Sən demə, ilimizin bütün ayları Ramazan, hər gecəsi Qədr gecəsidir

Sən demə, ilimizin bütün ayları Ramazan, hər gecəsi Qədr gecəsidir

4 Avqust 2013 02:51
Bəyəndim (0) Bəyənmədim (0)
Son hesablamalara görə, 366 il ərzində Ramazan növbə ilə ilin bütün günlərini əhatə edir

Ramazan ayının sonlarına yaxınlaşırıq. Bayram ərəfəsindəyik. Allahın bu ayda biz insanlara təmənnasız verdiyi fürsətlərdən istifadə etmək imkanımız qalmaqdadır. İndi hər gecəni səbirsizliklə gözləyirik ki, arzularımız, istəklərimiz, dualarımızla Allahımıza müraciət edək. Bəzi gecələrdə bunun qeyri-şərtsiz həyata keçəcəyini bilirik də. Həmin gecələrə Qədr gecəsi deyilir. Bütün günlərin və anların Uca Tanrının sonsuz qüdrətindən mənşə tapmasına baxmayaraq, Ramazan ayı İlahi dərgahında "Allahın ayı", Qədr gecələri isə onun xüsusi günləri kimi qələmə alınmışdır. Hədisi-qüdsiyə əsasən, bu ayda düzgün imanla oruc tutan şəxs haqda bütün varlıq aləminin sahibi olan Allah-Taala belə buyurur: "Oruc Mənə məxsusdur, Mən Özüm onun əcrini (əvəzini) verəcəyəm".

Ramazan ayında insanlar oruc tutmaqla fiziki və mənəvi cəhətdən saflaşırlar, pis əməllərdən uzaq olurlar. Bu ayda imkanlı ilə kasıb arasında fərq aradan götürülür. Hamı özündən çox başqasını düşünür. Mərhəmət, rəhm, ədalət, səxavət, iradə, səmimiyyət və digər müsbət insani keyfiyyətlər həyat tərzinə çevrilir. Bu da təsadüfi deyil. Çünki bəşəriyyətin əbədi xoşbəxtliyinin dərsliyi olan Quran məhz bu ayın Qədr gecələrinin birində nazil olub.

Qədr gecəsində Allah-Taala bizə xoşbəxt, sağlam, ruzili olmaq üçün xüsusi imkanlar yaradır. Bu imkanlardan istifadə etmək isə bizdən asılıdır. Allah-Taala "Qədr" surəsində buyurur: "Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir". Bəli, Ramazanın 19; 21 və 23-cü gecələri xüsusi əhəmiyyətli gecələr sayılır ki, hər birinin qüdrəti digər günlərdən, həftələrdən, hətta aylardan qat-qat üstündür. Bəzi rəvayətlərə görə, Ramazan ayının 26-dan 27-nə keçən gecə, digər rəvayətlərə görə isə, Ramazan ayının sonuna qədər hər gecə Qədr gecəsidir. Məsələn, qardaş Türkiyədə Ramazanın bütün günləri müqəddəs sayılsa da, müqəddəs ayın 26-dan 27-nə keçən, yəni bu gecə xüsusi təmtəraqla qarşılanır. Çünki məhz Qədr gecəsində mələklərin hamısı Allahın izni ilə yerə gəlir. Onlar bir növ insanların qonağı olurlar. Təbii ki, Allahın qonağını layiqincə qarşılamaq lazımdır. Mələklər bizdən xüsusi bir qulluq istəmirlər, əksinə kiçik bir diqqət müqabilində özləri ilə gətirdikləri hədiyyələri verməyə çalışırlar. Həyat, sağlamlıq, ruzi-bərəkət, xoşbəxtlik kimi hədiyyələr bu gecə bizi gözləyir. Bir sözlə, Qədr gecəsində hər bir insanın qarşıdakı bir il üçün taleyi həll olunur. Deməli, biz bu gecə oyaq qalmaqla, səmimi etiraflarımızla, dualarımızla taleyimizə müdaxilə edə bilərik.

