nəzərinizə çatdırmaq istərdik. Əgər Yaradanın övladı, nəvəsi, nəticəsi, kötücəsi və ya digər sələfləri olsaydı, onlar mütləq mutasiyaya uğrayardılar. Daha doğrusu, get-gedə şəklini dəyişərdilər. Məsələn, biz insanları götürək. Hansı adamın törəmələri onun özünə bənzəyir? Təbii ki, heç biri. Çünki hər gələn nəsil əvvəlkilərə daha az bənzəyir. Göründüyü kimi, Yaradanın da törəmələri olsaydı, onlar get-gedə başqalaşardılar. Digər tərəfdən, həyata övlad gətirmək üçün əks cinsin nümayəndəsi olmalıdır.

Yaradan isə təkdir!

Ona görə təkdir ki, iki nəfərin arasında mütləq mübahisə yaranmalıdır. Çünki fikirlər hər zaman üst-üstə düşmür. Hətta ən yaxın adamlar arasında da ara-sıra konfliktlər yaşanır. Kainata nəzər saldıqda açıq-aydın görürük ki, oranın qanunları yalnız bir Varlığın hökmü ilə yaranıb. Məhz buna görə də bu qanunların heç biri pozulmur.

Son söz əvəzi:

Təsəvvür edin ki, imkanlı bir adam ağır xəstədir. Təbii ki, o, həyatını heç olmasa bir neçə dəqiqəliyinə uzatmaq üçün bütün varidatını həkimə verməyə hazırdır. Göründüyü kimi, insan həyatını azacıq artırmaqdan ötrü hər bir şeyindən keçməyə razıdır. Halbuki, bu ömrü büsbütün bizlərə bəxş edən Yaradan var. Gəlin Onun bizlərə bəxş etdiyi ən böyük hədiyyənin qədrini bilək bu sevgiyə qarşılıqlı hislərlə cavab verək!

Natiq Qocaman

O.M.