VIDEO-Bu gün dünyada 500-dən artıq uşaq döyüşür

VIDEO-Bu gün dünyada 500-dən artıq uşaq döyüşür

30 May 2011 16:21
1 275
Bəyəndim (0) Bəyənmədim (0)
SİLAHA SARILMIŞ KÖRPƏLƏR

Keçmişdən indiyə

Cenevrə konvensiyasına əsasən, 18 yaşına çatmamış uşaqların hərbi döyüşlərdə iştirak etmələri bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri sayılır. Bununla belə, minilliklər boyu həddi-buluğa çatmamış uşaqlar müharibələrə cəlb ediliblər. Onlar orduya əsasən poçtalyon, ya da təbilçi kimi kömək etsələr də, birbaşa döyüşlərdə də iştirakları olub. Bu tendensiya XX əsrdə daha geniş yayılmışdı. II Dünya Müharibəsində faşist Almaniyasında "Hitlerüqent", SSRİ-də isə "Polkun uşaqları" adlı xüsusi döyüşkən uşaq ordusu hazırlanırdı. Onlar əsasən diversiya və terror işlərində iştirak edirdilər. Təəssüf ki, indiki dövrdə də bu cür hallara rast gəlinir. Əsasən Afrika dövlətlərində və III dünya ölkələrində uşaqlar geniş hərbi əməliyyatlara cəlb olunurlar. Rəsmi statistikaya görə, planetimizdə hərbçilərin yaşı durmadan azalır. Başqa sözlə desək, döyüşlərə hər gün daha çox uşaqlar qoşulurlar.

Qara qitə

Uqandanın 20-30 daxmadan ibarət olan kəndi. Adətən burada hava isti keçdiyindən evdən eşiyə çıxmamağa üstünlük verirlər. Lakin bu səssizliyi hər gün kəndə daxil olan mikroavtobusların səs-küyü pozur. Avtobuslardan düşən hərbi geyimli insanlar kişiləri qohumlarının gözü önündə qətlə yetirirlər. Anaların göz yaşlarına məhəl qoymadan uşaqları özləri ilə aparırlar. Qəribəsi odur ki, onlar qız uşaqlarını da oğurlamaqdan çəkinmirlər. Məqsəd isə həmişə dəyişməz olaraq qalır. Uşaqlar Uqandanın inqilabi ordusuna cəlb edilir. Səhra komandirlərinin birinin etirafına görə, uşaqlar böyüklərdən daha yaxşı əsgər olurlar. Belə ki, yaşları ilə əlaqədar onlar ölümə inanmırlar. Elə zənn edirlər ki, müharibə oyunu oynayırlar. Ona görə də sözəbaxan, cəsarətli və qəhrəmanlığa meylli olurlar. Onları bir qədər tərifləyəndə lap həvəslənirlər. Uşaqlardan kəşfiyyatda da uğurla istifadə etmək olar.

Azyaşlı cəlladlar

Demək olar ki, Afrikanın bütün ölkələrində uşaqlar fəal hərbi əməliyyatlarda iştirak edirlər. Məsələn, Anqolada otuz ildir vətəndaş müharibəsi getdiyindən böyük adamların sayı kəskin surətdə azalıb. Məhz bu səbəbdən döyüşlərə uşaqlar da cəlb olunurlar. Və ya Konqoda xüsusi "uşaq batalyonları" vardır. Yaşı on dördə çatmamış döyüşçülərin qəddarlığının həddi-hüdudu yoxdur. Onlar böyük şəhərləri çətinlik çəkmədən işğal edirlər.

Günlərin bir günü Konqonun Neyroni kəndinə təxminən otuz nəfər hərbi geyimli uşaq daxil olur. 10-14 yaşlarında olan bu hərbçilər əvvəlcə kişiləri qətlə yetirirlər. Sonra isə qadınları və qızları torpağın üstünə düzüb sağ qulaqlarını kəsirlər. Yaşca daha böyük olan əsgərlər qızları zorlamağı da unutmurlar. Bir qız onlara müqavimət göstərir. Əsgərlər onun başını kəsib futbol oynayırlar.

Etiraf

Bu yaxınlarda fransalı jurnalist Syer-Leone dövlətinə ezam edilmişdi. O, həmin ölkədə bir neçə hərbi dəstədə oldu. Əsasən üsyançıların yanında qalan jurnalist dəhşətli faktlarla üzləşdi. Belə ki, döyüşçülərin birinin etirafı onu dəhşətə gətirmişdi:

- Mən döyüşlərə doqquz yaşımdan qoşulmuşam. Valideynlərimi dövlətin ordusu qətlə yetirib. Mən də dövlətdən qisas almağı qarşıma məqsəd qoymuşam. Əvvəlcə kəşfiyyatlarda iştirak etmişəm, yollara minalar döşəmişəm. Sonra komandir sərrast atıcı olduğumu görüb məni snayper götürdü. Dörd il ərzində 39 əsgər öldürmüşəm.

