Axı biz alfons deyilik

Axı biz alfons deyilik

30 May 2011 14:01
Bəyəndim (0) Bəyənmədim (0)
Razılaşsanız da sağ olun, razılaşmasanız da...

Bu yaxınlarda qərb mütəxəssisləri ailədə kimin rəhbər olması barədə bir neçə şəhərdə sorğular keçiriblər. Əsasən qadınlar arasında keçirilən bu sorğuda respondentlərə aşağıdakı sualla müraciət ediblər: "Ailənizdə kim daha çox pul qazanır?" Sorğuda iştirak edən qadınların 44 faizi ailə büdcəsinə daha çox özlərinin xeyir verdiklərini söyləyiblər. 23 faizi isə qazancının əri ilə bərabər olduğunu bildirib. 20 faizi ərindən az qazandığını etiraf edib. Qadınların 13 faizi evdar xanım olduğunu qeyd edib.

Bu sorğunun nəticələri ilə tanış olarkən istər-istəməz gülümsündüm. Bir vaxtlar bizdə qadınların əksəriyyəti işləmirdi. Kişilər ailəni dolandırmaq üçün özlərini oda-közə vurur, qadınlar isə əsl evdar xanım kimi yalnız ev işləri və uşaqlarının tərbiyəsi ilə məşğul olardılar. Hətta təhsil alan qadınlar arasında da işləməyə meyl göstərənlər çox deyildi. Amma son illərin iqtisadi çətinlikləri, işsizlik problemləri vəziyyəti xeyli dəyişdi. Qadınlar təkcə ev işləri ilə kifayətlənmədi, ailəni dolandırmaqdan ötrü kişilərlə çiyin-çiyinə çalışmağa başladılar. Bir çox evlərdə isə kişilər özlərinə iş tapa bilmədiklərinə görə ailəni dolandırmaq kimi ağır yükün altına qadınlar özləri girməli oldular. İndi Azərbaycanda iş axtarmaq üçün müxtəlif təşkilatların qapısını döyən, işləyib, özünü oda-közə vuraraq çörəkpulu qazanan xanımların sayı heç də az deyil. Bəlkə bizdə də belə bir sorğunun keçirilməsinin vaxtı çatıb. Amma qorxuram sorğunun nəticəsindən kişilər utansınlar. Axı biz amerikalı deyilik ki, qadın hesabına yaşamağı özümüzə ar bilməyək. Zəmanənin üzü qara olsun. Gör nə günlərə qoyub bizi.

Əlbəttə ki, biz qadınların işləməyinə narazı deyilik. Sadəcə, onların kişilərin əvəzinə işləməyinə qarşıyıq. Axı biz alfons deyilik.

Deyirəm, onsuz da işimiz-gücümüz yoxdur. Bekar oturmuşuq. Bəlkə gedib Qarabağı alaq?Yoxsa onu da bizim yerimizə qadınlar etməlidir?!.

Emil Tahiroğlu

O.M.