Mərakeşdə qürub edən 11 günlük sevgi

Mərakeşdə qürub edən 11 günlük sevgi

22 Avqust 2013 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

Mərakeşdə qürub edən 11 günlük sevgi

Əgər insan ağlamaqla dərdini unuda, düşünməklə çətinliyini həll etmiş olsaydı, o zaman həyatın mənası ona əl çatan olardı. Mərkəzi Parkdakı ən iri attraksionun yanında uşaqlar üçün şirin nabat və çörəklər satan qadınla mənim nə bağlılığım ola bilərdi, əgər ömrünün üçdə iki hissəsini kimsəsizlər evində xadimə işləyən anamın ehtiyac üzündən altı aylıq körpə qızını kimsəsizlər evinin qapısı önündə qoyub gedən və on yeddi ildən sonra beş il dayanmadan onu axtaran və bunun üçün hər gün kimsəsizlər evinə gələrək göz yaşı içərisində qarşısına çıxan hər bir işçidən qızının yaşayıb-yaşamamasını və harada olmasını öyrənmək istəyən, lakin hər cəhdində sakit və ittiham dolu baxışlarla qarşılaşan qadına kömək etmək üçün son xahişini yerinə yetirməli olmasaydım – sizin qızınızın adı Sevildir, o, bu ünvanda yaşayır - əlimdə səliqə ilə qatlamış və anamın mənə verdiyi kağız parçasını ona uzadanda o, şoka düşmüş xəstə kimi dayanıb üzümə baxdı və sonra xırıltılı səslə, - "siz... siz kimsiniz..." – dedi.

Çərşənbə axşamının sakitliyindən sükuta dalmış kilsə salonunun girişində keşiş məni qarşılayaraq, xoş bir təbəssümlə nəzərdən keçirdi, sanki beynimdə söyləməyə hazırlaşdığım cümlələri oxudu, elə xoş təbəssümlə, - "mənim oğlum, mən günahların etiraf edilməsi mərasimini həftənin şənbə və bazar günləri, əgər təzə ayın ilk həftəsidirsə o zaman cümə və şənbə günləri həyata keçirirəm" – deməsinə, "ata, mənim günahlarımın etirafı üçün mərasimə ehtiyac yoxdur, – yorğun və ümidsiz bir halda cavab verdim, – mənim getməyimə hamıdan çox anam narazı idi, qorxurdu ki, bədbəxt bir hadisə ilə üzləşərəm, atam isə əksinə hamıdan çox razı idi, o, hər vəchlə mənim getməyimi istəyirdi; gələcəyim və təhsilim üçün, lakin mən qərar verə bilmirdim, günlərlə məsləhətləşmək və nəticə barəsində düşünərkən, bir gün səhər yaşadığım tələbə yataqxanasının nəzarətçisi "tələbələr deyirlər ki, sən Afrikaya gedirsən, doğrudur – sualını mənə verəndə, mən qəti qərara gəldim ki, bəli mən təhsil aldığım universitetin təklifini qəbul etməli və Mərakeşdə keçirilən müsəlman ölkələrinin III tələbə elmi konfransında iştirak etməliyəm, hər şey belə başladı, ata... 11 il bundan əvvəl...". Mən daha heç nə söyləmədən kilsəni tərk etmək qərarına gəldim və gedərkən arxamca keşişin necə təbəssümlə mənə tamaşa etməsini kilsənin iri qapısının şüşəsindən gördüm.

Mən onunla 11 günlük konfrans həyatımın ilk günündə, konfrans zalında bir təsadüf nəticəsində tanış oldum. O, mənim gözlərimdə indiyə qədər gördüyüm ən gözəl müsəlman qızı idi, onu heç zaman, heç kəsə təsəvvür etməmişəm, elə indi də etmək istəmirəm, axı o, yalnız mənə məxsusdur.

Rabatın ensiz, divarlarının yuxarı hissəsi ağ, aşağı hissəsi mavi rəngə boyanmış daş döşənmiş küçələri boyunca axtarış heç bir nəticə vermədi, lakin mən yeni ünvan öyrəndim və bu ünvan məni şəhər əhalisinin əsas ticarət məkanı hesab etdiyi məşhur "Tacirlər məhəlləsi"nə gətirib çıxartdı. Sırayla düzülmüş ticarət mağazaları arasında çətinliklə tapdığım xalça mağazasında satıcını gözləyərkən nəzərimi masanın üzərinə atılmış kitab cəlb etdi. Üzərinə ərəb dilində "Hüquq və din" yazılmış kitabı ixtiyarsız və icazəsiz götürmək məcburiyyətində qaldım. Üz qabığını açarkən ingilis dilində yazılmış bu sözlərlə qarşılaşdım "Anamın ruhuna, ədalətli hakimlərə və cənab C.Bredşoya həsr etdiyim bu kitabı cənab Ömər ibn Əbdülhəmidə hədiyyə edirəm. C.Səid. 14.07.1997."

