Bəzi müğənnilərin ucbatından biabır olduq

Bəzi müğənnilərin ucbatından biabır olduq

9 May 2011 20:25
Bəyəndim (0) Bəyənmədim (0)
Yaxşı ki, hamımız artist deyilik

... Sözün açığı, mövzuya necə, kimdən və haradan başlayacağımı heç özüm də bilmirəm. Sadəcə onu bilirəm ki, bir azərbaycanlı xanımı kimi içim içimi yandırır, çölüm düşmənləri.

Şou-biznes aləmində baş verən biabırçılıqdan geninə-boluna danışmağa lüzum yoxdur, bu barədə illərdir açıqlama veririk və verməkdəyik də. Amma burada bir şey var ki, çirkablıq yerli şou-biznesimizin çirkablığıdır, özümüz birtəhər də olsa tapdalayıb keçirik, çünki alternativimiz yoxdur. Vay o günə ki, bu biabırçılıq geniş vüsət ala, hətta düşmənlərimizin internet saytlarına yerləşdirilə. Onda anlayarıq ki, bəzi sənətçilərimiz üzündən dünyada daha çox biabır oluruq. Necə olmasa, ölkəmizin incəsənətini, mədəniyyətini onlar təmsil edirlər axı.


Xatırlayırsınızsa, bir neçə il öncə Nadir Qafarzadə və əməkdar artistimiz Ruhəngiz Allahverdiyevanın "Xocalı soyqırımı" günündə İsrailə gedib, pul müqabilində mahnı oxumalarından bütün respublika lərzəyə gəlmişdi. Hətta iş o qədər şişirdilmişdi ki, Mədəniyyət və Turizm Nazirliyi də bu mövzu ilə bağlı öz rəyini bildirmək məcburiyyətində qalmışdı. Bəli, "məcburiyyətində" qaldı, çünki artıq xalq ayağa qalxmışdı. Soyuq bir qış günündə erməni, əcnəbi və rus birləşmələrindən ibarət terrorçular tərəfindən böyük bir rayon işğal olunmuş, hətta yüzlərlə insan qırılmışdı. Xalqımızın belə fəlakətli gününü soyqırımı kimi dünyaya car çəkdiyimiz halda fəxri ada layiq bildiyimiz R.Allahverdiyeva, toylara minlərlə manat müqabilində gedən və bu pulları böyük məmnuniyyətlə ödədiyimiz N.Qafarzadə və "Xalq ulduzu" müsabiqəsinin iştirakçısı olmuş Şəhla səhnəyə çıxaraq mahnı oxuyublarmış. Bizlər göz yaşı tökdüyümüz bir vaxtda onlar yəhudiləri əyləndirirmişlər. Bu, əlbəttə ki, bağışlanılmaz səhv idi. Ancaq dövlətlə qarışıq biz də nədənsə bağışladıq /qorxuram ki, vaxt gələr erməniləri də bu cür - heç nə olmayıbmış kimi bağışlayaq.../.


Ləqəbini "Azəri" qoymuş Günel Zeynalova doğulub, boya-başa çatdığı Ağdamın işğalı günü Seda Sayanın Türkiyədə yayımlanan verilişinə qonaq oldu. Şıllaq ataraq, oxumağa başladı. Sonra da dedi ki, səhv etmişəm, boynuma alıram, həmin tarixi unutmuşam. Bu da azəri qızımız /ancaq onu tam bağışlaya bilmədik, bu, Günelin H.Əliyev adına Sarayda keçirdiyi konsert proqramı zamanı boş stullardan açıq-aydın bəlli oldu/.


Azərbaycanı "Eurovision-2011" mahnı müsabiqəsində təmsil etməkdə iddialı olan İlqarə Kazımovanın /xalq artisti Aygün Kazımovanın qızı/ internet şəbəkələrindən yayımlanan xoşagəlməz görüntüləri də xalqımızın qınağına səbəb oldu. Bu görüntülər bütün ölkəyə ildırım sürəti ilə yayıldı. Vaxt itirilmədən mənfur düşmənlər də həmin görüntülərdən bir növ "bəhrələndilər" və internetdə Azərbaycanın mədəniyyətini Avropada nümayiş etdirməyə can atan İlqarə haqqında öz "xoş" fikirlərini yürütdülər /tarix deyil ki, mübarizə aparaq, müharibədən söhbət getmirdi ki, dəlil-sübutları ortaya qoyaq. Çıxış yolumuz dilimizi dinc qoymaq idi, vəssalam/.

Həmin vaxt xalqdan üzr istəməyi özünə layiq bilməyən xalqın artisti nalayiq kadrları yayımlayan yeniyetmələrdən İlqarədən üzr istəmələrini tələb etdi. Görəsən, nə səbəbə? Çəkib yaydıqlarına görəmi, yoxsa İlqarənin əslində kim olduğunu göstərdiklərinə görəmi?


Bu səhvdən çox keçməmiş əslən qarabağlı olan, elə Qarabağ torpağında da böyüyüb, boya-başa çatan, "Qarabağ bülbülləri" müsabiqəsinin yetirməsi, bütün kino və sənədli filmlərdə "Qarabağ şikəstəsi"ni səsləndirən Tacir Şahmalıoğlu qəddimizi əydi /onun taleyində nə qədər "Qarabağ" sözü var.../. Onun Moskvadakı toy məclislərinin birində erməni ilə duet oxumasından, bu bir yana, üstəlik onunla öpüşüb-görüşməsindən daha da məyus olduq. Buna bir az da "xəcalət" deyərdim. Bəli, xəcalət çəkdik və çəkməkdəyik.


İndi isə gitaraçı Rəhman... Rusiyada keçirilən azərbaycanlının toy məclisinə dəvət almış Rəhman da erməni Yura /əslən ermənidir/ ilə birgə Azərbaycanın milli mahnılarını həvəslə ifa etdi. Yura klarnetdə, bizim Rəhmansa gitarada. Sonra da onunla görüşüb, öpüşdü. Sanki Xocalı soyqırımı baş verməmiş kimi, Şuşa qalası alınmamış kimi, Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və digər rayonlarımız erməni işğalına məruz qalmayıbmış kimi...


Deyilənə görə, bir ölkəni dərindən tanımaq istəyirsənsə, onun mədəniyyətinə nəzər yetirməyin kifayətdir. Görəsən, dünya ölkələrinin nümayəndələri Azərbaycan haqda fikir formalaşdırmaqdan ötrü onun mədəniyyətinə, daha doğrusu, mədəniyyətini "təbliğ etməkdə olan" bəzi nümayəndələrinin videogörüntülərinə nəzər yetirsələr, barəmizdə nə düşünərlər? Bizi satqın, pul-para düşkünü, unutqan, quşbeyin adlandırmazlarmı? Yaxşı ki, ümumən azərbaycanlılar elə deyil. Çünki hamımız artist deyilik...

Könül Aypara

O.M.