İlk təəssüratlar

İlk təəssüratlar

6 Aprel 2013 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

İlk gördüyümüz insan bizdə müəyyən təəssüratlar yaradır. Əslində, hər insanın bizdə yaratdığı təəssürat fərqli-fərqlidir. Bəzən ilkin təəssürat, qarşımızdakı insan haqqında yürütdüyümüz ilkin fikirlər bizi yanıltsa da, yanılmadığımız zamanlar da olur. Alimlərin apardığı təcrübələrə görə, ilk təəssürat çox vaxt səhv qərarlar qəbul etdirir. İnsan ilk dəfə gördüyü bir kəsi ilk öncə fiziki görünüşə, daha sonra isə hərəkətlərinə görə dəyərləndirir və ilk təəssürat belə yaranır...

Tanış olarkən və ya adi müşahidə edərkən insanlar haqqında bizdə ilk təəssürat yaranır. Kiməsə qarşı pozitiv, kiməsə qarşı neqativ... Belə bir atalar sözü də vardır ki, insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar. Qarşımızdakı insanın bizdə yaratdığı ilk təəssürat xarici görünüşlə başlayır. Məsələn, geyimimiz kimi... Bundan sonra danışıqla, sadəcə iki dodaq arasından çıxan sözlərlə qarşımızdakı insan haqqında təəssüratlarımız bir az daha formalaşır. Bəzi insanların xarici görünüşü ilə danışıq tərzi, düşüncəsi və s. üst-üstə düşsə də, bəzən xəyal qırıqlığına uğrayırıq. Bəzən birini tanımaq üçün illər sərf etmək gərək olduğu halda, başqa biri üçün bir neçə dəqiqə belə kifayət edir. Elə də olur ki, gözəl, yaraşıqlı zahiri görünüşə malik olan biri danışığı ilə özünü olduğundan qat-qat ağıllı, intellektli, savadlı, həmçinin gözəl əxlaq və tərbiyəyə malik biri kimi göstərməyə çalışsa da, fərqində olmadan özünü ifşa edir. Danışığının əksinə, bədən dili onun kimliyini bütövlüklə üzə çıxarır. Bədən dili ünsiyyətin təməl istiqamətini sözsüz ünsiyyətlə meydana gətirir. Ünsiyyətdə səs tonu, jestlər, mimikalar, bədənin duruşu insan haqqında çox şeyi ifadə edir. Bədən dili duyğu və düşüncənin əks olunmasıdır. Aparılan araşdırmalara görə, insanların üz-üzə qurduqları ünsiyyət zamanı sözlər 10 faiz, səs tonu 30 faiz, bədən dili isə 60 faiz əhəmiyyət daşıyır. Lakin indiki zamanda virtual ünsiyyətdən kifayət qədər çox istifadə olunduğunu nəzərə alsaq, virtual ünsiyyətin canlı ünsiyyətin əsas detalı olan bədən dilini yavaş-yavaş zəiflətdiyini görürük. Cəmiyyət arasında, virtualda vaxtaşırı yeni-yeni insanlarla tanış oluruq. Virtual ünsiyyət quran insanlar bir-birlərini ideallaşdırır. Yazıçı Bernard Şou " İdeal sevgi yalnız yazışma vasitəsilə ola bilər" fikrini təsadüfən deməyib. Virtual ünsiyyət zamanı insanlar özlərini görmək istədikləri kimi göstərirlər və eyni zamanda qarşı tərəfi də görmək istədikləri kimi görürlər. Bütün bunların fonunda hər iki tərəfə də sərf edən ünsiyyət forması əmələ gəlir və nəticədə ideal ünsiyyət yaranır.
Real ünsiyyət sözün istənilən mənasında təbii ünsiyyətdir – geyim, bədən dili, gözlər, səs, üz cizgiləri, ümumiyyətlə insanın real varlığı və bütün bunların fonunda yaranan təbiilik. Bundan Real və Təbii heç nə ola bilməz. İnsanlar bir-birlərini ancaq real ünsiyyət vasitəsilə həqiqi mənada tanıya və dərk edə bilərlər.
Bəzən bir hərəkət min sözə əvəzdir. Biri ilə ünsiyyət qurduğumuzda söylədiklərimiz hər nə qədər önəmlidirsə, hərəkətlərimizlə qarşımızdakı insanda yaratdığımız təəssürat da bir o qədər önəmlidir. Və hər hansısa bir insan haqqında beynimizdə ilkin təəssürat formalaşdırmamışdan öncə onu bütünlükdə süzgəcdən keçirmək gərəkdir ki, ilkin təəssüratdan sonra formalaşan fikrimizdə o insanın özünü və özümüzü günahlandırmayaq.
Səltənət Arzudovum

O.M.