Satıcının parlaq gözləri, pırtlaşıq saçları və sevincək ingilis dilində - salam, sizə nə lazımdır – deməsi bayırda içməli su satan satıcının qulaqbatırıcı qışqırıq səsinə qovuşaraq bir ahənglik yaratmağa çalışırdı ki, mən ərəbcə ona dedim, – "mənə cənab Ömər lazımdır, bu mağazanın sahibi, mən onunla danışmaq istəyirəm". "O, daha bu mağazanın sahibi deyil. – Mən verəcəyim növbəti sual nə mənə, nə də ki, ona lazım olmadı, – Onu müqəddəs Həsən məscidində tapa bilərsiniz."

Küçə boyu addımladıqca mənim illərcə topladığım pulları; daha doğrusu bank hesabımdakı pulları düşünürdüm; zaman-zaman o pulları mən avtomobil, torpaq sahəsi, mağaza və s. daşınar və daşınmaz əşyaların alınması üçün toplamışdım, lakin indi o pulların yarısını mən artıq yol, yemək və qalmaq üçün xərcləmişdim, artıq bank kartımda olan pul və onun dəyəri məni əsla maraqlandırmırdı, mən heç geri qayıtmağımı və bunun üçün nə qədər pulun lazım olmasının da fərqində deyildim.

Təzə tanışlığımızın ilk günlərində məni tanış elədiyi XII əsrdə tikilmiş Həsən minarəsi ilə həmin əsrdə tikilmiş, lakin onun görmədiyi və mənim söhbətimdən təxmin etdiyi Qız Qalasının müqayisəsini apardığımız zaman mənə bir tək söz dedi, - "Bizim Mərakeş xalqı bu minarəyə borcludur". O zaman minarə önündə onunla şəkil çəkdirmək niyyətinə düşdüyümü ona deyəndə "tələsmə, sən hələ bu minarəyə çox gələcəksən, çox sevəcəksən onu" deməsinə sadəcə gülümsünmüşdüm.

Minarəyə gedən yolun giriş darvazasında rastıma çıxan ilk dindar insana bura nə üçün gəldiyimi anlatdım, o isə kənarda dayanmış bir topa insanlara yaxınlaşaraq onlarla qısaca söhbət etdi və mənə yaxınlaşaraq Udayya muzeyinə yaxın bir küçənin adını çəkdi və nəhayət həmin küçədə mənə lazım olan insanın yaşadığı evin kənardan təsvirini başa saldı.

Möhtəşəm, tarixin yaddaşının bir hissəsi olan müqəddəs Həsən məscidindən gələn azan səsində mən 11 il əvvəl keçdiyim küçələri yenidən keçərkən daxilimdə bir az nigaranlıq (bu nigaranlığın səbəbi onu tapa bilməyəcəyim, yaxud subay görə bilməyəcəyim qorxusu idi), bir az da həyəcan, "nə mənası var bu həyatda yaşamağın" – deyə düşünürdüm. Lakin çox istərdim bu sualı özümə Bu-Reqreq çayının sahilində dayanaraq axıb gedən suya tamaşa edərkən özümə verərdim. Onun mənə danışdığı bir əhvalat kimi, "tayfa adət və ənənəsindən bezən gənc özünü Bu-Reqreq çayına atır ki, çay onu okeana aparıb çıxartsın. Bununla özü olmasa da ruhu azad olsun". Çox sonralar işlədiyim bankda hələ kredit mütəxəssisi işləyərkən qızının müalicəsi üçün kredit götürmək istəyən müştəriyə "yox, mümkün deyil, sizin maaşınıza kredit düşmür" sözünü deyərkən, onun üzündəki məzlum ifadə həmin gənci yadıma saldı və o zaman anladım ki, gənc əslində özünü çaya atmaqla tək ruhunu azad etməyib, həm də cismini azad edib.