Qeyd etdiyimiz kimi, müsəlmanların bir qismi, həmçinin biz azərbaycanlılar Qədr gecəsini Ramazan ayının 19; 21 və 23-cü gecələrində qeyd edirik. Bəzi ölkələrin müsəlmanları isə, məsələn, qardaş Türkiyənin insanları ayın 26-dan 27-nə keçən gecəsini Qədr gecəsi kimi qəbul edirlər. Elə din qardaşlarımız da var ki, Ramazan ayının sonuncu 10 gününün hər gecəsini Qədr gecəsi adlandırırlar. Əslində, bu qədər müxtəliflik müsəlmanların fərqli düşündükləri demək deyil və dinimizdə qeyri-müəyyənliyə dəlalət eləmir. Əksinə, bu, bizim zənginliyimizdir. Müqəddəs Ramazan ayı bütün ayların sultanı olduğu kimi, onun hər günü xüsusi əhəmiyyət kəsb edir. Sadə dildə desək, biz Ramazanın bütün gecələrinə Qədr gecəsi qədər önəm versək, daha çox fayda qazanmış olarıq.

Ümumiyyətlə, dini bayramlar ay təqvimi (hicri-qəməri təqvimi ) ilə qeyd olunduğundan günəş təqviminə (miladi təqvimi) görə hər il təxminən 10 gün tez qeyd olunur. Məsələn, ötən il 20 iyulda başlayan Ramazan ayı bu il 10 iyula təsadüf etdi. Deməli, 2014-cü ildə müqəddəs Ramazan ayı daha 10 gün əvvələ, təqribən 30 iyuna və ya 01 iyula təsadüf edəcək. İnşallah! Sadə hesablamalardan göründüyü kimi, 366 il ərzində Ramazan növbə ilə ilin bütün günlərini əhatə edir. Bu isə o deməkdir ki, bəşəriyyət üçün ilin istənilən ayı Ramazan, bütün gecələri Qədr gecəsi sayıla bilər. Bu fikir heç kimi çaşdırmasın. Əgər Ramazan ayı və Qədr gecələri təqvimimizin (miladi təqvimi) müxtəlif illəri ərzində fərqli tarixlərə təsadüf edirsə, deməli, Allahın yaratdığı bütün aylar, günlər, anlar biz insanlar üçün müqəddəsdir. Yəni biz hər anımızın müqəddəs olduğunu dərk edərək bu anları hədər yerə sərf etməməliyik. Bütün ayları müqəddəs Ramazan ayı bilib, nəfsimizi cilovlasaq, pis vərdişləri tərk etsək, kasıbları düşünsək, bir sözlə, düşüncəmizi, xasiyyətimizi, həyat tərzimizi, dünya görüşümüzü kamilləşdirsək, Rəhmli və Bağışlayan Allah müqəddəs Ramazan ayında olduğu kimi bizi təmənnasız olaraq mükafatlandırar. Həmçinin hər gecəni Qədr gecəsi bilib, Quranı xatırlasaq, mələkləri qonaq qəbul etməyə hazır olsaq, Allahımıza dua etsək, Rəhmli və Bağışlayan Allah Qədr gecəsində olduğu kimi taleyimizi müsbətə doğru dəyişər. Buna heç kimin şübhəsi olmasın.

Ümumiyyətlə, Ramazan ayının hər il (miladi təqviminə görə) müxtəlif günlərdə gəlişi təsadüf deyil. Əksinə, Allahın insana duyduğu sonsuz məhəbbətdən irəli gəlir. Allahın insana olan məhəbbəti o qədər böyük və sərhədsizdir ki, bütün günlərə, anlara təsadüf edir. Biz insanlar bunu anlasaq, dərk və hiss etsək, hər an bütün arzularımıza yetişə bilərik. Əgər müqəddəs Ramazan ayı və onun mübarək Qədr gecələri miladi təqvimi ilə hesablansaydı və hər il eyni günə təsadüf etsəydi, belə çıxardı ki, konkret bir ay və onun dəqiq bir günü təqvimin bütün günlərindən və aylarından üstündür. Məsələn, müasir insanların təntənə ilə qeyd etdikləri 8 mart tarixi kimi. Heç kimə sirr deyil ki, qadınlar yalnız həmin gündə xüsusi qayğı ilə əhatə olduqları halda il boyu şiddətə və terrora məruz qalırlar və ya ən yaxşı halda unudulurlar. Eyni uğurla 31 dekabr Yeni il bayramını da xatırlamaq olar. Halbuki, Allah-Taala hər günü, ayı, ili eyni məhəbbətlə və ən ali varlıq olan insan üçün yaradıb. Şükür məsləhətinə!

Qədr gecələrində oyaq qalıb ibadət edənlərə, dini mütaliəsini davam etdirənlərə sonsuz hörmətlə

Mərdan Qaraisayev

O.M.