Bədbəxt ikən xoşbəxt olan qadının hekayəsi

Bədbəxt ikən xoşbəxt olan qadının hekayəsi

2 Aprel 2013 12:30
Bəyəndim (0) Bəyənmədim (0)
Və ya ölməyən ümid

Pəncərə qarşısında dayanmış qadın üzünə külək vurub, saçlarını dalğalandırıb, ruhuna fərahlıq bəxş edərkən düşünürdü. Düşüncələrinə gözlərindən ritmik olaraq, lakin həzin bir şəkildə süzülən, yanaqlarına doğru can atmaqda olan damlalar yoldaşlıq edirdi. Düşünürdü. Düşündükcə nə qədər bədbəxt olduğunu anlayırdı. Həyatını kino lenti kimi gözləri önündən keçirirdi. Tragikomik səhnələr bir-birini əvəz etdikcə o, acı-acı gülümsünürdü. Keçmişin xatirələri bu qadının həm göz yaşlarına, həm də acı təbəssümünə səbəb olurdu. Onun yaddaşının budəfəki qonağı da 10 il öncə dəlicəsinə aşiq olaraq ailə qurduğu həyat yoldaşı idi. Qadın gözü önündən ötüb keçən səhnələrlə o anları yenidən yaşayırdı sanki. Acgözlüklə xatırlayırdı hər bir xırdalıqları. Yuxu kimi keçən toy gününü, onu sevindirmək üçün dəridən-qabıqdan çıxan həyat yoldaşını xatırlayırdı. Sonra yenə də irəliləyən xoşbəxt günləri… Bir il sonra dünyaya gələn qızını... Və körpənin dünyaya gəlişi ilə əsl ailə olmağın zövqünü yaşadığı zamanları… Müxtəlif hadisələrin acılı-şirinli xatirələrə çevrildiyi 8 ili… Onun həyat yoldaşı ilə birgə yazdığı məhəbbət sətirləri sadəcə 8 səhifəyə sığmışdı. Bundan sonra, görünür, yazılası bir şey qalmamışdı. Belə ki, sevdiyi insanın bu qadına qarşı sevgisi tükənmişdi. Əgər elə olmasaydı o ailəsini atıb, başqa bir qadının ağuşunda öz xoşbəxtliyini tapmazdı, həyat yoldaşını dərdləri ilə baş-başa buraxmazdı. Həyatın ən gözəl anlarının sirdaşını, canının parçası olan övladının atasını itirmək sevən qadın üçün dözülməz işgəncə olduğundan o da günü-gündən şam kimi əriməyə başlamışdı. Zavallı qadın sevdiyi adamı hər cür, hər şeyi ilə qəbul etməyə hazır idi, təki sönməkdə olan məhəbbət qığılcımı külə dönmədən yenidən alovlansın. Onun eşqi ötüb keçmiş illərə rəğmən azalmamışdı. O, sadəcə öz həyat yoldaşını sevmişdi. Sadəcə bu sevdiyi adama, övladının atasına aşiq olmuşdu. Hər səfərində təkrar, təkrar vurulmuşdu sevgiyə layiq olmayan sevgilisinə. Hətta bunun sayını belə unutmuşdu. Ona hər baxışında, hər gülüşündə, hər xoş sözündə dəfələrlə, yenidən aşiq olmuşdu. Və indi bu qadın öz sevdiyi adama aşiq olmağı belə özləmişdi. Onu geri qaytarmağa çalışsa da, ciddi cəhdlərinə rəğmən buna müvəffəq ola bilməmişdi.

Eşq dənizin ortasında ada kimidir. Necə düşdün o adaya, bilməzsən. Anlamazsan. Amma bunu anladığında gördüyün mənzərə qarşısında aciz qalarsan. Dörd tərəfinin su ilə örtülü olduğunu görərsən. Qaçmaq, qurtulmaq istəyərsən, amma mümkün olmaz. Qaça bilməzsən. Sonda bir çıxış yolunun olmadığını görüb, özünü tamamən o adaya bəxş edərsən, eynən Robinzon Kruzo kimi. Sonra o adanı öyrənməyə başlayarsan. Daha sonra özünü hisslərinə həsr edərsən. Artıq o qədər öyrəşərsən ki, adadan çıxma qorxusunun dəhşəti bürüyər səni. Qovulmuş olsan belə, o adadan çıxmaq istəməzsən. Adanın bir küncündə dalğaları seyr edərək yaşamaq belə bəs edər sənə. Bu qadın da öz həyat yoldaşının yanında olmaq üçün hər şeyə razı idi. Lakin sonda onun da hissləri tükənmişdi. Və qadın qəlbində sevdiyi adama qarşı nifrət hissi körükləmişdi. Ona aid hər şeyi silmiş, bütün xatirələri məhv etmişdi. O, güclü olmağa, qızına sarılıb öz ayaqları üstündə dayanmağa qərar vermişdi. Əslində bacarmışdı da. Lakin hər dəfə "tam unutdum" deyə düşünərkən bir telefon zəngi ilə hər şey bərbad olurdu.

Tam 8 ay öncə, sıradan bir yay günündə telefonda aldığı gözlənilməz xəbərlə əlləri əsdi. Bir an müvazinətini itirəcəkmiş kimi oldu, lakin özünü toplayıb evdən çıxdı. Zəng edən həyat yoldaşının ən yaxın dostu idi. Ona təcili olaraq xəstəxanaya gəlməyini bildirirdi. Qadın bacardığı qədər tez bir zamanda özünü xəstəxanaya çatdırdı. Lakin... Lakin artıq hər şey üçün çox gec idi. Avtomobil qəzasında yaralanmış həyat yoldaşı başqa bir xanımın qolları arasında can vermişdi. Qadın qapını özünə dayaq edərək kandarda hərəkətsiz qaldı. Qəhərli baxışları həsrətində olduğu həyat yoldaşının cansız bədəni ilə qucaqlaşmış oldu. O, 8 səhifəlik xatirə dəftərini xəyalən vərəqlədikdən sonra göz yaşlarını sildi. Çarəsizliyin ən pik nöqtəsində olduğunun fərqinə vardı. O an həyat necə də mənasız görünürdü. İstənilən hərəkət onu zirvədən uçuruma yuvarlayacaqdı.

Bu vaxt qapının qəfil açılması onu xəyallardan ayırdı. Kiçik bir qızcığaz evə daxil olub, məktəbli çantasını yerə ataraq, "ana" deyə onun üstünə qaçdı. O, qızının varlığını həmin anadək unutmuşdu. Ümidsizlik hissi varlığına hakim kəsilərkən ən böyük ümidinin varlığını yaddan çıxarmışdı. Qadın qollarını açaraq qızını ağuşunda möhkəm-möhkəm sıxdı. Ətrini ciyərlərinə çəkib, daxilində fərahlıqla dolaşdırdı. Və "canım qızım!" deyə pıçıldayaraq, sevdiyi adamdan ona qalan yeganə varlıqla nə qədər xoşbəxt olduğunu anladı...
Səltənət Arzudovum (02.03.2013; saat 20:22)

O.M.