Küçəyə açılan kiçik, mavi rəngli taxta qapının yanında qoyulmuş kiçik bir taxta stulun yanında dayandım, çox keçmədi zəngin səsinə qapı açıldı, bir nurani kişi bayıra çıxdı, məni görəndə yerində duruxdu, sanki tanıyırmış kimi ürəyində keçirdiyi hissləri dilində deməyə cəsarət etmədi, asta addımlarla gəlib stulda əyləşdi, belini divara söykəyib dərindən ah çəkdi, – "bilirdim ki, gələcəksən – o, ərəbcə danışmağa başladı, – gecə-gündüz dua edirdim Allaha, səni bura gətirməsi üçün..."

Bu o, idi, onun atası, tacir Ömər ibn Əbdülhəmid! Onunla ilk dəfə olaraq qarşılaşdığıma baxmayaraq, daxilimdə baş qaldırmış adsız bir hiss mənə onun yaxşı insan olmadığını deyirdi, lakin mən özümü itirmiş halda susub onun necə ağır nəfəs almasına tamaşa edirdim və yenə də həmin hiss mənə onun məni tanıdığını və səbirsizliklə yolumu gözlədiyini deyirdi, başa düşə bilmədiyim tərzdə.

Sənin mənə danışdığın "xurma ağacının nağılı"ndan tutmuş sevgisinə görə 40 il hər gün səhərdən axşamadək limanda sevgilisinin yolunu gözləyən və "Limandakı qadın" ləqəbi qazanan qadının əhvalatına qədər hər şey mənim xatirimdə iz buraxıb və mən təyyarənin pəncərəsindən ucsuz-bucaqsız səmaya tamaşa edərək düşünürəm ki, sən o nağılda deyildiyi kimi sevgilinə qovuşmaq üçün daş üzərində xurma ağacı əkməmisən, lakin sən sevgilinə qovuşmaq üçün əziyyət çəkmisən, sən o əhvalatda olduğu kimi mənim yolumu hər gün limanda dayanaraq gözləməmisən, lakin hər gün qəlbində, ürəyində düşünmüsən ki, "o, nə vaxtsa gələcək".

Mən 11 il bundan əvvəl, hicri-qəməri tarixi ilə 1423-cü ildə hava limanında səninlə qarşı-qarşıya dayanaraq "tezliklə qayıdacağam" deməyimlə, sənin bu müddətdən ötən 6 ay sonra ayrılığa dözə bilməyib mənə zəng etməyinə mənim "hər şey tezliklə düzələcək, az qalıb" deməyimə, bu hadisədən ötən 3 aydan sonra bir axşam mənim elektron ünvanıma yazdığın məktuba – "mənim atamın adı, Ömər ibn Əbdülhəmiddir. O, Tacirlər məhəlləsində ən böyük və yaraşıqlı xalça mağazasının sahibidir. Çox dindar adamdır. Əgər bilsə ki, mən mərakeşli müsəlman olmayan birini sevirəm, o zaman heç nədən çəkinmədən məni övladlığından məhrum edər. Bu sözləri ona görə sənə yazdım ki, bəlkə bir zaman köməyinə çatdı." cümlələrinə cavab olaraq "əzizim, bir qədər çətinliklərlə qarşılaşmışam, lakin səni əmin edirəm ki, bir gün qayıdacağam yanına. O gün lap yaxındadır" cavabını verməyim, bu hadisədən keçən 3 aylıq müddətdən sonra isə sənə etdiyim zənglərin, yazdığım məktubların əbədi susmasına gətirib çıxaracağını mən 11 il bundan öncə hələ Rabatın hava limanında səninlə qarşı-qarşıya dayananda düşünməliydim. Əfsus!

Yalnız 3 il sakitlikdə yaşayaraq hərdən səni düşündüm və bu müddətdə bir neçə dəfə sənin arxanca gəlmək barəsində evdə söz salanda anamın yaşarmış gözləri ilə qarşılaşdım, bu yaşarmış gözlərin qüdrəti tezliklə mənim subaylıq həyatımı əlimdən aldı və mən yalnız iki dəfə üzünü gördüyüm qızla bir yaz səhəri sakit bir tərzdə nikah bağladığım kimi, bir payız səhəri də bu nikahın pozulması üçün qeydiyyat şöbəsinə ərizə ilə müraciət etdik, qeydiyyat aparan qadının "bəlkə bir az düşünəsiniz, bir neçə gün" məsləhətinə cavab almadığı zaman "seçim özünüzündür" deyərək ərizələri qəbul etməsindən sonra anamın həmin yaşarmış gözlərlə mənə dediyi "zorla xoşbəxtlik olmur ki" sözündən sonra anladım ki, bu həyatda yalnız səni sevirəm və yalnız səninlə birgə yaşaya bilərəm.

