Telekanallar dünən Şuşanı unutmuşdular

Telekanallar dünən Şuşanı unutmuşdular

9 May 2011 20:58
Bəyəndim (0) Bəyənmədim (0)
Gün boyu əsasən əyləncə proqramları verilirdi

Şuşa Qarabağımızın döyünən ürəyi hesab olunurdu. Bu şəhər bədnam ermənilərin təhriki ilə erməni-rus birləşmələri tərəfindən 1992-ci ilin 8 mayında işğal olundu. Bülbüllər, istedadlılar diyarı olan Qarabağın erməni tapdağından sonra ürəyi dayanmış oldu...


Belə olan halda üç əsr boyunca ucaldılmış tarixi-memarlıq incəsənət və dini abidələr darmadağın edildi, "Xarıbülbül"ün diyarı xarabazara çevrildi. 197 şuşalı müharibə zamanı həlak oldu, 300 nəfərə yaxın isə müxtəlif dərəcəli xəsarətlər aldı. Yüzlərlə ailə doğma yurd-yuvasından didərgin düşüb, Azərbaycanın bölgələrində məskunlaşmaq məcburiyyətində qaldılar. Əsirlikdə olan şuşalıların sayı isə hələ də heç kimə bəlli deyil...


Bəli, dünən - 8 May günü Şuşanın işğalından nə az, nə çox, düz 19 il ötdü. Bu illər ərzində böyüyən şuşalılar doğma şəhərsiz qaldılar. Onlar vətənləri haqda bir növ nağıllar, dastanlar öyrənə bildilər. Yalnız şəkillər, videogörüntülər vasitəsilə dədə-baba yurdlarının əslində necə olduğunu görə bildilər...


Azərbaycan hələ də müharibə şəraitindədir. Torpaqlarımızın 20% düşmən tapdağı altındadır. Məhz indi məktəblilərə, gənclərə təbliğat lazımdır. Yalnız bu vasitə ilə onlar vətənpərvər böyüyər, işğalda olan torpaqlarını geri qaytarmaq yolları haqda düşünərlər. Bunun üçün birlikdə çalışmalıyıq. Cəmiyyətdə birbaşa fikir formalaşdırmağı bacaran jurnalistlər, həmçinin telekanallar, qəzetlər, bir sözlə, media vasitəsilə təbliğat getməlidir. Yalnız torpaqlarımız zəbt olunan günləri deyil, ilboyu vətənpərvərlik mövzusunda verilişlər yayımlanmalı, bu işlərə gənc qüvvə cəlb olunmalıdır. Düzdür, Azərbaycanda yetərincə savadlı, vətənini sevən, qorumağa hazır olan yetirmələr var və olacaq da. Mübariz İbrahimov kimi qəhrəmanlar buna əyani sübutdur. Amma gəlin etiraf edək ki, yüngül ağıllı, tənbəl, canını hər kəsdən çox sevənlər aramızda yer almaqdadır. Hətta deyim ki, göz önündədir. Bunun ən böyük günahkarı isə elə telekanallarımızdır.


Dünən Şuşanın işğalı ilə əlaqədar telekanallarımızda demək olar ki, 10 və ya 20% təbliğat aparıldı. "Space", "ITV"- də əsasən köhnə filmlər yayımlandı. Bir neçə sənədli filmlərin, eyni zamanda "Axırıncı aşırım", "Ögey ana", "Arxadan vurulan zərbə" kimi kinofilmlərin Şuşanın zəbti ilə heç bir bağlılığı yox idi. Bazar günü olduğundan millətin dincəldiyini nəzərə alan telekanallar işğalla bağlı yaradıcı işlərdən çox kinoları yayımladılar. Yalnız axşam saatlarında bir neçə dəqiqəlik də olsa, Şuşa yada düşdü və "Xəbərlər"də bu barədə qısa məlumat verildi. Ən çox təbliğatla isə "ATV" telekanalı "məşğul oldu". Səhər əyləncəli proqramın ardınca Mirsalehin aparıcılıq etdiyi yemək hazırlamaq verilişi, ardınca "Bacanaqlar", Zaur Baxşəliyevə məxsus "Tanıdım səni", sonra da "ATV Maqazin".


Şuşada yaşadığını dönə-dönə vurğulayan Zaur Baxşəliyev də 8 Mayda "təbliğatı" ilə məşğul olaraq, öhdəsinə düşən vəzifəni "yerinə yetirmiş" oldu. Əyləncəli veriliş olan "Tanıdım səni" ilə efirə çıxan məşhur aparıcı da Gədəbəyi qarış-qarış gəzərək, tanımaq istədi. Görünür, artıq istedadlar diyarından - Şuşadan əli tamamilə üzülüb. Teleaparıcı hətta sazın sədaları altında qol götürüb oynamağı da unutmadı. Bax beləcə, gənclərimizdən biri işğal gününü bu cür qeyd etmiş oldu. O bir kənara, telekanal rəhbərliyi də təqvimə baxmadan bu cür əyləncəli verilişləri tamaşaçılara təqdim etmiş oldu. ""Ən baxımlı kanal"da yeni nəslə Şuşa haqda çatdırılacaq məlumatlardan çox əyləncənin daha önəmli olması vurğulandı.


Yalnız ANS-də hər il olduğu kimi bu il də işğal olunmuş şəhərimiz haqda ətraflı məlumatlar çatdırıldı. Yeni şəkillərlə yanaşı yeni görüntülər də nümayiş etdirildi. Gün boyu Şuşanın işğalı haqda məlumatlar verildi. Məhz "ANS"in vasitəsilə 7-dən 77-yə qədər hər kəsin yaddaşına 8 May günü adi bazar günü kimi deyil, Şuşanın ermənilər tərəfindən ələ keçməsi günü kimi həkk olundu.


Arzu edirəm ki, 8 may günü heç zaman yada salınmasın. Arzum budur ki, telekanallarda həmin gün ancaq əyləncəli verilişlər yayımlansın. Yəni Şuşa azad edilmiş olsun!..

Könül Aypara

O.M.