Biz bir-birimizə quyu qazdıqca düşmən bizə gor qazır

Biz bir-birimizə quyu qazdıqca düşmən bizə gor qazır

30 May 2011 14:27
Bəyəndim (0) Bəyənmədim (0)
Gəlin bir az düşünək

"- Nə qazırsan, bala?

- Gor qazıram, dədə.

- Kimin üçün qazırsan goru?

- Sənin üçün..."

Bizim içimizdə ömür boyu bir-birinə gor qazmağa, quyu qazmağa çalışanlar olub. Belələri bir-biri ilə mübarizə apardıqca düşmənlərimiz bizə öz torpağımızda gor qazıblar. Sonra da deyiblər ki, gorun hazırıdır, gəl gir goruna. Yüzləri, minləri beləcə gora yola salmışıq, amma yenə ayılmamışıq. İndi deyəsən, gorumuz da çatlayır...

"Bu millət ölməyi bacarır hələ"-deyən şair Sabir Rüstəmxanlı ilə razılaşmamaq olmur. Biz bütün dövrlərdə ölməyi bacarmışıq. Ona görə də torpağımızın hansı hissəsini qazırıqsa, oradan qəbiristanlıq tapırıq. Məncə bu, o qədər dəhşətli deyil. Vətəndaş vətən uğrunda ölməyi, canını qurban verməyi bacarmalıdır. Dəhşət orasındadır ki, biz bu dünyada yaşamağı, özümüzü təsdiq etməyi, gücümüzü göstərməyi bacarmırıq. Biz dünya dövlətlərinin bütün fikirləri ilə ya razılaşır, ya da ən azı həmin mülahizələrə qarşı olmuruq. Özümüz isə heç bir fikrimizi dünya dövlətlərinə qəbul etdirə bilmirik.

İndi Azərbaycan yaxın qonşu və onun böyük qardaşı tərəfindən döyülüb ağlayan yetim uşaq kimidir. Hər kəs gəlib onun başını sığallayaraq ağlamamağı məsləhət görür. Amma bir nəfər də həmin qonşulara demir ki, ay bala, bu dilsiz-ağızsız uşağı niyə döyürsən? Biz isə sadəlövhcəsinə kiminsə bunu deyəcəyini və qonşumuza yerini göstərəcəyini gözləyirik. Amma illər keçsə də, dərk etmirik ki, heç kim bədnam qonşularımıza bu sözü deməyəcək. Çünki biz özümüzə, öz dərdimizə qarşı biganə və laqeyd olan insanlarıq. Özünə hörmət qoymayanlara isə kənardan heç kim hörmət qoymaz. Bəlkə də mənim bu fikirlərimlə razılaşmayanlar tapılar. Ancaq mən həqiqət bildiklərimi deyirəm. Biz həm şəhid olanlarımıza, həm də yaşayan insanlarımıza çox vaxt biganəlik edirik. Bu, zaman-zaman sübut olunub. Mənə elə gəlir ki, xasiyyətimizi azacıq da olsa dəyişməyin vaxtı çoxdan çatıb.

Bir müddət bundan əvvəl Qubada, Neftçalada insanların kütləvi surətdə öldürülüb basdırıldığı yerlər aşkara çıxarıldı. Amma ilk vaxtlar bu faktları bütün nazirliklər, eləcə də Elmlər Akademiyasının işçiləri çox sakitliklə qarşıladılar. Sanki tapılan düşmənlərimiz tərəfindən məhv edilən dədə-babalarımızın cəsədlərinin qalıqları deyil. Ancaq dünyanın hər hansı bir ölkəsində belə bir fakt üzə çıxsaydı, bütün yer kürəsi bundan xəbər tutardı. Biz isə nəinki bu xəbəri dünyaya çatdırmağa tələsmədik, hətta bir neçə gün susub gözlədik ki, görək bu işlə kim məşğul olacaq. Məşğul olmalı insanlar isə maliyyə vəsaitinin olmamağını bəhanə gətirərək fəaliyyətsiz qaldılar. Mən inanmıram ki, o çaladan insan sümüyü əvəzinə hansısa xəzinə tapılsaydı, bu insanlar yenə də belə sakit dayanıb gözləyəcəkdilər. Əksinə, belə olsaydı, hamı hadisə yerinə tələsərdi. Bax nə qədər ki bu təfəkkürlə, bu düşüncə ilə yaşayırıq, o çalalardan bizim üçün hələ çox qazılacaq və gələcəkdə torpağımızın hər qarışı qazılanda oradan insan cəsədlərinin qalıqları tapılacaq. Bəsdir ölməyi bacardıq. Yaşamağı - əyilmədən, məğlub olmadan, alçalmadan yaşamağı öyrənməyin vaxtı çoxdan çatıb. Bəsdir yetim uşaq kimi ağlayıb ondan-bundan təsəlli umduğumuz. Bir dəfə də düşmənlərimizi ağladaq... Ağladaq, əgər bacarırıqsa! Bacarmasaq da, heç olmasa kişi kimi ölərik.

Məğlub vəziyyətdə yaşamaqdansa nə vaxtsa sümüyünün çaladan tapılması yaxşıdır...

Emil TAHİROĞLU

O.M.