"Şeytan onları azdırıb olduqları yerdən uzaqlaşdırdı. O zaman Allah: "Bir-birinizə düşmən kəsilib cənnətdən kənarlaşın və yer üzünə enin! Yerdə sizin üçün ömrünüzün axırınadək sığınacaq və dolanacaq vasitələri var" dedi, - Ömər susdu, onun qıyılmış gözlərində mən həqiqəti görmək istəyirdim, lakin bu gözlərdə qaranlığa düçar olmuş bir səltənət mövcud idi. – Allah bağışlayandı və o bağışlamağı sevir, lakin Adəm və Həvvanı bağışlamadı, onları şeytanla bərabər cənnətdən qovdu. Elə o gündən şeytan insanları yolundan azdırmağa, pis yola çəkməyə başlayacağına söz verdi. Mənim qızım... qızım... – o, boğuldu və mən qarşımda canlanan mənzərədən dəhşətə gəldim, lakin onun yaşarmış gözlərini əliylə tez-tez silməsi mənim dəhşətimi sarsırtdı, - o, beş il sənin yolunu gözləyib, bunu mənə sonradan anası danışıb, hətta axırıncı günü sənə bir məktub da yazıb, anasına verib, sənə verilməsi üçün, bilib ki, sən haçansa gələcəksən. Mən dözməyərək, - "o, hardadır" - ixtiyarsız qışqırdım. "Hər şeyə günahkar mənəm... Axırda bütün küçənin, qohumların söz-söhbətini kəsmək üçün ona evlənəcək adam tapdım, o etiraz etdi, o zaman mən onu ləyaqətsiz övlad kimi evdən qovacağımla hədələdim və o, bundan sonra ərə getməyə razılaşdı, lakin toyuna iki gün qalmış isə, onun cansız bədənini sahildən tapdılar. Yazıq qızım, sənə görə..."

Qeyd: Üç şey – dalğalı saçlar, uzun kirpiklər və iri qara gözlər məni sənə bağladı, üç şey – valideynlər, vətən, doğmalıq məni səndən uzaqlaşdırdı, üç şey – pul, ehtiyac və ailəyə hörmət (hardasa qorxu) məni səndən ayırdı.

"Əzizim, nə qədər ağır olsa da bu addımı atmağa məcburam. Əgər yerini bilsəydim yanına gələrdim. Başqası ilə bir yerdə yaşamağı heç təsəvvürümə belə gətirmək istəmirəm. Səninlə keçirdiyim 11 günlük sevgi həyatımın iyirmi bir ilindən artıqdır. Mən bu həyatda bir insanı sevdim, lakin ona qovuşaq mənə qismən olmadı. Mən ona cənnətdə qovuşacam." – sənin məktubunu oxumağın mənə necə ağır olduğunu səndən başqa kim bilə bilər. Əsrarəngiz Ramazan bayramında bayram ab-havası ilə bəzənmiş Rabatın mərkəzi küçələri sanki cənnətin bir simvoludur; bu küçələr boyunca səninlə bərabər addımlamaq arzusu var idi qəlbimdə, bura gələndə, lakin bu arzunun sadəcə bir arzu kimi qalacağını heç ağlıma gətirməzdim, bu səbəbdən səni bir daha xatırlamaq üçün Sala şəhərinə getdim ki, sahildə dayanıb və dənizin qoynundakı rəngli qayıqlara tamaşa edim, səninlə necə etmişdimsə elə, amma mən onlara tamaşa edə bilmədim, içimdəki günahkarlıq qorxusu və bir qədər də həyata və insanlara ehtiyatsız yanaşmağım sadəcə gözlərimi yaşartdı, mən indi nə səni, nə ötən günləri, nə bərabər keçirdiyimiz 11 günü xatırlayıb susmaq, heyfsilənmək, günahkar axtarmaq niyyətində deyiləm, sadəcə ağlamaq məcburiyyətindəyəm.

Paşa Araz

İyul – Avqust 2013.08.22

Bakı