Özəl telekanalların əcaib özəllikləri

Özəl telekanalların əcaib özəllikləri

6 May 2011 11:00
Bəyəndim (0) Bəyənmədim (0)
Peşəkar rejissor və ya adı bir tamaşaçının fikri

Televiziyanın cəmiyyətin maarifləndirilməsində mühüm rolu olduğu danılmaz faktdır. İnternet sürətlə inkişaf etsə də, hadisələrin dolğun və tam təfərrüatı ilə çatdırılması baxımından televiziya geniş imkanlara malikdir. Bu gün Azərbaycanda da yetərincə özəl telekanallar fəaliyyət göstərir. Ancaq xəbərlər departamentindən və xəbərlərin çatdırılması baxımından savayı əksər özəl telekanallarda mövzular eyni dərəcədə şit və bayağıdır. Verilişlərdə qoyulan mövzular cəmiyyətin deyil, telekanalların öz maraq dairəsindədir. Bu da efir boşluğunu doldurmaq naminədir. Çünki bəzi özəl telekanallar peşəkar və yaradıcı insanlarla deyil, təcrübə baxımından tam formalaşmayan, yetkin yaş həddi olmayan gənclərlə işləməyə üstünlük verirlər. Bunun da nəticəsində mahiyyət və keyfiyyət baxımından yararsız və bayağı verilişlərini tamaşaçıya sırıyırlar. Bu isə həmin telekanalın maliyyə vəsaitlərinin az və ya heç xərclənməməyinə köməklik edir. Təcrübəli və peşəkar kadrlarının olmamağından elə özəl teleşirkətlər var ki, son neçə illər ərzində öz təxəyyüllərinin məhsulu olan bir normal veriliş belə hazırlamırlar. Ancaq Rusiya, Türkiyə və bəzi digər yerli telekanalların verilişlərinin bir-iki formatını dəyişərək özəlləşdirib eyni mövzu ilə də göstərirlər. Piratçılığa qarşı mübarizə aparmaq əvəzinə, əksinə, özləri piratçılıqla məşğul olaraq bunu da təbliğ edirlər. Və yaxud həftə içi gündəlik yayımlanan verilişlərdə də heç bir mahiyyət kəsb etməyən, məramı və məqsədi aydın olmayan məsələlər çözülür. Yuxarıda qeyd etdiyim kimi, bunlar ancaq və ancaq efir boşluğunu doldurmaq xətrinədir. Heç də xalqın gündəlik həyat tərzi ilə səsləşən mövzular deyil.


Bəllidir ki, verilişlər sponsorların dəstəyi ilə yayımlanır. Ədalət naminə deməliyəm ki, verilişin aparıcısı sponsorluq edən firmanın özü və istehsal etdiyi məhsullar haqqında reklam halında məlumat verməlidir. Lakin bəzi aparıcılar sponsor haqqında reklam məlumatını həddən artıq məddahlıq şəkilində çatdırırlar. Belə ki, onlar verilişə sponsorluq edən firmanın qida məhsulları və digər istehsalı haqqında ağız dolusu danışıb məddahlığın yüksək formasında tərifləyərək hətta özlərinin də evlərində həmin məhsullardan yararlandıqlarını və tamaşaçıya da bu məhsuldan istifadə etməyi məsləhət görürlər. 1-2 aydan sonra başqa sponsor olanda da yenə həmin məddahlıqla yeni sponsoru tərifləyir və tamaşaçıya bu dəfə də ancaq və ancaq bu firmanın məhsulundan istifadə etməyi məsləhət görürlər. Bu absurd deyilmi? De-fakto aparıcı sima olaraq yalan danışır və xalqı da öz yalanına inandırmağa çalışır. Əsasən də kişi aparıcılarında bu daha gülünc görünür. Aparıcı aparıcı kimi reklam etməlidir. Daha nəyinsə xətrinə ancaq bu məhsuldan, 1 ay sonra isə başqa məhsulu əlində bayraq edərək, "ancaq və ancaq bundan istifadə edin", deyə təkid etməməli, yalvarış formasında özünü kloun kimi aparmamalıdır. Bunlar bu cür paradoksal hallarla verilişlərinə reytinq qazandırmağa çalışırlar. Reytinq isə ətrafına reklam toplamaq vasitəsindən başqa bir şey deyil. Əslində, reytinq anlamının obyektivliyinə də şübhə var. O, obyektivlikdən çox subyektiv formada göstərilir. Onun respondentləri nə dərəcədə vardır, yoxdur, bəlli deyil. 100-200 evə quraşdırılan cihazlarla ümumi reytinq nəticəsinə gəlmək nə dərəcədə düzdür?


Eyni zamanda özəl telekanallarda tamaşaçı iştirakı ilə olan pavilyon çəkilişlərində operatorların da təcrübəsizlikləri özünü qabarıq formada göstərir. Belə ki, tamaşaçı və yaxud qonaq qismində çıxış edən şəxs danışarkən operator onu göstərmək və ya ön plana çəkmək əvəzinə aparıcını önə gətirir. Bu da bir neçə aparıcının " mənəmlik " xəstəliyinə və operatorların peşəkar olmamağına dəlalət edir. Axı pavilyon və ya ümumi televiziya çəkilişləri yüksək texniki avadanlıq və çoxlu sayda operatorların əməyi ilə ərsəyə gəlir.


