Rusiya mətbuatının qələbəmizə paxıllığı tutdu

Rusiya mətbuatının qələbəmizə paxıllığı tutdu

15 May 2011 19:03
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycana qarşı əks-təbliğat start götürdü

Azərbaycanın "Eurovision-2011"-də qələbəsi bəzilərini sevindirdi, bəzilərini kədərləndirdi. Və bunu təbii qəbul etmək lazımdır. Lakin bir sıra rus KİV-lərinin (xüsusən Rusiyanın özünün Azərbaycana 12 xal verməsi halında) bu qədər açıq şəkildə paxıllıqlarını, kinlərini büruzə vermələri anlaşılmaz və məntiqsizdir.

Rusiyanın "NTV" kanalının xəbərlərində bu musiqi yarışmasının qalib seçimində "kimə gəldi, necə gəldi" prinsipinin işlədiyini bildirməsi, yarışın ədalətsiz olduğuna görə elə bir əhəmiyyət kəsb etmədiyini deməsi, ümumiyyətlə, reportajın açıq qərəzli olması onların necə ağır məğlubiyyət aldıqlarını və bunu həzm edə bilmədiklərini göstərdi.


"RİA Novosti" agentliyində eyni tipli məqalə ilə nədənsə siyasi icmalçı çıxış etdi. Azərbaycanlı dueti kiçik bir yazıda istedadsızlıqda, "tapşırılmaqda" ittiham edən Troitski soyadlı şəxs bu çıxışın əvvəlki illərin azərbaycanlı ifaçılarından zəif olduğunu, 2008-ci ildən bu müsabiqədə iştirak edən ölkənin belə uğurunun qeyri-təbiiliyini daha bir əsas gətirərək, müsabiqənin yekunlarının heç bir məntiqə sığmadığı qənaətinə gəlir. Halbuki ən sadə məntiq belə onların iradlarını alt-üst edir və iç üzlərini aşkar edir.


Əvvəla, müsabiqədə qalibin seçilməsi prinsipi bu il müəyyən edilməyib. Eyni prinsiplə artıq uzun illər ərzində bir çox ölkələrin nümayəndələri qalib gəliblər. Və nədənsə Rusiya nümayəndəsi qalib gəldikdə, rus KİV-ləri nə tapşırılmadan, nə də ədalətsiz səsvermədən danışmırdılar.


Yarışmanı mənasız bir tədbir hesab etməyə gəldikdə, hələ iki gün öncə o rus kanalı yox idi ki, "Eurovision 2011"-dən, Vorobyovun bütün Rusiyanın ümidi olduğundan saatlarla bəhs etməsin. İki gün ərzində müsabiqəyə münasibətin belə kəskin şəkildə dəyişməsi özü bir məntiqsizlik deyilmi?..


Azərbaycanın müsabiqədə təzə iştirak etməsini bəhanə etmək, ümumiyyətlə, qeyri-etik və absurddur. Hər ilin, zəmanənin öz hökmü var və bunu qəbul etmək lazımdır. Misal üçün, son dünya çempionu İspaniyanın 1978-ci ilin dünya çempionu Argentinadan zəif çıxış etdiyini irəli sürərək, İspaniyanın qələbəsini şübhə altına almaq olarmı? Və ya Çexiya, Xorvatiya futbol millilərinin yeni yaranan dövlətlər olmaqlarını əsas gətirərək onların uğurlarını "saxta" hesab etmək düzgündürmü?..


Azərbaycanın müsabiqə üçün nə qədər vəsait xərcləməsi, gələn il buna nə qədər pul ayıracağı ilə bağlı kinayəli sözlər isə doğrudan da həmin müəlliflər və bu yazılara yer verən KİV-lər üçün utancvericidir. Azərbaycan vergiödəyicilərinin qayğısına qaldıqlarını əvvəllər sezməmişdim. Ermənistanla münaqişə, Xəzərin bölgüsü məsələlərində niyə bu can yanğısı nümayiş etdirilmir?..

Bəzi atmacalar elementar mədəniyyət, əxlaq normalarına sığmır. "İndi Avropada qalib-ölkənin adını söyləməyi öyrənəcəklər", Lenta.ru-da "Azərbaycan Avropa dövlətidirmi?", "Eurovision elə Azərbaycana getməyə layiqdir" kimi ifadələr müəlliflərin səviyyəsi, daha doğrusu, səviyyəsizliyindən başqa heç nəyə dəlalət etmir.


İkinci yerlə bal fərqinin az olmasını bir irad kimi, çıxışın zəif olmasını səbəb gətirənlər də oldu. "Səsvermədə bir səslə qələbə də qələbədir" - deyən məşhur Çörçilli bir yana qoyaq, eyni xal fərqini Rusiyanın "newsmusic.ru" saytı ( qeyd edim ki, həqiqəti olduğu kimi yazan rus saytları da az deyildi) böyük, çıxışı isə "dni.ru" saytı isə parlaq adlandırmışdı.


Eynşteyn demişkən, hər şey nisbidir. Lakin bəlkə də bu dahi alimin nəzəriyyəsindən kənarda qalan bir şey varsa, o da insan paxıllığıdır.

Anar Eyyubov

O.M.