Şahzadə Uilyamın xanımı bakirə deyilmiş?!

Şahzadə Uilyamın xanımı bakirə deyilmiş?!

16 May 2011 20:30
Bəyəndim (0) Bəyənmədim (0)
Britaniya ənənələrinin sonuna doğru

Böyük Britaniya kraliçasının nəvəsi gələcək kral şahzadə Uilyamın və bəzilərinin "Zoluşka" hesab etdikləri Keyt Middlton Britaniyaya yenilik gətirdi. Belə ki, onun nikah mərasimi şahzadənin valideynlərinin 30 il bundan öncə baş vermiş evliliyindən xeyli fərqlənirdi. Məsələn, gənclərin toyunu şahzadə Çarlz və Diananın toy mərasiminə nisbətən 3 dəfə çox adam televiziya ilə izləmişdi - 2,5 mlrd nəfər. Fərqlilik təkcə bununla bitmirdi.


1981-ci ildə şahzadə Çarlz və Diananın toyu Britaniya vergiödəyicilərinə 30 mln funta başa gəlmişdi. 2011-ci ilin kral nikahına 20 mln funt daha artıq xərclənsə də, bunu kral ailəsinə qayğının artması kimi dəyərləndirməyə tələsməyin. 30 il bundan öncə xərclərin hamısını öz üzərinə hökumət götürdüyü halda, bu dəfə toy xərclərinin 2/3-ni kral ailəsi, 1/5-ni qız tərəf (bu, heç də az məbləğ deyil!) öz üzərinə götürdü. Sadə britaniyalılar isə yalnız nəqliyyat və təhlükəsizlik xərclərinin yükünü daşımış oldular.


Digər fərqli cəhət kral ailəsinin hələ dünənə qədər hər vəchlə müdafiə etdikləri bir məsələ - gəlinin paklığı, bakirəliyi ilə bağlıdır. Gənclərin nikaha qədər bir neçə il bir yerdə yaşamaqları bir yana, onlar nümayişkaranə surətdə toya əvvəlki boy-frendlərini də dəvət etmişdilər. Diananın bakirəliyinin sübutu üçün gəlinin əmisinin ictimaiyyət qarşısında bunu rəsmi şəkildə təsdiqləməsinə nail olan və müasir dövrdə "boy-frend" anlayışının xeyli irəli getdiyini gözəl başa düşən kral ailəsi burada da güzəştə getməli oldu. Həm bakirəliyin təsdiqindən imtina, həm də keçmiş sevgililərin toya dəvəti Britaniya kral ailəsi tarixində ilk dəfə baş verdi.


Keyt Middltonun "xalqın içindən" olması məsələsi də mifləşdirilib. Valideynlərinin onun üçün Londonun bahalı rayonların biri olan Çelsidə 800 min funta aldıqları evdə yaşayan, nə tələbə ikən, nə də sonrakı işgüzar fəaliyyətində uğurlara imza atmayan və buna heç bir o qədər də can atmayan bir xanımı kasıb, çalışqan və analığının zülmü altında iztirab çəkən obraza bənzətmək üçün doğrudan da böyük xəyal gücünə malik olmaq lazımdır.


Kral ailəsi yalnız sülalə maraqlarını qorumaq məsələsində geri çəkilmədi. Belə ki, Diana tək Keyt də həyat yoldaşının daha erkən ölümü halında kraliça kürsüsünə yiyələnə bilməz - buna yalnız kral qanından olanların hüququ var.


Lakin kral ailəsi, görünür, vacib bir məqamı gözdən qaçırmış olub:

Kral ailəsini fərqli edən məhz onun bəzən gülünc, bəzən sərt görünən ənənələri, qaydaları, tələbləridir. Onlardan imtina tezliklə kralla sadə vətəndaş arasında fərqi tam sıfıra endirəcək. Bu isə son nəticədə onların zahiri, turistlərdə maraq oyadan rəmzi cəlbediciliklərini də itirmələrinə gətirib çıxaracaq. Və bu halda sadə britaniyalıların ağıllarına kral ailəsinin qorxduğu sual daha tez gələcək: Hər il kral ailəsinin saxlanılmasına 80 mln dollar verməyimizə nə ehtiyac var?!

Anar Eyyubov

O.M.