Özəl telekanallarda dramatik və komik adı altında yayımlanan yerli seriallarda da kulminasiya nöqtəsi olmayan boş danışıqlar göstərilir. Satira həm güldürməli, həm də obrazı gülüş hədəfinə çevrilərək düşündürməlidir. Təəssüflər olsun ki, seriallarda bunlara rast gəlinmir. Telekanallara da maliyyə baxımından ucuz vəsait hesabına başa gələn bu cür mənasız "komik" serial və ya hazır məhsul sərf eləyir. Təbii ki, serial iştirakçıları da az vəsaitə görə hər hansı bir ssenaristə müraciət etmədən özləri serialın həftəlik ardıcıllığını mənasız sözlərlə cızma-qara edirlər.


1 milyondan çox qaçqını, 20 faizdən artıq torpaqları işğal olunmuş bir xalqın məgər şou proqramlarından başqa ağrı-acısı yoxdurmu? Düzdür bu xalqın da sevinməyə, deyib-gülməyə haqqı var. Ancaq əksər özəl telekanallarda baş alıb gedən ucuz və mənasız şoular xalqın hissiyyat və qüruruna toxunaraq zövqləri korlayır. Yetişməkdə olan gənc nəslə isə qəhrəmanlıq və mübarizlik deyil, şou hissinin marağını aşılayaraq onları da bu sahəyə sövq edir. Səbəbsiz deyil ki, son vaxtlar sənət və yaradıcılıqdan çox-çox uzaq olan bir çox insanlar da ucuz şou eşqi ilə ağıllarına gələn mövzu və ya layihə hazırlayıb özəl telekanalları növbə-növbə gəzməkdədirlər. Bu gün əksəriyyət gənclərimiz şəhidlərimiz, tariximiz, elm xadimlərimiz və s. haqda yetərincə məlumata malik deyillər. Ancaq o gənclərin hamısı özəl televiziyaların mavi ekran vasitəsilə yayımladıqları ucuz şouların bütün iştirakçılarını əzbərdən bilirlər. Bəs onda biz gələcək nəsillərə nəyi ötürürük? Və tariximizin bu tarixsiz gedişatında məsuliyyətə qarşı məsuliyyətsizlik edənlər çiyinlərinə hansı yükü götürürlər?


Elm xadimləri və digər tanınmış ziyalılar haqda verilişlərə çox az halda təsadüf edilir. Kitab, qəzet və jurnallara maraq azaldığı halda, bir o qədər də bayağı verilişlərə maraq çoxalmaqdadır. İldə bir neçə dəfə musiqi və aidiyyatı olmayan smsli yarışma verilişləri mavi ekran vasitəsilə yayımlanır. Və 1-2 aydan sonra həmin yarışmalar yenidən təşkil olunur. Məgər xalqımız və gənclərimiz ancaq çalıb-oxumaqlamı məşğuldur? Burada əsas məqsəd heç də əsl istedadı tapıb üzə çıxararaq qalib etmək yox, smslərdən gələn qazancı əldə etməklə maliyyə vəsaitini artırmaqdır. Çünki gənc qalibi münsiflər və layihə rəhbəri, eyni zamanda xalq deyil, sms seçir. Smslər isə hər bir iştirakçının öz ətrafı tərəfindən göndərilir. Çox vaxt sənətilə nə isə deyə biləcək gənc iştirakçı smssizliyə görə uduzaraq kənarda qalır. Bununla da az bir müddət ərzində populyarlıq qazanan "ulduzların" sayı durmadan artır. Diqqətlə baxanda göydəki ulduzları saymaq olarsa belə, Azərbaycan şou biznesindəki ulduzları sayıb qurtarmaq mümkün deyil. Çünki normal tembr və diapazonu, bir oktava səsi belə olmayan bir gənc ucuz şou və bayağı verilişlərin hesabına çox az bir müddətdə söz və musiqisi cəfəngiyatdan ibarət olan 1-2 mahnı ilə əlçatmaz ulduza çevrilir. Bu da populyarlıq və ulduz olmaq xəstəliyi məktəbinin təməlini möhkəmləndirir. Aparılan sorğu və müşahidələr göstərir ki, əhalinin əksər qismi əsəblərini korlamamaq üçün Rusiya və Türkiyə telekanallarına baxmağa üstünlük verir.


Obyektivlik naminə deməliyəm ki, özəl telekanallar içərisində xəbərlər proqramının yüksək normada hazırlanıb xalqa çatdırılmasında və aktual mövzulu verilişlərin istehsalında Xəzər TV və ANS telekanalı yaxşı mənada diqqətəlayiqdir. Bu, mənim subyektiv fikrimdir. Konstruktivlik baxımından ANS telekanalını xüsusi vurğulamaq istərdim. Həm aktual, həm sosial, həm də digər vacib məsələləri önə çəkən, şəhidlərimizi hər dəfə gündəmə gətirməklə qan yaddaşımızı təzələyən ANS bu baxımdan təqdir olunmalıdır. Ən əsası isə, ANS teleşirkətinin prezidenti Vahid Mustafayevin başqa özəl teleşirkətlərin prezidentlərindən fərqli olaraq, müharibə bölgələrinə şəxsən ezam olunması söylədiklərimə bariz nümunədir.


İxtisasıma uyğun olduğu üçün bu iradları söyləməkdə özümü haqlı bilirəm və düşünürəm ki, heç kim özəl televiziyaların bu əcaib özəlliklərinə qarşı biganə olmamalıdır. Arzu edərdim ki, bütün özəl telekanallar da rəngarəng və maraqlı verilişləri ilə öz tamaşaçılarının qəlbini oxşayıb daim birinciliyə can atsınlar.

İsa Rəvan

O. M