Azərbaycanın çürüyən uşaqları..

Azərbaycanın çürüyən uşaqları..

30 Avqust 2013 12:35
Bəyəndim (0) Bəyənmədim (0)
Çürüyə-çürüyə həyatla mübarizə aparan balaca Akifin qan donduran hekayəti

Hələ neçə il bundan əvvəl Ağdamın Çıraqlı kəndində cəbhə xəttindəki vəziyyət bağlı reportaj hazırlayanda görmüşdüm onu. Barmaqları, əlləri çürük vəziyyətdə olan bu uşağı görəndə, ağlıma da gəlməzdi ki...

Hə, halına acıdığım bu azyaşlı bir müddət sonra tamam çürümüş vəziyyətdə qarşıma çıxdı... O, ailənin ilkidir... Nübar payı, amma həm də dərd payıdır valideynlərinin... Düz 14 il əvvəl dünyaya göz açanda xoşbəxt eləmişdi ata-anasını. Ancaq o gündən bu yana, tək bir dəfə də olsa, özü xoşbəxt ola bilməyib... Onunla birgə dünyaya gələn dəri xəstəliyinin ucbatından bədənində çürümə gedir...

Ata-anasının, özündən balaca iki bacısının gözləri önündə çürüyə - çürüyə həyatla mübarizə aparır. Onun yaranışı ölümlə-həyat arasından başladığı kimi, elə ölümlə olum arasında da davam edir... Düz on dörd ildir ki, Akif Məmmədov həyatla çarpışır... Oxumağa çalışır. Ölümə qalib gələ bilsə, həkim olacaq... Özü də uşaq həkimi...

Balaca bir köçkün komasına sığınıb Məmmədovlar ailəsi. Müharibə onların evlərini əllərindən alıb...Bir tərəfdən didərginlik, bir tərəfdən də, ilk övladlarının mübtəla olduğu xəstəlik... İllərdir çürüyə-çürüyə 14 yaşına çatan Akifə alınan balaca velosipedə o ancaq öz arzularını yükləyə bilib... Özü isə yataqdan tərpənə bilmir... İztirablarda o qədər bərkiyib ki, öz ağrıları haqda da başqasının dərdi kimi danışmağa öyrəşib balaca qəhrəmanımız...

Məktəbli yaşına çatanda heç olmasa, bircə dəfə qədəmlərinin məktəb həyətinə, sinif otağına toxunmasını istəyib. Atası aparıb onu məktəbə... Heç vaxt rahat yer tutmayan ayaqlarına, anadangəlmə bitişik yaranan barmaqlarına baxanda onu bürüyən utancaqlığa sığınıb məktəb həyatına... "Atam məni dişiylə, dırnağıyla saxlayıb... Anam da eləcə... Mən ata-anamdan çox razıyam. Borcluyam onlara..."

Özünün dediyi kimi, onu dişiylə, dırnağıyla saxlayan valideynlərinin zəhməti isə...Akifin dərdinə Azərbaycanda dərman tapmaq mümkün olmayıb. Akif indi ağrılarına dözə-dözə ümid edir...Anası Pərvanə Məmmədova deyir ki, həkimlər illər boyu ailəyə ümid veriblər; bu xəstəlik 13-14 yaşda keçib gedir.Amma olmayıb. Maddi imkansızlıqdan Akifi vaxtaşırı həkimə də apara bilmirlər. Hələ də ümidlidilər; övladlarının xaricdə müalicəsinə kömək edən tapılacaq...

Həkim-dermatoveneroloq İntiqam Alşanov deyir ki, bu xəstəlik öz mənşəyinə görə ayrı-ayrı 20 növ xəstəliyi əhatə edən qrupdan ibarətdir. Akif Məmmədovda rast gəlinən hal "blyoz epidermoliz" xəstəliyidir. Sözügedən xəstəlik həm də çox az rast gəlinəndir: "Bəzi elmi mənbələrə görə, milyon nəfərdən onunda, bəzi ədəbiyyatlarda isə milyon nəfərdən iyirmisində rast gəlinir. Bu növ xəstəliyə düçar olan şəxslərin çox ciddi diqqət və nəzarət altında saxlanması lazımdır".

Bu xəstəliyin əlamətləri Məmmədovlar ailəsinin 4 yaşlı qızı Dilarədə də özünü büruzə verməyə başlayıb. Bəzən ağrıların əlindən üzündəki uşaq məsumluğu yoxa çıxan bu balaca, onu gözləyən məşəqqətlərdən xəbərsiz böyüyür...Hələ də dili açılmayıb, danışa bilmir.Görəsən dili açılsaydı, insanlardan ilk soruşacağı nə olardı? /lent.az/

O.M.