Maraqlıdır ki, həddi-buluğa çatmamış uşaqların əsgərliyə çağırışı dövlət səviyyəsində də həyata keçirilir. Məsələn, Uqandada yaşı 13-ə çatmış hər kəs hərbi xidmətə çağırılır. Digər Afrika ölkələrində isə 14-16 yaşdan etibarən əsgəri mükəlləfiyyət tətbiq olunur. BMT-nin araşdırması nəticəsində məlum olmuşdur ki, Konqo müqavimət ordusunda beş yaşlı əsgər də var. 1999-cu ilin 25 noyabr günü Qırmızı Xaç Cəmiyyətinin üzvləri Konqoya baş çəkmişdilər. Onlar döyüşçü uşaqlarla səmimi təmas qurmağa çalışırdılar. Bu məqsədlə futbol yarışması keçirildi. Komandası məğlub olan 13 yaşlı oyunçu kənara çəkilib, avtomatla cəmiyyətin nümayəndəsinin başçısını qətlə yetirdi.

Ağ qitənin qara bəxtli uşaqları

Demək olmaz ki, təkcə Afrikada uşaqlar hərbi əməliyyatlarda iştirak edirlər. BMT-nin araşdırmasına görə, bu gün dünyanın 30 qaynar nöqtəsində belə hallara rast gəlinir. Əfqanıstan, Fələstin, İraq, keçmiş Yuqoslaviya və Rusiya bunlara misaldır. Bu yaxınlarda Türkiyənin SHOW telekanalı dünyada ilk dəfə olaraq Əl-Qaidə təşkilatının lentə aldığı video görüntüləri efirə vermişdi. Yadınızdadırsa, orada bir bölüm uşaqlara həsr olunmuşdu. Görüntüdə çıxış edən hərbi geyimli oğlan uşağı şəhidlik haqda danışır, ABŞ və onun müttəfiqləri ilə sonadək döyüşəcəyinə and içirdi. Ondan arxada çoxlu sayda uşaqlar dayanmışdı. Onlara partlayıcı maddələrin hazırlanması və terrorun sirləri barədə dərs keçilirdi. Hətta ABŞ ordusu ilə atışma zamanı uşaqların birbaşa iştirakı da lentdə əks olunurdu. Heç kimə sirr deyil ki. Yaxın Şərqdə Həmas təşkilatı tez-tez etiraz mitinqləri təşkil edir. Həmin mitinqlərdə açıq-aydın görünür ki, azyaşlı uşaqlar əllərində "Kalaşnikov" avtomatları göyə atəş açırlar. Bununla nümayiş etdirməyə çalışırlar ki, indi böyükdən-kiçiyə kimi hamımız döyüşməyə və ölməyə hazırıq.

Dağlı balası

Rusiyanın Dağıstan, Çeçenistan və İnquşetiya bölgələrində də uşaqlar hərbi münaqişələrdə və terror aktlarında birbaşa iştirak edirlər. Rusiya ordusuna əsir düşmüş bəzi azyaşlılar etiraf edirlər ki, qurulmuş hər bir fuqas üçün üç yüz ABŞ dolları ödənilir. Səfalətin hökm sürdüyü bir yerdə bu məbləğin nə demək olduğunu bilmək çətin deyil. 2003-cü ildə OMON tərəfindən öldürülmüş "əmir" ləqəbli komandirin dəstəsində onlarca azyaşlı vuruşurdu. 2004-cü ilin fevral ayında Qroznı şəhərinin üç məktəblisi Rusiya ordusu tərəfindən tutuldu. Onlar iki əsgəri qətlə yetirməkdə ittiham olunurdular. Rusiya kəşfiyyatında bu haqda çoxsaylı sənədlər və video-görüntülər mövcuddur. Onlardan birində belə bir səhnə təsvir olunub: əsir düşmüş əsgərlərə dağ kəndlərinin birində cəza verilir. Əllərində ağac dəyənəklər tutmuş uşaqlar əvvəlcə əsirlərin gözlərini çıxarırlar. Sonra onları ölənədək döyürlər. Ölməyənlərin isə başlarını kəsirlər...

Nə qədər acınacaqlı olsa da, bu danılmaz bir faktdır. Bu gün dünyada beş yüz mindən artıq azyaşlı əsgər mövcuddur.

Son söz əvəzi:

Körpəlikdən döyüşlərə cəlb olunan hər bir uşağın psixikası pozulur. Onlar üçün qan tökmək, yaralanmaq, ölmək adi bir hala çevrilir. Belə insanların beyinlərinə həkk olunmuş aqressiya hissi özləri ilə bərabər böyüyür. Nəticədə həmin adamlar qarşısına çıxanlara şübhə ilə yanaşmağa başlayırlar. Başqa sözlə desək, hamını potensial düşmən gözündə görürlər. Digər tərəfdən, döyüşən uşaqlar təhsil almaq və ya sənət öyrənmək əvəzinə yalnız hərbin sirlərini mənimsəyirlər. Ona görə də onlar cəmiyyət üçün faydalı işlərlə məşğul ola bilmirlər. Belələrinin əlindən gələn yeganə iş qan tökməkdir.

"Uşaqlar bizim gələcəyimizdir" deyiminə inansaq, gələcəyimizin qaranlıq olduğunu görə bilərik...

Natiq Qocaman

O.M.