Müxalifət liderinin oğlu ASAN xidmətində nikaha girdi

Müxalifət liderinin oğlu ASAN xidmətində nikaha girdi

15 Aprel 2013 19:34
Bəyəndim (0) Bəyənmədim (0)
Millət vəkilinin düşüncələri

Bu günlərdə Azərbaycanın radikal müxalifət liderlərindən birinin övladının xeyir işidir. Bütün gənclər kimi ona da xoşbəxtlik və möhkəm ailə arzu edirəm. Diqqəti cəlb edən gənclərin rəsmi nikahını ASAN xidmətində qeydə aldırması oldu. ASAN-nın bir çox xidmətlər kimi VVAQ xidmətinə alternativ olduğu və vətəndaşlara seçim imkanı verdiyini, fikrimcə, izah etməyə ehtiyac yoxdur.

ASAN bu gün Azərbaycan dövlətinin müasirlik simvollarından birinə çevrilib. Vətəndaşlara artıq Bakının üç rayonu üzrə onlarla xidmət yüksək səviyyədə və tez bir zamanda göstərilir. Dövlət rüsumu ödənilməklə, bəzən növbəsiz lazım olan sənədi tez əldə etmək olur.
Bu unikal xidmət xarici dövlətlərin də diqqətini cəlb edib və onların səfirləri ilə yanaşı xüsusi olaraq Azərbaycana gələn nazirləri də ölkəmizin təcrübəsini öyrənmək istədiklərini bildiriblər. Xidmət qısa zamanda bütün coğrafiyamızı əhatə edəcək, bunun üçün müvafiq maddi-texniki və təşkilati işlər intensiv surətdə görülməkdədir. Gəncə və Sumqayıtda bu xidmətin açılacağı vaxtdan bizi az zaman ayırır.
ASAN-nın yaranması üçün isə minlərlə normativ aktlar qəbul edilməli, bütün sahələr üzrə müasirlik etalon olmalı, işləri bir sistem şəklinə salmaq lazım idi. ASAN əslində 20 il ərzində görülən nəhəng işlərin sadəcə olaraq üz qabığıdır. Müxalifətçinin övladının orada kəbin kəsdirməsi isə bütün görülən bu nəhəng işlərin nəticəsindən onların da yararlanması idi. Baxmayaraq ki, onlar ənənəvi VVAQ şöbəsinə də gedə bilərdilər.
Ancaq müxaliflər bütün bu gərgin əziyyəti heç zaman görmək istəmirdilər. Daim hakimiyyət tənqid edilir, onun fəaliyyətindən ölkədən kənarlara şikayət edilir, Azərbaycanın inkişafdan kənarda qaldığı bəyan edilirdi.
İndi isə rahat yollarda qərargahlarına gəlir, stabil siyasi və maliyyə durumundan yararlanır, təhlükəsiz cəmiyyətdə yaşayır, özlərinin və tərəfdarlarının övladları hərbi xidmətlərini intizamlı hərbi hissələrdə çəkir və... hakimiyyəti tənqid edirlər.
Hakimiyyət isə bütün yuxarıda sadalananlarla yanaşı onların onu tənqid etməsi hüququnu da qoruyur. Çünki hakimiyyət tarix və vətəndaşları qarşısında məsuliyyətini dərindən dərk edir və bütün fəaliyyətini bu istiqamətdə qurur.
Bütün işlərimizin ASAN olması üçün.
Prezident İlham ƏLiyevin "Mən hər bir azərbaycanlının prezidentiyəm" bəyanatı həyatda öz qüvvəsini göstərir.

Aydın Mirzəzadə

O.M.