VIDEO-Qəddafi Obamanı qardaş adlandırdı

VIDEO-Qəddafi Obamanı qardaş adlandırdı

7 Aprel 2011 15:30
1 277
Bəyəndim (0) Bəyənmədim (0)
Diktatorun planı ABŞ-a qaçmaqdır

Son hadisələr zamanı Liviya prezidenti bir çox ölkələrin və onların rəhbərlərinin ünvanına tənqidi fikirlər və təhqirlər söylədi. Hərbi qarşıdurmanın ilk günlərində o, NATO üzvləri olan ölkələr barədə sərt bəyanatlar verdi, onları işğalçılıq niyyətində ittiham etdi. Lakin ABŞ-ın Liviya əməliyyatları ilə bağlı mövqeyi yumşaldıqdan sonra polkovnik Qəddafi də təzadlı bəyanatlar verməyə başladı. Belə ki, onun yerli jurnalistlərə görüşündə son müsahibəsi zamanı ABŞ prezidenti Barak Obama haqda xoş fikirlər söyləməsi çoxlarını təəccübləndirdi. Axı hamı Qəddafinin qatı ABŞ düşməni olduğunu yaxşı bilir. O, dəfələrlə çıxışlarında Qərbi Avropa və Amerika liderlərini tarixi tiranlara, işğalçılara bənzətmişdi. Hətta onları Hitler, Mussolini, Napoleon, Çingizxan, Makedoniyalı İsgəndər və tarixin qan yaddaşında əbədi həkk olmuş liderlərlə müqayisə etmişdi. Hətta ABŞ-ı antidemokratik diktatura ölkəsi adlandırmışdı.


Bəs onda necə oldu ki, müharibənin son günlərində dalbadal məğlubiyyətlərlə üzləşən Qəddafi birdən-birə fikirlərini dəyişməyə başladı? Bəlkə bu, növbəti siyasi gedişdir?! İlk baxışdan mənzərə batan adamın saman çöpündən yapışmasını xatırlatsa da, əslində, vəziyyət başqa cürdür. Qəddafi yaxşı bilir ki, Qərbin fikri onu taxtdan salmaq və karbohidrogen ehtiyatlarını mənimsəməkdir. İnanmaq sadəlövhlük olardı ki, Avropa və Amerika bu ölkəni demokratik və inkişaf etmiş görmək üçün qan tökür. Görəsən, yaranmış vəziyyətdə Qəddafi nəyə ümid bəsləyir?


Bu sual çoxlarını maraqlandırsa da, cavabı məhz 2008-ci ilin 11 iyun günündə gizlənir. 11 sentyabr qanlı hadisələrini xatırladan bu rəqəm sizi çaşdırmasın. Söhbət sərin payız günlərindən və ABŞ-dan deyil, Liviyanın isti yayından gedir. O yaydan ki, Qəddafi xalqı qarşısında alovlu nitq söyləyirdi. Polkovnik o qədər qızışmışdı ki, hətta Amerika tarixini təhlil etməyə girişmişdi. Yəqin Liviyanın isti yay günəşi başına vurmuşdu.

Əks halda o, çıxışında bu cümlələri işlətməzdi: "Günlərin bir günü dəli Reyqan xüsusi prezident qərarı ilə Liviyanı yeni bir müharibə alovuna atmaq istədi. Başqa bir qərarı ilə fəth etmək istədi. Bir başqa prezident qərarı ilə boykot etməyə çalışdı.".


Əlcəzirə kanalının lentə aldığı həmin kadrları izlədikcə istər-istəməz düşünməyə başlayırsan. Elə bu düşüncələr də adamı düzgün cavaba doğru aparır.


Belə ki, Qəddafi nitqində Barak Obamanı da unutmadı. "Nəhayət, Keniya vətəndaşı olan, Afrika mənşəli, müsəlman, İndoneziya məktəbində islam təhsili alan qara bir oğlan var. Onun adı Barakdır. İslam dünyası və Afrika onu alqışlayır ", - deyə Obama haqda səmimi, xoş ifadələr işlədən diktator yüksək kürsüdən onu dəfələrlə qardaş adlandırdı.


Qəddafinin nitqi üzərində çox dayanmadan onun "tarixi" uzaqgörənliyi haqda bir neçə kəlmə demək olar. Dünya diktatorlarının tarixi səhnədən gedişinin mütləq olduğunu bilən, bunu dilə gətirən Qəddafi özünün də əvvəl-axır taxtdan düşəcəyini bilirdi. Deməli, vəzifəni itirəcəyi halda özünün, ətrafının, ən əsası isə milyardlarla ölçülən sərvətinin təhlükəsizliyini qorumaq haqda düşünməli idi. Və yəqin ki, düşünmüşdü də...


Ətraf ölkələrdəki vəziyyəti nəzərə alan diktator Yaxın Şərqin istənilən sürprizlərdən sığortalı olmadığını dərk edirdi. Rusiya və Çin kimi böyük dövlətlər ABŞ və Qərbin təsirindən çəkindikləri üçün onu qəbul etmək qədər nəhəng bir riskin altına çətin ki, girərdilər. Və ya bunun müqabilində ondan külli miqdarda pul istəyəcəkdilər. Həm özləri üçün, həm də Qərbi susdurmaq adı altında özləri üçün.


Belə çıxır ki, pul qazanmağın və onu qoruyub saxlamağın yollarını yaxşı bilən Qəddafi məsələni vasitəçisiz həll etməyi planlaşdırırmış. Axı özünü demokratiyanın beşiyi adlandıran bir ölkənin başçısı afrikalı, müsəlman, hələ üstəlik cavandırsa, bundan gözəl fürsət ola bilməz. O, bir amerikalı kimi insan hüquqlarını qorumağa borclu olduğu qədər, Şərq dəyərlinə görə, həm də ağsaqqala hörmət bəsləməyi bacarmalıdır. Nəzərə alsaq ki, siyasi karyerasında ona külli miqdarda pul da lazım olacaq!

Natiq Qocaman